ƏCƏMİ
NAXÇIVANİ MEMARLIĞINDA
TƏBİƏTİN
SÜKUT DİLİ
Araşdırma
Əcəmi Naxçıvani sadəcə memar deyil, daşla kainatın dilini danışan bir filosof olmuşdur. Onun əsərlərində torpağın sabitliyi, suyun axıcılığı, havanın şəffaflığı və odun işığı bir araya gələrək ruhani bir bütövlük yaradır. Əcəminin inşa etdiyi tikililər yalnız ibadət və ya xatirə məkanı deyil, təbiətin dörd ünsürünün – torpağın, havanın (yelin), suyun və odun (atəşin) sükutla səsləndiyi bir kainat modelidir. Dahi memarın hər bir əsəri torpaqla söhbətdən doğmuşdur.
Əcəmi abidələrini bəzəyən dördbucaqlı ornamentlər (kvadratlar, kublar, düzbucaqlılar), dördguşəli ulduzlar, dörd medalyon, svastika elementləri, dördləçəkli çiçəklər sanki təbiətin dilini danışır, torpağın sabitliyini, yelin azadlığını, suyun axıcılığını və odun həyatverici istiliyini daşda əbədiləşdirir. Daşın yaddaşında bu bəzək elementləri sayəsində sanki kainatın dörd səsi səslənir.
Əcəminin memarlığında torpaq sadəcə bünövrə deyil, varlığın başlanğıcıdır. Onun abidələrinin hər daşı torpağın yaddaşından yoğrulmuş, min illərin sükutunu içində saxlamışdır. Torpaq burada həm yaradılışın, həm də dönüşün rəmzidir. Torpaq insanın gəldiyi və yenidən qovuşacağı məkandır. Əcəminin şah əsəri sayılan Möminə Xatun türbəsinin möhkəm dayaqları torpağın sabitliyini, gücünü, sakit, amma dərin nəfəsini hiss etdirir. Dahi memar sanki daşla torpağın sirrini birləşdirərək, hər tikilidə insanla təbiət arasında görünməz bir bağ qurmuşdur. Onun memarlığında torpaq səssiz danışır. Bu səsdə bütöv bir kainatın harmoniyası eşidilir. Əcəmi memarlığında torpaq həm maddi başlanğıc, həm də mənəvi sabitlik rəmzi olmuşdur.
Əcəmi Naxçıvani yaradıcılığında
suyun simvolu dekorativ elementlərdə və yazı ornamentlərində axıcılıq
şəklində hiss
olunur. İslimi, yəni arabeska adlanan nəbati ornamentlər sanki suyun öz ritmini
daşıyır, axan
bulaq kimi canlı, təzələyici
və həyat verici bir enerjini
daşın sinəsində
canlandırır. Əcəmi
abidələrini bəzəyən
meandr ornamentləri sanki dalğalanan su kimi hərəkət
edir. Daş üzərində axan “S” şəkilli xətlər
həyatın sonsuz axarını, suyun əbədi dövranını
xatırladır. Möminə
Xatun türbəsinin incə sütuncuqları üzərindəki su damcısı formalı naxışlar sanki daşın üzərinə
hopmuş dua kimidir. Bu bəzək
elementləri həyatın
başlanğıcını, təbiətin tükənməz
nəfəsini xatırladır.
Ümumiyyətlə, Əcəminin
memarlıq kompozisiyasında
su həm ruhani təmizlənmənin,
həm də əbədiyyətin nişanəsidir.
Bu, İslam memarlığının ruhunda
olan “can verən ünsür” kimi interpretasiya edilir.
Əcəminin tikililərində hava
sadəcə boşluq
deyil, mənəvi nəfəs, ruhun görünməz hərəkətidir.
Məkanın içində
hərəkət edən
hava axınları Əcəminin memarlıq fəlsəfəsində ilahi
nurun təcəllası
kimi təqdim olunur. Bu memarlıq abidələrində dolaşan
hava axını sanki zamanın öz nəfəsini daşıyır. Günəş
işığı daşın
sinəsində açılmış
işıq yollarından
süzülərək bu
nəfəsə qarışır,
məkanı ilahi bir şəffaflığa,
nura bürüyür.
Hava burada həm maddi, həm də mənəvi təmizliyin rəmzidir. Bu ünsür
insanın iç dünyasını aydınladan,
ruhunu yüngülləşdirən
bir qüvvə kimi duyulur. Əcəmi
elə bir harmoniya yaratmışdır
ki, hava onun inşa etdiyi memarlıq abidələrinin
içində sükutla
hərəkət edir.
Amma bu sükutda kainatla insan arasında qurulan görünməz bir bağın duası var. Onun memarlığında hava azadlığın, nurun və ilahi
nəfəsin təcəssümüdür.
Memarın inşa etdiyi Atabəylər məscidinin (Cümə məscidinin) içərisinin
boş olması həm ruhdakı boşluğu, həm də ruhun mövcudluğunu
ifadə etmişdir.
Əcəmi memarlığında od yalnız işıq deyil, ruhun alovudur. Günəşin daşa toxunduğu hər dəqiqə bu alovun titrəyişini, həyatın dirçəlişini
göstərir. Əcəmi
üçün od yandıran deyil, dirildən ünsürdür.
Dahi memarın əsərləri üzərindəki
dairə ornamentləri
günəşi təsvir
edir. Günəş işığının daş
ornamentlərdə yaratdığı
parıltılar isə
odu simvolizə edir. Od burada həm istilik, həm enerji, həm də ilahi yaradıcılığın
simvoludur. O, materiyanı
işıqla ruhlandırır,
daşdan ilahi bir alov doğurur.
Dairə ornamenti sanki odun rəqsini
daşa köçürür,
parıltısı ilə
məkanı canlandırır,
ruhu yandırır, sükutu işıqla doldurur. Əcəmi, daşda odu məskunlaşdıraraq, onu
sadəcə gözə
görünən bir
element kimi deyil, hiss edilən, duyulan və yaşanan bir varlıq kimi təqdim edir. Onun memarlığında
od kainatın ilahi alovu, yaradılışın
enerjisi və insan ruhunun içində
yanan sonsuz ilhamdır.
Əcəmi Naxçıvani memarlığı
yalnız daşdan tikilmiş abidələrdən
ibarət deyil, dörd ünsürün harmonik ahəngdə danışdığı bir
kainatdır. Əcəmi
Naxçıvani təbiətin
dörd ünsürünü
insan ruhunun dörd halı kimi təqdim edir. Onun memarlığında
torpaq sabitlik və möhkəmlik, su axıcılıq və həyatvericilik, hava səffaflıq və azadlıq, od isə enerji və yaradıcılıq
gücüdür. Bu dörd
ünsür birlikdə
Əcəminin memarlıq
fəlsəfəsini formalaşdırır.
Onlar bir-birinə qarışaraq Əcəmi
əsərlərini təkcə
bəzəmir, həm
də bu abidələrə canlı
bir varlıq kimi nəfəs aldırır, insanla kainat arasında görünməz bir dialoq yaradır. Təbiətin bu dörd ünsürü ilahi nizamın daşdakı təsviridir.
Biz Əcəmi memarlığına
baxanda təkcə daş görmürük,
torpağın dərin
nəfəsini, suyun axınını, havanın
sükutunu, odun parıltısını hiss edirik.
Və o zaman anlayırıq
ki, bu abidələr sadəcə tarix deyil, kainatın memarlıq dilidir. Əcəmi abidələrinin
hər detalı təbiətin sükut dilini danışır, insan ruhunu dərin
bir meditasiya içərisinə çəkir.
Əcəmi Naxçıvani
sadəcə bir memar deyil, təbiətin
və insan ruhunun əbədi vəhdətini daşda yazan bir filosofdur.
Bu monumental şəxsiyyətin abidələri yalnız tarixi miras deyil.
Onlar təbiətin dörd ünsürünü
insan təcrübəsi
ilə birləşdirən,
ruhu oyandıran və hər baxışda yeni bir anlam kəşf etdiyimiz əbədilik simvoludur. Bu memarlıq dili bizə xatırladır ki, kainatın
hər elementi bir-biri ilə bağlıdır və insan onun içində
həm müşahidəçi,
həm də iştirakçıdır.
Brilyant Cəfərli,
AMEA Naxçıvan Bölməsinin
İncəsənət,
Dil
və Ədəbiyyat
İnstitutunun Memarlıq,
şəhərsalma və abidələrin bərpası
şöbəsinin elmi
işçisi
İki sahil.- 2025.- 28 noyabr, ¹217.- S.4.