UNESCO-nun
mədəni-mənəvi irsimizə
verdiyi dəyərin növbəti təzahürü
Açıqlama
Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin
vəfatının 100 illiyi
UNESCO-nun 2026–2027-ci illər
üçün yubileylər
proqramına daxil edilib. Qərar UNESCO Baş Konfransının
43-cü sessiyasında təsdiq
olunub.
Şübhəsiz, bu aşıqların yubileylərinin UNESCO-nun yubileylər proqramına daxil edilməsi onların irsinin beynəlxalq səviyyədə
tanıdılmasına xidmət
edir. Bunu həm də bəşəri mədəni
irsin ayrılmaz hissəsi olan Azərbaycan aşıq sənətinə, onun çoxəsrlik ənənələrinə
və xalq yaradıcılığına verilən
dəyər kimi qiymətləndirmək olar.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva
mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında
bunu aşıq sənətimizin beynəlxalq
təntənəsi adlandırdı:
“Azərbaycanın UNESCO ilə
çoxillik və səmərəli əməkdaşlığı
ölkəmizin zəngin
mədəni irsinin dünya miqyasında tanıdılması və
qorunması baxımından
xüsusi strateji əhəmiyyət daşıyır.
Bu təşkilatın
müxtəlif mexanizmləri
çərçivəsində həm maddi, həm də qeyri-maddi irs nümunələrimizin beynəlxalq
səviyyədə tanıdılması
Azərbaycan mədəniyyətinin
universal dəyərlər
daşıdığını bir daha göstərir”.
Milli Məclisin
deputatı vurğuladı
ki, bu günə
qədər Azərbaycanın
bir sıra nadir memarlıq və tarixi abidələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “İçərişəhər,
Şirvanşahlar Sarayı
və Qız Qalası”, “Qobustan qayaüstü mədəni
landşaftı”, “Xınalıq
mədəni landşaftı
və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı”
mədəni irs kateqoriyası, “Hirkan meşələri”isə ilk
təbii irs nümunəsi kimi Ümumdünya İrs Siyahısında yer alıb. Şübhəsiz, bütün
bunlar ölkəmizin tarixinin müxtəlif mərhələlərinin canlı
şahidləri olmaqla
yanaşı, Şərq
sivilizasiyasının inkişaf
xəttini əks etdirən dəyərli mənbələrdir.
UNESCO-nun Qeyri-maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı isə artıq iyirmi beşi (kamança hazırlanması və ifaçılıq sənəti,
dolma, lavaş hazırlama və paylaşma ənənələri,
Azərbaycan muğam ifaçılığı, Lahıc
misgərlik sənəti,
aşıq sənəti,
Novruz bayramı, xalça sənəti, tar ifaçılığı,
kəlağayı sənəti
və s.) keçib. Bu irs nümunələrinin
hər biri Azərbaycan xalqının
minilliklər boyu formalaşdırdığı həyat tərzinin, estetik dəyərlərinin,
sənətkarlıq ənənələrinin
və mənəvi düşüncəsinin canlı
daşıyıcılarıdır. Onların UNESCO tərəfindən
tanınması milli mədəniyyətimizin həm
qədimliyinin, həm
də bu gün yaşayan gücünün göstəricisidir”.
UNESCO Baş Konfransının 43-cü sessiyasında
Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyinin
və Aşıq Ələsgərin vəfatının
100 illiyinin 2026–2027-ci illər
üçün UNESCO yubileylər
proqramına daxil edilməsi Azərbaycan aşıq sənətinin
yalnız regional folklor hadisəsi deyil, ümumbəşəri
mənəvi dəyər
daşıyıcısı olduğunu təsdiqləyən
yüksək qiymətdir.
Azərbaycan aşıq poeziyasının
banilərindən biri
sayılan Aşıq
Dirili Qurbani Türk dünyasının
humanist düşüncəsini,
irfani dərinliyini və poetik zəkasını özündə
birləşdirən nadir
sənətkar kimi dünya ədəbiyyatı
və folklorunun seçilən simalarındandır.
Onun yaradıcılığı
təkcə tarixi bir mərhələ deyil, bu gün
də aktuallığını
qoruyan mənəvi irsdir.
Aşıq Ələsgər
isə Azərbaycan poeziyasının və aşıq sənətinin
zirvəsidir. Onun poeziyasında xalqımızın
ruhu, ləyaqəti, duyğuları və təbiətə, insana olan münasibəti ən saf şəkildə
ifadə olunur. Aşıq Ələsgərin
yaradıcılığı təkcə milli mədəniyyətin bir parçası deyil, bütöv bir ədəbi məktəb və mənəvi fəlsəfədir. Yeri gəlmişkən, Prezident
İlham Əliyev 30 sentyabr 2024-cü ildə Bakıda aşıq Ələsgərin abidəsinin
açılış mərasimində
bu görkəmli el sənətkarı haqqında danışarkən
demişdir: “Əlbəttə
ki, biz onun
timsalında xalqımızın
yüksək ruhunu görürük”. Həm
də bildirmişdir ki, gün gələcək
biz Aşıq Ələsgərin ermənilər
tərəfindən dağıdılmış
abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində
buna oxşar mərasim keçirəcəyik.
UNESCO tərəfindən bu iki böyük
sənətkarın yubileylərinin
beynəlxalq səviyyədə
qeyd edilməsi Azərbaycan mədəniyyətinə
verilmiş yüksək
dəyər olmaqla yanaşı, aşıq sənətinin dünyada daha geniş təqdim edilməsinə,
tədqiqinə və
gələcək nəsillərə
ötürülməsinə mühüm töhfə olacaq. Bu qərar
Azərbaycan irsinin bəşəri mədəniyyət
xəzinəsindəki mövqeyinin
gücləndiyini göstərən
daha bir əlamətdar hadisədir.
Milli Məclisin
deputatı, həmçinin
indiyədək UNESCO tərəfindən
ölkəmizin bir sıra görkəmli şəxsiyyətlərinin (Məhəmməd
Füzuli, Nəsrəddin
Tusi, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev, Lətif
Kərimov, Səttar Bəhlulzadı, Mir Cəlal Paşayev, Qara Qarayev, Fikrət
Əmirov, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəylini
və s.) yubileylərinin
keçirildiyini xatırlatdı.
Millli Məclisin
deputatı bildirdi ki, noyabrın 24-də
UNESCO-nun Ümumdünya
İrs Komitəsinin
(ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə
keçirilmiş seçkilərdə
Azərbaycan Respublikası
Komitənin üzvü
seçilib: “Ciddi rəqabət şəraitində
baş tutmuş seçkilərdə Şərqi
Avropa regionu üçün ayrılmış
1 yer uğrunda Azərbaycanla birgə 5 ölkə mübarizə
aparıb. Azərbaycan
səsvermənin ilk mərhələsində 161 ölkədən
92-nin dəstəyini təmin
edərək Komitəyə
üzv seçilib. Şübhəsiz, Azərbaycanın
UNESCO Komitəsinə seçkilərdə
qalibiyyəti ölkəmizin
regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir. Onu da qeyd
edim ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının reallaşmasına
nəzarəti həyata
keçirən əsas
icra orqanıdır”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.8.