DİLÇİLİK
VƏ ƏDƏBİYYAT ARASINDA KÖRPÜ:
KAMAL ABDULLANIN
ELMİ-ƏDƏBİ İRSİ
KAMAL ABDULLA -75
Azərbaycan elmi və bədii
düşüncəsində bəzi şəxsiyyətlər
var ki, onların
avtobioqrafiyasında bir
sıra məziyyətlər
birləşib. Onlardan
biri də yeni konsepsiyalar müəllifi olan Əməkdar elm xadimi, Xalq yazıçısı, ictimai
xadim, akademik Kamal Abdulladır. Şanlı Zəfərimizin
beçinci ilini qeyd etdiyimiz 2025ci ildə görkəmli alimin çoxşaxəli
yaradıcılıq yolunun
55, ömür yolunun isə 75 ili tamam olur. Bu
rəqəmlər hər
hansı sadə xalq adamının yaşadığı illər
deyil. Çoxşaxəli
yaradıcılıq, gərgin
əmək, saysız-hesabsız
elmi-publisistik, ədəbi-bədii
əsərlər, qazanılan
saysız-hesabsız uğurlar,
ali mükafatlar və yüksək fəxri adlar, təltiflər bu mənalı və şərəfli ömür
yolunun silinməz
səhifələrini təşkil
edir.
Orta məktəb
illərimlə bağlı
belə bir işıqlı xatirəm
var ki, o zaman ailəmiz Kamal Abdullanın zəngin məzmunu və maraqlı formatı ilə seçilən televiziya proqramlarına xüsusi diqqətlə, hətta pərəstişkarlıqla baxardı.
Sabahısı gün
bu verilişlərin mövzusu o təlatümlü
illərin məktəblisinin
müzakirəsinə çevrilirdi. Televiziyada
1980-ci illərdən başlayaraq
“Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”,
“Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik
verilişlərin müəllifi
və aparıcısı
olan Kamal Abdullanı Azərbaycan gənci əsl vətəndaş-ziyalı kimi
məhz o illərdən
sevdi və özünün meyar simalarından birinə çevirdi. Mən də bir yeniyetmə
kimi məhz o illərdən Kamal Abdulla imzasının izinə düşdüm və demək olar ki, bütün
yaradıcılığını izlədim. Qeyri-adi erudisiya, kəskin duyum tərzi, modern üslubu, təfəkküründəki bədiilik,
zamanı qabaqlayan düşüncələri bizi
bir oxucu kimi öz sirli-sehirli
dünyasına valeh etdi.
Elmi əsərlərindən
əlavə, Azərbaycan
və dünya ədəbi ictimaiyyətinin
böyük rəğbətinə
səbəb olan “Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi”,
“Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” kimi
son dərəcə dəyərli romanları,
“Ruh” adlı pyeslər toplusu, “Tarixsiz gündəlik” povesti, kiçik hekayə və poeamalarının cəmləndiyi
“Nar çiçəkləri”,
“Qəribədi, deyilmi?!”,
altı dildə çap olunan “Bir, iki, bizimki!” pyesi və s. adlı kitablarındakı
dərin məzmunlu və maraqlı pyesləri, hekayələri,
esseləri və digər yaradıcılıq
nümunələri Kamal
Abdulla imzasına geniş oxucu kütləsi və auditoriyası qazandırıb.
Bütün bunlar onun görkəmli sima kimi ədəbiyyat
və elm tarixindəki müstəsna
yerini təmin edib, yazıçı-şair
kimi könlümüzdə
taxt qurmasına rəvac verib və hər dəfəsində oxucusuna
yenidən sevdirib.
Qorqudşünaslığa
əvəzsiz töhfə
olan silsilə xarakterli fundamental əsərləri Kamal Abdullanın dilçilik və ədəbiyyatşünaslıq
elminə misilsiz töhfələridir. “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə
Qorqud”, “ Mifdən yazıya və yaxud Gizli Dədə
Qorqud” və s. əsərləri dilçi
alim Kamal Abdullanın ədəbiyyatşünas qələminin
bəhrələridir. Bu
məqamları boşuna
xatırlamadıq, çünki
dilçilik elmi sözçülüyü sevməyən,
riyazi dəqiqlik tələb edən, konkretlik, lakoniklik sevən elmidir. Ona görə də ədəbiyyatşünas,
həmçinin ədəbiyyat,
söz-sənət adamı
olan, qələminin axıcılığı ilə
seçilən Kamal Abdullanın bədii təxəyyülünün nəticəsində
ərsəyə gələn “Dilçiliyə
səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” əsəri də elmimizin bu sahəsindəki nadir nümunələrdəndir.
Özünün miqyaslı
elmi və ədəbi təfəkkürünün
vəhdətindən yaranan
bu kimi əsərlərilə
Kamal Abdulla oxucunu həm düşündürür, həm
öyrədir, həm
də problemin dərinliyinə varmağa
sövq edir. Amma ustalıqla, alimliklə yanaşı, əsl yazıçı məharətilə yazıldığı
üçün bu ciddi əsərləri mütəxəssis olmayan
oxucu da dərk edir. Beləcə, elmiliklə bədiiliyin sintezindən möhtəşəm bir nəticə alınır.
Bir kiçik
haşiyə çıxaraq
qeyd edim ki, 2011-ci ildə işıq üzü görən “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr”
adlı əsərimi
yazarkən Kamal Abdullanın sintaksislə bağlı əsərlərindən
faydalanmağım və
çoxsaylı istinadlarım
onun bu sahədəki
elmi fəaliyyətini
örnək almağımdan
qaynaqlanmışdı.
Azərbaycan dilçi alimlərinin, ələlxüsus da, qrammatiklərin masaüstü
kitabına çevrilən
“Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı fundamental
monoqrafiyası haqqında
nəzəri fikirlərimi
daha geniş şəkildə bölüşmək
istərdim. Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”
monoqrafiyası Azərbaycan
dilçilik elminin ən aktual problemlərindən birinə
həsr olunub. Bu fundamental əsər indiyə qədərki ənənəvi
dilçilikdə həmin
sahə ilə bağlı bir çox qaranlıq mətləbin aydınlanmasına
imkan yaratdı.
Kamal Abdulla
dilçiliyin nəzəri
əsaslarına dərindən
bələd olan nəzəriyyəçi-qrammatik kimi uzun illərdir,
bu sahədə sistemli və konseptual tədqiqatlar aparması ilə tanınan görkəmli dilçi alimlərdəndir.
Belə ki, Kamal müəllimin Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə
Qorqud” dastanlarının
dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə
etməsi və doktorluq mövzusunun da “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”nin müəyyən
istiqamətlərinə həsr
olunması haqqında
bəhs açdığımız
monoqrafiyanın bu qədər fundamental əsər kimi ortaya çıxmasının
təməlini təşkil
edib.
Məlumdur ki,
fundamental, sanballı əsərlər qısa müddətdə ərsəyə
gələ bilməz,
bunlar uzun illərin əməyinin bəhrəsidir. Həqiqətən
də, alimin hələ elmi-nəzəri
istiqamətləri ilə
seçilən, araşdırmalarının
geniş diapazonunu özündə əks etdirən 80-ci illərdən
sonra işıq üzü görməyə
başlayan dilçiliyə dair
“Ïðîáëåìû ñèíòàêñèñà ïðîñòîãî ïðåäëîæåíèÿ â Àçåðáàéäæàíñêîì ÿçûêå” , “Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”, “Azərbaycan
dilində mürəkkəb
sintaktik bütövlər”,
“Müəllif-əsər-oxucu”, “Azərbaycanda rus dili”, “Azərbaycanca danışaq” və s. bu kimi əsərləri bu fundamental əsərin bünövrəsini
təşkil edir.
Monoqrafiya maraqlı
sistem və quruluşu ilə diqqəti cəlb edir. Əsər 3 irihəcmli bölmədən
ibarətdir ki, hər bölmə öz daxilində fəsillərə və yarımfəsillərə ayrılır. Bu mənim subyektiv fikrimdir: sanki bu əsər üç monoqrafiyanın
sistemli və konseptual şəkildə birləşməsidir.
Sözügedən əsər Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin
həlli, xüsusən
dilçiliyin sintaksis
bölməsinin predmeti
olan cümlə quruluşu, cümlə üzvləri arasındakı
münasibət, sadə
və mürəkkəb
cümlənin xüsusiyyətləri
haqqında dərin dilçilik araşdırmalarını
özündə əks
etdirir.
Monoqrafiyada Azərbaycan
dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri və eyni zamanda
bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini üç
sintaktik vahidin – sadə cümlənin, mürəkkəb cümlənin
və mürəkkəb
sintaktik bütövün
öyrənilməsi üzərində
qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsiplərinə
əsasən, bu vahidlərə bütöv
bir sintaktik baxış müəyyənləşdirir.
Monoqrafiyada sadə cümlənin monopredikativ
quruluşu, aktual üzvlənmə, mürəkkəb
sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi,
tədqiqinin əsaslandırılması
və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.
Qeyd etdiyimiz
kimi, əsər 3 böyük hissədən
və hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir.
Birinci hissənin ilk fəslində Azərbaycan dilində cümlənin quruluşunun
təşəkkül tarixi
“Kitabi-Dədə Qorqud”
dastanının dilindən
başlayaraq XX əsr
ədəbi dilimizin ədəbi-bədii nümunələri
əsasında izlənilmiş,
alınan elmi nəticələr dünya
dillərində cümlənin
təşəkkül tarixi
kontekstində şərh
olunur.
Digər iki
hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb
cümlənin müxtəlif
aspektlərdən təhlili
verilir və mürəkkəb sintaktik
bütöv – mətn
tədqiqat obyekti kimi nəzərdən keçirilir, Azərbaycan
dilçilik elmində
ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən
bəhs olunur və bu istiqamətdə
müəllifin apardığı
dərin elmi araşdırmalar monoqrafiyada
öz əksini tapır.
Tema və
rema məsələsi
sintaksisin ən aktual, mübahisəli və dilçidən cəsarat tələb edən mübahisəli məsələlərindəndir ki, dilçilk elmində müzakirə müstəvisinə gətirilən
bu məsələ Kamal müəllimin əsərində öz uğurlu elmi həllini tapır.
Monoqrafiyanın nəticə bölməsində
hər 3 hissədə
gəlinən elmi nəticələr sistemləşdirilir,
dildə həm sadə və mürəkkəb cümlə,
həm də mətn səviyyəsində
baş verən təşəkkülün bir-biri
ilə sıx bağlı və paralel proses olduğu göstərilir.
Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”
monoqrafiyası Azərbaycan
dilçilik elmində
mövcud olan bir sıra problemlərin
həlli, xüsusən
dilçiliyin sintaksis
bölməsinin predmeti
olan cümlə quruluşu, cümlə üzvləri arasındakı
münasibət, sadə
və mürəkkəb
cümlənin xüsusiyyətləri
haqqında dərin dilçilik araşdırmalarını
özündə əks
etdirir. Kitabda Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik
bütövlərdən bəhs
olunur və bu istiqamətdə müəllifin apardığı
dərin elmi araşdırmalar monoqrafiyada
öz əksini tapır.
Monoqrafiyada diqqətçəkən
məqamlardan biri də müəllifin nəzəri fikirlərini
əsaslandırmaq üçün
gətirdiyi dil faktlarının bədii nəsr və nəzm nümunələrinin
qədim və orta əsr, daha çox da “Kitabi-Dədə Qorqud” dastanları, “Bilqamıs” dastanı, bütövlükdə “Oğuznamələr”
və klassik Azərbaycan ədəbiyyatından
seçməsidir.
Müəllif əsərdə 230-dan çox
elmi ədəbiyyatdan
istifadə edib ki, bunların da bir xeylisi
rus və digər dillərdədir.
Alim məqamı gəldikcə Baskakov, Kononov, Şerbak, Serebrennikov, Peşkovskiy, Malov, Kuzneçov və digərləri kimi dünyaşöhrətli
dilçi alimlərə
istinad edir, həmçinin ümumiləşdirici təhlillər
aparır.
Nəticə etibarilə qeyd edək ki, akademik
Kamal Abdullanın dilçiliyimizin ən ağır və mübahisə doğuran sintaksis sahəsinə həsr olunan “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” monoqrafiyası
bu sahədəki qaranlıq mətləblərə
işıq tutacaq, dilçi alimlər üçün və tədqiqatçılar üçün
əvəzsiz mənbə
rolunu oynayacaqdır. Həmçinin, Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi tərəfindən
ali məktəblər
üçün dərs
vəsaiti kimi təsdiqlənmiş bu əsərin ali məktəblərin filoloq
tələbələri üçün
dərslik kimi faydalı olacağına da əminik.
Akademik Kamal
Abdulla haqqında yazarkən və ya onun yaradıcılığına
müraciət edərkən
unudulmaz alimimiz, professor Yusif Seyidovun həmişə yaddaşımda mühafizə
olunan fikirlərini bir daha xatırladım.
O deyirdi ki, “Həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətində elmi dərəcə alan hər kəsə filoloq deyirlər. Əsl filoloq o alimdir ki, onun
həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində fundamental əsərləri var”. Akademik Kamal Abdulla mükəmməl elmi fəaliyyəti ilə məhz belə bir zirvədə
qərar tutub. Eyni zamanda, Xalq
yazıçısı olaraq,
Kamal Abdulla bədii yaradıcılıq
sahəsində də
ali ünvana ucalıb. Kamal Abdulla oxucularının bir qismi üçün
görkəmli yazıcı,
bəziləri üçün
tanınmış ədəbiyyatşünas,
digər qismi üçün dilçi
alimdir. Kamal Abdulla Azərbaycan elmi, ədəbi mühitində öz dəsti-xətti olan, daima yenilikçi filoloq alimdir. Əsas odur ki, Kamal müəllim
yanaşdığı hər
bir mövzuya, böyük problemin əsas özəyi kimi baxıb və həlli yolunu praktik şəkildə göstərib.
Mən Kamal
Abdulla ilə bağlı bir xatirəmi də oxucularla bölüşmək
istəyirəm: 2020-ci ilin
aprel ayı idi - pandemiya vaxtı illərdən bəri birikən düşüncələrimi elmi-publisistik
üslubda yazdım və dövri mətbuatda çap elətdirdim. Qələmdaşlarımızdan
biri mənə dedi ki, hələ
dekabr ayına çox var, dedim ki, yubiley
ilidir də, ayın nə fərqi var? Həm səbrim çatmır, həm
də o vaxt azman şəxsiyyətlər
yazacaq, mənim yazım çətin çap olunar... Bu müzakirələrdən
sonra yazı çap olundu. Həftənin ilk iş günü mobil telefonuma tanımadığım nömrədən
zəng gəldi: Dosent Zülfiyyə İsmayıldır? – dedi. Dedim bəli. Ağayana, eyni zamanda həlim
və müdrik bir avazla dedi:
“Nə bir kəlmə artıq, nə bir kəlmə
əksik, necə var, elə yazmısız.
Sizinlə danışan
da Kamal Abdulladır.
Sonra məqalənin
yazılması ilə
bağlı minnətdarlığını
elədi. Mənim tədqiqat sahəmdən,
Naxçıvandakı öz
məhəllələrindən və s. söhbət açdı... Açığı,
barmaqlarım titrəyə-titrəyə
dosent düşüncəsilə
akademik haqqındakı
yazıya məhz müəllifin özündən
təşəkkür almağımı
heç bir ali və ya
maddi mükafat əvəz edə bilməzdi. Çünki insan həyatında sevinci, qüruru və həyəcanı –
bu üç hissi çox az hallarda bir
arada yaşayır. Mənim üçün tarixi anı tez gedib qonşu
otaqdakı (AMEA Naxçıvan
Bölməsində) AMEA-nın
müxbir üzvü Əbülfəz müəllim
və rəhmətlik
professor Hüseyn müəllimlə paylaşanda,
bizim bir xalq ifadəsi var – bir şəxsiyyətin titullarını saymaqdansa
“O boyda!!” ifadəsini işlədirik: Əbülfəz
müəllim də özünəməxsus tərzdə
mənə dedi ki, xoşbəxt adamsan, o boyda Kamal Abdulla sənə
“sağ ol” demək üçün nömrəni tapıb, sənə zəng edib. Onu da
bil ki, hər
adama zəng etməz!.. Bu xatirəmi 5 il sonra cari ilin
sentyabr ayında Naxçıvan Dövlət
Universitetində Kamal Abdulla ilə görüşdə eyni həyacanla kürsüdən
deyəndə, yenə
mənə fərqli bir qürür yaşatdı: Asta və həlim səslə dedi ki, ... elə yazı idi ki,
elə xoşuma gəlmişdi ki, zəng
etməyə bilməzdim.
Kamal müəllim
bizimlə görüşlərin
birində vurğuladı
ki, bineyi-qədimdən
ulularımızın da
nitqindən nəsildən-nəslə
keçən ən sevdiyim bir ifadə
var: “De görüm, nə deyirsən!..” Mən də bu xatirəni dedim görəsiniz ki, Əməkdar elm xadimi, Xalq
yazıçısı, ictimai
xadim, akademik Kamal Abdulla eyni
zamanda, sadə, təvazökar, kiçik
əməyə böyük
qiymət verən xalq adamı, el ağsaqqalıdır.
Azərbaycan ədəbiyyatında və
elmində postmodern düşüncənin təcəssümü
- Kamal Abdullaya yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Zülfiyyə İsmayıl,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.6.