İdmanımızın yeni parlaq
mərhələsi
Prezident İlham Əliyevin VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr
göstərmiş Azərbaycan
heyətinin mükafatlandırılması
haqqında Sərəncamı
bunun təsdiqidir
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında göstərilən yüksək nəticələr Azərbaycan idmanının son illərdə keçdiyi inkişaf yolunun bariz göstəricisinə çevrildi. Bu Oyunlarda idmançılarımızın qazandıqları uğurlar onların hazırlıq prosesinə cəlb olunan geniş mütəxəssis komandasının gərgin əməyi ilə müşayiət edildi və bu nailiyyətlər dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə idmançılar, onların məşqçiləri və hazırlıq prosesinə töhfə verən digər mütəxəssislər mükafatlandırıldı. Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ayrılan 1 milyon 900 min manatlıq vəsait dövlətin idmana göstərdiyi davamlı qayğının, sistemli yanaşmanın və uğurlu idman siyasətinin növbəti təsdiqi oldu. Həmçinin Nazirliyə verilən tapşırıqlar vəsaitin bölgüsü mexanizminin hazırlanması, təyinatına uyğun şəkildə ödənilməsi və bu prosesin şəffaf icrası dövlətin idman idarəçiliyinə yanaşmasının peşəkarlığını nümayiş etdirir. Maliyyə Nazirliyinin maliyyələşməni təmin etmək öhdəliyi isə bu qərarın icrasının dövlət strukturları arasında koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir.
Milli nüfuzun və cəmiyyətin güclənməsinin
ifadəsi
Azərbaycan son illərdə idman sahəsində qazandığı nəticələrlə bir daha sübut etdi ki, ölkədə formalaşan idman siyasəti yalnız rəqəmlərlə ölçülən nəticələr deyil, həm də gənc nəslin formalaşması, sağlam həyat tərzinin təşviqi və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından geniş təsirə malikdir. Beynəlxalq yarışlarda idmançılarımızın nümayiş etdirdikləri performans, dünya arenalarında səsləndirilən Azərbaycanın himni və qaldırılan üçrəngli Bayrağımız ölkəmizin idman diplomatiyasında artan çəkisinin real ifadəsidir. Bu, həm də idmançılarımızın uzun illər ərzində yaradılmış güclü idman infrastrukturu üzərində yetişdiyini göstərir. Müstəqilliyin illərindən bu günə qədər ölkədə yüzlərlə idman qurğusu inşa edilib, Olimpiya kompleksləri fəaliyyətə başlayıb, federasiyalar yenilənib. Bütün bunlar dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində mümkün olub.
İdman siyasətinin strateji mahiyyəti
ölkənin inkişaf kursunu tamamlayır
Azərbaycanda idmanın inkişaf etdirilməsi sadəcə bir sahəyə yönələn tədbirlər kompleksi deyil, dövlətin strateji kursunun mühüm tərkib hissəsidir. Bu siyasətin ən diqqətəlayiq cəhətlərindən biri budur ki, idmanın təbliği ölkənin həm daxili sosial dinamikasında, həm də beynəlxalq imicində böyük rol oynayır. 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də Formula-1 Qran-prisinin mütəmadi olaraq Bakıda keçirilməsi Azərbaycanı qlobal idman xəritəsində aparıcı mərkəzlərdən birinə çevirib. Bu tədbirlər sayəsində ölkəmiz dünyanın diqqət mərkəzinə düşüb, iqtisadiyyatımız üçün əlavə imkanlar formalaşıb, turizm sektoru canlanıb, şəhər infrastrukturu daha müasir formaya gətirilib. Hər bir bu cür yarış Azərbaycanın potensialını, idarəetmə bacarığını və qlobal miqyasda rəqabətə davamlılığını nümayiş etdirib.
Prezident
İlham Əliyevin liderliyi idmana strateji istiqamət verir
Azərbaycanın
idman siyasətinin ən mühüm dayağı isə
Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi
şəxsi diqqət və liderlikdir. İlham Əliyevin
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti
kimi fəaliyyəti idmanın ölkə həyatında
prioritet istiqamətə çevrilməsinə geniş
imkanlar açdı. Onun rəhbərliyi dövründə
idman sistemində köklü islahatlar həyata keçirildi,
federasiyaların fəaliyyətinin koordinasiyası gücləndirildi,
idman infrastrukturu yeniləndi. Dövlət başçısı
həm ölkə Prezident, həm də MOK-un rəhbəri
kimi idmançıların sosial təminatına xüsusi
qayğı göstərir, onların hazırlıq prosesində
ortaya çıxan ehtiyacların aradan qaldırılması
üçün mütəmadi tapşırıqlar verir. Bu
diqqət nəticəsində Azərbaycan
idmançıları Olimpiya Oyunlarında müntəzəm
olaraq yüksək nəticələr göstərir və
ölkə öz idman uğurlarını hər yeni dövrdə
daha da möhkəmləndirir.
Gənclərin
şəxsiyyət kimi formalaşmasında mühüm amil
İdman
yalnız yarışlardan ibarət deyil, həm də mənəvi
dəyərin, milli kimliyin, vətənpərvərlik ruhunun əyani
təcəssümüdür. Prezident İlham Əliyevin
2024-cü ilin idman yekunlarına dair keçirdiyi tədbirdə
söylədiyi fikirlər idmanın cəmiyyət
üçün nə qədər əhəmiyyətli
olduğunu açıq şəkildə göstərir.
Dövlətimizin başçısnın "Fiziki güc mənəvi
saflığa da yol açır" sözləri idmanın
gənclərin şəxsiyyət kimi formalaşmasında
oynadığı rolu önə çəkir. Azərbaycanda
gənclərin həm fiziki, həm də mənəvi
baxımdan sağlam, vətənpərvər və Azərbaycan
dövlətinə bağlı şəxslər kimi
yetişdirilməsi dövlətin uzunmüddətli inkişaf
strategiyasının ayrılmaz hissəsidir. Bu baxış nəticəsində
idman cəmiyyətdə nümunəvi davranış modeli
yaradır, gəncləri sağlam həyat tərzinə həvəsləndirir
və onların gələcək fəaliyyətinə
müsbət təsir göstərir.
III MDB
Oyunları Azərbaycanın təşkilati gücünü
nümayiş etdirdi
Azərbaycan
dövlətinin idman siyasətinin gücünü göstərən
mühüm hadisələrdən biri də 2025-ci ildə
keçirilən III MDB Oyunları oldu. Gəncə başda
olmaqla ölkənin yeddi şəhərində təşkil
olunan bu yarışlar Azərbaycanın artıq yalnız
paytaxt mərkəzli deyil, regional inkişaf strategiyasına
uyğun şəkildə idmanı bütün ölkəyə
yaydığını göstərdi. Yarışlarda 8
ölkədən 1846 idmançının iştirakı tədbirin
miqyasını genişləndirərək MDB məkanında
dostluğun, etimadın və əməkdaşlığın
nümunəsinə çevrildi. Azərbaycanın bu
Oyunları yüksək səviyyədə təşkil etməsi
beynəlxalq idman idarəçiliyindəki təcrübəsinin
yetkinliyini nümayiş etdirdi. Oyunların keçiriləcəyi
şəhərlərdə yenilənən infrastruktur, idman
komplekslərinin müasirləşdirilməsi, logistika sahəsində
həyata keçirilən geniş hazırlıq tədbirləri
ölkənin güclü təşkilati potensialının
bariz ifadəsi oldu.
III MDB Oyunları yalnız idman
hadisəsi kimi deyil, həm də diplomatik proseslərin
gücləndirilməsi baxımından əhəmiyyətli
rol oynadı. Bu tədbir Azərbaycanın regional əməkdaşlığın
təşviqinə verdiyi töhfəni daha da artırdı və
ölkənin sülh, sabitlik və tərəfdaşlıq xəttinin
real nəticələrindən biri kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin yarışlarla bağlı səsləndirdiyi
fikirlər bu uğurun siyasi və mənəvi dəyərini
daha da genişləndirdi. O, qeyd etdi ki, Azərbaycan bu gün
regionun yalnız hərbi-siyasi gücü deyil, həm də
sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın
etibarlı dayağıdır. İdman isə bu xəttin
ictimai müstəvidə ən təsirli təzahür
formalarından biri kimi çıxış edir.
Azərbaycanın
idman modeli dövlətçilik fəlsəfəsi ilə
tamamlanır
Bütün
bu reallıqlar onu deməyə əsas verir ki, idman Azərbaycanda
təkcə bir fəaliyyət sahəsi deyil, həm də
dövlətin gücünün, xalqın enerji və potensialının,
milli birliyin və vətənpərvərlik ruhunun ifadə
vasitəsidir. Ölkədə idman sahəsində
görülən bütün işlər infrastrukturun yenilənməsi, gənclərin
idmana cəlb olunması, beynəlxalq yarışların
keçirilməsi, idmançılara göstərilən
sosial dəstək güclü dövlət və sağlam cəmiyyət
qurmaq məqsədinə xidmət edir. Bu strategiya həm bu
günün reallığını formalaşdırır, həm
də Azərbaycanın gələcək
inkişafının təməl sütunlarından birini təşkil
edir.
Beləliklə, idman siyasətinin
bu şəkildə qurulması Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə,
ölkə gəncliyinin sağlam və vətənpərvər
ruhda yetişdirilməsinə, cəmiyyətin sosial enerjisinin
düzgün istiqamətləndirilməsinə geniş
imkanlar açır. Prezident İlham Əliyevin
yürütdüyü ardıcıl və uzaqgörən idman
siyasəti sayəsində Azərbaycan bu gün regionun
aparıcı idman gücünə çevrilməklə
yanaşı, həm də mənəvi dəyərlərə
söykənən inkişaf modelinin nümunəsini təqdim
edir. Bu model idmanı dövlət maraqlarının, cəmiyyətin
inkişafının, milli birliyin və beynəlxalq nüfuzun
strateji alətinə çevirir.
Nigar Orucova
İki sahil.- 2025.- 28 noyabr, ¹217.- S.5.