“Gələcəyin
Peşələri Sammiti:
Bakı-2025”
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı
ilə keçirilən Gələcəyin Peşələri
Sammiti bu dəfə Bakı şəhərində baş
tutub.
“Gələcəyə
tərəf” devizi ilə keçirilən Sammit əmək
bazarında baş verən dəyişiklikləri, yeni peşə
və bacarıqlarla bağlı tələbləri peşəkar
mühitdə müzakirə etmək, təhsil və məşğulluq
sahələrində yeni çağırışlarla
bağlı bu ekosistem iştirakçılarının gələcək
əmək bazarına hazırlığına dəstək məqsədi
daşıyıb.
Sammitdə
əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev, Milli Məclis sədrinin birinci müavini Əli
Əhmədov, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev, dövlət və özəl sektordan rəhbər
şəxslər, yerli və xarici karyera məsləhətçiləri,
insan resursları üzrə mütəxəssislər, təhsil
ekspertləri, inkişaf mentorları iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan nazir Anar Əliyev bu
Sammitin əmək bazarında yeni peşə və
bacarıqlara dair tələblərin peşəkar müzakirəsi
baxımından xüsusi əhəmiyyətini, əmək
bazarındakı sürətli dəyişikliklərə
çevik adaptasiya imkanlarının qiymətləndirilməsinin
tədbirin prioritet istiqamətlərindən olduğunu qeyd
edib. Nazir bildirib ki, cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi siyasətin mərkəzində
insan kapitalının inkişafı dayanır. Bu isə bir
daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı
iqtisadi inkişaf modelini dövlət strategiyasının
prioritet istiqaməti kimi müəyyən edib.
Anar
Əliyev süni intellektin sürətli inkişafının,
rəqəmsallaşmanın genişlənməsinin dünya əmək
bazarının strukturunu köklü şəkildə yenidən
formalaşdırmaqda olduğunu deyib. O qeyd edib ki, Dünya
İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin
Gələcəyi Hesabatı”na əsasən 2030-cu ilə qədər
bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə
məruz qalacağı gözlənilir. Bu reallıq fonunda
regionlararası əməkdaşlığın gücləndirilməsi,
beynəlxalq təcrübənin öyrənilməsi, qlobal əmək
bazarına daha çevik inteqrasiya vacibdir.
Nazir
2018-ci ildən əmək müqavilələrinin
sayının 44 faiz artaraq 1,9 milyona
çatdığını, son illər sosial ödənişlərdəki
artımları diqqətə çatdırıb. Bildirib ki,
alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz
MDB dövlətləri ilə müqayisədə minimum
pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq
pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.
Anar
Əliyev 2022-ci ildən keçirilən “Peşələr
Festivalı”nın minlərlə yeniyetmə və gəncin
düzgün peşə seçimi barədə məlumatlılığının
artırılması və əmək bazarına
hazırlıqlı daxil olmalarına dəstək olduğunu
bildirib. O, hazırkı Sammitin
dövlət qurumları, özəl sektor və təhsil
müəssisələri arasında əmək
bazarının cari vəziyyəti və gələcək dəyişikliklərə
uyğunlaşması, peşə hazırlığı sahəsində
əməkdaşlığın gücləndirilməsində
əhəmiyyətini qeyd edib.
Milli Məclis
sədrinin birinci müavini Əli Əhmədov sammitdə
çıxış edərək yeni texnologiyaların,
xüsusilə də süni intellektin təsiri altında
yaranan yeni peşə bacarıqlarının mənimsənilməsi
üçün gənc nəslin təşviq
olunmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə Gələcəyin
Peşələri Sammiti kimi platformalara hər zaman ehtiyac
olduğunu bildirib.
KOBİA İdarə
Heyətinin sədri Orxan Məmmədov kadr potensialının
gücləndirilməsinin gələcəyin rəqabətqabiliyyətli
biznesləri üçün əsas şərtlərdən
olduğunu vurğulayıb. O, əmək bazarının yeni
çağırışları, peşə
bacarıqlarının inkişafı, KOB-ların təlim
ehtiyacları və KOBİA-nın bu istiqamətdə fəaliyyəti
barədə fikirlərini bölüşüb.
Parlamentin
Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev texnologiya və innovasiyaların iş dünyasına təsirlərinin
əmək bazarında dəyişiklikləri şərtləndirdiyini
və işçi qüvvəsinin bacarıqlarına
münasibətdə yeni tələbləri müəyyən
etdiyini diqqətə çatdırıb. Bu barədə tərəfdaşlar
arasında fəal müzakirələrin, gənclərin məlumatlandırılması
işlərinin aparılmasının önəmini
vurğulayıb.
Gələcəyin
Peşələri Sammiti işəgötürənlər,
dövlət qurumları, təhsil müəssisələri və
peşəkarlar arasında sağlam fikir mübadiləsi
üçün vahid platforma kimi nəzərdə tutulub.
Sammitin hədəfləri gələcəyin peşə və
bacarıqlarının müəyyənləşdirilməsi
və tanıdılması, iş dünyasının yeni
tendensiyalarının paylaşılması, hədəf qrup
olan peşəkarların daha çevik, innovativ, rəqabətədavamlı
karyera həlləri ilə təminatına şərait
yaradılmasıdır.
Tədbir
çərçivəsində “Peşələrin gələcəyi
bizdən nə tələb edir?”, “Gələcəyin
bacarıqları” və “Gələcəyin iş mühiti”
adlı üç panel müzakirəsi təşkil olunub.
Panellərdə yeni nəsil peşələr, gələcəyə
hazır olmaq üçün dəyişikliklərin idarə
edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil
texniki və yumşaq bacarıqlar, peşəkar inkişafda fərdi
dəstək mexanizmləri, iş dünyasında rəqəmsal
kooperasiya strategiyaları və s. mövzular müzakirə
edilib, suallar cavablandırılıb.
Qeyd edək
ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində
ilk tədbir cari ilin oktyabr ayının 30-da Naxçıvan
şəhərində keçirilib.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.5.