MİLLİ
QÜRUR TARİXİMİZ
3
oktyabr 1993-cü ildə bugünkü müasir müstəqil,
qalib, bütövləşən Azərbaycanın təməli
qoyuldu
1991-1993-cü
illər ölkəmizin müasir tarixində hərc-mərclik,
özbaşınalıq və qeyri-peşəkar idarəetmə
dövrü kimi xatırlanır. Dövlətin suveren
mövcudluğuna təhdid yaradan bütün amillər həmin
dövrdə ölkəyə səriştəsiz və
qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. O illərdə hadisələri
düzgün qiymətləndirə bilməyən iqtidar xalq
qarşısında gündən-günə nüfuzunu itirir,
baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi.
Belə
bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan
xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında
görürdü. Dövlətçilik
anlayışından bixəbər olan və hərbi birləşmələri
əslində öz məqsədləri üçün
istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən
qorxub gizlənən və bu təhlükəli proseslərin
qarşısını ala bilmədiyini dərk edən
AXC-Müsavat iqtidarının özü də xilas
üçün sonda Ümummilli Lider Heydər Əliyevdən
imdad istədi. Azərbaycan xalqı qanı və canı
bahasına qazandığı müstəqilliyin qorunması
üçün onun əldə
olunmasına ən çox töhfə vermiş əvəzsiz
lideri Heydər Əliyevi hakmiyyətə dəvət etdi.
Bu
reallıq hər zaman önə çəkilir ki, hər bir
ölkənin tarixində onun bu gününü və gələcəyini
müəyyənləşdirən, həyatında əhəmiyyətli
rol oynayan dönüş
nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə
hakimiyyətə qayıdışı ilə
yanaşı, 1992-ci il 21 noyabr
tarixində bu gün ölkəmizin ictimai-siyasi həyatında
aparıcı rol oynayan, milyonların sevgisini qazanan,
sıralarında 750 minə yaxın üzvü birləşdirən
Yeni Azərbaycan Partiyasının yaradılması da həmin dönüş nöqtələrindən
biridir. Bu hadisə sonrakı hadisələrin, uğurların
başlanğıcı oldu. Belə ki, Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası
xalqın sabaha ümidlərini bərpa etmək
üçün üzərinə düşən vəzifəni uğurla yerinə
yetirdi. Dünya təcrübəsində ilkdir ki, bir partiya
yaranmasından çox keçməmiş hakim partiyaya
çevrilir. Yeni Azərbaycan Partiyası bu ilkə imza
atdı. Partiyanın yaranmasından 7 ay sonra YAP-ın Sədri,
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın,
Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin
əsasını qoydu. Təbii ki, partiyanın yaranmasında
xalqın böyük əksəriyyətinin istəyini
özündə ehtiva edən 91 nəfər ziyalının
Ümummilli Lider Heydər Əliyevə
ünvanladığı “Azərbaycan Sizin
sözünüzü gözləyir” başlıqlı
müraciət və bu müraciətə Ulu Öndərin
“Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı əhəmiyyətli
rol oynadı. “91-lər”in müraciətində belə bir əminlik ifadə
edilirdi ki, Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə
qadir olan yeganə mütləq
lider Heydər Əliyev ola bilər. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına
qoyduğu məqsədə
çatar, respublikanın
bütün zümrələrindən olan xalq kütləsini
öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında
mövcud olan boşluğu
doldurar, dövlət quruculuğu işlərinə layiqli
töhfəsini verə bilər.
Əgər bu partiyanın bünövrəsini Heydər
Əliyev kimi güclü
dövlət xadimi qoyarsa, o,
uzun illər xalqımızın bir necə nəsli
üçün də siyasi yetkinlik məktəbi olar. Ulu
Öndər Heydər Əliyev ziyalıların müraciətinə
“Yeni, müstəqil Azərbaycan uğurunda!” cavabı ilə
belə bir partiyanın yaradılmasına
razılığını verməklə yanaşı, gələcəyinə
böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil
Azərbaycan dövlətinin gələcək həyatının
və fəaliyyətinin əsasını
təşkil edən demokratiya və siyasi plüralizm şəraitində müraciətdə göstərilən Yeni Azərbaycan Partiyasının
yaradılması obyektiv zərurətdən
doğur. Belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni,
müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində
və inkişafında tarixi
rol oynaya bilər.
Faktiki
olaraq 1992-ci il 21 noyabr tarixində
Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında
yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçmədi 1993-cü il 3
oktyabr tarixində keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev
xalqın mütləq əksəriyyətinin dəstəyi ilə
Prezident seçildi və
ölkəmizin böhrandan çıxma prosesi başladı.
Dahi şəxsiyyət Heydər Əliyev xalqının
Ümummilli Lideri adını
ölkədə apardığı siyasi, iqtisadi, sosial,
hərbi islahatları ilə doğrultdu. Bu əminlik Ulu
Öndərə, onun yenilməz siyasi iradəsinə və
şəxsi nüfuzuna, idarəçilik təcrübəsinə
dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi
ki, bu ağır və böhranlı dövrdə ölkəni
vəziyyətdən çıxara biləcək yeganə
müdrik şəxsiyyət Heydər Əliyevin zəkası,
qətiyyəti ola bilər. Havadarlarının dəstəyinə
arxalanan təcavüzkar Ermənistanla müharibənin davam
etdiyi, torpaqlarımızın işğalının sürətləndiyi
ağır günlərdə Azərbaycanı ağır vəziyyətdən
yalnız Ulu Öndər kimi müdrik şəxsiyyətin
çıxaracağına əmin olan xalqımız tarixin bu
sınağından da ağlının, zəkasının
qüdrəti ilə çıxdı.
Çıxışlarında «Azərbaycan xalqı xoşbəxt
həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri,
1993-cü ilin əvvəllərini yaxşı
xatırlayırdı. Azərbaycanı kimlər idarə
edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət
başına gəlmişdilər? Əslində hakimiyyəti
zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir.
Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik,
cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan
rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan
xalqı istəmirdi ki, yenə o qara günlər
qayıtsın. İstəyirdi ki, insanlar rahat
yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik
pozulmasın. Düzgün seçim edərək bir daha Heydər
Əliyev siyasətinə səs verdi və əminəm, bu
gün bütün Azərbaycan xalqı bir daha görür
ki, nə qədər düzgün bir seçim edib» söyləyən
Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın
müstəqilliyi naminə fədakarlığını
liderin xalqı qarşısında vətəndaş borcu kimi
qiymətləndirir.
Prezident
kimi fəaliyyətə başladığı ilk gündən
ölkəni ağır vəziyyətdən
çıxarmaq, siyasi sabitliyin yaranması üçün
milli həmrəyliyi gücləndirən Ulu Öndər Heydər
Əliyev yaxşı bilirdi ki, güclü iqtisadiyyat,
nizam-intizamlı ordu yaratmadan Ermənistan kimi arxası
böyük güclərə bağlı
işğalçının qarşısını almaq
mümkün olmayacaq. Odur ki, hakimiyyətə
qayıdışından dərhal sonra ordu quruculuğu sahəsində
islahatlara xüsusi diqqət göstərərək hələ
Naxçıvanda başladığı ordu quruculuğu sahəsindəki
islahatları əsas prioritet kimi davam etdirdi. Prezident kimi
1993-cü il oktyabrın 10-da keçirilən andiçmə
mərasimindəki çıxışında söylədiyi
«Azərbaycan Respublikası bir müstəqil dövlət kimi
özünü müdafiə etməyə qadir orduya malik
olmalıdır. Təəssüf ki, müstəqillik əldə
ediləndən sonra keçən dövrdə bu sahədə
az iş görülübdür. Lazım gələrsə,
sülh yolunda addımlarımız nəticə verməsə,
Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir» sözlərini əməli fəaliyyətində
davam etdirdi. Ulu Öndər beynəlxalq arenadakı şəxsi
nüfuzu, dövlətçilik təcrübəsi ilə
ölkəmizdə qarışıqlıq yaratmağa
çalışan daxili və xarici qüvvələrə
sipər oldu. Dünyanın ən nüfuzlu şirkətlərini
ölkəmizə dəvət etməklə Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyasının təməlini
qoyan Ulu Öndərin qətiyyəti sayəsində
1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni
tarixində dönüş nöqtəsi olan «Əsrin
müqaviləsi» imzalandı. Bu saziş ölkəmizin gələcək
inkişafına və təhlükəsizliyinə etibarlı
zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini
möhkəmləndirdi. Respublikamız dünyada neft ölkəsi
kimi tanındı. Azərbaycanın inkişafının
sonrakı mərhələləri göstərdi ki, ölkəmizi
dünyanın vacib aktorları sırasına müdrik siyasətçi
Heydər Əliyevin şəxsi nüfuzu sayəsində
qazanılan uğurlar çıxarıb.
Ermənistanın
torpaqlarımıza təcavüzü nəticəsində evlərindən
köçkün düşmüş
soydaşlarımızın doğma yurdlarına dönəcəyini
qətiyyətlə bildirən Ümummilli Lider şəhidlərimizin
qanının yerdə qalmayacağını əminliklə
söyləyirdi. Çox keçmədən ölkəmizdə
ordu quruculuğu sahəsində ciddi addımlar atıldı.
Ayrı-ayrı partiyalara xidmət edən könüllü
silahları dəstələr ləğv edildi. Vahid
komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı
Qüvvələrimizin maddi texniki bazası gücləndirildi,
ordumuz müasir silah və sursatla təmin olundu. Bütün
sahələrdə Ermənistanı üstələyən
Silahlı Qüvvələrimiz düşmən təxribatının
qarşısını qətiyyətlə aldı və
dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş
etdirdi.
Ümummilli
Lider yaxşı bilirdi ki, Azərbaycanın hüquqi, qüdrətli
dövlət olması üçün ölkənin demokratiya
yolu ilə inkişaf etməsi, çoxmillətli
respublikamızda milli həmrəyliyin, xalq-iqtidar birliyinin
gücləndirilməsi başlıca şərtdir.
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
dövlətimizin tarixində hakimiyyət bölgüsü
prinsipini, demokratik və dünyəvi dövlət
quruculuğunun hüquqi əsaslarını, insan hüquq və
azadlıqlarının qeyri-şərtsiz təmin
olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlət kimi ilk dəfə olaraq insan
hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın
parlamentinə keçirilən ilk seçkilər isə
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
prosesinin hüquqi bazasının yaradılmasına daha
geniş imkanlar açdı. İşlək siyasi sistemin,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının
qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata
keçirilməsi, milli həmrəylik və
bütövlüyü təmin edən ideologiyanın
yaradılması dövlətçilik ənənələrinin
inkişafına xidmət edən təşəbbüslər
idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən siyasətin fonunda ölkənin
siyasi-hüquqi sistemində müsbət mənada əsaslı
dəyişikliklər oldu. Kütləvi informasiya vasitələri
üzərində senzura aradan qaldırıldı, insan və
vətəndaş hüquq və azadlıqları yüksək
səviyyədə təmin edildi. Dövlətin hüquqi
bazasının möhkəmləndirilməsi istiqamətində
növbəti addımlar atıldı: məhkəmə
islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsi,
Ombudsman və digər mühüm təsisatların
yaradılması, ölüm hökmünün ləğvi və
onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər
bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyin
nəticəsi idi.
Milli
ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən dövlət
quruculuğu siyasətinin mühüm tərkib hissəsindən
biri idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
müəllifi olduğu azərbaycançılıq
ideologiyası təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, bütün
dünyada məskunlaşan azərbaycanlıları əhatə
edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında
birləşdirən milli məfkurəyə çevrildi.
Milli ruhun yüksəlməsi, milli özünüdərkin
inkişafı və xalqın tarixi yaddaşının
özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə
xidmət edən azərbaycançılıq məfkurəsi
dövlətin qüdrətinin artırılmasında real
siyasi amil idi. Ulu Öndərin təşəbüsü ilə
keçirilən Dünya Azəbaycanlılarının I
Qurultayı istənilən nəticəni verdi. Ümummilli
Lider bu çağırışı etdi ki, Vətən
birdir, hamı bu Vətən üçün
çalışmalıdır.
Ulu
Öndər Heydər Əliyevin siyasi kursu dövlət
müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi,
Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi,
habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi
taleyüklü məsələlərdə uğurla
sınaqdan çıxdı. Sabitliyi təmin etməklə
iqtisadiyyatın dirçəlməsi üçün
konseptual islahatların vacibliyini önə çəkən Ulu Öndər ilk olaraq ölkəyə
investisiya axınını şərtləndirən amillərə
diqqəti artırdı. O, qısa müddətdə ölkəyə
investisiya axınını stimullaşdıran müasir
innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə
nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə
yol açan, liberallığı özündə ehtiva edən
və sosialyönümlü mahiyyət daşıyan
iqtisadiyyat modeli idi. “Azərbaycan dövlətinin strateji yolu
yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar
olması, bazar iqtisadiyyatı və sahibkarlığın
inkişafıdır” söyləyən Ümummilli Lider Heydər Əliyev demokratik
düşüncə və həyat tərzinin bütün
dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi,
milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə
aşılanmasına nail oldu. Azərbaycanın təbii
ehtiyatlarının dünya bazarlarına
çıxarılmasını ən optimal variant kimi dəyərləndirən
Ulu Öndərin hazırladığı neft strategiyası həyati
zərurətdən yaranan uzunmüddətli proqram kimi qlobal əhəmiyyəti
ilə seçildi. Azərbaycana dünyanın ən iri neft
şirkətlərini cəlb etmək böyük cəsarət,
müdriklik, qətiyyət tələb edirdi. Bu çətin
və məsuliyyətli vəzifənin öhdəsindən
yalnız dünya siyasətçiləri arasında dövlətçilik
təcrübəsi, zəkası ilə seçilən
müdrik şəxsiyyət Heydər Əliyev gələ bilərdi.
O illəri «1990-cı illərin ərəfəsində
artıq neft hasilatı ilə bağlı problemlər
yaradılmışdı. Müstəqilliyimizin ilk illərində
bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin
ilk illəri bizim üçün çox ağır
keçirdi, ölkə idarəolunmaz vəziyyətə
düşmüşdü…Yenə də Heydər Əliyev
öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu
böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi,
Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz
1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər
inkişaf yolu ilə gedir» fikirləri ilə xarakterizə edən, «Əsrin müqaviləsi»ni, Ulu
Öndərin müəllifi olduğu neft strategiyasını
tarixi hadisə adlandıran Prezident İlham Əliyev
vurğulayır ki, belə bir vəziyyətdə Azərbaycana
xarici sərmayəni gətirmək doğrudan da böyük
müdriklik və uzaqgörənlik tələb edirdi.
1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8
ölkəsinin 13 neft şirkəti ilə bağlanmış
“Əsrin müqaviləsi” sonrakı illərdə daha 19
ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin
imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan
nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri
ilə dünya bazarına çıxarıldı. Qlobal
enerji layihələrinin reallaşması göstərdi ki, Ulu
Öndərin neft strategiyası təkcə Azərbaycan
iqtisadiyyatı üçün çıxış yolu
olmadı. BTC, BTƏ, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi
neft-qaz kəmərləri Azərbaycanın enerji
diplomatiyasının təntənəsi olmaqla, layihələrdə
iştirak edən bütün tərəfdaşların milli
müstəqilliyi ilə eyni səviyyədə əhəmiyyətli
olan iqtisadi, enerji müstəqilliyinin də təməli oldu,
çağırışlara cavab verdi. Dünyanın enerji xəritəsini
dəyişdi. Neft ölkəsi kimi şöhrət qazanan Azərbaycan
hazırda həm də Avropa dövlətlərinə qaz ixrac edən ölkə kimi tanınır. Hazırda Azərbaycan
14 ölkəyə qaz ixrac edir. Coğrafiya günbəgün
genişlənir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş
kimi nüfuz qazanır.
Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində görülən əsas işlərdən
biri də ölkənin dünya birliyinə
inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər
Heydər Əliyevin möhkəm təməllər üzərində
əsasını qoyduğu balanslaşdırılmış
xarici siyasət uzaq hədəflərə hesablanmış
strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın
beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə,
ümummilli problemlərinin həllinə yönəldi.
Ümummilli Liderin uğurlu xarici siyasət kursu nəticəsində
beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə
əməkdaşlıq müstəqilliyin əsas
dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə
və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan
özünün coğrafi mövqeyindən, təbii
ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında
bir çox dövlətlərlə və beynəlxalq
qurumlarla əməkdaşlıq edərək Böyük
İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının
işlənməsi və dünya bazarına
çıxarılması layihələrini səmərəli
şəkildə həyata keçirir. Ulu Öndər Heydər
Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğal olunması faktını beynəlxalq təşkilatların
siyasi gündəliyinə gətirdi. Onun tərəfindən əsası
qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən
birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, yəni ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider
Heydər Əliyevin gərgin əməyi və ardıcıl
səyləri nəticəsində bu problemin həllinə
yönəlik məqsədyönlü, sistemli və
davamlı addımlar atıldı və məsələnin
mahiyyəti dünya ictimaiyyətinin diqqətinə
çatdırıldı. Ulu Öndərin bir çox
dünya dövlətləri ilə bu mövzuda
danışıqlar apararaq beynəlxalq tədbirlərdə,
o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və Ermənistanın
işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin
və bəyanatların qəbul olunmasına nail oldu.
Qurucu və
xilaskar dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin
dövlətimiz, xalqımız qarşısında xidmətlərinin
miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə
etmək qeyri-mümkündür. Bu fikri böyük inam və
qürur hissi ilə qeyd edirik ki, 3 oktyabr 1993-cü ildən
başlanan yol Azərbaycan xalqını tarixi torpaqlarına
qovuşdurdu. Son 22 ildə
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən cənab İlham Əliyev
2003-cü ildə keçirilən prezident seçkilərində
xalqın böyük əksəriyyətinin səsini qazanaraq
Prezident seçildikdən sonra andişmə mərasimində
Ulu Öndərə müraciətində səsləndirdiyi
“Sizin şah əsəriniz olan müasir müstəqil Azərbaycanı
daha da möhkəmləndirəcək, zənginləşdirəcək,
Zəfərlərə doğru aparacağıq”
çağırışını reallıqda təsdiqlədi.
Azərbaycan 1993-2003-cü illərdə yaradılan möhkəm
təməl üzərində daha da möhkəmləndi,
qüdrətləndi, Zəfərə doğru inamla
addımladı. 44 günlük İKinci Qarabağ müharibəsində
tarixi Zəfərimiz, bir
günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizin tam bərpası Azərbaycanın bütün
sahələrdə malik olduğu imkanları, eyni zamanda,
xalqımızın birliyini, həmrəyliyini dünyaya
nümayiş etdirdi. Dövlətimizin başçısı
İlham Əliyev Ümummilli Liderin bütün
arzularını, xüsusilə Qarabağın azad edilməsini
reallığa çevirdi. Ümummilli Lider Heydər Əliyevin
xalqımız qarşısında ən böyük xidmətlərindən
olan 1 oktyabr 2003-cü il tarixli müraciətində bu inam ifadə
edilmişdi ki, Onun axıra çatdıra bilmədiyi işləri
cənab İlham əliyev axıra çatdıracaq. Cənab
İlham Əliyevə Özü qədər inanır. gələcəyinə
böyük ümidlər bəsləyir.
22 ilin
reallıqları bu inamın təsdiqidir. Bu gün
Qarabağımız, Şərqi Zəngəzurumuz
azaddır. Böyük Qayıdış Proqramı uğurla
icra edilir. Soydaşlarımız mərhələli şəkildə
doğma yurd-yuvalarına qayıdırlar. Qürurla qeyd edirik
ki, bu gün azad edilmiş torpaqlarımız da iqtisadi, siyasi,
humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir.
Suverenliyimizin bərpası ilə Azərbaycan yeni dövrə
qədəm qoydu. Müstəqilliyimiz, suverenliyimiz əbədidir,
toxunulmazdır. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün nəinki
Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları
başını dik tutub. Bizim üzümüz ağdır,
alnımız açıqdır. Biz müzəffər
xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!
Azərbaycanın
dünyaya Günəş kimi doğmasını
reallığa çevirən Ümummilli Lider Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
tariximizin Zəfər səhifəsini yazaraq ata vəsiyyətini
yerinə yetirdiyi üçün xoşbəxtdir.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 3 oktyabr, ¹178.- S.4-5.