Bərdə terroru: Erməni
faşizminin növbəti
hərbi cinayəti
İkinci Qarabağ müharibəsi
dövründə Bərdə rayonunun Ermənistan silahlı
qüvvələri tərəfindən 8 oktyabrda növbəti
dəfə raket hücumuna məruz qalmasından beş il
ötür
İkinci Qarabağ müharibəsinin gedişində məğlubiyyətini anlayan və aciz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki insanları məqsədli şəkildə hədəf almaqla müharibə və insanlıq əleyhinə növbəti cinayətlərə imza atırdı. Eyni zamanda, qarşı tərəfin məqsədi panika və qorxu yaratmaq, Azərbaycanı cavab addımı ilə təxribatlara çəkmək idi.
Ermənistan ordusu müharibə bölgəsindən
uzaqda yerləşən yaşayış məskənlərini,
dinc insanları hədəf almaqla Azərbaycan tərəfini
Ermənistan ərazisinə, mülki əhalinin
yaşadığı yerlərə atəş
açmağa təşviq edirdi. Bununla da
üçüncü qüvvələri müharibəyə
cəlb etməyə, beynəlxalq səviyyədə əleyhimizə
təbliğatı genişləndirməyə
çalışırdı. Amma heç birinə nail ola bilmədilər.
Çünki Azərbaycan bütün beynəlxalq
konvensiyalara, qanunlara uyğun müharibə aparırdı,
dinc insanları heç bir halda hədəf seçməmişdi.
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin
əks-hücum həmlələrinə tab gətirməyərək
silah-sursatlarını da döyüş meydanında ataraq
qaçan erməni silahlıları Bərdə, Gəncə
və Tərtər şəhərlərində mülki əhalini
bir neçə dəfə hədəfə aldılar. Ermənistan
ordusu beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə
Konvensiyaları və onların Əlavə
Protokollarını, BMT-nin Təhlükəsizlik
Şurasının qərar və qətnamələrini, eləcə
də oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs
rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın
dinc əhalisini qəsdən hədəfə almaqla
döyüş əməliyyatlarının
aparıldığı bölgəyə aidiyyəti olmayan
şəhər və rayonlarımıza raket və
ağır artilleriya zərbələri endirirdi.
Bərdə terroru da öz miqyası və
ağrı-acısı ilə dəhşətli idi. İlk
faciə 5 oktyabr tarixində yaşandı. Bərdə şəhərinin
mərkəzi küçələrinə və mərkəzi
xəstəxananın yaxınlığına
düşmüş raket mərmisinin qəlpələrindən
2 nəfər həlak oldu, 6 nəfər yaralandı, mülki
infrastruktura külli miqdarda ziyan dəydi. Təcavüzkar
dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də
Bərdəyə ikinci raket hücumu edildi, nəticədə
8 nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət
aldı. Ümumilikdə, 2020-ci
ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan
silahlı qüvvələri tərəfindən Bərdə
rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı
raket, atılmışdır. Bunlardan “Elburus”, “Qrad” və
çoxsaylı ballistik raketləri göstərmək olar.
Terror aktları nəticəsində ümumilikdə 29 nəfər
həlak olmuş, 108 nəfər yaralanmışdır. Təkcə
oktyabrın 28-də saat 13 radələrində Ermənistanın
silahlı birləşmələri tərəfindən Bərdə
şəhərinin dinc sakinlərin sıx hərəkətdə
olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi
əraziyə hər birinin içərisində 72 ədəd
9N235 saylı, ümumilikdə 144 bombacıq olan
"Smerç" tipli əməliyyat-taktiki təyinatlı
9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə
malik ballistik "claster" tipli 2 ədəd raket zərbəsi
endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər
həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə
müxtəlif dərəcəli bədən xəsarətləri
aldı. Azərbaycan Prezidenti İlham Əliyev
özünün rəsmi “Tviter” (indiki X) səhifəsində
etdiyi paylaşımda bildirmişdi: "Erməni silahlı
qüvvələrinin raketlərlə hücumu nəticəsində
Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir,
ailələrinə başsağlığı verir,
yaralıların şəfa tapmasını diləyirəm. Bərdə
sakinlərinin qisası yerdə qalmayacaq və
döyüş meydanında işğalçılara layiqli
cavab veriləcək". Birinci vitse-prezident Mehriban Əliyeva
Ermənistan silahlı qüvvələrinin Bərdəyə
növbəti dəfə raket hücumu ilə əlaqədar
rəsmi “İnstaqram” səhifəsindəki
paylaşımında qeyd etmişdir: "… Azərbaycanın
dinc mülki əhalisinə hər hücum Ermənistanın
ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin
total mənəvi tənəzzülünə dəlalət
edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan
xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə
cavab zərbəsi endirməyə məcbur etmək. Bu,
üçüncü tərəfləri münaqişəyə
cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz
bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə
məcbur edə bilməz. Hər hücum bizi daha da
güclü edir və işğal olunmuş ərazilərimizin
erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs
missiyanı başa çatdırmağın zəruri
olmasına inandırır. Həlak olanların ailələrinə
dərin hüznlə başsağlığı verir və
yaralananların tezliklə sağalmalarını
arzulayıram. Azərbaycan Ordusu düşməni
döyüş meydanında sıxışdırdığı
bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı
və Prezidentimizin ətrafında möhkəm birləşməliyik.
Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin
zəfər çalmasına nail olacağıq, ona görə
ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və
Azərbaycan xalqını qorusun!"
Xatırladaq ki, bir gün əvvəl -
oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi
raket atəşinə tutulmuşdu. Beynəlxalq hüquqla
qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr
endirilməsi nəticəsində aralarında uşaq və
qadınlar da olmaqla 5 dinc sakin həlak olmuş, 14 mülki
şəxs yaralanmışdı.
Ermənistan müharibənin gedişində təkcə
Bərdəni deyil, döyüş bölgələrindən
kənarda yerləşən Gəncə, Mingəçevir
şəhərlərini, digər yaşayış məntəqələrimizi
də mütəmadi olaraq raket atəşinə tutaraq
mülki əhaliyə qarşı müharibə cinayətləri
törətmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın
vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs
razılaşması əldə olunmasına baxmayaraq Ermənistan
ilk günlərdən həmin razılaşmanı kobud şəkildə
pozdu. Ümumilikdə qırx dörd günlük Vətən
müharibəsi dövründə erməni hərbçiləri
təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda,
Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ,
Goranboy, Ağcabədi, Xızı və digər şəhər
və rayonlarımızı ballistik raketlər və digər
ağır artilleriya qurğularından atəşə
tutublar. Bu hərbi təcavüzlər nəticəsində
12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak
olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə
12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə,
288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Bu cinayətlər həm də onu göstərdi
ki, Birinci Qarabağ müharibəsində mülki
insanlarımıza görünməmiş qəddarlıqla qətlə
yetirən, işgəncələr verən, Xocalı
soyqırımını törədən Ermənistanın
terrorçu, cinayətkar xisləti dəyişməmişdir.
Ermənilərin törətdikləri bu terror əməllərinin
nəticələrini müşahidə etmək
üçün hadisə yerinə gələn
diplomatların münaqişənin əsl mahiyyəti ilə
bağlı suallara cavab veriləcəyi bildirilsə də,
uzun illər ərzində həqiqəti eşitmək istəməyən,
reallığı təhrif edənlər yenə də
susmağa üstünlük verdilər. Lakin Azərbaycanın
44 gündük Vətən müharibəsində tarixi Qələbəsi
bu dövlətlərə, beynəlxalq təşkilatlara da
ciddi mesaj verdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini
təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın
ərazi bütövlüyünü bərpa edən ordumuz
şəhidlərimizin, həlak olan mülki əhalinin
qisasını döyüş meydanında aldı. 44
günlük Vətən müharibəsi və 2023-cü il
sentyabrın 19-da Qarabağda başlayan bir günlük lokal
xarakterli antiterror tədbirləri Azərbaycan dövlətinin,
xalqının gücünü, əzmini, döyüş ruhunu
bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti,
xalqımızın iradəsi, rəşadətli ordumuzun
qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal
altında olan bütün torpaqlarımızda Azərbaycanın
üçrəngli Bayrağının dalğalanması ilə
nəticələndi.
Sevinc Azadi
İki sahil.- 2025.- 7 oktyabr, ¹180.- S.7.