Dövlət müstəqilliyimiz əbədidir,
daimidir, dönməzdir
Müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın
yürütdüyü siyasət,
ölkəmizin etibarlı
və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib
və dünya birliyinin ayrılmaz hissəsinə çevirib
Çoxəsrlik tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda ağır sınaqlardan keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb.
Mövcud olduğu
müddət ərzində
Azərbaycan Xalq Cümhuriyyəti bütün
vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə
münasibətləri faydalılıq
əsasında yaratmağa
çalışıb.
Sovet işğalındakı
70 illik bir müddətdə Azərbaycan
xalqı özünün
azadlıq ideallarını,
müstəqillik arzularını
daim yaşadıb. XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə
edib: 1991-ci ildə yenidən qazanılan müstəqillik xalqımızın
ötən əsrin əvvəllərində yaşadığı
şərəfli tarixin
şüurlarda yaratdığı
milli oyanışın,
azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun
30-da Azərbaycanın müstəqilliyi
haqqında Bəyannamə,
oktyabrın 18-də isə
Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan etdi. Həmin tarixdən 34 il keçir. Bu müddət ərzində Azərbaycan
bütün sahələrdə
misli görünməyən
inkişafa, tərəqqiyə
nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlməmişdir. Müstəqillik
qazandığımız ilk
illərdə xalqımız
bir sıra çətinliklərlə üzləşdi,
ağır, məşəqqətli
günlər yaşadı.
1988-ci ildən Ermənistanın
Azərbaycana qarşı
torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə
vəziyyəti son dərəcə ağırlaşdırdı
və elan edilmədən başlayan
müharibəyə səbəb
oldu. Azərbaycanın
20 faiz torpağı ermənilər tərəfindən
işğal olundu. Vətənimiz bir tərəfdən müstəqilliyimizin
başı üstünü
alan real təhlükəni sovuşdurmaq,
digər tərəfdən
torpaqlarımızı müdafiə
etmək, ölkəmizin
ərazi bütövlüyünü
qorumaq, işğal olunan torpaqlarımızı
azad etmək kimi tarixi bir
sınaqla üzləşdi.
1991-1993-cü illərdə müstəqilliyin, ərazi
bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin
həlli əvəzinə,
ölkədə hərc-mərclik,
özbaşınalıq, siyasi-iqtisadi
tənəzzül baş
alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20
faizinin işğalı,
yüzlərlə insanın
şəhid olması,
qaçqın və məcburi köçkün
problemləri, siyasi qarşıdurmalar separatçı
meyillər daha da gücləndi. Azərbaycan dünya xəritəsindən silinmək
təhlükəsi qarşısında
qaldı. 1993-cü il
iyunun 15-də xalqın
təkidli tələbi
ilə yenidən Azərbaycanda hakimiyyətə
gələn dahi siyasətçi Heydər
Əliyev ilk olaraq müstəqillik, azərbaycançılıq ideologiyasını
milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə
nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik,
vətənpərvərlik hissiyyatları gücləndi.
Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı.
Azərbaycanda demokratikləşmə
milli inkişafın vacib faktoru kimi
dövlət siyasətinin
əsas istiqamətinə
çevrildi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin nəticəsi
kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması,
Azərbaycanın milli
mənafelərini qorumağa
qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın
müdafiə olunması
ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə
nail olmaq üçün bütün
siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində
1994-cü il mayın
12-də ölkəmiz üçün
həyati əhəmiyyət
kəsb edən atəşkəsə nail
olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə
artan inam və maraqdan istifadə edərək,
1994-cü ilin sentyabrında
"Əsrin müqaviləsi"
adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib
hazırlandı ki, bu da müstəqil
Azərbaycanın iqtisadi
inkişaf konsepsiyasını
təşkil edən neft strategiyasının həyata keçirilməsinin
parlaq təzahürü
idi. 1995-ci ildə müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyası qəbul
edildi, insan hüquqlarının, söz
və məlumat azadlığının, vətəndaş
cəmiyyəti institutlarının
formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə,
demokratik prinsip və təsisatlar yaradıldı. Ölkə
daxilində mövcud problemlərin tədricən
aradan qaldırılması,
iqtisadiyyatın inkişaf
yoluna qədəm qoyması Azərbaycanın
xarici siyasətdə də daha fəal,
qətiyyətli addımlar
atmasına şərait
yaratdı. Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyev demişdir: "Tarix dəfələrlə
sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması,
onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Ulu Öndər
Heydər Əliyevin təlatümlərdən, təhlükələrdən
çıxararaq qurub-yaratdığı
Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi
altında bütün
dünyaya möhtəşəm
yüksəliş dinamikası
nümayiş etdirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın
qüdrətli dövlətlərindən
birinə çevrilib.
İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Dövlət
başçısının yürütdüyü müdrik
və uzaqgörən
siyasət nəticəsində
2020-ci il dövlətçilik
tariximizə qızıl
hərflərlə yazıldı.
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuz işğalçı
Ermənistan üzərində
möhtəşəm Qələbə
qazanaraq xalqımızın
30 illik həsrətinə
son qoydu.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar
iclasında isə “Müstəqillik Günü
haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik
Günü haqqında"
qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi
ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi
Gününün adı
dəyişdirilərək Müstəqilliyin Bərpası
Günü elan edilib. Bu gün
tarixin ən qüdrətli Azərbaycanı
Müstəqilliyinin bərpası
gününü büyük
təmtəraqla qeyd edir. Prezident İlham Əliyev elə bir güclü
Azərbaycan yaradıb
ki, regiondakı yeni reallıqlarla hər kəs hesablaşır. Müstəqil
siyasət yürüdən
Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün
sahələrdə inamla
təmin etməsi Azərbaycanın müstəqilliyinin
daha da möhkəmlənməsinə,
əbədi və sarsılmaz dövlətçiliyimizin
daha da qüdrətlənməsinə
xidmət edir. Bu gün müstəqil
Azərbaycanın üçrəngli
bayrağı bütün
ərazimizdə qürurla
dalğalanır. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz...
Sevinc Azadi
İki sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.11.