Zəfər və
Qayıdış
Xankəndi, Ağdərə və
Xocalıda 1040 keçmiş məcburi köçkün ailəsi
məskunlaşıb, plana əsasən daha 19
yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması
istiqamətində işlər davam edir
Azərbaycan Respublikasının dövlətçilik tarixi zəngin və şərəfli səhifələrlə doludur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazilərinin bir hissəsi - Qarabağın qədim şəhərləri, kəndləri, rayonları işğal edilmiş, xalqımız ağır sınaqlarla üz-üzə qalmışdır. Lakin Azərbaycan xalqı bu haqsızlıqla heç vaxt barışmamış, öz torpaqlarına qayıdacağı günə hər zaman inanmışdır. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması bunun bariz nümunəsidir.
Bu tarixi qələbələr
xalqımızın müasir tarixində yeni mərhələ
açdı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər
Azərbaycan dövlətinin gücünü,
xalqımızın sarsılmaz birliyini, ordumuzun qəhrəmanlığını
və milli iradəmizin möhkəmliyini bütün
dünyaya nümayiş etdirdi. 2023-cü il oktyabrın 15-i Azərbaycan
tarixində əlamətdar günlərdən birinə
çevrildi. Həmin gün Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərlərində
Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltdı. Bu möhtəşəm hadisə
Azərbaycan xalqının milli qürurunun və qələbə
əzminin ən yüksək təcəssümü idi. Otuz
il həsrətlə gözlədiyimiz bayraq qaldırma mərasimləri
bir daha sübut etdi ki, haqqın, ədalətin və tarixin səsi
həmişə qalib gəlir. Həmçinin 2023-cü il
noyabrın 8-də - Vətən müharibəsində Qələbənin
üçüncü ildönümündə dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində
keçirilən hərbi parad müstəqil Azərbaycanın
gücünün, ordumuzun qüdrətinin və
xalqımızın birliyinin nümayişi idi. Bu parad həm
də bütün dünyaya aydın mesaj verdi: Qarabağ əzəli
Azərbaycan torpağıdır və burada heç vaxt başqa
bir gücün hökmranlığına yol verilməyəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı
ilə Qarabağ Universitetinin yaradılması azad edilmiş ərazilərin
sosial-iqtisadi, elmi-mədəni inkişafında mühüm mərhələdir.
Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi
deyil, həm də bölgənin intellektual
inkişafının, elmin və biliklərin dirçəlişinin
rəmzidir. Eyni zamanda, Azərbaycan Respublikasında Ağdərə
rayonunun yaradılması dövlət idarəçiliyinin səmərəliliyini
artırmaq, əhalinin rahatlığını təmin etmək
və Qarabağ bölgəsinin tarixi simasını bərpa
etmək baxımından əhəmiyyətli qərardır.
Bu addımlar Qarabağa Böyük Qayıdış
Proqramının daha planlı, sistemli və çevik həyata
keçirilməsinə geniş imkanlar açır, eləcə
də strateji hədəflərinə xidmət edir, gənclərin
doğma yurdlarında təhsil alaraq regionun inkişafına
töhfə verməsinə şərait yaradır.
Ümumiyyətlə, Prezident İlham
Əliyevin Qarabağa və Şərqi Zəngəzura
mütəmadi səfərləri bərpa-quruculuq işləri
ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin
açılışı və təmləqoyma mərasimlərinin
keçirilməsi, doğma torpaqlarımıza
qayıtmış sakinlərlə görüşləri ilə
yadda qalır. Dövlətimizin başçısı daim
çıxışlarında bildirir ki, Qarabağ və
Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın,
Qafqazın, dünyanın ən gözəl yerlərindən
biri olacaq. Bütövlükdə, ilin elə bir ayı yoxdur
ki, ölkə başçısı İlham Əliyevin
işğaldan azad edilmiş ərazilərə səfəri
olmasın. Müzəffər Ali Baş Komandanın Xankəndi,
Xocalı, Xocavənd və Ağdərəyə səfərləri
də Qarabağın bərpa və inkişaf yolunun əyani
göstəricisidir. Dövlət
başçısının bu şəhərlərdə
Dövlət Bayrağını ucaltması, hərbi
paradı qəbul etməsi, yeni layihələrin təməlini
qoyması həm tarixi ədalətin bərpası, həm də
Böyük Qayıdış prosesinin dövlət səviyyəsində
necə strateji yanaşma ilə həyata keçirildiyini nümayiş
etdirir. Bunun nəticəsidir ki, bu gün Xankəndi, Ağdərə
və Xocalıda 1 040 keçmiş məcburi
köçkün ailəsi məskunlaşıb.
Bu barədə Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Prezidentin
xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə
keçirilən Qeyri-Hökumət Təşkilatlarının
Əməkdaşlıq Forumunda çıxışı
zamanı məlumat verib. Onun sözlərinə görə,
Xankəndi şəhəri, Ağdərə və Xocalı
rayonları üzrə köç planına əsasən 19
yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması
istiqamətində işlər davam edir: “Artıq 1 040 ailə
– 4064 nəfər keçmiş məcburi köçkün
doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə
22 mindən çox şəxs məskunlaşıb və
bütün sosial xidmətlərlə təmin olunub”. Qeyd
olunub ki, hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət
göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin
işlə təmin olunduğu, ümumilikdə 65 milyon
manatdan çox investisiyanın həyata keçirildiyi
vurğulanıb.
Xatırladaq ki, cari ilin sentyabr ayında Prezident
İlham Əliyevin bölgəyə son səfərləri də
Qarabağın yenidən qurulmasında yeni mərhələ
açmışdır. Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə şəhərlərinin azad olunması və
bu bölgələrdə aparılan bərpa-quruculuq işləri,
məcburi köçkünlərin öz doğma
torpaqlarına dönməsi, müasir şəhərlərin
və kəndlərin salınması, sosial infrastrukturun
yaradılması, elm və mədəniyyət
ocaqlarının açılması Azərbaycanın
güclü dövlətçilik iradəsinin təzahürüdür.
Bir sözlə, Xankəndi, Xocalı, Xocavənd
və Ağdərə bu gün Azərbaycanın dövlət
suverenliyinin, tarixi ədalətin və milli birliyin təntənəsinə
çevrilmişdir. Dövlət Bayrağımızın bu
şəhərlərdə dalğalanması, hərbi parad,
Qarabağ Universitetinin təsisi, Ağdərə rayonunun
yaradılması və Böyük Qayıdış
Proqramının uğurla həyata keçirilməsi müstəqil
Azərbaycanın ən böyük qələbələrinin
təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Qarabağ bu gün dirçəlişin,
inkişafın və gələcəyə inamın rəmzidir.
Sevinc Azadi
İki sahil.- 2025.- 22 oktyabr, ¹191.- S.8.