QİYMƏT STATİSTİKASININ
İNKİŞAF YOLU
Qiymət statistikasının formalaşması
və inkişafı iqtisadi idarəetmə sistemlərinin təkmilləşməsi,
bazar münasibətlərinin
dərinləşməsi və
məlumatlara olan tələbatın artması
ilə birbaşa əlaqəlidir. Qiymətlər
iqtisadiyyatın bütün
sahələrinə təsir
edən mühüm göstəricilərdən biridir
və onların dəqiq ölçülməsi
makroiqtisadi qərarların
əsasını təşkil
edir. Bu səbəbdən qiymətlərin
statistik müşahidəsi
və təhlili ölkənin sosial-iqtisadi
inkişaf strategiyasının
ayrılmaz hissəsinə
çevrilmişdir.
Azərbaycanın müstəqillik dövründə
qiymət statistikası
sahəsinin formalaşması
və inkişafı bir neçə mərhələdə həyata
keçirilmişdir.
1991–1999-cu illər – bu mərhələdə qiymət statistikasının
əsası qoyulmuş,
sahənin hüquqi və metodoloji bazası formalaşdırılmış,
həmçinin beynəlxalq
statistika standartlarının
tələblərinə uyğunlaşdırma
istiqamətində mühüm
addımlar atılmışdır.
2000–2014-cü illər – bu dövrdə qiymət müşahidələrinin
əhatə dairəsi
genişləndirilmiş, müxtəlif
bazarlarda qiymət dəyişikliklərinin izlənməsi
üçün yeni məlumat mənbələri
və göstəricilər
tətbiq olunmuşdur.
2015-ci ildən bu günədək – qiymət statistikası sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi prioritet istiqamətə çevrilmişdir.
Elektron məlumat toplanması, avtomatlaşdırılmış
emal və analitik platformaların istifadəsi sahənin operativliyini və məlumatların keyfiyyətini
əhəmiyyətli dərəcədə
artırmışdır.
Qiymət statistikası
üzrə rəsmi göstəricilərin formalaşdırılması
istiqamətində atılan
ilk mühüm addım dövlətin sosial və iqtisadi siyasətində geniş istifadə olunan istehlak qiymətləri indeksinin
(İQİ) hesablanması olmuşdur.
1991-ci ildən etibarən
aparılmağa başlayan
bu hesablamalar qiymət statistikasının
əsas komponentinə
çevrilmişdir.
İstehlak qiymətləri
indeksi, orta alıcılıq qabiliyyətinə
malik istehlakçının
aldığı mallar
və istifadə etdiyi xidmətlərin ümumi dəyərində
baş verən dəyişiklikləri xarakterizə
etməklə, milli hesablar sisteminin mühüm göstəricilərinin
müəyyənləşdirilməsində
əsas rol oynayır. Bu göstərici ümumi daxili məhsulun (ÜDM) son istehlak hissəsinin
sabit qiymətlərlə
hesablanmasında, əhalinin
real gəlirlərinin
və digər iqtisadi parametrlərin təhlilində istifadə
olunur.
Azərbaycan Respublikasında sənaye sektorunun, xüsusilə də emal sənayesinin
inkişaf dinamikası
qiymət statistikasında
yeni metodoloji yanaşmaların tətbiqini
zəruri etmişdir. Bu baxımdan istehlak qiymətləri indeksi ilə yanaşı, sənaye məhsullarının istehsalçı
qiymətləri indekslərinin
hesablanmasına başlanılması
mühüm əhəmiyyət
kəsb etmişdir. Sözügedən göstəricinin
tətbiqi sənaye müəssisələri tərəfindən
istehsal olunan məhsulların istehsalçı
qiymətlərində baş
verən dəyişikliklərin
müəyyənləşdirilməsinə,
qiymət hərəkətlərinin
izlənilməsinə və
istehsal xərclərinin
dinamikasının təhlilinə
imkan yaratmışdır.
Eyni zamanda,
kənd təsərrüfatı
sektorunun iqtisadi artımda rolu və ərzaq təhlükəsizliyinin təmin
edilməsində strateji
əhəmiyyəti nəzərə
alınaraq, 2003-cü ildən
etibarən Dövlət
Statistika Komitəsi tərəfindən kənd
təsərrüfatı məhsullarının
istehsalçı qiymət
indekslərinin hesablanması
və təhlili həyata keçirilməyə
başlanmışdır. Bu
göstərici kənd
təsərrüfatı məhsullarının
qiymət səviyyəsi
və dinamikasının
ölçülməsi, qiymətlərin
formalaşmasına təsir
edən amillərin müəyyənləşdirilməsi, həmçinin dövlətin
iqtisadi və sosial siyasətində qərar qəbuletmə proseslərinin elmi əsaslandırılması baxımından
xüsusi əhəmiyyət
daşıyır.
Beləliklə, sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalçı
qiymət indekslərinin
tətbiqi Azərbaycan
Respublikasında qiymət
statistikasının inkişafında
yeni mərhələnin
başlanğıcını təşkil etmiş, makroiqtisadi göstəricilərin
keyfiyyətinin yüksəldilməsinə
və iqtisadi siyasətin səmərəliliyinin
artırılmasına şərait
yaratmışdır.
Azərbaycanda həyata keçirilən
kompleks iqtisadi islahatlar infrastrukturun müasirləşdirilməsinə, çoxşaxəli nəqliyyat
və rabitə sisteminin inkişafına mühüm təkan vermişdir. Bu inkişafın nəticəsi
olaraq, qiymət statistikası sahəsində
müvafiq göstəricilərin
hesablanmasına 2004-cü ildən
etibarən başlanılmışdır.
Həmin ildən etibarən nəqliyyat tarifləri indeksinin,
2008-ci ildən isə
poçt və rabitə tarifləri,
2021-di ildən isə
anbar təsərrüfatı,
yardımçı nəqliyyat,
reklam və proqram təminatının
işlənməsi, bu
sahədə məsləhətlər
və bununla əlaqədar fəaliyyət
xidmətlərinin indekslərinin
hesablanması təmin
edilmişdir. Bu göstəricilər ölkə
iqtisadiyyatında nəqliyyat
və rabitə sahəsində fəaliyyət
göstərən müəssisələr
tərəfindən təqdim
edilən xidmətlərin,
xüsusilə də neft, qaz və
strateji əhəmiyyətə
malik digər yüklərin, həmçinin
sərnişin daşımalarının
və rabitə xidmətlərinin qiymət
dinamikasının mütəmadi
müşahidə və
təhlil edilməsinə
imkan yaratmışdır.
Bununla yanaşı,
2005-ci ildən etibarən
yaşayış evləri,
sosial və istehsal təyinatlı bina və obyektlərin,
yolların və körpülərin tikintisi
üzrə qiymət göstəricilərinin hesablanmasına
başlanılmışdır. 2008-ci ildən gömrük məlumatları əsasında
idxal və ixrac olunan məhsulların
qiymətləri üzrə
statistik göstəricilərin,
2010-cu ildən isə
ilkin və təkrar mənzil bazarının qiymət indekslərinin hazırlanması
həyata keçirilmişdir.
Nəticə etibarilə,
qiymət statistikası
göstəriciləri Azərbaycan
iqtisadiyyatının əsas
sahələrini əhatə
etməklə onun struktur və dinamik inkişaf meyillərinin qiymətləndirilməsi
üçün mühüm
informasiya bazası formalaşdırmışdır.
2000-ci illərin ortalarından etibarən Azərbaycanda inflyasiyanın
ölçülməsində əsas rəsmi alət kimi qəbul edilən istehlak qiymətləri indeksinin metodoloji və məzmun baxımından təkmilləşdirilməsi
istiqamətində mühüm
addımlar atılmışdır.
Bu məqsədlə
2005-ci ilin ikinci yarısından başlayaraq
regional İQİ-nin hesablanmasına başlanılmış,
beləliklə, göstəricinin
həm coğrafi əhatə dairəsi, həm də məhsul və xidmət müxtəlifliyi
genişləndirilmişdir.
Həm respublika,
həm də regional səviyyədə
İQİ-nin hesablanması
zamanı yerli istehlak xüsusiyyətlərini
daha dəqiq əks etdirmək məqsədilə “Ev təsərrüfatlarında şəxsi
(fərdi) istehlak məqsədləri üçün
istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı (COICOP)” sistemindən
istifadə edilmişdir.
Bu keçid nəticəsində qiymət
müşahidələri aparılan
təmsilçi məhsul
və xidmətlər
dəstinin – yəni istehlak səbətinin tərkibi 380 adda mal və xidmətdən
566-ya qədər artırılmışdır.
İstehlak səbətində
aparılan dəyişikliklər
bir tərəfdən
əhalinin maddi rifah səviyyəsinin yüksəlməsi nəticəsində
istehlak edilən malların və xidmətlərin çeşidinin
artması, digər tərəfdən isə iqtisadiyyatın, elmin və texnologiyanın inkişafı ilə istehlak xərclərinin strukturunda baş verən dəyişikliklərlə
bağlı olmuşdur.
Bu amilləri nəzərə alaraq, istehlak qiymətləri indeksinin dəqiqliyinin təmin edilməsi və müasir iqtisadi şəraitə uyğunlaşdırılması məqsədilə istehlak
səbətinin tərkibi
hər il yenidən nəzərdən
keçirilmişdir.
Hazırda qiymət
statistikasının əhatə
etdiyi sahələr üzrə strukturu aşağıdakı kimidir:
İstehlak qiymətləri
indeksi hazırda BMT,
BƏT, BVF, İƏİT və Dünya Bankının qəbul etdiyi “İstehlak qiymət indekslərinin hesablanmasına
dair təlimat – nəzəriyyə və təcrübə” (Consumer Price Index Manual: Theory and Practice, 2004) sənədində göstərilən
prinsiplər əsasında
formalaşdırılmış metodologiyaya uyğun hesablanır.
Hesablamalar prosesində
istifadə olunan məlumatlar iki əsas mənbədən
əldə olunur, emal edilir və
analitik təhlil nəticəsində indeksin
formalaşdırılmasında əsas baza rolunu oynayır. Qiymət və tariflərin dəyişməsi
üzrə aparılan
statistik müşahidələr
əvvəlcədən müəyyən
edilmiş qrafik əsasında, qeydiyyat günləri arasında vaxt intervalları nəzərə alınmaqla
həyata keçirilir.
Bu, məlumatların müqayisəliliyini və
hesabat dövrləri üzrə dəyişikliklərin
ardıcıl izlənməsini
təmin edir.
Ərzaq məhsulları
üzrə qiymətlərin
qeydiyyatı ay ərzində üç dəfə – hər ongünlükdə aparılır
ki, bu da
bazardakı dinamik qiymət dəyişikliklərini
daha operativ şəkildə əks etdirməyə imkan verir. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən
ödənişli xidmətlər
üzrə müşahidələr
isə ayda bir dəfə, sonuncu ongünlükdə
həyata keçirilir.
Bu yanaşma həmin məhsul və xidmətlərin qiymət sabitliyini nəzərə alaraq, ümumi indeksin hesablanmasında balanslı
və etibarlı nəticələrin əldə
edilməsinə şərait
yaradır.
Son illərdə
məhsul və xidmətlərin qiymət
qeydiyyatının təşkili
sahəsində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
prosesi keyfiyyətcə
yeni mərhələyə
qədəm qoymuşdur.
Əgər 2015-ci ilə
qədər qiymət
və ölçü
vahidlərinin qeydiyyatı
kağız daşıyıcılarda
aparılırdısa, həmin
ildən etibarən bu proses tam
rəqəmsallaşdırılmış
formada həyata keçirilir. Qiymət qeydiyyatı ilə məşğul olan mütəxəssislər planşet
tipli kompüterlər
və fasiləsiz internet bağlantısı
ilə təmin edilmiş, nəticədə
müşahidələr real
vaxt rejimində aparılmağa başlanmışdır.
Toplanmış məlumatlar
birbaşa Dövlət
Statistika Komitəsinin
statistik məlumat bazasına ötürülür,
xüsusi proqram təminatları vasitəsilə
məlumatların qəbulu
zamanı yarana biləcək xətalar avtomatik aşkarlanır və dərhal aradan qaldırılır.
Hazırda qiymətlərin
dəyişməsi üzrə
aparılan statistik müşahidələrin əsasını
təşkil edən istehlak səbəti 566 adda məhsul və xidmət növünü əhatə
edir. Bu səbətə 167 adda ərzaq məhsulu, 290 adda qeyri-ərzaq məhsulu və 109 adda əhaliyə göstərilən ödənişli
xidmət daxildir :
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
“2013–2017-ci illərdə Azərbaycan
Respublikasında rəsmi
statistikanın inkişafına
dair Dövlət Proqramı” statistika sisteminin modernləşməsində
mühüm mərhələ
olmuşdur. Proqramın
icrası nəticəsində
statistika orqanlarının
informasiya kommunikasiya texnologiyaları infrastrukturu
yenilənmiş, müasir
proqram təminatları,
məlumat bazalarının
idarəetmə sistemləri
və analitik platformalar tətbiq edilmişdir. Bu islahatlar rəsmi statistikanın, xüsusilə
də qiymət statistikasının inkişafına
əhəmiyyətli töhfə
vermişdir.
Proqram çərçivəsində
qiymət statistikası
sahəsində ilkin məlumatların toplanmasının
avtomatlaşdırılması məqsədilə iri ticarət şəbəkələrindən
qiymət məlumatlarının
elektron formada əldə edilməsini nəzərdə tutan tədbirlər planı hazırlanmışdır. Avropa
ölkələrinin təcrübəsi
öyrənilərək 2017-ci ildə metodoloji vəsait hazırlanmış,
texniki baza formalaşdırılmış və bazarda üstün paya malik ticarət şəbəkələri ilə
müqavilələr imzalanmışdır.
2018-ci ilin fevral
ayından etibarən elektron formada olan pərakəndə satış qiymətləri
ongünlük intervalla
əldə edilməyə
başlanmış, 2019-cu ilin
yanvarından isə bu məlumatlar əsasında istehlak qiymətləri indeksinin hesablanmasına start verilmişdir. Beləliklə,
ənənəvi müşahidə
üsulları ilə
yanaşı, elektron məlumat bazalarına əsaslanan yeni metodologiya tətbiq edilmiş və 2019–2020-ci
illərdə bu yanaşmanın əhatə
dairəsi daha da genişləndirilmişdir
Ticarət şəbəkələrindən
elektron formada qiymət məlumatlarının
əldə edilməsi
ilkin məlumatların
toplanması prosesində
insan resurslarına olan ehtiyacı azaltdığı, insan amilindən qaynaqlanan mümkün xətaları
aradan qaldırdığı
və müşahidəyə
cəlb olunan məhsul çeşidlərinin
sayını əhəmiyyətli
dərəcədə artırdığı
üçün istehlak
qiymətləri üzrə
daha dəqiq və keyfiyyətli statistik göstəricilərin
formalaşmasına şərait
yaratmışdır.
Azərbaycanda istehsalçı qiymət
indeksləri BMT, BVF, BƏT,
İƏİT və Dünya
Bankı tərəfindən
qəbul edilən “İstehsalçı qiymət
indekslərinin hesablanması
üzrə təlimat
– nəzəriyyə və
təcrübə” sənədinin
prinsiplərinə əsaslanaraq
formalaşdırılır. Hesablamalarda “Məhsul növləri”, “İqtisadi
fəaliyyət növləri”,
“Sənaye məhsullarının
statistik təsnifatı”
və “Nəqliyyat statistikası üçün
yük təsnifatı”
kimi beynəlxalq təsnifat sistemlərinin milli uyğunlaşdırılmış
versiyalarından istifadə
olunur. Bu metodoloji yanaşma sənaye və kənd təsərrüfatı
məhsulları ilə
yanaşı, nəqliyyat,
poçt, rabitə və tikinti-quraşdırma
xidmətləri üzrə
istehsalçı qiymət
indekslərinin də dəqiq və müqayisə oluna bilən şəkildə
hesablanmasına şərait
yaradır.
Sənaye məhsullarının
istehsalçı qiymət
indeksi sənaye müəssisələri tərəfindən
istehsal olunan məhsulların qiymətlərində
baş verən dəyişiklikləri əks
etdirən əsas göstəricidir. Bu indeks, yerli müəssisələr
tərəfindən real
vaxt rejimində təqdim edilən məhsul qiymətləri və istehsal həcmlərinə dair məlumatlar əsasında
hesablanır. Göstərici
mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi
və təchizatı,
eləcə də su təchizatı və tullantıların emalı sahələrini əhatə edir [7].
Kənd təsərrüfatı
müəssisələri və
ev təsərrüfatları
tərəfindən satılmış
məhsulların qiymətlərinin
dəyişməsini əks
etdirən kənd təsərrüfatı məhsullarının
istehsalçı qiymət
indekslərinin hesablanması
üçün qiymət
və həcm barədə ilkin məlumatların toplanması
ayda bir dəfə həm müəssisələr tərəfindən
real-vaxt rejimində təqdim edilməklə, həm də yerli statistika orqanlarının müvafiq
mütəxəssisləri tərəfindən ev təsərrüfatlarına yerində
sorğu edilməklə
real-vaxt rejimində planşet tipli kompüterlər vasitəsilə
qeydiyyatı aparılmaqla
həyata keçirilir.
Kənd təsərrüfatı
məhsullarının istehsalçı
qiymət indeksləri
bitkiçilik, diri heyvanlar və heyvandarlıq, meşəçilik
və balıqçılıq
sahələrini əhatə
edir [3].
Nəqliyyat, poçt və rabitə müəssisələri
tərəfindən göstərilmiş
xidmətlərin qiymətlərinin
dinamikasını müəyyənləşdirən
nəqliyyat, poçt
və rabitə xidmətlərinin istehsalçı
qiymət indeksləri nəqliyyatda yükdaşıma (dəmir
yolu, dəniz, boru kəməri, hava, avtomobil nəqliyyatı ilə) və sərnişindaşıma
(dəmir yolu, avtomobil, hava, dəniz nəqliyyatı ilə), anbar təsərrüfatı, yardımçı
nəqliyyat, reklam, rabitə, proqram təminatının işlənməsi,
bu sahədə məsləhətlər və
bununla əlaqədar fəaliyyət, poçt və kuryer xidmətləri sahələrini
əhatə edir. Nəqliyyat, poçt və rabitə xidmətlərinin istehsalçı
qiymət indekslərinin
hesablanması bu sahədə fəaliyyət
göstərən müəssisələr
tərəfindən real-vaxt
rejimində ayda bir dəfə təqdim edilən göstərilmiş xidmətlərin
qiymət və həcmləri barədə
məlumatlar əsasında
həyata keçirilir.
Tikinti-quraşdırma işlərində istehsalçı
qiymət indeksləri
yerüstü tikililər
(yaşayış evləri,
sosial təyinatlı binaların və istehsal təyinatlı obyektərin tikintisi üzrə), yol və körpü tikintisi üzrə tikinti-quraşdırma işlərinin
qiymətlərinin dəyişməsini
əks etdirən nisbi göstəricidir. Tikinti-quraşdırma işlərində
istehsalçı qiymət
indekslərinin hesablanması
sözügedən sahədə
fəaliyyət göstərən
müəssisələr tərəfindən real vaxt rejimində təqdim edilən tikinti-quraşdırma işlərinin
qiymətləri haqqında
məlumatlar əsasında
həyata keçirilir
[6].
Qiymət statistikasının
göstəricilərindən biri olan idxal
və ixrac olunan əmtəələrin
qiymət indeksləri
xarici ticarət sektorunun fəaliyyətini
xarakterizə edən əsas statistik göstəticilərdən biri
olub idxal (ixrac) olunan əmtəələrin
qiymətlərinin dəyişməsini
göstərir. Bu indeks Azərbaycan Respublikasının rezidentləri
ilə digər ölkələrin rezidentləri
arasındakı əmtəə
mübadiləsinin qiymətlərinə
əsaslanır. İndeksin
hesablanmasında «Malların
Təsviri və Kodlaşdırılmasının Həmahəng Sistemi» (HS)
(Harmonized Commodity Description and Coding System (HS) təsnifatından
istifadə edilir. İdxal və ixrac olunan məhsulların
qiymət indekslərinin
hesablanması üçün
əsas məlumat mənbəyi hüquqi və fiziki şəxslərin tərtib
etdikləri xarici ticarət əməliyyatlarının
miqdar və dəyərinin həcmini göstərən Gömrük
yük bəyannaməsidir
(GYB). İlkin məlumatlar Dövlət
Gömrük Komitəsindən
elektron formada əldə edilir.
Qiymət statistikası
sahəsində hesablanan
göstəricilərdən biri olan mənzil
bazarında qiymət indeksləri mülkiyyət
formasından asılı
olmayaraq ilkin və təkrar mənzil bazarında fəaliyyət göstərən
mənzil tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər,
səhmdar cəmiyyətləri
və ev alqı - satqısı ilə məşğul olan müəssisələr
tərəfindən təqdim
edilən məlumatlar
əsasında hesablanır.
Bu indeksdən ilkin və təkrar mənzil bazarında ayrı-ayrı
mənzil növlərinin
qiymətlərinin dəyişilməsinin
öyrənilməsində, mənzil bazarında baş verən proseslərin təhlilində
istifadə edilir.
Qiymət indekslərinə
dair məlumatlar ekspres bülletenlər, press-relizlər, “Azərbaycanda
qiymətlər” statistik
məcmuəsi, “Sosial-iqtisadi
inkişaf” aylıq təhlil məruzəsində
Qiymət statistikası
bölməsi, eləcə
də “Azərbaycan rəqəmlərdə” və
“Azərbaycanın statistik
göstəriciləri” kimi
illik nəşrlərin
“Qiymət indeksləri”
bölməsində mütəmadi
olaraq yayımlanır.
Bütün bu nəşrlər eyni zamanda Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (www.stat.gov.az) elektron formatda ictimai istifadəyə açıqdır.
Qiymət indeksləri
bazar iqtisadiyyatı şəraitində inflyasiya
proseslərinin qiymətləndirilməsi
və əhalinin həyat səviyyəsinin
təhlilində əsas
rol oynayır. Bu sahə qiymətlərin
formalaşması və
dəyişmə meyillərinin
elmi-statistik əsaslarla
araşdırılmasına, həmçinin dövlət
siyasətinin planlaşdırılmasında
etibarlı məlumat bazasının yaradılmasına
imkan verir.
Azərbaycanda qiymət statistikası son illərdə əhəmiyyətli inkişaf
mərhələsi keçmiş,
beynəlxalq standartlara
uyğunlaşdırılmış metodologiyalar tətbiq edilmiş, rəqəmsallaşma
və elektron məlumat mübadiləsi
mexanizmləri sayəsində
məlumatların dəqiqliyi
və operativliyi artırılmışdır. Nəticə
olaraq, qiymət statistikası sahəsində
aparılan islahatlar ölkədə iqtisadi proseslərin daha dolğun və şəffaf qiymətləndirilməsinə
şərait yaratmışdır.
Gələcəkdə bu
istiqamətdə əsas
məqsəd — məlumatların
elektron mənbələrdən
toplanması imkanlarının
genişləndirilməsi, yeni
texnoloji həllərin
tətbiqi və göstəricilər sisteminin
təkmilləşdirilməsi yolu ilə statistik
məlumatların keyfiyyətinin
daha da yüksəldilməsidir.
Nigar Səfərli,
Dövlət Statistika Komitəsinin Qiymət
statistikası şöbəsinin aparıcı
məsləhətçisi
İki
sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.10.