Şəhid anası oğlunun qapını açıb
boynuna sarılacağı günü gözləyir
2023-cü ildə Azərbaycan Ordusunun Qarabağdakı erməni
separatçılarına qarşı
keçirdiyi uğurlu
lokal xarakterli antiterror tədbirlərində
Elvin İkram oğlu Qayıbov da ön sıralarda
olan hərbçilərdən
biri olub. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda
böyük fədakarlıq
nümayiş etdirən
Elvin sentyabrın 19-da
Ağdərə istiqamətində
gedən döyüşlərdə
bölük komandiri ilə birgə şəhidlik zirvəsinə
ucalıb. O, boya-başa
çatdığı kəndin
qəbiristanlığında torpağa tapşırılıb.
Elvin İkram
oğlu Qayıbov
1994-cü il iyul ayının
15-də Xaçmaz rayonunun
Xuray kəndində anadan olmuşdur. O, təhsilini bu rayonun şəhid Elman Qocayev adına
Seyidlikəndyeri ümumi
orta məktəbində almışdır.
Həqiqi hərbi xidmətdən bir müddət sonra, 2021-ci ildə müddətdən
artıq həqiqi hərbi xidmətə (MAXE) başlamış
Elvin ordu sıralarında şərəflə
xidmət etmişdir. İxtisasca rabitəçi
olmuşdur. O, Azərbaycan
Ordusu bölmələrinin
keçirdiyi “Qisas” cavab əməliyyatında
da iştirak etmişdir. Qeyd edək ki, bu
əməliyyat çərçivəsində
qeyri-qanuni erməni silahlı ünsürlərinin
bir neçə döyüş mövqeyi
dağıdılmışdır.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq,
şücaət və
mərdlik göstərmiş,
öz xidməti vəzifələrini və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqları yerinə
yetirərkən fərqlənmiş Elvin Qayıbov Prezident, Ali Baş Komandan
İlham Əliyevin sərəncamlarına əsasən
"Vətən uğrunda”
medalı və 3-cü dərəcəli
“Vətənə xidmətə
görə” ordeni ilə təltif edilmişdir.
Elvinin bir amalı var idi
Bu günlərdə yolumuz Xaçmaz rayonunun Xuray kəndinə düşmüşdü. Kəndin
girəcəyindəki evlərin
birinin qarşısındakı
şəhid bulağı
və onun yanındakı şəhid
muzeyi diqqətimizi çəkdi. Öyrəndik
ki, burada şəhidlik
zirvəsinə ucalmış
Elvin Qayıbova məxsus
əşyalar saxlanılır.
İçəri daxil
olub şəhidin döyüş yolunu əks etdirən materiallarla,
fotolarla tanış olduq, onun ruhuna
dualar oxuduq. Şübhəsiz, belə
bir muzeyin yaradılmasi Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsinə böyük
hörmət və ailələri ücün
bir təsəllidir. Digər tərəfdən,
gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunmasında
belə məkanların
böyük rolu vardır.
Yaxınlıqdakı evə doğru addımladıq. Darvazanı döyüb, içəri keçdik. Həyətdə bizi ortayaşlı bir kişi qarşıladı.
3 oğul atası
İkram kişi şəhid
oğlundan danışarkən
bu itki onun
üçün nə
qədər ağır
olsa da, qürur hissini gizlədə bilmədi: “Elvinin bir amalı var idi: şəhidlərimizin
qisasını almaq. O
bu arzudan doğan hisslərlə yüzlərlə qeyrətli
Vətən oğulları
kimi, qəhrəmanlıq
tariximizə şanlı
səhifə yazdı.
Elvinim uşaqlıqdan
vətənsevər oğul
kimi böyüyüb.
O, nümunəvi davranışı
ilə ətrafındakılara
həmişə örnək
olub. Mən övladımlarımlə hər
zaman fəxr etmişəm,
bu gün də fəxr edirəm”.
Söhbət əsnasında məlum
oldu ki, İkram kişinin
sinəsində hələ
də qəlpə gəzdirən və bir çox əməliyyatların, o cümlədən
Aprel döyüşlərinin,
lokal antiterror əməliyyatının
iştirakçısı olmuş
böyük oğlu Əlixan 15 ilə yaxın ordu sıralarında xidmət
edib. 44 günlük
Vətən müharibəsinin
də iştirakçısı
olan Əlixan Prezidentin sərəncamları
ilə “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunub. Elə Elvinin də həyatını hərbə
həsr etməsində
Əlixanın böyük
rolu olub. Hətta onlar eyni hərbi hissədə xidmət ediblər.
Gözlərinə
baxmaq olmur Şahnaz xanımın
Az sonra İkram
kişi həyat yoldaşı Şahnaz xanımı səsləyir.
Bir neçə dəqiqədən sonra nurlu simasına kədər çökmüş
ağsaçlı ana
qarşımızda peyda
olur. Söhbət zamanı şəhidin anası Şahnaz xanım tərəfə boylanıram. Gözlərinə
baxmaq olmur Şahnaz xanımın. Sanki müharibənin acıları gizlənib gözlərinin dərinliyində.
O, bütün bunları
büruzə verməməyə
çalışır. Şahnaz xanım da Elvinli
günlərini xatırlayarkən
göz yaşlarını
gizlədə bilmir: “Sakit təbiətli Elvinim heç vaxt sözümdən çıxmazd. Onda Vətən sevgisi sonsuz idi. Hər
zaman deyirdi ki, ən böyük
arzum Vətən uğrunda canımdan keçməkdir. O, antiterror tədbirlərində vuruşaraq
şəhidlik zirvəsinə
ucalmaqla arzusuna çatdı”. “Şəhid
anası olmaq mənim üçün ən yüksək məqamdır, şərəfdir”
sözləri ilə söhbətini davam etdirən Şahnaz xanım, həmçinin bildirdi ki, Elvin
ailəsi (onun Nur adlı bir
qızı var) üçün təzə
ev tikdirmişdi, demək olar ki, hər şeyi
hazır idi, qalırdı bircə köçmək. Amma bu, ona nəsib
olmadı. İndi həmin evə baxanda ürəyim qan ağlayır”. Bu yerdə dərin
fikrə gedən Şahnaz xanım handan-hana göz yaşlarını silə-silə
dillənir: “Pəhləvan
cüssəli şəhid
oğlumla bağlı
o qədər deyiləsi
sözlərim var ki. Lap bir
kitablıq. Amma nədənsə ondan söz düşəndə
fikirlərim pərən-pərən
olur. Hə, Elvinim əncir mürəbbəsini çox
sevirdi. Sentyabrın əvvəlində dedi ki, ana, əncir
yığmışam, ondan
mənim üçün
mürəbbə bişir”.
Mən də bişirdim. İndi hər dəfə o əncir dolu balonları görəndə
dünya sanki başıma fırlanır.
Özümə birtəhər
toxtaxlıq verirəm”.
Boynuna sarılacağı günü
gözləyir
Az sonra Şahnaz
xanım oğlunun ona olan məhəbbətindən
söz açır. Deyir ki, o, hər
ad günümdə mənim üçün hədiyyə alardı: “Sonuncu dəfə mənə qızıl boyunbağı almışdı.
Demişdi ki, növbəti ad günümdə qolbağı
alacaq. Amma taleyin gərdişi elə gətirdi ki...”Şahnaz
xanım fikrini tamamlaya bilmir, göz yaşları onu boğur... Mən də Elvin kimi oğul
böyüdən Şahnaz
anaya ürək-dirək
vermək məqsədilə
deyirəm: “Bu gün bizim hər birimiz tapdalanan qeyrətimizin, ləyaqətimizin xilası
üçün canından
keçən oğullar
dünyaya gətirib böyüdən sizin kimi analara borcluyuq”.
“Elvinin yoxluğundan iki il ötür. Təskinliyiniz nədir sualına cavab verməmişdən öncə
Əlixan bəy qardaşına aid guşəni
göstərir. Sonra isə əlavə
edir: “Vətənimizin
suverenliyinə qovuşması
yəqin ki, qardaşımın
ruhuna da əyandır.
Bu mənada onun ruhu şaddır. Onu da qeyd etməyi
özümə borc bilirəm ki, hər bir şəhid mənim qardaşımdır”.
Söhbətimizin sonunda
kompleksin ailənin daxili vəsaiti hesabına yaradıldığını
vurğulayan Əlixan
bəy igid şəhidin adının
hələ də əbədiləşdirilməməsindən gileyləndi.
Şahnaz
xanım isə hələ də Elvinin
yoxluğuna inanmır.
Hətta bir gün qapını açıb boynuna sarılacağı günü
gözləyir: “Hərdən
də bu bulaq-kompleksin yanında oturub balamla dərdləşirəm. Özümə
təsəlli verirəm,
deyirəm ki, Elvinim yanımdadır, o mənimlədir.
Bəli, o, şəhiddir.
Şəhidlik adi ölüm deyil. Şəhid olanlar zaman keçdikcə əfsanəyə
çevrilir. Bu isə
o deməkdir ki, mənim
də balam bir əfsanədir”.
...Şübhəsiz, bizə
qalibiyyət sevinci yaşatmış şəhidlərimizin,
o cümlədən Elvinin
əziz xatirəsi qəlbimizdə əbədi
yaşayacaq və onların qəhrəmanlıq
salnaməsi gələcək
nəsillər üçün
nümunə olacaq. Elə orada olduğumuz müddətdə
məktəb şagirdlərinin
bulaq-muzey kompleksini ziyarət edərkən bu mənzərənin bir daha şahidi
olduq.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 18 oktyabr, ¹189.- S.14.