Gələcəyə
doğru addımlayan şəhər
Zəngilan
Şəhəri Günü
20 oktyabr - Zəngilan Şəhəri
Günü həm bu şəhərin
azadlığının rəmzi, həm də onun gələcəyə
istiqamətlənən yeni həyat mərhələsinin
simvolu kimi dəyərləndirilir
Azərbaycanın ən qədim
yaşayış məskənlərindən biri olan Zəngilanın
tarixi onun taleyi ilə paralel şəkildə,
bütövlükdə Azərbaycan xalqının mübarizə,
itki və dirçəliş tarixinin bədii ifadəsidir. Qədim
Zəngəzur diyarının tərkib hissəsi olan bu
bölgə əsrlər boyu mədəniyyətlərin,
ticarət yollarının və mənəvi dəyərlərin
qovuşduğu məkana çevrilmiş, lakin xarici
işğallar nəticəsində dəfələrlə
dağıdılaraq yenidən bərpa edilmişdir.
XIX əsrin əvvəllərində
Qafqazın Rusiya tərəfindən işğalından sonra
həyata keçirilmiş inzibati bölgü Zəngilanın
sonrakı tarixi taleyinə birbaşa təsir göstərdi. Həmin
dövrdə Zəngəzur qəzası Gəncə
quberniyasına tabe edilmiş, onun tərkibinə Sisyan, Qafan,
Mehri, Zəngilan, Qubadlı və Laçın kimi bölgələr
daxil edilmişdi. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan və bolşeviklərin
hakimiyyəti zəbt etməsindən
sonra qədim türk yurdu olan Zəngəzur qəzası
süni şəkildə bölündü. Bolşevik
Rusiyasının dəstəyi ilə Zəngəzurun
yuxarı hissəsi Ermənistana birləşdirildi, yalnız
Laçın, Qubadlı və Zəngilan Azərbaycanın tərkibində
qaldı. Bu hadisə sonrakı onilliklərdə bölgənin
etnik və siyasi xəritəsini dəyişdirən ən
ciddi tarixi zərbələrdən biri oldu.
Zəngilan həm təbiət, həm də
resurs baxımından Azərbaycanın ən zəngin
rayonlarından biridir. Ərazisindən Araz, Oxçuçay,
Həkəri və Bəsitçay kimi mühüm
çaylar axır, torpaqları təbii sərvətlərlə
– tikinti daşı, qara mərmər, əhəng xammalı,
qızıl yataqları ilə zəngindir. Rayonun relyefi həm
dağlıq, həm də düzənlik sahələri əhatə
etdiyindən burada həm əkinçilik, həm də
heyvandarlıq inkişaf etmiş, zəngin kənd təsərrüfatı
infrastrukturu formalaşmışdır. Sovet dövründə
Zəngilanda 29 kolxoz-sovxoz, arıçılıq və fermer
təsərrüfatları, eləcə də 21 dəmiryol
müəssisəsi fəaliyyət göstərirdi.
Lakin 1993-cü ildə Ermənistanın hərbi
təcavüzü nəticəsində bu inkişaf bir anda
dayandı. Füzuli və Cəbrayıl rayonlarının
işğalından sonra Zəngilan 67 gün ərzində
mühasirədə qaldı. Əhalisi son ana qədər
vuruşdu, 235 nəfər şəhid və itkin verdi, minlərlə
zəngilanlı Araz çayını keçərək
İran ərazisinə sığınmaq məcburiyyətində
qaldı. Bu hadisə Azərbaycan tarixinin ən faciəli, eyni
zamanda, qəhrəmanlıqla dolu səhifələrindən
biri kimi yadda qaldı.
Vandalizmin yer üzündən sildiyi abidələr
Zəngilan rayonunun işğalı illərində
erməni vandalizmi təkcə yaşayış məntəqələrini
deyil, həm də xalqın çoxəsrlik tarixi
yaddaşını silməyə yönəlmişdi. Bölgənin
zəngin mədəni irsini təcəssüm etdirən
yüzlərlə dini, memarlıq və arxeoloji abidə
dağıdılıb, talan edilib, bəziləri isə
tamamilə məhv edilib. XVII əsrə aid İmam Hüseyn məscidi,
XIX əsrdə inşa edilmiş Malatkeşin, Qırıq
Muşlan, Muşlan və Rəzdərə kənd məscidləri,
eləcə də Xanazor və Yeməzli kəndlərində
yerləşən qədim alban kilsələri vandalların
hücumuna məruz qalan müqəddəs məkânlardan
idi. Zəngilan torpaqlarında əsrlərin dərinliyindən
gələn dini inancların daşıyıcısı olan Səkkizguşəli
türbə (XIV əsr, Məmmədbəyli), Xanazur türbəsi,
Soltan Heydər, İzzə, Günqışlaq, Veysin, Seyid
Musa, Qaradağlı, Yal, Yel piriləri və saysız ocaqlar
da erməni barbarlığı nəticəsində ciddi zərər
görüb.
Tarixi memarlıq baxımından Zəngilan ərazisi
həm antik, həm də orta əsrlərə aid unikal
nümunələrlə zəngin idi. Şərifan abidələri
(IX–XVI əsrlər), Ağca Aşıq və Şəhri
Şərifan kimi orta əsr yaşayış yerləri,
Qız qalası və Qəsr qalası kimi istehkam tikililəri,
XIII–XIV əsrlərə aid sərdabələr, eləcə
də Hacallı dairəvi bürcü və Hacalı qülləsi
bu torpaqların qədim şəhərsalma mədəniyyətini
sübut edən qiymətli yadigarlardır. Qədim dövrlərə
gedib çıxan Quyudərə Xəştab nekropolu (e.ə.
VI–IV əsrlər) və Yeməzli kəndindəki küp qəbirlər
(e.ə. IV–II əsrlər) isə bölgənin erkən sivilizasiya
izlərini göstərən arxeoloji tapıntılardır.
Bütün bu abidələrin məhv edilməsi,
təhqir olunması və bəzilərinin izlərinin belə
silinməsi erməni işğalının təkcə hərbi
deyil, mədəni soyqırımı xarakteri
daşıdığını sübut edir. Zəngilanın
qədim məscidləri, türbələri, pirləri,
qalaları və nekropolları Azərbaycan xalqının
tarixində mühüm yer tutan, dini və mədəni
kimliyini ifadə edən mənəvi xəzinə idi. Bu irsin
bərpası bu gün təkcə fiziki yenidənqurma deyil, həm
də xalq yaddaşının, milli qürurun bərpası
kimi qəbul olunur.
27 il sonra…
Bu ağrılı tarix yalnız 27 il sonra –
2020-ci il oktyabrın 20-də Vətən müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Zəngilanın işğaldan azad edilməsi ilə
qürurla tamamlandı. Həmin gün Prezident İlham Əliyev
xalqa müraciət edərək Zəngilan şəhəri,
Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri,
Şərifan, Birinci Muğanlı kəndlərinin azad edilməsi
müjdəsini verdi. Zəngilan uğrunda döyüşlər
nəticəsində 4 qəsəbə və 49 kənd azad
olundu, eyni zamanda,132 kilometrlik Azərbaycan-İran sərhədi
tam bərpa edildi. Qələbədən sonra bu əməliyyatlarda
iştirak edən 6974 hərbi qulluqçu “Zəngilanın
azad olunmasına görə” medalı ilə təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı
ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü
kimi təsis edildi. Bu qərar həm şəhərin
azadlığının rəmzi, həm də onun gələcəyə
doğru başladığı yeni həyat mərhələsinin
simvolu kimi dəyərləndirilir.
Böyük Qayıdışın
başlanğıc nöqtəsi
Azadlığına qovuşduqdan sonra Zəngilan
Böyük Qayıdış Proqramı çərçivəsində
bərpa və yenidənqurma işlərinin mərkəzinə
çevrildi. İlk pilot layihə məhz bu rayonda –
Ağalı kəndində həyata keçirildi.
“Ağıllı kənd” konsepsiyası əsasında 200
müasir evdən ibarət kənd salındı, məktəb,
uşaq bağçası, tibb məntəqəsi, “ASAN” və
“DOST” mərkəzləri, kiçik və orta sahibkarlıq
infrastrukturu quruldu. 2022-ci ildən etibarən Ağalı kəndinə
175 ailə – 871 nəfər sakin qayıdıb və bu proses
davam edir.
Ağalı kəndi bu gün yalnız Azərbaycanın
deyil, bütün dünyanın diqqətində olan ekoloji və
texnoloji modeldir. Burada Həkəri çayı üzərində
Arximed turbinləri ilə işləyən hidroenerji sistemi,
günəş panelləri, bioloji su təmizləmə
qurğuları, izolyasiyalı evlər, ağıllı
videomüşahidə və internet sistemləri qurulub.
“Yaşıl enerji”, “ağıllı idarəetmə” və
“dayanıqlı kənd təsərrüfatı” prinsipləri
əsasında formalaşan bu kənd gələcəkdə
bütün azad edilmiş ərazilər üçün
nümunə rolunu oynayacaq.
Qəhrəmanlıqdan dirçəlişə:
Azad diyarın yeni həyatı
Zəngilan şəhərinin Baş planı
2023-cü il oktyabrın 30-da təsdiq olunub və 2040-cı ilə
qədər bölgənin sosial-iqtisadi inkişaf xəttini
müəyyənləşdirib. Artıq şəhərdə
infrastruktur layihələri icra edilir, yeni yaşayış
massivləri salınır, yollar, körpülər, kommunikasiya
xətləri bərpa olunur. Bu prosesdə Zəngilanın
strateji mövqeyi xüsusi əhəmiyyət
daşıyır. Rayon nəqliyyat dəhlizlərinin kəsişməsində
yerləşərək, regionun mühüm logistik mərkəzinə
çevrilməkdədir. Burada inşa olunan Zəngilan Beynəlxalq
Hava Limanı həm Qarabağ, həm də Zəngəzur dəhlizi
üçün strateji əhəmiyyətə malikdir. Hava
limanı ICAO və IATA standartlarına uyğun olaraq
bütün növ təyyarələri qəbul edə bilir.
Eyni zamanda, Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və
Zəngilan–Horadiz avtomobil yolunun tikintisi regionun iqtisadi əlaqələrini
gücləndirəcək, Naxçıvana və oradan
Türkiyəyə birbaşa çıxış imkanı
yaradacaq.
Mədəni-mənəvi bərpa prosesinin də
simvolu Zəngilan şəhər məscidinin bərpası
oldu. XIX əsrdə inşa edilmiş, işğal
dövründə təhqir olunaraq tövləyə
çevrilmiş bu məscid Heydər Əliyev Fondunun dəstəyi
ilə yenidən dirçəldildi. Tarixi memarlıq
üslubuna sadiq qalınaraq iki minarəli, üçnefli, 220
nəfərlik ibadət zalına malik yeni məscid tikildi. Məscidin
günbəzi kaşı və kərpicdən
yığılıb, interyerində nəqqaşlıq və
nəbati naxışlarla işlənmiş mehrab
yaradılıb.
Bu gün Zəngilanın həm turizm, həm də
kənd təsərrüfatı potensialı üzə
çıxarılır. 2024-cü ilin mayında Ağalı
kəndində açılan “Ağalı” hoteli bölgədə
turizmin inkişafı üçün yeni mərhələ
açıb. Həmçinin Azərbaycan və Türkiyə
şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” fəaliyyətə
başlayıb. 100 milyon dollarlıq sərmayə ilə
reallaşan bu layihə nəticəsində 500 nəfər
işlə təmin ediləcək, 6 min hektar sahədə
bitkiçilik və heyvandarlıq kompleksləri yaradılacaq,
“Made in Qarabağ” brendi ilə məhsulların ixracı təmin
olunacaq.
Zəngilan bu gün həm qəhrəmanlıq,
həm dirçəliş, həm də gələcəyə
inam rəmzidir. Qədim tarixi, təbiəti və zəngin mədəni
irsi ilə o, Azərbaycanın yenidən doğulan
torpaqlarının simvoluna çevrilib. 20 oktyabr artıq
yalnız azadlığın deyil, həm də bu torpaqlarda həyatın,
sabahın, rifahın yenidən doğuluş
günüdür.
Hər bir səfər…
Zəngilanın işğaldan azad edilməsindən
sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu
bölgəyə çoxsaylı səfərləri reallaşıb.
Bu səfərlər həm Zəngilanın
azadlığının rəmzi, həm də onun bərpası
və gələcək inkişafının strateji istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından
mühüm tarixi hadisələr olub. 2020-ci ilin dekabrında Zəngilan
şəhərində dövlət Bayrağının
ucaldılması ilə başlanan bu səfərlər mərhələli
şəkildə bölgənin tamamilə yenidən
qurulması prosesinə çevrilib. Dövlət
başçısının hər bir səfəri azad
edilmiş torpaqlarda həyatın bərpası, müasir
şəhərsalma modelinin tətbiqi və yerli əhalinin
doğma yurdlarına qayıdışı istiqamətində
konkret nəticələrlə müşayiət olunub.
Bu səfərlər çərçivəsində
Prezident İlham Əliyev Zəngilanın sosial-iqtisadi
inkişafını təmin edən çoxsaylı obyektlərin
– məktəblərin, uşaq bağçalarının,
idarəetmə və enerji infrastrukturlarının, eləcə
də Zəngilan məscidinin açılışlarında
iştirak edib. Beləliklə, 2020–2024-cü illər ərzində
həyata keçirilən bütün bu səfərlər Zəngilanın
yalnız azad olunmuş torpaq deyil, həm də müasir Azərbaycan
modelinə uyğun şəkildə yenidən doğulan
şəhər və rayon kimi formalaşdığını
nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan bu bərpa və quruculuq missiyası Zəngilanı
gələcəyin ağıllı, yaşıl və
dayanıqlı inkişaf mərkəzinə çevirib.
Nigar Orucova
İki sahil.- 2025.- 21 oktyabr, ¹190.- S.7.