Azərbaycan-Qazaxıstan
strateji tərəfdaşlığı
ənənəvi
dostluq və qardaşlıq əlaqələrinə söykənir
Azərbaycan türk dövlətləri ilə
əlaqələrini ən yüksək şəviyyədə
inkişaf etdirməkdə və vahid türk ailəsinə
daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə
siyasətini uğurla davam etdirir. Dövlətimizin
başçısı İlham Əliyevin Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələrin
inteqrasiyasına və inkişafına töhfələri hər
kəsə məlumdur. Azərbaycanın bu təşkilatla
bağlı gördüyü işlər, irəli
sürdüyü ideyalar və təşəbbüslər
TDT-nin gələcək inkişaf trayektoriyasının nədən
ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan
münasibətlərinin timsalında Türk
dünyasının birliyinin şahidinə çevrilir.
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri
ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində
“Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr
hazırda yüksək dərəcədə möhkəmlik
və qarşılıqlı etimad ilə xarakterizə olunur.
Ötən onilliklər ərzində xalqlarımız
arasında tarixi qardaşlığa, dostluğa və
qarşılıqlı dəstəyə, ortaq türk
kimliyinin möhkəm təməlinə, oxşar mədəni
ənənələrə və mənəvi dəyərlərə
əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri qurmuşuq” söyləyərək
onu da bildirdi ki, bu, mənim son üç ildə qardaş ölkəyə yeddinci səfərimdir.
Qazaxıstana hər səfərimdə dinamik inkişafı,
yeni uğurları müşahidə etmək mənim
üçün xoşdur. Bu nailiyyətlər Prezident
Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü və
düşünülmüş dövlət siyasətindən
xəbər verir. Ölkənin modernləşdirilməsinə
və iqtisadiyyatın şaxələndirilməsinə
yönəlmiş islahatların uğurla həyata
keçirilməsi xüsusi təsir bağışlayır.
Son üç ildə Prezident Kasım-Jomart Tokayev Azərbaycana
altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz
arasında hərtərəfli tərəfdaşlıq və
qarşılıqlı strateji fəaliyyətin
inkişafına müştərək səylərimizi
nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar
gündəlikdə duran aktual məsələləri operativ
şəkildə həll etməyə və əməkdaşlığın
əsas istiqamətləri üzrə
razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə
imkan verir.
Bu fikirləri Milli Məclisin deputatı
Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan
Mərkəzi Asiya ölkələri, o cümlədən
regionun türk dövlətləri ilə münasibətlərə
mühüm əhəmiyyət verir. Son illərdə Prezident
İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə,
həmin region dövlətlərinin
başçılarının isə Azərbaycana səfərləri
müntəzəm xarakter alıb. Bu isə təbii olaraq
ölkələrarası əlaqələrin
inkişafına, yeni əməkdaşlıq
imkanlarının yaranmasına gətirib çıxarıb.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik
olduğu türk dövlətlərindən biri də
Qazaxıstandır. Prezident İlham Əliyev oktyabrın 20-də
Qazaxıstan Respublikasına
dövlət səfəri edib. Dövlətimizin
başçısını Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Bu səfəri
münasibətlərin inkişafında yeni mərhələ
kimi dəyərləndirə bilərik. Prezidentlərin
keçiriləcək görüşləri, müzakirə
olunacaq məsələlər iki ölkənin ikitərəfli gündəliyinə
bir daha aydınlıq gətirəcək.
Azərbaycan-Qazaxıstan münasibətləri
dərin köklərə malikdir. Azərbaycan və qazax
xalqları arasında mövcud olan tarixi, mədəni və
dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin
əsasını təşkil edir. Ölkələrimizin ənənəvi
dostluq və qardaşlıq əlaqələri əsrlərə
söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan
münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında
əhəmiyyətli rol oynayır. Hər iki ölkənin
dövlət başçılarının sıx münasibətləri
ölkələrimiz arasında əlaqələrə
mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın
yüksələn xətlə inkişafına və daha da
güclənməsinə xidmət edir. İkitərəfli əlaqələrimizin
hazırkı vəziyyəti azad edilmiş ərazilərimizdə
aparılan bərpa-quruculuq işlərində
özünün aydın ifadəsini tapır. Belə ki,
Füzuli şəhərində Qazaxıstan Prezidenti tərəfindən
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi
tikilib istifadəyə verildi.
Ötən ilin martında Mərkəzin
açılış mərasimində Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev bildirmişdi ki, biz qardaş xalqlarıq,
müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə
sözlər deyil, həm də ölkələrimizin
hökumətlərinin görəcəyi böyük iş həcmləridir,
çünki razılaşmalar çox ciddidir, çox
böyükdür və şübhəsiz, onlar
iqtisadiyyatlarımızın inkişafına impuls verəcək
ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz
arasında əməkdaşlığın gələcəyinə
böyük nikbinliklə baxıram.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Qazaxıstan
birliyi Türk dünyasının həmrəyliyinə
böyük töhfədir. Onu da qeyd edək ki,
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin
və iqtisadi əməkdaşlığın təşviq
edilməsinə yönəlmiş fəaliyyəti, habelə
Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində
“Asiyada Qarşılıqlı Əməkdaşlıq və
Etimad Tədbirləri üzrə Müşavirə”nin
yaradılması ilə bağlı təşəbbüsünü
ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan
olub. Ölkələrimiz arasında geniş
hüquq-müqavilə bazası formalaşıb. İndiyədək
Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd
işlənib hazırlanmış, siyasi, iqtisadi-ticari,
investisiya, mədəni-humanitar və digər sahələrdə
səmərəli əməkdaşlıq mexanizmləri
yaradılmışdır. Prezident İlham Əliyev
sözügedən müsahibəsində diqqəti bu il 20
illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətləri
haqqında Müqavilənin əhəmiyyətini xüsusi
qeyd etdi. Onu da vurğuladı ki, bu sənəd Azərbaycan-Qazaxıstan
əməkdaşlığının müxtəlif
sektorlarda inkişafının etibarlı təməlini qoyub və
ötən illər ərzində ölkələrimiz
arasında bütün sahələrdə əməkdaşlıq
əhəmiyyətli dərəcədə genişlənib.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın
spektri çox genişdir. Hər iki ölkə ardıcıl
olaraq birgə təşəbbüslər həyata
keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı
genişləndirir. Bu proses məqsədyönlü dövlət
siyasəti, biznes icmalarının nümayəndələri
arasında fəal dialoq, qarşılıqlı faydalı və
tərəfdaşlıq münasibətlərinin
inkişafına ümumi sadiqlik sayəsində mümkün
olub. Bu günə qədər ölkəmizdə Qazaxıstan
kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə
alınıb. Bu, investisiya mühitinə yüksək
etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin
daha da genişləndirilməsi üçün möhkəm
zəmin yaradır. Dövlət
başçısı İlham Əliyev müsahibəsində
qarşılıqlı ticarətdə müsbət
dinamikanın özünü
aydın şəkildə göstərdiyini önə çəkərək
vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında
investisiya əməkdaşlığı möhkəmlənir.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası
225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi
136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin
uzunmüddətli tərəfdaşlığa və
davamlı inkişafa qarşılıqlı
marağını nümayiş etdirir.
Millət vəkili diqqətə
çatdırıb ki, Prezident İlham Əliyevin müsahibəsində
səslənən fikirlər Azərbaycan-Qazaxıstan
münasibətlərinin möhkəm təmələ əsaslanaraq yalnız bu gün üçün
deyil, gələcək onilliklər üçün hədəfləndiyini
nümayiş etdirir. İki ölkə liderləri arasında
formalaşmış etimad mühiti, şəxsi münasibətlər
əlaqələrimizin inkişafında öz
sözünü deyir. Bütün bunlar onu deməyə əsas
verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə
malik olan ölkələrimiz arasındakı münasibətlər
bundan sonra da hər iki xalqın və dövlətin
maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Vüqar
Rəhimzadə
İki
sahil.- 2025.- 21 oktyabr, ¹190.- S.6.