“PeşəFest” - gənclərin
qarşısında
açılan yeni pəncərə
Hasil Abbasov: “Peşə öyrən, gələcəyini
qur!” devizi gənclərə öz gələcəklərinə
sahib çıxmaq məsuliyyətini aşılayan strateji
mesajdır
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil
Abbasov “PeşəFest” layihəsi ilə bağlı “İki
sahil” qəzetinə müsahibə verib.
-
Artıq 10 rayonda “PeşəFest-2025” layihəsi çərçivəsində
festivallar təşkil olunub. “PeşəFest” layihəsinin
mahiyyətini izah etməyinizi xahiş edirik. Bu layihənin
davamlı xarakter alması dövlətin gənclərin
peşə seçiminə və məşğulluğuna
yanaşmasında hansı yenilikləri və sistemli
yanaşmanı əks etdirir?
- Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən
icra olunan “PeşəFest” layihəsinin ardıcıl şəkildə
müxtəlif bölgələrdə həyata keçirilməsi
dövlətin gənclərin peşə seçiminə və
məşğulluğuna yanaşmasında sistemli və daimi
yanaşmanın formalaşdığını göstərir.
Əvvəllər peşə seçimi daha çox təsadüfi
seçimlərə əsaslanırdısa, indi dövlət
bu prosesi məqsədyönlü şəkildə idarə
olunan, məlumat və təcrübə əsaslı mexanizmə
çevirir. Bu layihə vasitəsilə gənclərin əmək
bazarının tələbləri ilə erkən yaşda
tanış olmaları, praktiki bacarıqları əyani şəkildə
sınamaları və real peşə sahibləri ilə təmasda
olmaları üçün şərait yaradılır. Bu da
peşə və ixtisas seçiminin rasional və məlumatlı
qərarlara əsaslanmasını təmin edir.
“PeşəFest”in
müntəzəm xarakter alması həm də regionlarda
karyera yönümlü maarifləndirmənin birdəfəlik
təşəbbüs deyil, davamlı təhsil və məşğulluq
siyasətinin bir hissəsinə çevrildiyini göstərir.
Bu yanaşma gənclərin potensialını düzgün
istiqamətə yönəltməklə yanaşı, əmək
bazarının strukturlaşması, yeni bacarıqların
formalaşması və regionlar üzrə inklüziv
inkişafın təmin olunmasına xidmət edir.
- Bu
gün gənclərin peşə seçiminə təsir edən
əsas amillər – maraq, sosial nüfuz, valideyn təsiri və
əmək bazarının real tələbləri – bəzən
bir-biri ilə toqquşur. “PeşəFest” bu balansı necə
qurur və peşə istiqamətləri hansı meyarlara əsasən
müəyyənləşdirilir?
- Bu
gün gənclərin peşə seçiminə təsir edən
amillər arasında yaranan ziddiyəti aradan qaldırmaq
üçün “PeşəFest” layihəsi məlumat əsaslı
qərarvermə modelini ön plana çıxarır. Layihə
çərçivəsində gənclər həm öz
maraq və meyillərini kəşf etmək imkanı
qazanır, həm də bu maraqları real peşə və
bacarıq tələbləri ilə praktik şəkildə
müqayisə edə bilirlər. Peşə istiqamətləri
isə təsadüfi deyil, əmək bazarının
dinamikası və gələcək trendlər nəzərə
alınmaqla müəyyən edilir. Dövlət Məşğulluq
Agentliyinin əmək bazarı üzrə təhlilləri,
beynəlxalq araşdırmalar və prioritet sektorlar əsasında
seçilən peşələr həm gənclərin maraq
dairəsini genişləndirir, həm də onları real
iş imkanlarına uyğun bacarıqlarla tanış edir.
Beləliklə,
“PeşəFest” gənclərin yalnız arzuladıqları
peşələri deyil, həm də əmək
bazarının tələb etdiyi peşələri
yaxından tanımalarına şərait yaradır. Nəticədə
şəxslərin fərdi maraqları ilə əmək
bazarında mövcud olan reallıq arasında daha sağlam
balans formalaşır.
-
“Peşə öyrən, gələcəyini qur!” devizi sadəcə
bir çağırış deyil, həm də strateji
mesajdır sanki. Bu devizlə gənclərə hansı dəyərləri
və perspektivləri aşılamaq istəyirsiniz?
- “Peşə
öyrən, gələcəyini qur!” devizi gənclərə
öz gələcəyinə sahib çıxmaq məsuliyyətini
aşılayan strateji mesajdır. Devizin əsas mesajı ondan
ibarətdir ki, uğur təsadüfi yox, bilik, bacarıq və
əzm sayəsində formalaşan davamlı inkişaf yoludur.
Burada əsas dəyər əməyə, bacarığa və
öyrənməyə hörmət prinsipidir. Gənclər
anlayırlar ki, peşə öyrənmək yalnız bir
iş tapmaq vasitəsi deyil, öz potensialını
reallaşdırmaq, cəmiyyətə dəyər qatmaq və
iqtisadi müstəqillik qazanmaq yoludur. Bu mesaj həm də onu
göstərir ki, hər bir gənc yaşadığı
regiondan və sosial vəziyyətindən asılı olmayaraq
sahib olduğu bilik və bacarıqla öz gələcəyini
formalaşdıra bilər. “PeşəFest” layihəsi gənclərə
öyrənmək, öyrəndiklərini təcrübədən
keçirmək və gələcəyini öz əli ilə
qurmaq fürsəti yaradır.
-
Bölgələrdə gənclərin məşğulluq
imkanlarını artırmaq üçün “PeşəFest”dən
sonra hansı konkret addımlar atılacaq? Bu təşəbbüs
yalnız maarifləndirici xarakter daşıyır, yoxsa
davamlı peşə hazırlığı proqramlarına da
yol açır?
- “PeşəFest”
layihəsinin əsas məqsədi həm də gənclərin
peşələrlə bağlı məlumatlılıqlarını
artırmaq, onlara bu peşələri yerindəcə
sınamaq və özlərinə uyğun istiqaməti müəyyənləşdirmək
imkanı yaratmaqdır. Layihə çərçivəsində
iştirakçılar müxtəlif peşə sahələrini
əyani şəkildə tanıyır, bacarıqlarını
yoxlayır, öz suallarına cavablar tapır və hansı
sahəyə daha uyğun olduqlarını kəşf edirlər.
Peşələrini seçdikdən sonra gənclər və
digər iştirakçılar Dövlət Məşğulluq
Agentliyinin peşə hazırlığı kurslarına və
ya peşə məktəblərinə müraciət edərək
həmin sahə üzrə təhsil ala,
bacarıqlarını inkişaf etdirə bilərlər.
“PeşəFest” yalnız maarifləndirici bir layihə, həm
də gənclərin əldə etdikləri praktik məlumatları
peşə hazırlığı ilə tamamlamalarına
şərait yaradan bir başlanğıcdır.
- Gənclərin
karyera planlamalarında texnologiya və rəqəmsallaşmanın
rolu artır. Kibertəhlükəsizlik, data analitika kimi yeni
peşələrə bölgələrdə maraq səviyyəsi
necədir və bu sahələrdə təlim imkanları
yaradılırmı?
- Kibertəhlükəsizlik,
data analitika və proqramlaşdırma kimi sahələr nisbətən
yeni olsa da, regionlarda bu istiqamətlərə maraq sürətlə
artmaqdadır. “PeşəFest” layihəsi zamanı hər
peşə stendinə yaxınlaşan
iştirakçıların sayı və ünvanlanan suallar əsasında
gənclər arasında texnoloji peşələrə
marağın yüksək olduğu müşahidə edilir.
Eyni
zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən
texnologiya və rəqəmsallaşma istiqamətində
peşə hazırlığı kursları da təşkil
olunur. Bu kurslar çərçivəsində müraciətçilər
kompüter elmləri, data analitika, dizayn və digər
müasir sahələr üzrə təlimlərdə
iştirak edərək öz bilik və
bacarıqlarını inkişaf etdirmək imkanı
qazanırlar.
- “PeşəFest”in
növbəti mərhələlərində
iştirakçıların bacarıqlarının
inkişafı, praktiki təcrübə və işlə təminat
mexanizmləri hansı istiqamətdə genişləndiriləcək?
Layihənin uzunmüddətli strateji hədəfi nədir?
- “PeşəFest”
layihəsinin icrası zamanı vətəndaşlar gələcəyin
peşələri və əmək bazarında tələbat
artan bacarıqlar barədə məlumatı praktiki və
interaktiv şəkildə əldə etmək fürsəti
qazanırlar. Layihə çərçivəsində nümayiş
olunan peşə istiqamətləri müəyyən edilərkən
uzunmüddətli tədqiqatların nəticələri, həmçinin
Dünya İqtisadi Forumunun hesabatları və əmək
bazarı proqnozları nəzərə alınır. Bu məlumatların
təhlili əsasında gələcək dövrdə tələbatın
artacağı peşə və bacarıq sahələri
müəyyənləşdirilir və festivalda
iştirakçılara təqdim olunur. Layihənin uzunmüddətli
strateji hədəfi məktəbliləri, onların valideyn və
müəllimlərini, eləcə də layihədə
iştirak edən ixtisas seçimi, ixtisas dəyişmə və
ya qərarvermə mərhələsində olan hər kəsi
gələcəyin peşələrinə uyğun ixtisas
seçimi barədə məlumatlandırmaq, eyni zamanda,
düzgün ixtisas seçimi üsulları barədə
maarifləndirməkdir. Məqsəd odur ki, vətəndaşlar
öz maraq və potensiallarını nəzərə alaraq
peşə və ixtisas seçsinlər, gələcəkdə
isə seçdikləri sahə üzrə peşəkar fəaliyyət
göstərə bilsinlər. Dövlət Məşğulluq
Agentliyinin bu istiqamətdə fəaliyyəti bundan sonra da
davam edəcək.
Orxan
Vahidoğlu
İki
sahil.- 2025.- 22 oktyabr, ą191.- S.5.