Qubadlının
azadlığına
qovuşmasından
beş il ötür
27 il düşmən əsarətində
qalan bu şəhər 2020-ci ilin Vətən müharibəsində
qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə
azad olunaraq, tarixə bir zəfər simvolu kimi daxil oldu
Zəfər yürüşünün
29-cü günündə – 2020-ci il oktyabrın 25-də
Qubadlı şəhəri öz doğma sakinləri ilə
birlikdə azadlıq ruhunun təntənəsini
yaşamağa başladı. Qubadlı Şəhəri
Günü sadəcə tarixi bir gün deyil, həm yenidənqurma
və bərpa proseslərinin rəmzinə çevrilib, həm
də Qubadlıya qayıdan insanlar üçün doğma
torpaqlara qayıdışın simvolik bir mərhələsidir.
Şəhərin müxtəlif yerlərində yeni tikinti
işləri, yolların bərpası və sosial obyektlərin
yenidən qurulması davam edir. Bu proseslər şəhərin
əvvəlki gözəlliyini bərpa etməklə
yanaşı, onun daha da inkişaf etməsinə və
insanların daha yaxşı şəraitdə yaşamasına
zəmin yaradır.
Tarixə nəzər salaq: Qubadlı və onun
ətrafında yerləşən kəndlər hələ
XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi.
1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra bu rayon Zəngəzurun
tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd
təsərrüfatı və heyvandarlıqla məşğul
olub. Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin
vaxt rayonda 1 şəhər və 93 kənd olub. Bərgüşad
çayının hər iki sahilində yerləşən
Qubadlı şəhərinin əhalisi 5604 nəfər
olub.1988-ci ildən başlayaraq Ermənistan və
Qarabağın dağlıq hissəsi ilə sərhəddə
yerləşən Qubadlı rayonuna hər iki tərəfdən
təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə
qarşı terror aktları törədilib. 31 avqust 1993-cü
ildə isə Ermənistan silahlı birləşmələri
tərəfindən rayon işğal olunub.
44 günlük Vətən müharibəsində
Zəngilanın işğaldan azad olunması ilə
Qubadlıya gedən yollar da açıldı. Rəşadətli
ordumuz Qubadlı istiqamətində döyüşlərə
də xüsusi hazırlaşır, tapşırıqları
uğurla icra edirdi. İlk növbədə şəhərə
hakim olan yüksəkliklər nəzarətə
götürülərək ətrafda yerləşən kəndlər,
o cümlədən Xanlıq, Padar, Sarıyataq və strateji
yüksəkliklər azad edildi. Oktyabrın 25-də isə
müharibənin gedişatında əhəmiyyətli
dönüş nöqtəsi oldu. Qubadlının
işğalçılardan xilas edilməsi üçün
döyüş əməliyyatları bir neçə gün
davam etdi. Bu şəhərdə də güclü
düşmən istehkamları, müdafiə sədləri
var idi. Qubadlının Zilanlı, Kürd Mahruzlu,
Muğanlı, Alaqurşaq kəndləri oktyabrın 23-də
düşməndən təmizlənmişdi. Oktyabrın 25-də
isə rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri
də işğaldan azad edildi. Qubadlı şəhərinin
azad edilməsi qələbəmizi daha da
yaxınlaşdırdı. Bu müjdəli xəbəri də
Prezident İlham Əliyev xalqa çatdırdı. Noyabrın
9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi
düşmən tapdağından xilas edildi.
Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Qubadlıya ilk səfəri
2020-ci il dekabrın 23-də oldu. Dövlət
başçısı rayonda Azərbaycan Bayrağını
qaldıraraq Qubadlının işğaldan azad edilməsinin
tarixi hadisə olduğunu vurğuladı. Qubadlının
işğaldan azad olunmasının birinci ildönümündə
bu rayona səfər edən dövlət
başçısı Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər
mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma
mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli
110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının,
Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə
kompleksinin açılışlarında iştirak etdi.
İşğaldan azad edilmiş digər rayonlardakı
yarımstansiyalarda olduğu kimi, Qubadlıda da
Dördüncü Sənaye İnqilabına uyğun olaraq
intellektual enerji sistemi şəbəkəsi konsepsiyası həyata
keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış
yarımstansiya yaradılıb. Səfər çərçivəsində
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşən cənab İlham Əliyev qeyd etdi ki,
Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan
edilib, bir salamat bina yoxdur, sadəcə olaraq, erməni hərbçiləri
öz məqsədləri üçün bir neçə
binadan istifadə etmişlər, onlar da bərbad vəziyyətdədir:
"...biz Qubadlı rayonunun bütün kəndlərini, o
cümlədən Qubadlı şəhərini yenidən
quracağıq. Qubadlı şəhərinin Baş planı
hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək,
o cümlədən Qubadlı ictimaiyyətinə təqdim
ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən
müasir normalara uyğun olacaq və Qubadlının təbiəti
və tarixi keçmişi də memarlıqda nəzərə
alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun
gələcək inkişafı ilə bağlı əməli-praktiki
işlər aparılır. Bu gün biz yeni
yarımstansiyanın açılışını qeyd etdik
və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır.
Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki
inkişaf dinamikasını nəzərə alır".
Qeyd edək ki, Qubadlı şəhəri
işğaldan azad edildikdən sonra sürətli bərpa və
quruculuq proseslərinə daxil olub. Azərbaycan
Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr
tarixində “Qubadlı şəhərinin
2040-cı ilədək inkişafına dair Baş
planı”nı təsdiq etmişdir. 27 il düşmən
işğalında qalan şəhər məhv edilən
infrastruktur və sosial obyektlərə baxmayaraq, bu gün
böyük dirçəliş dövrünü
yaşayır. Azərbaycan dövlətinin genişmiqyaslı
layihələri sayəsində Qubadlı yenidənqurma yolunda
önəmli addımlar atır və öz tarixi
simasını bərpa etməyə başlayır.
İşğala qədər 38 min nəfərdən çox
əhalisi olan, sənaye və digər təsərrüfat sahələri
üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt
olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47
mindən çox əhalinin məskunlaşması
proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri
nəzərə alınmaqla 2040-cı il üçün
elektrik enerjisi tələbatının 38 MVt-dan artıq
olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də
sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı”
yarımstansiyasının açılışı
olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq
Qubadlının Azərbaycanın ümumi enerji sisteminə
qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz
edilməsi üçün Füzulidəki “Şükürbəyli”
yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına
giriş-çıxış olmaqla 76 kilometr məsafədə
ikidövrəli 110 kV-luq yüksəkgərginlikli
“Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib.
Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi
inkişafına, həmçinin işğaldan azad edilən ərazilərdə
məskunlaşmanın bərpasına mühüm töhfə
verir. 2023-cü il sentyabrın 5-də Prezident İlham
Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi
və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən, Xudafərin–Qubadlı–Laçın
avtomobil yolunun 33-cü kilometrindən başlayan yeni
Qubadlı–Laçın yolunun layihələndirilməsi və
tikintisinin həyata keçirilməsi üçün
2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsait
ayrılıb.
Yenidənqurma işlərinin əsas mərhələlərindən
biri də şəhərin ətraf mühiti və
ekologiyasının bərpasıdır. Uzun illər ərzində
işğal altında qalan Qubadlının təbiəti ciddi
zərər görmüşdü. Amma bu gün şəhərdə
ekoloji tarazlığın bərpası məqsədilə
genişmiqyaslı ağacəkmə və yaşıllıq
layihələri həyata keçirilir. Şəhərin
yaxın ərazilərində yaradılan milli parklar və
yaşıllıq sahələri həm ekoloji balansın bərpasına,
həm də gələcəkdə turizm potensialının
inkişafına xidmət edəcək. Dövlət tərəfindən
aparılan bərpa və quruculuq işləri yalnız
infrastrukturun bərpası ilə məhdudlaşmır. Tarixi
və mədəni abidələrin bərpası da ön
plandadır. Qubadlının tarixi abidələri, məscidləri
və digər mədəni irs nümunələri yenidən
dirçəlir, bu da şəhərin tarixi kimliyinin qorunub
saxlanmasına böyük töhfə verir. Bütün bu
quruculuq işləri Qubadlının yeni dövrə qədəm
qoyduğunu və daha güclü, inkişaf etmiş bir şəhər
kimi gələcəkdə Azərbaycan iqtisadiyyatına və
sosial həyatına böyük töhfə verəcəyini
göstərir. Şəhər, həm yerli əhali, həm də
xarici turistlər üçün yenidən cazibə mərkəzinə
çevriləcək. Qubadlının bərpa yolu, ölkəmizin
hərtərəfli inkişafının və azad edilmiş ərazilərin
dirçəlişinin bariz nümunəsidir.
Sevinc
Azadi
İki
sahil.-
2025.- 23 oktyabr, ¹192.- S.7.