Qazaxıstanda Azərbaycana və
onun Liderinə
böyük ehtiram
Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev: İlham Heydər oğlu
Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir
Azərbaycan
ilə Qazaxıstan arasında siyasi əlaqələr
hazırda yüksək dərəcədə möhkəmlik
və qarşılıqlı etimad ilə xarakterizə olunur.
Artıq bu faktdır ki, ötən onilliklər ərzində
xalqlarımız arasında tarixi qardaşlığa,
dostluğa və qarşılıqlı dəstəyə,
ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar
mədəni ənənələrə və mənəvi dəyərlərə
əsaslanaraq, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın
möhkəmlənməsinə töhfə verən
mühüm amil ən yüksək səviyyədə
aparılan və dövlətlərarası əlaqələrin
bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə
təkan verən fəal və konstruktiv dialoqdur. Elə
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına
dövlət səfərinə gəlişi də bunu bir daha
təsdiq etdi.
Bəri
başdan qeyd edək ki, oktyabrın 21-də
Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident
Sarayında Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi çox
yüksək səviyyədə qarşılayıb. Cənab
İlham Əliyevlə təkbətək görüşdən,
Ali Dövlətlərarası Şuranın ikinci iclasından
və sənədlərin
imzalanması mərasimlərindən sonra o, mətbuata bəyanatında
Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz
arasında strateji tərəfdaşlığın və
müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi
yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirən
Kasım-Jomart Tokayev dövlət başçımızı
tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyərləndirib
və deyib: “Qardaş Azərbaycan xalqının liderini,
görkəmli dövlət xadimi Prezident İlham Əliyevi
qazax torpağında qəbul etmək bizim üçün
böyük şərəfdir. O, Azərbaycanın müstəqilliyinin,
ərazi bütövlüyünün müdafiəsinə və
möhkəmləndirilməsinə həlledici töhfə
verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində
Azərbaycanın dünya arenasında nüfuzu və təsiri
dəfələrlə güclənib. Onun güclü
liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər
şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük
uğurlar qazanıb”.
Ali Dövlətlərarası Şuranın
iclasının məhsuldar keçdiyini
vurğulayan Kasım-Jomart Tokayev bir sıra mühüm sənədlər
imzalandığını bildirib: “Danışıqların
gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə
xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən
yaxın perspektivdə ikitərəfli əmtəə
dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara
çatdıraq”. O, həmçinin danışıqlar
zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin
reallaşdırılması gedişinin nəzərdən
keçirildiyini diqqətə çatdırıb: “Milli enerji
sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin
su altında elektrik kabelinin çəkilməsidir, bu,
yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək”.
Daha sonra Prezident İlham
Əliyevin ABŞ Prezidentİ Donald Trampın fəal vasitəçiliyi
ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda
sülh Bəyannaməsinin imzalanması üzrə tarixi
missiyanı yerinə yetirməsini xatırladıb. Azərbaycan-Qazaxıstan
Ali Dövlətlərarası Şuranın ikinci iclasında
isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət
başçımıza xitabən deyib ki, nümayiş
etdirdiyiniz güclü siyasi iradə və strateji baxış
mürəkkəb məsələlərin həllinə
müdrik yanaşmanın və gələcək nəsillərin
taleyi üçün məsuliyyətin parlaq nümunəsi
kimi çıxış edir. Onun fikrincə, əldə
olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək,
ümumi tərəqqi üçün yeni imkanlar açacaq.
Mətbuata bəyanatla çıxış
edən Prezident İlham Əliyev
Qazaxıstanı bütün dünyada etibarlı tərəfdaş,
milli maraqları çərçivəsində öz siyasətini
həyata keçirən, öz kursu ilə irəliləyən
dövlət kimi xarakterizə etməklə yanaşı,
bildirib ki, xalqlarımızı ümumi köklərə, mənəvi
və mədəni ortaqlığa əsaslanan çoxəsrlik
dostluq, qardaşlıq birləşdirir: “Dövlətlərarası
münasibətlərimizi bu möhkəm bünövrə
üzərində qururuq. Hətta son üç ildə ondan
çox qarşılıqlı səfərlərə
baxdıqda münasibətlərimizin necə intensiv xarakter
daşıdığını əyani şəkildə
görmək olar. Hər bir görüş, hər müzakirə
son nəticəyə yönəlib”. Bakı və
Astananın aktiv qarşılıqlı fəaliyyətinin
ciddi geosiyasi əhəmiyyət
daşıdığını bildirən dövlətimizin
başçısı, Orta Dəhliz layihəsinin
reallaşdırılması çərçivəsində əldə
olunanlardan da söz açıb: “… Zəngəzur dəhlizi
layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində
avtomobil və dəmir yolu əlaqəsi üzrə
bütün işlər gələn ilin ortalarında başa
çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin
ərazisində də bütün bunlar analoji sürətlə
həyata keçiriləcək və belə olan halda Zəngəzur
dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər
baş verə bilər”.
Azərbaycan Prezidenti, həmçinin
bildirib ki, avqustun 8-də Vaşinqtonda,
Ağ Evdə Prezident Trampın iştirakı və onun bu
prosesə fəal köməyi ilə sülh sazişinin
paraflanmasından sonra Qazaxıstan birincilər sırasında
bu məsələyə öz münasibətini bildirib: “Biz
bu gün də Ali Dövlətlərarası Şuranın
iclası çərçivəsində bu məsələ
haqqında da, ümumiyyətlə həmin
razılaşmaların Cənubi Qafqaza və daha geniş
coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin
inkişafına müsbət təsiri barədə
danışmışıq”. İlham Əliyev daha sonra deyib:
“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana
işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini
aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana
taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan
ilə Ermənistan arasında sülhün yalnız
kağız üzərində deyil, həm də praktikada
olduğunun yaxşı göstəricisidir”.
Qeyd edək ki, ötən illər
ərzində iki ölkə arasında möhkəm
hüquq-müqavilə bazası - təqribən 170 sənəd
işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar
və digər sahələrdə səmərəli əməkdaşlıq
mexanizmləri yaradılıb. Bu sırada Azərbaycan ilə
Qazaxıstan arasında strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri haqqında Müqavilənin
əhəmiyyətini xüsusi qeyd etmək
lazımdır.
Xatırladaq ki, 2024-cü ildə iki ölkə
arasında əmtəə dövriyyəsinin həcmi 470
milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında
isə ötən ilin müvafiq dövrü ilə müqayisədə
üç dəfə çox olmaqla, 547 milyon dollara
çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli
istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli
modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın
Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara,
Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon
dollara çatıb. Şübhəsizi, bu göstəricilər
Prezident İlham Əliyevin sözləri ilə desək, tərəflərin
uzunmüddətli tərəfdaşlığa və
davamlı inkişafa qarşılıqlı
marağını nümayiş etdirir.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 22 oktyabr, ¹191.-
S.4.