“PeşəFest-2025”in Bakıda
yekun tədbiri keçirilib
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata
keçirilən "PeşəFest-2025"in Bakıda yekun tədbiri
keçirilib. “Baku Crystal Hall”da “Peşə
öyrən, gələcəyini qur!” devizi ilə keçirilən
tədbirin məqsədi gənclərin və şagirdlərin
peşə seçiminə dəstək olmaq, onların
karyera istiqamətində doğru addım atmalarını təmin
etmək olub.
Tədbirdə
əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə
Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev, gənclər və idman nazirinin müavini İndira
Hacıyeva, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal
Qasımlı, Dövlət Məşğulluq Agentliyinin
İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil
müəssisələrindən rəhbər şəxslər,
yeniyetmə və gənclər iştirak ediblər.
Anar
Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nın gənclərin düzgün
peşə seçiminə və əmək bazarına
hazırlıqlı daxil olmalarına dəstək məqsədi
daşıdığını diqqətə
çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə
qatılaraq müxtəlif peşələr üzrə əmək
bazarının tələbləri, zəruri bacarıqlar və
karyera imkanları barədə praktiki məlumatlar əldə
etdiyini bildirib.
O,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məşğulluq
sahəsində 2018-ci ildən başlanmış islahatlar nəticəsində
aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin
genişləndiyini və məşğulluq xidmətlərinin
yeni modelinin tətbiqinə başlandığını qeyd
edib. Dövlət Məşğulluq Agentliyi tərəfindən
cari ilin 9 ayında 371 min nəfərin aktiv məşğulluq
tədbirləri ilə əhatə olunduğunu, onlardan 137 min
nəfərin münasib işlərlə təmin edildiyini,
15,7 min nəfərin isə özünüməşğulluq
proqramına cəlb olunduğuunu, 13,5 min işsiz şəxs
üçün peşə hazırlığı
kurslarının təşkil edildiyini diqqətə
çatdırıb.
Anar
Əliyev cari ildə 205 min nəfərə peşəyönümü
məsləhəti xidmətləri göstərildiyini qeyd edərək
bildirib ki, işçi qüvvəsinin rəqabət qabiliyyətinin
artırılması, əmək məhsuldarlığının
yüksəldilməsi əsas hədəflərdəndir. Bu məqsədlə
iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən
1500-dən çox peşə və kvalifikasiya standartı
hazırlanaraq işəgötürənlərin istifadəsinə
verilib.
Nazir gənclərin
texnoloji yeniliklərə açıq olmasının
mühüm önəm kəsb etdiyini, Dünya İqtisadi
Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək
işçi qüvvəsinin 44 faizinin əsas
bacarıqlarında dəyişiklik baş verəcəyini, bu
dəyişikliklər sırasında yumşaq və texnoloji
bacarıqların ön sırada dayandığını qeyd
edib.
Digər
çıxışçılar gənclər
üçün düzgün peşə seçiminin vacibliyini, “PeşəFest”in
bu baxımdan əhəmiyyətli dəstək rolu
oynadığını qeyd ediblər. Onlar gənclərin
müasir əmək bazarının tələbləri, aktual
peşələr üzrə zəruri bacarıqlar və
karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində,
öz maraq və bacarıqlarını aşkara
çıxarmalarında bu interaktiv layihənin önəmindən
bəhs ediblər. Sonra peşəkarlar ixtisaslarına
uyğun təqdimatlarla çıxış edib, təmsil
etdikləri peşələrin xüsusiyyətləri barədə
məlumat verib, peşə seçimi ilə bağlı
tövsiyələrini çatdırıblar. Festival musiqi
qruplarının ifaları və iştirakçılar
arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.
Qeyd edək
ki, “PeşəFest-2025” layihəsinə ötən ay Astarada
başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl,
Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ
və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə,
10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək
iştirakçı qatılıb. Festivalda 14 peşə
(kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət
əşyalarının dizayneri, turizm təşkilatçısı,
dülgər, avtomobil təmiri üzrə çilingər,
qida mühəndisi, qənnadıçı, xilasedici, barista,
diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər
təşkil olunub.
İştirakçılar
festivalda bu peşə sahələri üzrə inkişaf etməyin
yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə
faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə
ünsiyyət qurmaq imkanı qazanıblar.
Yaqut
Ağaşahqızı
İki
sahil.- 2025.- 23 oktyabr, ¹192.- S.5.