Hər zərrəsində işıq:
40 illik
müəllimlik zirvəsi
Fəxriyyə İbrahimova: İdeal müəllim yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran insandır
Müəllimlik — sadəcə bir peşə deyil, həm də insanın mənəvi dünyasını, düşüncə
mədəniyyətini formalaşdıran
müqəddəs bir
sənətdir. Bu sənəti ömrünün
mənasına çevirən,
illər boyu təhsilin inkişafına
sədaqətlə xidmət
edən müəllimlər
arasında Fəxriyyə
Ənvər qızı
İbrahimova xüsusi
yer tutur.
Onun gərgin əməyi sayəsində layiq görüldüyü “Ən yaxşı müəllim”, “Ən yaxşı 100 müəllim” adları, “Tərəqqi” medalı və “Qabaqcıl təhsil işçisi” döş nişanı — sadəcə mükafat deyil, bir ömrün işıqlı izinin, zəhmət və səbrin rəmzidir. Onunla müsahibəmizdə bu missiyanın sirlərinə, öyrətməyin fəlsəfəsinə və təhsilə həsr olunmuş mənəvi yoluna nəzər saldıq.
-Özünüzü oxucularımıza təqdim
edin.
-Mən Fəxriyyə İbrahimova 1964-cü ildə Ağcabədi şəhərində anadan olmuşam. 1981-ci ildə orta məktəbi bitirib akademik Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə qəbul olmuşam. 1986-cı ildə həmin institutun “Riyaziyyat və əlavə fizika” ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. 11 il rayonumuzda işləmişəm. Artıq 29 ildir ki, Bakı şəhərinin Nəsimi rayonundakı 14 nömrəli tam orta məktəbdə çalışıram. Bir sözlə, pedaqoji fəaliyyətimin 40-cı ilini davam etdirirəm. Bu tədris ilindən həm də 19 nömrəli tam orta məktəbdə metodist vəzifəsində çalışıram.
– Niyə məhz
bu peşəni seçdiniz?
–Anam, əmim və dayım müəllim
olublar. Onlar mən təhsil aldığım Ağcabədi
şəhərindəki 7 nömrəli məktəbdə
ixtisasları üzrə müəllim işləyiblər. Mən
onların hər birindən təlim-tərbiyə
almışam. Anam Gözəl müəllimə qabaqcıl və
savadlı pedaqoq idi. İşindəki yüksək fəaliyyətə
görə Təhsil Nazirliyinin ona təqdim etdiyi Fəxri Fərmana
heyranlıqla baxardım, anamla fəxr edərdim. Anam
savadlı ibtidai sinif müəllimi idi, çünki
riyaziyyatı çox yaxşı bilirdi. Söz düşəndə
deyərdi: “Mənim arzum riyaziyyat müəllimi olmaq idi.”
Atası Böyük Vətən müharibəsində həlak
olmuşdu. O, anasına kömək üçün
yaxınlıqda yerləşən pedaqoji texnikumla kifayətlənmişdi.
Ailədə hər birimizin dəqiq fənlərə həvəs
göstərməyimizin səbəbi yəqin ki, anamız və
hər zaman hörmətlə andığımız cəfakeş
müəllimlərimizdir. Bəlkə elə bu səbəbdən
böyük bacım və mən riyaziyyat müəllimi
olduq. Əlbəttə, çox ağıllı, yüksək
dünyagörüşü və savadı olan atamın həyatımızdakı
rolu da danılmazdır. Digər tərəfdən,
insanları öyrətmək, onların həyatında iz
buraxmaq istəyi düşünürəm ki, bu peşəni
seçməyimin təsadüfi olmadığını
göstərir.
-Müəllimlik fəaliyyətinizə
başladığınız ilk illəri
necə xatırlayırsınız?
-Fərqlənmə diplomu ilə bitirdiyim institutun
rektorundan burada fəaliyyətimi davam etdirmək təklifi
alsam da, doğma məktəbdə şagirdlərə həvəslə
riyaziyyat elminin sirlərini öyrətmək istəyim daha
güclü idi. Təhsil aldığım Ağcabədi
şəhər 7 nömrəli məktəbdə müəllim
kimi fəaliyyətə başladım və bu mənim
üçün böyük sevinc idi. Riyaziyyat müəllimim
Abbasəli İbrahimovla və digər sevimli müəllimlərimlə
birlikdə çalışmaq mənə qürur hissi bəxş
edirdi. Onların da mənimlə işləməkdən məmnun
olduqlarını hiss edirdim. O zaman orta məktəblər 10
illik idi və mənə 10-cu siniflərdə riyaziyyat və
informatika dərsləri tapşırılmışdı. Məktəb
və sosial mühit mənə çox doğma idi.
İşimə gəlincə, mən heç vaxt hazırlıqsız
məktəbə getməmişəm. Savadlı olmaq müəllim
üçün birinci şərtdir, lakin hər dərsə
tam hazır olmaq müəllimin özünə inamını
artırır. O illərin şagirdləri də fərqli idi
– müəllimə hər mövzuda sual verib, sanki onun biliyini
sınayırdılar. Bu, həm məsuliyyəti, həm də
öz üzərində işləmək zərurətini
artırırdı.
-Müəllimlik peşəsinin
çətinlikləri nədən
ibarətdir?
-Müəllimlik peşəsi
böyük səbir,
davamlı öyrənmə və yaradıcılıq tələb
edir. Hər bir şagirdin fərqli düşünmə və
öyrənmə tərzi olduğundan bu fərqliliyə
uyğunlaşmaq bəzən çətinlik yaradır. Lakin
bu çətinliklərin öhdəsindən gəlmək
üçün hər zaman yeniliklərə açıq
olmuşam, müasir təlim metodlarından, interaktiv
üsullardan və yeni texnologiyalardan faydalanmağa
çalışmışam.
-Şagirdlərinizi hər
zaman nəyə tövsiyə etmisiniz?
-Məktəbdə oxuduğum
illərdə həm
çalışqan, həm də yüksək təşkilatçılıq
qabiliyyətinə malik idim. Məktəb şagird təşkilatının
sədri kimi fəaliyyət göstərmişəm. Oxumaqdan
yorulmazdım, araşdırmaqdan zövq alardım və
bütün fənləri məsuliyyətlə, yüksək
səviyyədə öyrənməyə
çalışırdım. Şagirdlərimə də həmişə
çalışqan, məqsədli və dürüst
olmağı tövsiyə etmişəm. Uğur yalnız
biliklə deyil, həm də əzmlə əldə olunur.
Onlara səhvlərdən qorxmamağı, daim sual verməyi,
səhv etdikdə isə ruhdan düşməməyi öyrətmişəm.
Deyirəm ki, doğru nəticəyə nail olana qədər
çalışmaq lazımdır.
-Peşə fəaliyyətiniz
dövründə unuda
bilmədiyiniz, yaddaşınızda xüsusi iz
buraxmış hansı anlar olub?
-Fəaliyyətim dövründə
unuda bilmədiyim
çox, saya gəlməyən anlar var. Çünki maraqlı
olan, məni təəccübləndirən hadisələr yadımdan
çıxmır. Əlbəttə ki, yaddaşımda
xüsusi iz buraxmış anların içində şagirdlərimin
uğurları , mənim 2002-ci ildən başlayaraq
vaxtaşırı qatıldığım müsabiqələrdə
qalib olmağım ,
Prezidentimizin Sərəncamı ilə keçirilən
“Ən yaxşı 100 müəllim”
müsabiqəsində ikinci dəfə qalib
olmağım, təltiflərim və xüsusilə
2016-cı ildə dövlət başçısı tərəfindən
“Tərəqqi” medalı ilə təltif edilməyim mənim
üçün böyük qürur və fəxarət mənbəyidir.
Uğurlarım və təltiflərim işlərimdə
motivasiya qığılcımlarımdır. Yaxşı ki,
bu sənəti seçmişəm.
Bu mükafatlar mənim əməyimə verilən dəyərlərdir.
-Müxtəlif beynəlxalq
və yerli təlimlərdə,
seminar və forumlarda iştirak etmisiniz. Bu tədbirlərdən
öyrəndiyiniz hansı bilikləri dərhal tədris prosesində
tətbiq etmisiniz?
– İştirak etdiyim təlimlər arasında xüsusilə dərslərdə
texnologiyaların səmərəli istifadəsi, interaktiv təlim
metodları və qrup işlərinin düzgün təşkili
ilə bağlı proqramlar mənim üçün çox
faydalı olub. Bu bilikləri dərhal tədris prosesimdə tətbiq
etmişəm. Şagirdlərin dərsdə fəal
iştirakını artırmaq üçün yeni
üsulları davamlı şəkildə
sınamışam. WEB 2.0 alətlərindən mütəmadi
və uğurla istifadə edirəm. Rəqəmsal
bacarıqlarımı inkişaf etdirərək dərslərdə
elektron resurslardan səmərəli yararlanmağa, müxtəlif
mövzulara aid təqdimatlar və slaydlar hazırlayarkən
innovativ vasitələrdən istifadə etməyə
çalışıram. Bu alətlərlə hazırlanan
oyun və yarış formatlı dərslər şagirdlərdə
öyrənməyə marağı artırır, həm əyləncəli,
həm də effektiv öyrənmə mühiti yaradır.
-Müasir təhsil
texnologiyaları ilə
bağlı təcrübəniz var. Sizcə, bu yeniliklər
Azərbaycan təhsilinin gələcəyinə necə təsir
göstərəcək?
–Müasir təhsil texnologiyaları dərslərin
keçirilmə formasını tamamilə dəyişir,
onları daha interaktiv, maraqlı və səmərəli edir.
Bu texnologiyalar şagirdlərin analitik və yaradıcı
düşünmə bacarıqlarını inkişaf etdirir,
onların tədqiqatçılıq və problem həll etmə
qabiliyyətini artırır. STEM, hibrid dərs modelləri və
süni intellekt əsaslı tədris vasitələri gələcəyin
təhsili üçün mühüm addımlardır. Hesab
edirəm ki, bu yeniliklər Azərbaycan təhsilində
bilikli, yaradıcı, texnoloji cəhətdən savadlı və
peşəkar gənc nəslin formalaşmasına
böyük töhfə verəcək.
-Siz həm də metodist kimi fəaliyyət
göstərirsiniz. Bu iş pedaqoji təcrübənizə
hansı yeni çalarlar gətirib?
– Xaraktercə daim axtarışda olan, yeniliklərə
açıq bir insanam. Metodist kimi fəaliyyət göstərmək
həm məsuliyyətli, həm də şərəfli bir
işdir. Bu fəaliyyət texniki və nəzəri
baxımdan yüksək peşəkarlıq tələb edir.
Metodist kimi çalışmaq mənə dərs
planlamasında sistemlilik qazandırdı, müəllimlərə
metodiki dəstək vermək və 40 illik təcrübəmi
bölüşmək imkanı yaratdı. Bu iş sayəsində
pedaqoji fəaliyyətim daha da zənginləşdi, mən isə
öz işimdə daha geniş baxış bucağına
sahib oldum.
-Sizin şagirdləriniz
dəfələrlə olimpiadalarda
və müsabiqələrdə uğurlar qazanıblar. Müəllim
üçün şagirdlərinin belə nailiyyətləri
nə deməkdir?
- Şagirdlərin uğuru müəllim üçün ən
böyük mükafatdır. 2015–2016-cı tədris ilində
İstək Liseyində keçirilən “Lütfi Zadə
adına Bakı şəhəri I məktəblilərarası
Məntiq Olimpiadası”nda VI a sinif şagirdim Nahid Hüseynov
gümüş medala layiq görüldü. Elə həmin
il aprelin 12–20-də 6-cı sinfimlə birgə Beynəlxalq “Su
Qoruqçuları” adlı ekodərsdə iştirak edərək
diplom aldıq. Uğurlarımıza 2022–2023-cü tədris
ilində 9c sinif şagirdimin buraxılış imtahanında
riyaziyyat fənnindən maksimum 100 bal toplamasını da əlavə
edə bilərəm. Bu il həm xaricdə, həm də
ölkəmizdə ali təhsil alan və maksimum nəticələr
göstərən şagirdlərimizlə fəxr edirəm. Hər
bir uğur mənim üçün həm fərəh, həm
də gələcək fəaliyyətim üçün
motivasiya mənbəyidir. Bu, müəllimlik sənətinin dəyərini
göstərən ən gözəl nümunədir.
-Sizcə, XXI əsrin
ideal müəllimi hansı keyfiyyətlərə sahib
olmalıdır?
-Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi
bu gün ən prioritet məsələlərdən biridir və
bu istiqamətdə əsas rol müəllimə məxsusdur.
İdeal müəllim yalnız bilik ötürən deyil, həm
də şəxsiyyət formalaşdıran insandır. Onun fəaliyyəti
şagirdin bilik səviyyəsinə,
dünyagörüşünə və dəyərlərinə
birbaşa təsir göstərir.
XXI əsrin ideal müəllimi:
* savadlı və emosional zəkaya malik,
* yaradıcı və müasir texnologiyalara, rəqəmsal
bacarıqlara bələd,
* daim özünü
inkişaf etdirən,
* şagirdlərlə səmimi
münasibət qura bilən,
* rol-model olan
bir şəxsdir.
Belə
müəllim yalnız
peşəkar bilik və bacarıqlara
deyil, həm də kommunikasiya və pedaqoji mədəniyyətə,
dəyərlərə və mənəvi keyfiyyətlərə
sahib olmalıdır. İnkişaf və innovasiyaya
açıq, motivasiyaedici və liderlik qabiliyyətinə
malik olan müəllim ideal müəllimdir. Nəticədə
ideal müəllim müasir dövrün tələblərinə
cavab verən, dəyərlərə sadiq və daim inkişaf
edən şəxsdir. Belə müəllimlərin sayı
artdıqca, təhsilin keyfiyyəti də yüksələcək.
-Uğurlu pedaqoji fəaliyyətinizdə ailə
dəstəyinin rolunu necə qiymətləndirirsiniz?
-Ailə dəstəyi mənim üçün
çox önəmlidir. Ailəm mənə həmişə
dayaq olub, çünki işimə nə dərəcədə
bağlı olduğumu və məsuliyyətimi hiss ediblər.
Həyat yoldaşım, qızım və oğlum mənəvi
dəstək verməsə, özgüvən yaratmasa və
çətin anlarda mənə motivasiya olmasa, irəli getmək
daha çətin olardı. Eyni zamanda, ailəmin təhsilə
verdiyi dəyər də mənim müəllimlik yoluma
müsbət təsir göstərib.
-Təhsil sahəsində uzun illərin təcrübəsinə
əsaslanaraq, gələcək gənc müəllimlərə
hansı tövsiyələri verərdiniz?
-Gənc müəllimlərə
tövsiyəm budur
ki, heç vaxt öyrənməkdən və dəyişməkdən
çəkinməsinlər. Hər bir şagirdin fərqli bir
dünya olduğunu unutmasınlar. Səbirli olsunlar, sevdikləri
işi peşəyə çevirsinlər və daim öz
üzərlərində işləsinlər.
-Sonuncu dərs gününüzü necə
təsəvvür edirsiniz?
-Dünyanı dərk edən insan
üçün hər şeyin başlanğıcı və
sonu olması məntiqi və induktiv nəticədir. Xoşbəxt
o adamdır ki, özündən sonra yaxşı iz buraxa,
yetirdiyi vətəndaşlar və şəxsiyyətlərlə
hörmətlə xatırlansın. Sonuncu dərs
günümü həssas olmağıma baxmayaraq, təmkinli
və qürurlu təsəvvür edirəm. Şagirdlərimlə
son dərsi keçirib onlara uğurlar arzulayacağam.
Aldığım sevgi və minnətdarlıq hissi illərlə
çəkdiyim zəhmətin ən gözəl
mükafatı olacaq.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 23 oktyabr, ¹192.-
S.6.