9 manat pulla Bakıya gəldim…
Professor
İzzət Rüstəmovla
müsahibə
Fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin
məsləhətçisi İzzət Rüstəmov
“İki sahil”ə müsahibə verib.
93 yaşlı ziyalımız Azərbaycanın
Milli Qəhrəmanı,
Qarabağ müharibəsi
şəhidi Məzahir
Rüstəmovun atasıdır.
Hörmətli professorun keçdiyi həyat yolu, xatirələri, elm və təhsillə bağlı düşüncələrini
öyrənməyə çalışdıq.
Qısa arayış:
İzzət Rüstəmov Azərbaycan
fəlsəfi fikrinin formalaşmasında mühüm
rolu olan şəxsiyyətlərdəndir. O, 70 illik elmi fəaliyyətində
həm pedaqoji, həm də fəlsəfi sahədə
böyük xidmətlər
göstərib.
Onun “Azərbaycanda
təbii-elmi biliyin inkişafının fəlsəfi
problemləri” monoqrafiyası
və “N. Çernışevski
və Azərbaycanda ictimai fikir” (akademik Firudin Köçərli ilə
birlikdə) kitabı
ABŞ Konqres Kitabxanasının
kataloquna daxil edilib.
İnsan hər zaman düzgün təfəkkürlə
işləməlidir...
-İzzət müəllim, bir müddət əvvəl müsahibə üçün
müraciət edəndə
səhhətinizdə bir
az narahatlıq olduğunu öyrəndim.
Özünüzü necə
hiss edirsiniz?
-İndi xeyli
yaxşıyam, lakin müalicəm davam edir. Həkimlərin məsləhəti ilə gəzməyə
çıxıram, yavaş-yavaş
idman hərəkətləri
edirəm. Dərmanları
vaxtında qəbul etdikdə və gəzintiyə çıxdıqda səhhətim
də yaxşı olur.
-Maraqlıdır, xəstələnəndə daha
çox həkimlərə
güvənirsiniz, yoxsa
təbii vasitələrə-türkəçarəyə
yönəlirsiniz?
- Əvvəl onu deyim ki,
təbii yolla müalicə vasitələrini,
bəlkə də ən yaxşı bilənlərdənəm. Vaxtilə
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Fəlsəfə
şöbəsində oxuyarkən
bir çox elmlər tədris olunurdu. Bundan əlavə, həm kəndimizdə, həm də burada fitoterapiya ilə maraqlanmışam. Bəzən
zarafatla deyirəm ki, arada dərmanları
qəbul etməyim, bədən bir az istirahət etsin. Əlbəttə, ilk növbədə ağıllı, bilikli və təcrübəli həkimin yanına getmək lazımdır. Bəzən elə məsləhətlər verirlər
ki, düşünürsən-axı
belə deyil...
Deyim ki,
gicitkən, əvəlik,
kəklikotu, bağayarpağı,
solmazçiçəyi və
digər bitkilər çox faydalıdır. Yeri gələndə istifadə edirəm. Məsələn, gicitkəni
çaya qatıb içirəm (kağızın
arasında gicitkən
qurusunu göstərir).
Hər bitki
yetişdiyi torpağın
dadını verir.
– Yeri gəlmişkən,
Gədəbəyin Düzrəsullu
kəndində doğulub-böyümüsünüz.
Uşaqlığınızdan, o illərin gün-güzəranından
danışardınız. Nələr
üçün burnunuzun
ucu göynəyir?
– Biz çoxuşaqlı
ailə olmuşuq – yeddi qardaş, bir bacı idik.
Bacım məndən
üç yaş kiçikdir. Nəsil olaraq uzunömürlüyük.
Kəndimizin insanları
zəhmətkeş, övladının
tərbiyəsinə diqqət
yetirən insanlar olub. Ən böyük
qardaşım uşaq
vaxtı dünyasını
dəyişib. İndi
həyatda olmayan bir qardaşım – İsmayıl müəllim
– APİ-nin coğrafiya
fakültəsini bitirmişdi.
Qalan beş qardaş hamımız Bakı Dövlət Universitetini (BDU) bitirmişik.
Mən Tarix fakültəsinin Fəlsəfə
şöbəsinidə oxumuşam.
Atam özü
əlifbanı güclə
bilirdi, amma çox elmsevər insan idi. Bizim
oxumağımıza çox
fikir verirdi. O zaman savadsızlığın
ləğvi prosesi aparılırdı. Anam da həmin imkandan
yararlanaraq təhsil alırdı. Çox dərrakəli qadın idi.
Uşaqlığım müharibə dövrünə düşüb.
O zaman hər kəs müharibədə
qələbə qazanılması
üçün çalışırdı.
Döyüşə gedənlərin
çoxu qayıtmadı.
Əmioğlanlarım, dayım
həlak oldular. Hər kəsin doğması cəbhədə
idi, ona görə də görülən bütün
işlər canla-başla
edilirdi.
1949-cu ildə Çayrəsullu orta məktəbini bitirəndə
qardaşım APİ-də
oxuyurdu. Atama məsləhət gördülər
ki, qoy əvvəlcə
İsmayıl bitirsin,
sonra İzzəti oxudarsan. O isə dedi: “Mən atımı satacağam, İzzəti oxudacağam”.
O zamanın doqquz manat pulu ilə
Bakıya gəldim,
BDU-ya daxil oldum və beləliklə,
təhsilimi davam etdirdim.
-Bakı şəhərinə
gəlməsəydiniz, bugünkü
pilləyə yüksələ
bilərdinizmi?
- Hər dövrün
öz dialektikası, xüsusiyyəti və tələbləri var. Mən bütün dövrlərdə çalışmışam
ki, düzgün təfəkkür və yanaşma ilə işləyim. İnsan necə olmalıdır? Hər zaman çalışqan. Mən
belə olmuşam. Orta məktəb evimizdən yeddi kilometr uzaqda idi. Gedəndə yüyürə-yüyürə gedirdik. Gələndə bir az ləng gələrdik.
Təpəlik vardı.
Orada oturub riyaziyyat misallarını həll edər, sonra evə gedərdik. Evdə isə təsərrüfat işləri
ilə məşğul
olardıq.
O vaxt bizə
dərs deyən müəllimlərin cəmi
ikisi ali təhsilli idi. Qalanları orta təhsilli, amma çox istedadlı insanlardı. İndi o gözəl müəllimləri
həsrətlə xatırlayıram.
Bədir müəllim
– riyaziyyat müəllimim
– iri portfeli var idi, çox
səliqəli və ciddi insan idi.
Onu da deyim ki, mən məktəbi
əla qiymətlərlə
bitirmişdim. Qızıl
medal almalı idim, amma nəsə
vermədilər (gülür).
-Sizi fəlsəfəyə gətirən
əsas motiv nə olub?
– Qohumlarım istəyirdi
ki, Tibb İnstitutuna gedim. Amma mənim bütün elmlərə
marağım var idi. Elə bir sahədə
təhsil almaq istəyirdim ki, orada bütün elmlər keçilsin. Kəndin kənarında quzu otarırdım, qohumlardan olan Zirəddin müəllim dedi ki, “fəlsəfə şöbəsində
bütün elmlər
öyrədilir, Firudin
Köçərli də
orada oxuyur”. Dedim ki, mən də Firudin Köçərlinin oxuduğu
yerə gedəcəyəm.
O vaxt universitetin rektoru akademik Abdulla Qarayev idi. İmtahanları
verdim və qəbul olundum.
– Fəaliyyətiniz əsasən
elmlə bağlı olsa da, 1994–1999-cu illərdə
Azərbaycan Respublikasının
Baş nazirinin müavini vəzifəsində
çalışmısınız. Məmur kimi fəaliyyət göstərmək
çətin olmadı?
–
1973–1977-ci illərdə Bakı
Dövlət Universitetində
partiya komitəsinin katibi işləmişəm.
Oradan Azərbaycan Sənaye İnstitutuna kafedra müdiri getdim.
Baş nazirin müavini necə oldum?
1994-cü ildə
Heydər Əliyev məni yanına dəvət etdi. Xatırlayıram, həmin
gün qar yağırdı. Gecə
idi, çətinliklə
getdim. Səhərə
yaxın – saat üçdə məni qəbul etdi. İşlər çox idi, Heydər Əliyev bəzən səhərə qədər
kabinetində işləyirdi.
Onu əvvəldən
tanısam da, həmin
gün nə üçün məni çağırdığını bilmirdim.
Söhbət zamanı dedi
ki, səni humanitar işlər üzrə Baş nazirin müavini təyin edirəm. Mənə qəribə gəldi, çünki o vaxt mənə “Əməkdar
elm xadimi” adı üçün təqdimat
verilmişdi. Elə bildim, onu təsdiqləyəcək.
Amma çox səmimi
söhbət etdi və bu təyinatı
elan etdi. “Hazırlaş,
dekabrın 8-də İtaliyaya
gedəcəksən”-dedi.
Beləcə, mənim üçün
gərgin fəaliyyət
dövrü başladı.
Qaçqınların problemləri ilə məşğul olurdum. Beynəlxalq humanitar yardımlar vasitəsilə evlər tikilirdi. İşlər yaxşı
gedirdi. Amma bəzən
qısqanclıq edənlər,
mane olanlar da olurdu...
Dünya liderləri Onun
yanında
özlərini ehtiyatlı aparırdılar...
- Ümummilli Lider Heydər Əliyevlə münasibətiniz necə
yaranıb?
- Heydər Əliyev təhsil aldığı
dövrdə mən də paralel qrupda, rus sektorunda
dərs deyirdim. O zaman
birbaşa tanış
deyildik. Daha sonra mən universitetin partiya komitəsinin katibi işləyirdim, Heydər
Əliyev isə Mərkəzi Komitənin birinci katibi idi. 1974-cü ilin aprel ayında məni qəbul etdi. Həmin vaxtdan görüşmələrimiz
başladı, Onun bir çox tədbirlərində iştirak
edirdim.
-Heydər Əliyevi bir şəxsiyyət kimi necə xatırlayırsınız?
-O, çox böyük şəxsiyyət idi. Sadə, amma eyni zamanda sərt,
məntiqli bir insan idi. Hər
bir addımında düşünülmüş qərarlar verirdi. Onunla ünsiyyətdə olan hər kəs
bunu hiss edirdi. Hətta Bill Klinton və Corc Buş
– həm ata, həm oğul – onu qonaq çağıranda
belə, Heydər Əliyevin yanında ehtiyatlı davranırdılar.
O, Azərbaycanda siyasətin
və diplomatiyanın
yaradıcısı idi.
Allaha şükürlər olsun
ki, Prezident İlham Əliyev
də təkcə Heydər Əliyevin oğlu olmaqla qalmır. Onun nəsihətlərini, təcrübəsini
yüksək səviyyədə
davam etdirir və qlobal miqyasda tanınan bir diplomat kimi formalaşıb.
-İzzət müəllim,
həyatınız boyu
bir neçə müharibə dövrü
keçmisiniz. Müharibə
haqqında düşüncələrinizi
öyrənmək maraqlıdır...
-Müharibə iki cür olur: biri ədalətli – Vətənin qorunması uğrunda müharibə, digəri isə işğalçı müharibə.
II Dünya müharibəsi
Hitlerin başladığı
işğalçı müharibə
idi. Azərbaycan oğulları həmin müharibədə yaxından
iştirak etdilər.
Bir çox igidlərimiz
Vətən uğrunda
canlarını verdilər.
Azərbaycanın o Qələbədə
böyük payı
var idi. Həm neftimizin, həm də qəhrəman əsgərlərimizin qələbənin
qazanılmasında əvəzsiz
yeri olub. O vaxt mən uşaq
idim, amma hamı bilirdi ki, bu, bizim tərəfdən
ədalətli müharibə
idi. Qohumlarımız,
qonşularımız cəbhəyə
getmişdi, bir çox ailələr başsız qalmışdı.
Məzahir son qumbaranı
özü ilə birlikdə
partlatdı...
- Övladınız – Azərbaycanın
Milli Qəhrəmanı Məzahir
Rüstəmov 1992-ci ildə
şəhidlik zirvəsinə
ucalıb. Sizinlə eyni taleyi yaşayan
ata-analara nə demək istərdiniz?
-Məzahir böyük övladım idi. Çox savadlı, elmdə gələcək
vəd verən bir insan idi.
Müxtəlif yerlərdə
çalışmışdı. Sonuncu iş yeri Dövlət Mətbuat Komitəsi idi. O vaxt Sabir Rüstəmxanlı komitə
sədri, Nərmiman Həsənzadə isə
onun müavini idi. Həmin günlərdə vəziyyət
çox gərgin idi. Bir gün gəldi “Vətən dardadır, biz gedirik”-dedi.
Özümü çox pis hiss
etdim. Bağçaya getdim, başımı aşağı salıb oturdum. Əlini kürəyimə vurdu və sakitləşdirməyə
çalışdı. Amma qərarından dönmədi.
Qızı Təhminə
doğulandan cəmi
20 gün sonra döyüşə yollandı.
Məzahir əmim oğlu
Cahangir Rüstəmov
və Sahib Rüstəmovla
bir yerdə döyüşürdü. İndi onların üçü
də şəhiddir.
Kim desə ki, “övladım şəhid olub, amma mən yanmıram”,
inanın, o, düz demir. Ürəyə dağ çəkilir. Məzahir Böyük Vətən Müharibəsi
Qəhrəmanı Həzi
Aslanovun heykəlindən
bir az aralıda,
Şəhidlər xiyabanında
birinci sırada dəfn olunub. O, mənim böyük oğlum idi, 1960-cı il martın 2-də anadan olmuşdu. Onunla bağlı çox böyük ümidlərim
vardı. Savadlı idi, dissertasiya müdafiə etməyə
hazırlaşırdı. Amma vəzifəni, elmi karyerasını ataraq müharibəyə getdi. Mən onunla qürur duyur, fəxr edirəm.
Bir xatirəni danışım.
O zaman döyüşçülərin silahı az idi. Bir dəfə
bizə döyüş
qumbaraları gətirdilər.
Həyat yoldaşım
Rəfiqə xanımla
bir vedrəyə qum doldurub o qumbaraları Gədəbəyə,
onun döyüşdüyü
yerə apardıq. Rəfiqə xanım özü də döyüşçü
qadındır. Vaxtilə
səngərlərdə, döyüşçülərin
arasında çox olub. Məzahir son döyüşündə tək
qalır. Amma geri çəkilmir. Qalan son qumbaranı partladır və özü də həlak olur. O, həyatını Vətən uğrunda qurban verdi. Şəhid
atası, Milli Qəhrəman
atası olmaq böyük fəxrdir. Məzahir həm yaşayanda fəaliyyəti,
həm də ölümü ilə Vətənə xidmət
etdi.
Birinci Qarabağ müharibəsində
bəzən uğursuzluqlarımız
olsa da, böyük qəhrəmanlıqlar da oldu.
Oğullarımız döyüşməyi
öyrəndilər. Mənim
oğlum da o qəhrəmanlardan
biri idi. Onun itkisi mənim
üçün əbədi
ağrıdır, amma
eyni zamanda qürur mənbəyidir. Hər yerdə Məzahirin igidliyindən danışılır. Onun
övladı Təhminə
də atasının adını uca tutur. Vaxtilə Heydər Əliyev Təhminəni görəndə
çox kövrəlmişdi.
Onu qucağına götürəndə az qala ağlayacaqdı. Həmin an çəkilən
foto sonradan çox simvolik bir xatirəyə çevrildi...
-İzzət müəllim,
bir az da təhsilin hazırkı vəziyyəti ilə bağlı danışaq.
Elm və Təhsil Nazirliyinin məlumatına
görə, dövlət
ildə təhsilə
5 milyard manat xərcləyir. Sizcə, bu vəsait öz səmərəsini
verirmi?
-Təhsilə dünyada gedən qlobal proseslərdən ayrı baxmaq olmaz. Dünya
dəyişdikcə, təhsil
də dəyişir.
Bir zamanlar elə məktəblər var idi
ki, orada kompüter nə olduğunu belə bilmirdilər.
İndi isə kompütersiz
təhsil ocağını
təsəvvür etmək
mümkün deyil.
Məsələn, Bakı Dövlət
Universitetini götürək
– müasir laboratoriyalar,
kompüter otaqları,
yaxşı şərait
yaradılıb. İndi süni
intellektdən, robot texnologiyalarından
danışılır.
Elm və Təhsil Nazirliyi bu gün
fəallıq nümayiş
etdirir. Problemlərin hamısını onların
üzərinə atmaq
doğru deyil. Təhsil sistemi daim yenilənməlidir. Məsələn, mən hazırda Sosiologiya kafedrasında məsləhətçi
professoram və görürəm ki, təkmilləşmə
prosesi gedir.
Sovet dövründən yaxşı
olan dəyərləri
saxlamaq lazımdır:
kitaba hörmət, biliyə hörmət, dərindən oxumaq, ciddi araşdırma aparmaq. Biz arxivdə elə işləyirdik ki,
oradan çıxanda belimiz bükülürdü
– yorğunluqdan, amma həm də gördüyümüz işin
ləzzətindən.
Bəzən deyirlər ki, valideynlər
uşaqları telefondan
uzaq tutmalıdır.
Amma gərək düzgün
yönləndirsinlər. Uşaqlar
əvvəllər həyətlərdə
oynayır, hərəkət
edirdilər. İndi isə
telefonu əlindən alınan uşaq ağlayır. Bu, dövrün
dəyişməsidir.
Təhsil
əvvəlki kimi qala bilməz. Müasir dövrün tələblərinə uyğunlaşmaq
lazımdır. Rəqəmsallıq,
süni intellekt, yeni texnologiyalar öyrənilməlidir.
Müəllimlər arasında
mənəvi dəyərləri
pozanlar varsa, onlar cəzalandırılmalıdır.
Ayinəsi işdir kişinin,
lafa baxılmaz...
-Bu il
AMEA-nın yaradılmasının
80 illiyi qeyd olunur. Artıq bir sıra institutlar
birləşdirilib, əksəriyyəti
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Sizcə, bütün bunlar ölkədə elmin inkişafı üçün
yetərli olacaqmı?
-İnstitutların yenidən
qurulması müsbət
addımdır, amma yetərli deyil. Ən vacib problemlər:
maliyyə dəstəyi,
elmi mühitin canlandırılması, gənc
alimlər üçün
iş imkanlarının
yaradılması ilə
bağlıdır.
Elm canlı orqanizmdir -daim yenilənməli, texnologiyanın və zamanın tələblərinə
uyğun inkişaf etməlidir.
Kimsə
akademiyadan dünyanı
dəyişdirməsini istəyir,
amma bu, təkcə istəklə
olmur. Alim aldığı
maaşla dolana bilmir, bir neçə
yerdə dərs deyir, kitab yazır, elmi fəaliyyətini davam etdirir.
Türk
şairi Ziya paşanın mǝşhur
misraları var: “Ayinǝsi
işdir kişinin, lafa baxılmaz,. Şǝxsin görünür
rütbeyi-ǝqli ǝsǝrindǝ”.
Əsəri və kəsəri
olmayan adamı alim adlandırmaq olmaz.
Digər
tərəfdən, ali
məktəblərdə dərs
deyən müəllimlərdən
akademik səviyyədə
kitab tələb etmək
düzgün deyil.
Müəllim özü hazır
olmalı, çox oxumalı və tələbəsini düzgün
yönləndirməlidir.
1954-cü
ildən müəllim
kimi çalışıram.
İllərin təcrübəsinə
əsaslanaraq deyim ki, dərsliklərə baxmaq,
onları yeniləmək,
köhnəlikdən xilas
etmək vacibdir. Çünki o zaman bəzən
məcburi şəkildə
yazılan fikirlər indi dövrün ruhuna uyğun gəlmir.
Dərsliklərin yenilənməsi, arxivlərin
açılması vacibdir.
-Tarix və ictimai elmlərdə hansı boşluqlar hələ də qalır?
-Tariximizdə, xüsusən
də Cümhuriyyət
dövrü, Qarabağ
və İrəvan məsələlərində hələ
də ciddi boşluqlar var. Akademik Cəmil Quliyev bir zamanlar Müsavatı
pisləyirdi, çünki
o dövrdə bu, tələb olunurdu. Amma indi o, Cümhuriyyət haqqında cild-cild kitablar yazıb, məktubları toplayıb
nəşr etdirir. Mən onun kitabı
ilə bağlı rəy də yazmışdım.
Bəzən kimlərsə çıxıb
Nəriman Nərimanovu
pisləyir. Amma o, öz
dövrünün dahi
şəxsiyyətlərindən idi. O vaxtlar çar Rusiyasının tələbləri var idi,
hamı bu reallıqla yaşamalı
idi. Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini
bitirmişdi, ona elmlər namizədi adı verildi və orada qalmasını
istədilər. Amma o, “vətənim
məni çağırır”
deyərək geri döndü.
İndi
biz müstəqil, adlı-sanlı
bir respublikayıq.
İlk dəfə Azərbaycanın
əsl suverenliyini əldə etmişik və bu da tariximizin
yeni mərhələsidir. Biz bütün dövrləri
düzgün dəyərləndirməli,
ordumuzun, dövlətimizin
tarixini dürüst yazmalıyıq.
- İzzət müəllim,
bəzən deyirlər
ki, indi gənclərin
elmə marağı azalıb. Siz bu fikirlə razısınızmı?
- Yox, elmə maraq yoxdur demək
düzgün olmaz. Bu məsələ insanın
ailə tərbiyəsindən,
müəlliminin təsirindən,
elmə və həyata baxışından
çox asılıdır.
Kimin üçünsə
elm bir vasitədir, başqa biri üçün həyat tərzi.
-Müasir texnologiyalar
və süni intellekt fəlsəfi düşüncəyə necə
təsir edə bilər?
- Əlbəttə, təsir
edir. Süni intellekt həm fürsət, həm təhlükədir. Ola bilsin
ki, əvvəllər 20 ilə
görülən işi
indi 5 dəqiqəyə
görəcək texnologiyalar
yaransın. Əgər
düzgün idarə
olunmazsa, insan amilindən asılılığını
itirə bilər. Buna
görə texnologiyanı
öyrənmək, idarə
etməyi bacarmaq lazımdır.
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, texniki elmlər namizədi İbrahim Nəbioğlunun
“Gələcək çox
tez gələcək”
kitabını oxudum.
İbrahim Nəbioğlunun kitabı bu mövzulara diqqət çəkir - gələcəyə
hazırlıq vacibdir.
Orada bu məsələlər çox gözəl izah olunub. Dünya
üzrə kim hansı yeniliyi edirsə, o kitabda bundan bəhs olunur. Kitabda xırda fraqmentlərdir, amma müəllif onları bir-birinə gözəl calayır. Azərbaycan akademikləri haqqında məlumat verir.
Müasir
günümüz üçün
çox faydalı olan məlumatlar məntiqli ardıcıllıqla
bir-biri ilə uzlaşdırılıb. İbrahim müəllim riyyaziyyatı,
fizikanı bilir. Kitabda təbabətlə də bağlı maraqlı mövzulara toxunulur.
Mən də bu mövzulara
həssasam. Astronomiya,
təbabət, beyin fəaliyyəti ilə bağlı kitablar oxuyuram.
-Sizcə, fəlsəfənin
cəmiyyətdə tətbiqinə
ehtiyac varmı?
-Əlbəttə, var. Fəlsəfəsiz
və məntiqsiz düşüncə mümkün
deyil. Məntiqi, psixologiyanı, kateqoriyaları
bilməlisən - şüurun
və təfəkkürün
nəyin əsasında
hərəkət etdiyini
anlamaq vacibdir.
Fransız filosofu
və riyaziyyatçısı,
fiziki Rene Dekart “Düşünürəm,
demək varam”-deyib. Məntiqi düşüncə, düzgün
analiz -bunlar elmin və tibbin
təməlidir.
-İzzət müəllim, elmi fəaliyyətinizin bir hissəsi də tələbələrlə bağlıdır.
Onlar haqqında nə düşünürsünüz?
-Mənim ən
böyük nemətim
tələbələrimdir. Tələbədən şirin,
tələbədən qiymətli
heç nə yoxdur. Əgər tələbə müəllimini
təkrar edirsə, onun yolunu davam
etdirirsə, o müəllim
xoşbəxtdir. Özünü
tələbəsində tapmaq
– müəllim üçün
ən böyük mükafatdır.
Mən tələbələrə
qarşı həm mehriban, həm də sərt olmuşam. Savadlı tələbə mənim dostum idi. Yeri
gəlmişkən, mənim
sevimli tələbələrimdən
biri də mərhum Əbülfəz
Elçibəy idi – onu da həmişə
hörmətlə xatırlayıram,
ürəyimdədir.
Akademik Vasim
Məmmədəliyev mənim
ən sevimli tələbəmdən biri
idi. O, mənə hər zaman “ustadım” deyirdi; mən də özümü onun tələbəsi hesab edirdim. Belə münasibətlər elmi mühitin ən qiymətli yönlərindəndir.
Tələbələrim arasında altı nəfər akademik, onlarla elmlər doktoru və elmlər namizədi var. 100-dən çox dissertasiyaya opponentlik etmişəm.
Müəllim üçün tələbəsinin
onun yolunu davam etdirməsi ən böyük mükafatdır.
-Xoşbəxtliyi harada görürsünüz?
Sosial problemlər cəmiyyətin
bu məfhumdan kənar qalmasında nə qədər rol oynayır?
-Xoşbəxtlik daxili dəyərdədir:
vicdan rahatlığı,
tələbənin uğuru,
həyatdakı mənəvi
dəyərlərdir. Biri
var layiq olduğun qədər tələb etmək- amma vermirlər; biri də var,
“hazıra nazir” olmaq. Bəzən cəmiyyətdə ədalətsizlik,
rüşvət, qayğısızlıq
insanın xoşbəxtliyinə
mane olur. Cəmiyyətin gündəlik
ehtiyaclarına diqqət
lazımdır. Məsələn,
küçələr, bağlar,
sökülüb-yenidən tikilən yerlərin düzgün icrası -bunlar hamısı önəmlidir. Salınan
bağ quruyubsa onun qayğısına qalmaq lazımdır.
1949-cu ildən Bakıdayam. Çətin günlər görmüşük,
ac da qalmışıq,
amma heç kimə ağız açmamışıq.
Bəzən kənddən şəhərə
üz tutan insanlar çətinliklərlə
üzləşirlər. Kəndlərdə
iş yerləri açılarsa, insanlar ailəsini dolandırmaq üçün bu qədər Bakıya üz tutmaz. Görürsən ki, gəlib Bakıda neft buruqlarının arasında ev tikirlər, problem yarananda isə narazılıq edirlər...
Maraqlı müsahibə
üçün təşəkkür
edirik.
Aygün İbrahimli
İki sahil.- 2025.- 25 oktyabr, ¹194.- S.6.