Düşməni öz torpaqlarımızdan qovmuşuq
və bu gün gözəl həyat qururuq
Cənab
İlham Əliyevin Sabirabad, İmişli və Cəbrayıl
rayonlarına səfəri yalnız azad edilmiş ərazilərimizin
deyil, bütün bölgələrimizin inkişafının
ölkə Prezidentinin diqqətində olduğunu bir daha təsdiqlədi
Hər
bir ölkənin inkişafında əsas amillərdən biri
sabitlik və iqtisadi tərəqqidir. İqtisadiyyatın
düzgün əsaslar üzərində qurulması
dayanıqlı inkişafın təmin edilməsini şərtləndirir.
Təbii ki, bugünkü reallıqların düzgün təhlili
ötən dövrə qısa nəzər salmağı bir
zərurət kimi qarşıya qoyur. 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas
çağırışlarından biri “İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir” hədəfi
oldu. Ulu Öndərin müəllifi
olduğu neft strategiyası Azərbaycanın qarşıya
qoyulan bütün çağırışları yüksək
səviyyədə yerinə yetirməsində stimulverici amil
oldu.
Azərbaycan neft strategiyasının
əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin
imzalanması ilə həm iqtisadi inkişafını, həm
də dünya iqtisadi sisteminə inteqrasiyasını təmin
etdi. Ölkəmiz qısa müddətdə yeni dostlar, tərəfdaşlar
qazandı, böyük investisiyalar məkanına
çevrildi. Bu gün ölkə iqtisadiyyatına
yatırılan 350 milyard dollar investisiya həmin dövrdə yaradılan
möhkəm təməlin nəticəsidir. Bu gün həmin bünövrə
üzərində Azərbaycan dayanıqlı
inkişafını təmin edir, iqtisadiyyatın şaxələndirilməsi
siyasətini uğurla həyata keçirir. Dövlət
başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk
gündən bu çağırışı etdi ki,
iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır.
Neft kapitalını insan kapitalına çevirmək əsas
hədəflərdəndir. Bu gün ölkə
iqtisadiyyatına yatırılan 350 milyard dollar vəsaitin 200 milyard dollarının qeyri-neft
sektorunun payına düşməsi də özündə əsas
məqamları ehtiva edir.
İnkaredilməz
həqiqətdir ki, iqtisadiyyatın dinamik inkişafı
üçün onun dayanıqlı olması və şaxələndirilməsi
zəruridir. Dövlət başçısı İlham
Əliyevin sərəncamları əsasında təsdiqlənən
və ayrı-ayrı dövrləri əhatə edən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının uğurlu icrası bugünkü
sosial-iqtisadi göstəricilərdə, regionların
dayanıqlı inkişafında özünün aydın ifadəsini
tapır. Regionların sosial-iqtisadi inkişafına dair 4
Dövlət Proqramı icra edildi. Yeni iş yerlərinin
yaradılması, əhalinin məşğulluğunun təmin
edilməsi əsas prioritetlər sırasındadır. Bu
gün paytaxt Bakı ilə yanaşı,
regionlarımızın tarazlı inkişafı da diqqətdən
kənarda qalmır. Hətta bölgələrimiz beynəlxalq
tədbirlər üçün ideal məkan kimi qəbul
edilir. Bir müddət öncə Qəbələ şəhərinin
ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının
Dövlət Başçılarının XII Zirvə
görüşü də bunun bariz nümunəsidir. Həmçinin
Gəncə şəhəri Oyunlarına ev sahibliyi etdi.
Regionlarımızda infrastrujturun inkişafına xüsusi diqqət
yetirilir. Dövlət başçısı İlham
Əliyevin regionlara hər bir səfəri mühüm məqamları
ilə yadda qalır. Baxmayaraq ki, son beş ilin əsas hədəfi
azad edilmiş ərazilərimizin bərpası, Böyük
Qayıdış Proqramının uğurlu icrası nəticəsində
soydaşlarımızın bu ərazilərə
qayıdışıdır, dövlət
başçısı İlham Əliyev paralel olaraq digər bölgələrimizi də
diqqətdən kənarda saxlamır. Cənab İlham
Əliyevin oktyabrın 28-də Sabirabad, İmişli və Cəbrayıl
rayonlarına səfəri də bunun bariz nümunəsidir.
Onu da qeyd
edək ki, tarixi Zəfərimizin yaratdığı yeni
reallıqlar öz növbəsində yeni sənədlərin
qəbulunu, bölgələrin inkişafına dair yeni
proqramların icrasını bir zərurətə
çevirdi. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”i qeyd edə bilərik.
Bu sənədə əsasən, növbəti onillikdə
reallaşdırılmalı olan milli prioritetlər ölkənin
sosial-iqtisadi inkişafı üçün yeni hədəflər
müəyyən edib, qeyri-neft iqtisadiyyatının
inkişafın mərkəzinə çevrilməsi nəzərdə
tutulub. Paytaxt və regionların tarazlı inkişafına
yönələn addımlar həmin sənəddə öz əksini
tapıb. Milli Prioritetlərdə bu reallıqlar bir daha qeyd
edilir ki, ötən dövrdə
regionlarla müqayisədə ölkəmizin paytaxtı daha
sürətlə inkişaf etmişdir. Uzunmüddətli
dövrdə əsas məqsədimiz regionların
inkişafını paytaxtın inkişaf səviyyəsinə
uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda
zəruri olan bütün iqtisadi və sosial infrastruktur
yaradılmışdır. Bu çağırışlar səsləndirilir
ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması
üçün mövcud iş qüvvəsi və
bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb
edilməlidir. Regionların sürətli inkişafı
insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki
infrastruktura çıxışı ilə müşayiət
olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək
yaşayış standartlarına malik olmalıdır. Bu,
regionların milli gəlirdə payının
artırılmasını təmin edəcəkdir.
Qeyri-neft
sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın
effektivliyi, dövlət büdcəsinin gəlirlərinin
artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən
formalaşdırılması baxımdan əhəmiyyətli
hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət
və davamlı islahatların nəticəsi olaraq milli
iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı
sürətlənib. Hazırda qeyri-neft sənayesinin
inkişaf etdirilməsi üçün ölkənin
regionlarında güclü iqtisadi potensial mövcuddur və bu
məsələ diqqət mərkəzindədir. Prezident
İlham Əliyev çıxışları zamanı daim
qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər
səsləndirir və onun önəmini vurğulayır:
“Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru
hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün
son illər böyük işlər görülüb, sənaye
zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq
olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq
daha yüksəkdir.”
Dünya
təcrübəsi göstərir ki, sənaye
parklarının və aqroparkların yaradılması ölkə
iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin,
idxalı əvəz edən məhsulların istehsalının
artırılması, rayonlarda məşğulluğun təmini,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi
kimi prioritet vəzifələrin həyata keçirilməsində
xüsusi əhəmiyyətə malikdir. Aqroparkların
yaradılması həm də kəndlərdə yaşayan əhalinin
sosial vəziyyətinin yaxşılaşmasına xidmət
edir. Sənaye məhəllələrində və aqroparklarda
fəaliyyət göstərən sahibkarların fəaliyyətinin
stimullaşdırılması üçün
genişmiqyaslı vergi güzəştləri mövcuddur.
Bu gün
bütün regionlarımız, o cümlədən
işğaldan azad edilmiş torpaqlarımız yeni inkişaf
dövrünü yaşayır. Azərbaycanın iqtisadi
imkanları hər bir hədəfə zamanında nail
olmağa əsas verir. Hər zaman bu reallıq beynəlxalq səviyyədə
də qeyd edilir ki, Azərbaycan müharibədən dərhal
sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb
tarixində ilkə imza atdı. Ölkəmizin iqtisadi
imkanları sıfırdan başlanan quruculuq işlərinin
miqyasını gündən-günə genişləndirməyə
əsas verir. Bu günlərdə dövlət
başçısı İlham Əliyev Xankəndi şəhərində
keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma
Forumunun iştirakçılarına müraciətində
mühüm məqamları diqqətə
çatdırdı. Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq
işlərinin həyata
keçirildiyini bildirən cənab İlham Əliyev onu da
qeyd etdi ki, regionun ümumi planlaşdırılması
başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə
edən bu plan əsasında 1,1 milyon nəfərdən
çox insanın doğma şəhər və kəndlərində
məskunlaşması üçün yenidənqurma işləri
icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8
şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib.
İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə
və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.
Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində
artıq 60 minə yaxın insan bu ərazilərdə
yaşayır, işləyir və təhsil alır.
Tarixi Zəfərimizin
əbədiləşdirilməsi istiqamətində atılan
addımların tərkib hissəsi olan işğaldan azad
edilmiş ərazilərimiz üzrə şəhər
günlərinin təsis edilməsi və bu sənədə
uyğun olaraq Şəhər Günlərinin qeyd edilməsi
ayrı-ayrı ərazilər üzrə görülən işlərin təqdimatında
əhəmiyyətli rol oynayır. Dünyaya səs salan tarixi
Zəfərimizin 5-ci ildönümünü qeyd edirik.
Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən
müharibəsinin hər bir günü tariximizə Zəfər
günü kimi yazıldı. Artıq beş ildir həmin
günləri böyük sevinc və qürur hissi ilə qeyd
edirik. Dövlət başçısı İlham
Əliyevin oktyabrın 28-də
Sabirabad və İmişli rayonları ilə yanaşı, Cəbrayıla səfəri də ölkə
Prezidentinin Zəfər sevincini
xalqımızla bölüşmək istəyinin növbəti
təqdimatı oldu.
Cənab
İlham Əliyev öncə Sabirabad və İmişli
rayonlarında olaraq burada mühüm sosial obyektlərin
açılışında və təməlqoyma mərasimində
iştirak etdi, görülən işlərlə
tanış oldu. Sabirabad Sənaye
Məhəlləsində “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin
fəaliyyəti ilə tanış olan dövlətimizin
başçısına Sabirabad Sənaye Məhəlləsi
barədə məlumat verildi.
Qeyd edək
ki, ölkədə sənaye məhəllələrinin
yaradılması dövlətimizin
başçısının “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” 2014-cü ildə imzaladığı Fərmanla
müəyyən edilib. Sənaye məhəlləsinin
yaradılmasında məqsəd sənaye və xidmət sahələrində
fəaliyyət göstərən kiçik və orta
sahibkarların inkişafı üçün əlverişli
şəraitin təmin edilməsi və əhalinin istehsal və
xidmət sahəsində məşğulluğunun
artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi
dövlətimizin başçısının 2017-ci ildə
imzaladığı Sərəncamla yaradıldı. Məhəllənin
ümumi ərazisi 20,3 hektardır. Məhəllə
sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi
üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək
burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə
başlayıb. Ümumilikdə sənaye məhəlləsində
100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən
sənaye məhəlləsinə 10 milyon manatdan çox
investisiya qoyulub. “Humix” MMC ilə tanışlıq zamanı
bildirildi ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye
Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə
orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr
istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında
fəaliyyət göstərən müəssisənin illik
istehsal gücü 18 min ton gübrə təşkil edir.
Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının
ödənilməsinə yönəldilməklə
yanaşı, ixrac da ediləcək. Müəssisədə
16 nəfər daimi işlə təmin olunub. İnvestisiya məbləği
1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat
Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin
İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli
kredit ayrılıb, investisiya təşviqi sənədi
verilib.
Prezident
İlham Əliyev, həmçinin Sabirabad Sənaye Məhəlləsində
“Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə
tanış oldu. “Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad
Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata
alınıb. Burada Türkiyənin qabaqcıl
texnologiyalarının tətbiqi ilə standart və hibrid
toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir
sıra toxumluq kənd təsərrüfatı məhsulları
istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton
hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton
arpa, 2 min ton buğda toxumu istehsalı gücünə
malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda
yetişdirilən, həmçinin regionun kiçik, orta və
iri fermer təsərrüfatlarından əldə olunan
toxumlar xammal kimi istifadə edilir. Layihə dəyəri 2,5
milyon manat olan müəssisədə daimi iş yerlərinin
sayı 20-yə çatdırılacaq. İşçilərin
Sabirabad və ətraf rayonlardan cəlb edilməsi nəzərdə
tutulur.
Cənab
İlham Əliyev Sabirabad Sənaye
Məhəlləsində “Taşobası” Məhdud Məsuliyyətli
Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun və
“Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti
ilə də tanış oldu.
2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin
rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin pambıq
emalı zavodunda Türkiyə, Almaniya və İtaliya
texnologiyalarının tətbiqi ilə mahlıc və texniki
çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon
manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min
ton texniki çiyid istehsalı gücünə malikdir.
İstehsal olunan məhsullar daxili bazarın tələbatının
ödənilməsinə və ixraca yönəldilir.
İndiyədək istehsal edilən məhsulun dəyəri
2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon
manatı ixracın payına düşür. Zavodda xammal kimi
Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında
yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz
növbəsində pambıq sahələrində 300 nəfərin
mövsümi işlə təmin olunmasına şərait
yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri
yaradılıb. “Fırtına Su Sistemləri” MMC 2024-cü
ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi
qeydiyyata alınıb .Layihə dəyəri təxminən
1,2 milyon manat olan müəssisədə Çin
texnologiyası əsasında mayenin süzülməsi və
təmizlənməsi üçün avadanlıqlar istehsal
edilir. Müəssisədə ildə 210 min ədəd filtr,
15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır.
Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili
bazara çıxarılmaqla yanaşı, Qazaxıstan,
Özbəkistan və Türkiyəyə ixrac edilir. Müəssisədə
50 iş yeri yaradılıb. Yaxın gələcəkdə
iş yerlərinin sayının artırılması nəzərdə
tutulur.
Dövlətimizin
başçısı İlham
Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin
açılışında da iştirak etdi. Müəssisədə
pivə istehsalında əsas xammal hesab olunan arpanın
xüsusi proseslərdən keçərək mayalanma və
fermentasiya üçün hazır vəziyyətə gətirilməsi
ilə əldə edilən məhsul – malt istehsal olunacaq.
İsveçrənin “Bühler GmbH” şirkətinin müasir
texnologiyası əsasında hazırlanmış
avadanlıqla təchiz olunan və emal prosesi tam
avtomatlaşdırılan müəssisədə ildə 11
min ton arpa istehsal ediləcək. Müəssisənin
investisiya dəyəri 33,2 milyon manatdır. İqtisadiyyat
Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin
İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun
Holdinq” MMC-nin tərəfdaşlığı əsasında
həyata keçirilən layihəyə dövlətin
investisiya təşviqi mexanizmi çərçivəsində
vergi və gömrük güzəştləri ilə dəstək
göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal
satışı həyata keçirən müəssisə Cənubi
Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə
ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə
regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə
yanaşı, texnoloji modernləşmə, daxili bazarın
dayanıqlı xammal təminatı, istehsalın
lokallaşdırılması baxımından mühüm əhəmiyyət
daşıyır. Burada 47 nəfər işlə təmin
olunacaq.
Qeyd
etdiyimiz kimi, dövlət başçısı İlham
Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda
da oldu. Otuz illik işğal dövrünün bu
reallığını hər zaman
qeyd etməliyik ki, şəhər və kəndlər
tamamilə viran edildi, tarixi-mədəni irsimiz
dağıdıldı, torpaqlar geniş miqyasda mina çirklənməsinə
məruz qaldı, bir milyondan artıq azərbaycanlı öz
yurd-yuvasından didərgin salındı. 2020-ci ildə 44
günlük Vətən müharibəsində
qazandığımız Zəfər sayəsində həmin
ərazilərin işğaldan azad edilməsi ölkəmiz
üçün bərpa, yenidənqurma və dirçəliş
dövrünün əsasını qoydu. Bərpa-quruculuq
işləri soydaşlarımızın mərhələ-mərhələ
bu torpaqlara qayıdışı ilə müşaiyət
olunur. Hər bir şəhər, kənd müasir tələblər
səviyyəsində yenidən
qurulur.
Dövlət
başçısı İlham Əliyevin birinci mərhələsinin
açılışında iştirak etdiyi Cəbrayıl
rayonunun Horovlu kəndinin timsalında şəhər və kəndlərimizin
bərpasının yenilikləri necə özündə əks
etdirdiyini görmək mümkündür. Horovlu kəndi
1993-cü ildə Ermənistan tərəfindən
işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan
Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini
Prezident İlham Əliyev 2023-cü ilin mayında qoydu.
Dövlətimizin başçısı və birinci xanım
Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi
evlərin və sosial obyektlərin tikintisi ilə tanış
oldular. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334
fərdi ev inşa edilib. Evlərin üzərində
Qarabağ xalçalarının ornamentləri həkk edilib.
Kənddaxili yollara asfalt döşənib. Birinci mərhələdə
94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb
binasının, 220 yerlik körpələr evi-uşaq
bağçasının, ikimərtəbəli inzibati
binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə
obyektlərinin, tibb məntəqəsinin və
idman-sağlamlıq mərkəzinin tikintisi həyata
keçirildi. Kənddə tarixən istifadə olunmuş,
işğal dövründə dağıdılmış
“Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və
“Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının
bir hissəsi məhz bu kəhrizlər hesabına təmin
olunacaq. Burada inşa olunmuş
körpələr evi-uşaq bağçasında
balacaların rahatlığının təmin olunmasına
xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və
musiqi otaqları balacaların ixtiyarına veriləcək.
Bundan başqa, binada inzibati, kompüter və metodika
otaqları yaradılıb. Bağçanın ərazisində
uşaqların asudə vaxtlarını maraqlı keçirmələri
üçün də şərait yaradılıb. Horovluda
müasir tam orta məktəb binası da tikilib. Məktəb
binasında tədrisin yüksək səviyyədə
aparılması üçün geniş imkanlar mövcuddur.
Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti
və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı,
kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi
hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin
ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı,
qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin
ərazisində açıq idman meydançası da
mövcuddur. Horovlu kəndində 4,4 hektar ərazidə park
kompleksi də inşa olunub. Burada uşaqlar üçün
oyun zonası, idman sahəsi, basketbol meydançası,
masaüstü oyunlar üçün zona, söhbətgahlar
yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə
qədər gəzinti yolları salınıb. 3,1 hektar
yaşıllıq ərazisində zeytun, çinar və Eldar
şamı ağacları əkilib. Torpaq işləri
zamanı aşkarlanmış təbii qayalar parka
daşınaraq landşaft dizaynının bir hissəsi kimi
istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı
əsaslı təmir edilib, dekorativ landşaft
yaradılıb. Həmçinin parkın ərazisində
işğal zamanı dağıdılmış 4 bina tarixi
yaddaşın qorunması, həmin dövrün izlərini və
reallıqlarını gələcək nəsillərə
çatdırmaq üçün əyani sübut kimi
saxlanılıb.
Bundan
başqa, kənddə ikimərtəbəli inzibati bina
inşa edilib. Binada operativ idarəetmənin və qərarların
səmərəli qəbulunun təmin edilməsi məqsədilə
müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə
kəndin idarəetməsində Coğrafi İnformasiya
Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin
Baş planının CİS platformasına inteqrasiya edilməsi
yaşayış məntəqəsinin səmərəli
planlaşdırılmasına və idarə edilməsinə
imkan verəcək. Bütün torpaq sahələri, tikililər,
yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada
koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti
proseslərini izləməyə, dəyişiklikləri xəritəyə
tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar
qəbul etməyə, üçölçülü (3D)
bina modelləri, real vaxtda kamera məlumatlarına
çıxış imkanları olduğundan mövcud vəziyyəti
həm xəritədə, həm də sistem üzərində
birbaşa müşahidə etməyə imkan yaradır.
Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat
mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar
baxımından platformanın istifadəsi müasir idarəetmədə
innovativ həll hesab olunur.
Cəbrayıl
rayonunun Horovlu kəndində yaradılmış şəraitlə
tanış olan dövlətimizin başçısı
İlham Əliyev kəndə
köçən sakinlərlə görüşdü, onlara
mənzillərin açarlarını təqdim etdi. Prezident
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində
sakinlərlə görüşündə bildirdi ki, düz beş il bundan əvvəl
bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər
zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən
sonra tarixi Zəfərimizin beşinci ildönümünü
qeyd edəcəyik. 8 Noyabr – Zəfər Günü bizim
tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl
tarixi Zəfərimiz bütün dünyaya səs salıb. O
da qeyd edildi ki, bu gün bütün Qarabağ və Şərqi
Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan
Qarabağda, Şərqi Zəngəzurda yaşayır,
çalışır, təhsil alır. Onlardan təqribən
20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə,
doğma torpağına qayıdıblar. Qalanlar isə
müxtəlif işlərdə işləyən vətəndaşlardır.
“Bugünkü reallıq, bugünkü gün, o cümlədən
ədalətin təntənəsidir” söyləyən cənab
İlham Əliyev vildirdi ki, ədalətə inanmaq və onu
təmin etmək lazımdır. Bax, bizim xalqımız həm
ədalətə inanıb, həm də onu təmin edib. Bu
torpaqların sahibləri bizik. Düşməni öz
torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat
qururuq.
Səfər
çərçivəsində Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin
təməlini qoydu. Qeyd edək ki, işğaldan əvvəl
Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah,
20-dən artıq tarixi-memarlıq abidəsi olub.
İşğal dövründə digər ərazilərimizdə
olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər
tərəfindən məhv edilib. Torpaqlarımızın
işğaldan azad edilməsindən sonra Qarabağın və
Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin
bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan
dövləti tərəfindən mühüm işlər
görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı
kəndində inşa edilən, Şuşa məscidinin bənzəri
olan məscidi qeyd etmək olar.
Cəbrayıl
şəhərində ikinci və üçüncü
yaşayış komplekslərinin təməli də qoyuldu. Hər iki kompleks müasir
standartlara uyğun şəkildə tikiləcək, zəruri
sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl
şəhərinin bərpası istiqamətində atılan
növbəti mühüm addım olacaq. Dövlətimizin
başçısı Hacıqabul-Bəhrəmtəpə-Ermənistan
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində
inşa olunan “Şəfəq” Günəş Elektrik
Stansiyasına gedən avtomobil yolunun
açılışında iştirak etdi. Bildirildi ki, IV
texniki dərəcəyə uyğun inşa edilən yolun
ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət
zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası
ötən ilin dekabrında Azərbaycan Prezidentinin
imzaladığı Sərəncama əsasən həyata
keçirilib. Yeni yolun istifadəyə verilməsi bu istiqamətdə
nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə,
əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə
öz töhfəsini verəcək.
İşğaldan
azad edilmiş ərazilərin bərpası prosesində enerji
infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin
təmin edilməsinə xüsusi önəm verilir.
“Yaşıl enerji” zonası elan edilmiş və 10 min meqavat
yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və
Şərqi Zəngəzurda Günəş və külək
enerjisi layihələri sürətlə həyata
keçirilir. Dövlət başçısı İlham
Əliyev Cəbrayıl rayonunun
Şahvəlli kəndində hər birinin gücü 50
meqavat olan “Şəms” və “Üfüq” Günəş
Elektrik stansiyalarının təməlini qoydu. Bu layihə
ölkəmizin yaşıl enerji strategiyasının
mühüm tərkib hissəsidir və Cəbrayıl
rayonunun enerji xəritəsində yeni mərhələnin
başlanğıcını qoyur. Qeyd edək ki, 2024-cü
ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti
arasında 100 MVt gücündə Günəş elektrik
stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin
istehsalı, satışı və istehlakı sahələrində
əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan
Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə
50 MVt gücündə “Üfüq” Günəş Elektrik
Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms”
Günəş Elektrik Stansiyası layihələri üzrə
investisiya müqavilələri bağlayıb. Ötən il Cəbrayıl
rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə
aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin
inkişafı üçün ayrılıb. Bu çərçivədə
“Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox,
“Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan
çox ərazi müəyyən edilib.
Prezident
İlham Əliyev “Şəms” Günəş Elektrik
Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq”
Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində
iştirak etdi. “Şəms” və “Üfüq” Günəş
Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon
kilovat-saat elektrik enerjisinin istehsalı
planlaşdırılır. Bunun nəticəsində hər il
təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi,
atmosferə atılan zərərli emissiyaların isə 96 min
ton azalacağı gözlənilir. Stansiyalarda istehsal ediləcək
elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə,
131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual
ötürülməsi” prinsipi əsasında iri
istehlakçılarla birbaşa bağlanan alqı-satqı
müqavilələri üzrə satılacaq. “Şəms” və
“Üfüq” Günəş Elektrik stansiyalarının
2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Bu layihələrin icrası Şərqi Zəngəzurun
yaşıl enerji mərkəzinə çevrilməsində
Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.
Bir səfər
çərçivəsində görülən işlərə
diqqət yetirdikdə Azərbaycanın iqtisadi və maliyyə
imkanlarının aydın mənzərəsini
görürük. Bunlar dövlətimizin
düşünülmüş və gələcəyə
hesablanmış siyasətinin, təkmil islahatların nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin
çağırışına uyğun olaraq ölkəmiz heç vaxt əldə olunanlarla
kifayətlənmir, daim irəli baxır. Əsas hədəf
azad edilmiş ərazilərimizin bərpasını başa
çatdırmaq, soydaşlarımızı doğma
yurd-yuvalarında daha xoşbəxt, sevincli görməkdir.
Dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin daim qeyd etdiyi kimi, bu gün
biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və
Şərqi Zəngəzura qayıdan soydaşlarımızın
timsalında görürük. Heç vaxt o torpaqlarda
yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə
yaşamış qarabağlılar bu gün Qarabağa
qayıdırlar.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 29 oktyabr, ¹196.- S.2-4.