Böyük Qayıdışın
növbəti mərhələsi
Prezident İlham Əliyevin sözləri ilə desək, Zəngilan Azərbaycanın gələcəyinin
şəhəridir – çünki
burada qurulan hər bina, hər məktəb, hər körpü azadlıq, müasirlik və Vətən sevgisinin ifadəsidir
Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunmaqdadır. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır.
Beş ildir
ki, ata-baba yurdumuzdan azan səsi gəlir, bu ərazilərdə şanlı üçrəngli
Bayrağımız dalğalanır.
Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın
bərpası, quruculuq
işlərinin başa
çatdırılmasıdır. Məqsəd insanların rahat yaşayışını
təmin etməkdir.
Bu gün
Azərbaycan Qarabağ
və Şərqi Zəngəzurda möcüzələr
yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb
viranəyə çevirdiyi
yurd yerlərimiz başdan-başa tikinti-quruculuq
meydanına çevrilib,
beş il əvvələ qədər
bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə
həyat yenidən öz məcrasına qayıdır. Azad edilən yurdlarımız
gündən-günə dirçəldilir,
müasir infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı
şəhər”lər
salınır. Artıq
Qarabağ və Şərqi Zəngəzur
nəhəng tunellərin
çəkildiyi, dünya
miqyaslı dəhlizlərin
salındığı, beynəlxalq
hava limanlarının
tikildiyi, meqalayihələrin
gerçəkləşdirildiyi unikal məkana çevrilib. İşğaldan
azad edilən tarixi torpaqlarımızda görülən bütün
bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında “Bu gün biz
gələcəyi yaradırıq,
öz əllərimizlə
yaradırıq”, söyləyən
cənab İlham Əliyev bildirir ki, bu istiqamətdə
qarşıya qoyulan bütün hədəflər
təmin edilir. O cümlədən də
30 il ərzində əziyyət, mənəvi
əzab içində
yaşamış köçkünlərin
qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün
mühüm layihələr
gerçəkləşdirilir.
Məlumdur ki,
Böyük Qayıdış
prosesinə məhz Zəngilanda start verildi. 2022-ci ilin 27 may tarixində, Azərbaycan xalqının
Müstəqillik Günü
ərəfəsində Zəngilan
rayonunun Ağalı kəndində “ağıllı
kənd” layihəsinin
birinci mərhələsi
üzrə açılış
mərasimi baş tutdu. Birinci mərhələdə Yeni
Ağalı kəndinə
41 ailə köçürüldü.
Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. Ali Baş Komandanımız
cənab İlham Əliyev Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən
göyərçin abidə-fəvvarə
kompleksi işə saldı. Bu gün Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi,
əlavə evlərin
inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi
də nəzərdə
tutulur. Məşğulluq,
məktəb, bağça,
tibb məntəqəsi,
bütün xidmətlər
– “ASAN”, “DOST”, kiçik və
orta biznesə dəstək xidmətləri
mövcuddur. Qarabağın
“yaşıl enerji zonası”na çevrilməsi
prosesində Zəngilanın
xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində
fəal işlər gedir. Bu şəhərin
Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi
icra edilməkdədir.
Oktyabrın 28-də Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Məmmədbəyli
və Ağalı kəndlərinin sakinləri
ilə görüşdü.
Dövlətimizin başçısı
kəndlərə köçən
sakinlərə mənzillərin
açarlarını təqdim
etdi. Bildirdi ki, Ağalı kəndində əlavə
100 ailə yerləşəcək:
“Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin
sakinləri üçün
çox sevincli bir gündür. Ağalı kəndində
əlavə 100 ailə
yerləşəcək. Ağalının
hüdudları demək
olar ki, daha da böyük
olur. Məmmədbəyli
kəndində isə
180 ailə üçün
gözəl evlər,
yaraşıqlı binalar
inşa edilib. Mən bilirəm ki, siz bu
gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz.
Ancaq əlbəttə
ki, gələn günlər ərzində
burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız”.
Prezident İlham
Əliyev Zəngilan şəhərində 104 mənzilli
yaşayış kompleksində
görülmüş işlərlə
də tanış oldu. Dövlətimizin başçısına məlumat
verildi ki, 12 binadan ibarət yaşayış kompleksinin
ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli,
4-ü isə üçmərtəbəlidir.
Hazırda binaların
daxili bəzək işləri yekunlaşıb.
Kompleksdəki binaların
inşasında müasir
memarlıq yanaşmaları
əsas götürülüb.
Ərazidə uşaq
və idman meydançaları quraşdırılıb.
Məhəllədə 6 yerüstü
və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma
məntəqəsi də
nəzərdə tutulub.
Yaşayış kompleksinin
ərazisində yeraltı
su anbarları tikilib, transformator da quraşdırılıb.
Kompleks şəhərin
mərkəzi hissəsində,
məktəb, uşaq
bağçası və
parkın yaxınlığında,
orta sıxlıqlı
və çoxfunksiyalı
zonada yerləşir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər
Kabineti 2023-cü ilin
30 oktyabrında “Zəngilan
şəhərinin 2040-cı ilədək inkişafına
dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük
vəsait ayrılıb
və bir neçə yaşayış
layihəsi icra edilməkdədir. Zəngilan
şəhərinin ilk
sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
Şəhərin Baş
planı əsasında
müasir yollar, körpülər, məktəblər,
xəstəxanalar, mədəniyyət
mərkəzləri, parklar
və yaşayış
massivləri tikilir. Zəngilan Hava Limanının istifadəyə
verilməsi regionun həm Qarabağ, həm də Şərqi Zəngəzur
iqtisadi rayonunun dünyaya açılan hava qapısıdır. Zəngilan təkcə təbii gözəlliyi ilə deyil, həm də strateji mövqeyi ilə mühüm əhəmiyyət daşıyır.
Buradan keçəcək
Zəngəzur dəhlizi
Azərbaycanın geosiyasi
rolunu gücləndirəcək,
Türk dünyasının
birləşməsi baxımından
yeni imkanlar yaradacaq. Bu, həm regional iqtisadi inteqrasiyanın, həm də xalqlar arasında mədəni əlaqələrin
dərinləşməsi deməkdir.
Bütün bunlar Prezident İlham Əliyevin dediyi “Zəngilan Azərbaycanın
gələcəyinin modelidir”
fikrinin gerçəkliyə
çevrildiyini göstərir.
Sevinc Azadi
İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.6.