Tarixi mövzuda film
çəkmək istəyən sənətkar
Xalq artisti
Kazım Abdullayev: Hər səhnəyə çıxandan aktyor olmaz
Qısa arayış:
Kazım Ənvər oğlu Abdullayev 1953-cü il aprel ayının 6-da Bakı şəhərinin
Balaxanı qəsəbəsində
anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Kino aktyorluğu fakültəsini
bitirib. Sumqayıt Dövlət Dram Teatrında, Bakı Bələdiyyə Teatrında
çalışıb. Artıq
20 ildən çoxdur
ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
fəaliyyət göstərir.
Teatrla yanaşı, kino sahəsində də çalışan Kazım Abdullayev “Arvadım mənim, uşaqlarım mənim” (Şamil), “İsmayıl bəyin mücrüsü”
(Ata), “Qorxma, mən səninləyəm”
(Məmməd), “Atları
yəhərləyin” (Qurd
Kərim), “Alman klinikasına qeyri-rəsmi
səfər” (Qafarov),
“Yük” (Aktyor), “Sonuncu döyüş” (Polis mayoru), “Milli bomba” (Referat)
və digər filmlərdə, eləcə
də seriallarda yaddaqalan rollara imza atıb. O, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 2019-cu ildə isə Xalq artisti
fəxri adlarına layiq görülüb. 2023-ci
ildən Prezidentin fərdi təqaüdçüsüdür.
Beləliklə, müsahibimiz
Kazım Abdullayevdir.
-Tanınmış teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun
tələbəsi olmusunuz.
Onu neçə xatırlayırsınız?
-Mən Adil müəllimi ilk dəfə 1970-ci ildə, yəni M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul imtahanı verəndə görmüşəm. Tale elə gərirdi ki, o, mənim kurs rəhbərim oldu. Onu da deyim ki, Adil İsgəndərov kursuna 12 nəfər qəbul etmişdi, özü də onların hər birini özü seçmişdi. Yeri gəlmişkən, həmin 12 nəfərdən 3-ü Xalq artisti, qalanları isə Əməkdar artist adına layiq görülüblər. Bəli, mən bu sənətin əlifbasını ondan öyrənmişəm. Adil İsgəndərov çox tələbkar bir müəllim idi. O, həftədə bir dəfə məktəbə gələrdi. Bu da səbəbsiz deyildi. Çünki Adil müəllim o illərdə “Azərbaycanfilm” Kinostudiyasının direktoru idi, orada kinoaktyor studiyası açmışdı. Hətta bizə demişdi ki, təyinatlarımızı kinostudiyaya götürək. Amma iş elə gətirdi ki, diplom tamaşamızın təqdimatı günü Adil müəllimi kinostudiyadakı vəzifəsindən azad etdilər. Tamaşadan sonra çıxış edən Adil müəllim hamımızı təbrik etdi və dedi ki, uşaqlar, bağışlayın, sizin üçün nəsə edə bilmədim, bilsəydim belə olacaq, əvvəldən sizin iş əmrlərinizi verərdim. Təzə rəhbərlik bizə lazım deyilsiniz dedi. Biz də hərəmiz bir tərəfə dağılışdıq.
- Sizin yaradıcılığınızda Sumqayıt Dövlət Dram Teatrı, Bələdiyyə Teatrı
və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
yer alıb. Onlardan hansı sizə daha doğmadır?
- Mənim professional
səhnə fəaliyyətim
Sumqayıt Dövlət
Dram Teatrı ilə bağlıdır.
Özü də bu teatrın səhnəsində ilk rolum “Komsomol” poemasındakı Şahsuvar
olub. (Sovet dönəmində, yəni
1968-ci ildə Balaxanı
Xalq Teatrında da bu rolu
ifa etmişəm). Bu mənada bu teatr mənə
çox doğmadır.
Onu da deyim
ki, Kino aktyorluğu fakultəsini bitirdiyim üçün kinonu daha çox
sevirdim. Amma tale elə gətirdi ki, mən teatra daha çox
bağlandım. Sumqayıt
Dövlət Dram Teatrında 20 il fəaliyyət göstərmişəm.
Məni bir aktyor kimi məhz bu teatr tanıdıb. Burada 60-a
yaxın rol canlandırmışam. Orada çalışanda
kinostudiya ilə əlaqələri pozmadım, dublyajlara
gedib-gəldim, filmlərə çəkildim. Amma Bakıda
yaşadığım üçün Sumqayıta gedib-gəlmək
mənə bir qədər çətinliklər
yaradırdı. Nə gizlədim, o zaman həmin teatrdan
aldığım məvacib yola gedirdi. Odur ki, Bələdiyyə
Teatrının rəhbəri Amaliya Pənahovaya müraciət
etdim. O da məmnuniyyətlə məni teatra qəbul etdi.
1996–2004-cü illərdə Bakı Bələdiyyə
Teatrında çalışdım. Bu teatrın səhnəsində
10-a yaxın tamaşada ("Nadir şah"da Şah Təhmaz, "Dəli Domrul"da Dəli Dondar, "Tomris"də
Kir, "Dönüş"də Mirzə Camal,
"Ölülər"də Şeyx Əhməd,
"Domoklun qılıncı"nda Aptekçi və s.)
baş rolda oynamışam. Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının səhnəsində oynamaq arzum idi. Elə
bu arzu da məni bu sənət məbədinə gətirdi.
Amma iş elə gətirdi ki, müəyyən səbəblərdən
düz iki il bu teatrda maaşsız fəaliyyət göstərdim.
Artıq 20 ildir ki, bu teatrın səhnəsindəyəm. Bu
illər ərzində burada 40-dan çox rolda
çıxış etmişəm.
-İndiyədək oynadığınız
hansı rolunuz və
yaxud rollarınız sizə daha çox şöhrət
qazandırıb?
-İlk növbədə Şamo
Arifin «Qınamayın məni» tamaşasındakı
kişilik mücəssəməsi sayılan Kəlbi Kəhəri
qeyd etmək istərdim. Amma məni ən çox tanıdan
Hüseyn Cavidin “Afət” tamaşasındakı Ərtoğrul
obrazı olub. (Onu da deyim ki, 1982-ci ilə Sumqayıt Dövlət
Dram Teatrında hazırlanmış bu tamaşanın rejissoru
Oruc Qurbanov idi. Allah rəhmət eləsin). Hətta deyərdim
ki, o rol mənim sənət aləmimin vizit kartoçkası
olub. Bir də... Rövşən
Almuradlının quruluş verdiyi V. Sergeyevin “Bağlı
qapı arxasında iki nəfər” tamaşası. Amma təəssüf
ki, Qızıl Fonda daxil edilmiş son iki tamaşanın
heç birinin lent yazısı saxlanılmayıb.
-50 ildən çox səhnədə olan Kazım Abdullayev
bugünümüzün teat və kino aləmini necə
xarakterizə edərdi?
-Kinonun vəziyyəti bəllidir. Kino
bizdə az çəkilir. Çəkilənlər də
sovet dönəmində çəkilənlərin yerini verə
bilmir. Bu da bilirsiniz nədən qaynaqlanır? Bizim o dahi
rejissorlarımız öz tələbələrini
yetişdirmədilər.
Yetişdirdilərsə də, onların sayı az oldu.
Məsələn, mən bu gün onlardan birinin, Elxan Cəfərovun
adını çəkə bilərəm. Teatrımızda
da bu gün əgər belə demək mümkünsə,
rejissor qıtlığı var. Mən bura dramaturq
qıtlığını da əlavə edərdim. Amma
kinomuzla müqayisədə teatrımız irəlidədir,
kifayət qədər də tamaşaçısı var. Məsələn,
hazırda çalışdığım Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının
tamaşaçı sarıdan korluq çəkməməsi
dediklərimin sübutudur.
- Dublyaj da ayrıca bir sənətdir.
Xeyli sayda filmin dublyajında iştirak etmisiniz. Hind aktyoru
Amitabh Baççanı, Hollivud aktyoru Silvestr Stalloneni, 45
seriyalı “Həzrət Yüsif” filmində kahini və s. səsləndirmisiniz.
Bəs bu barədə nələr deyə bilərsiniz?
-Bəri başdan deyim ki, mən 2 mindən çox filmin
dublyajında iştirak etmişəm. Amma nə yazıq ki,
bizdə dublyajla məşğul olanlara digər ölkələrlə
müqayisədə çox az vəsait ayrılır. Məsələn,
2019-cu ildə mən iki seriyalı bir hind filminin dublyajında
iştirak etdim və bir neçə rolu səsləndirdim.
Axırda məvacib alanda nə görsəm yaxşdır: 25
manat. Sözün düzü, ondan sonra dublyajlardan imtina etdim.
Amma nə gizlədim. Sonradan gördüm ki, dublyajdan kənarda
qalmaq məni narahat edir. Odur ki, son illər “CineSalam production”la
əməkdaşlıq etmək qərarına gəldim.
-Aktyorların bir çoxu ürəyindən
əməliyyat olunub. Siz də…
-Bilirsinizmi, aktyorlar bütün rolları
ürəklərindən keçirirlər. Ürək bəzən
bu ağırlığa dözmür. Bəli, 2019-cu ildə
mənim də ürəyimdə açıq əməliyyat
keçirilib. Buna baxmayaraq yenə də iş
başındayam. Bu da mənim hələ ki tələb olunan
aktyor olmağımdan irəli gəlir. Görəndə ki, mənə
rol verən yoxdur, telefonuma zəng gəlmir, o zaman sənət
aləmindən uzaqlaşacağam.
-Yeri gəlmişkən,
hazırda Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının
rerertuarındakı hansı tamaşalarda rollarınız var?
-“Qarabağnamə”də İbrahim xan, “Baş”da Bakı xanı Hüseynqulu xan,
“Ölülər”də Hacı Həsən ağa,
“İblis”də İxtiyar, “Sehirbazlar dərəsi”ndə
İbrahim ağa, “Xanuma”da Makar və sair.
-Əməyinizin dəyərləndirilməsindən
razısınızmı?
- Bəri başdan deyim ki, ölkəmizdə incəsənət
xadimlərinə yetərincə qayğı göstərilir.
Onların dövlət təltifləri ilə
mükafatlandırılması, həmçinin sosial vəziyyətlərinin
yaxşılaşdırılması üçün digər
müxtəlif proqramların həyata keçirilməsi bu
qayğının bariz nümunəsidir. Bu mənada mən də
dövlətimizin incəsənət xadimlərinə verdiyi
qiyməti yüksək dəyərləndirirəm. Şəxsən
mənə gəldikdə 2002-ci ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 2019-cu ildə Xalq
artisti fəxri adlarına layiq görülmüşəm. Dəfələrlə
Prezident Mükafatı almışam. 2023-ci ildən Prezidentin
fərdi təqaüdçüsüsüyəm.
-Sənət aləmində
başınıza gələn
bir maraqlı hadisədən söz
açmağınızı istərdik.
- "Atları yəhərləyin"
filmində Qurd Kərim roluna çəkilirdim.
Həmin filmin çəkilişlərində Nəbi rolunu
canlandıran Xalq artisti Həsənağa Turabov ssenariyə
uyğun olaraq mənə sillə vurmalı idi. Boyca ondan hündür idim, həm də
rejissor elə yer seçmişdi ki, ondan yüksəkdə
dayanırdım. Silləni rahat vura bilməsi
üçün ayağının altına daş qoymaq qərarına
gəldilər. Rejissor göstəriş verdikdə sillənin
üzümə doğru gəldiyini görüb dərhal geri
çəkildim. Həsənağa Turabovun əli boşa
getdiyindən yerə yıxıldı. O, məni yenidən
vuranda özümü sıxdım, yəni yerimdən tərpənmədim.
Rəhmətlik ikinci dəfə elə sillə vurdu ki,
gözlərimdən alov çıxdı.
-Yeri gəlmişkən, siz ən çox mənfi
obrazları canlandırırsınız.
-Bu və ya digər
rol veriləndə mən onun mənfi, müsbətliyinə
fikir vermirəm. Mənim işim tapşırılan rolun
öhdəsindən gəlməkdir. Yəni, həmin
insanın xarakterini tamaşaçıya
çatdırmaqdır. Amma son vaxtlar seriallarda müsbət
rollara çəkilirəm.
-Niyə indiyədək
təcrübənizi tələbələrlə
bölüşməmisiniz?
-Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə dəvət
olunmuşam, amma təklifi qəbul etmədim. Ona görə
yox ki, pedaqoji sahə çətindir. Əvvəla vaxtım,
ikincisi hövsələm yoxdur. Odur ki, mən yalnız öz
sənətimə üstünlük verirəm.
-Sabah deyəcəklər ki Kazım
müəllimin tələbəsi olmayıb. Bu, sizi narahat
etmir?
-...
-Son illər həyat tarixçənizə həkk olunmuş
hansı hadisədən söz açmaq istərdiniz?
-44 gün davam edən Vətən müharibəsində Azərbaycan
Silahlı Qüvvələri bütün istiqamətlərdə
rəşadət göstərdilər. Xüsusilə
Şuşa istiqamətində. Yəni, orada əsgər və
zabitlərimiz heç bir yüksək texnoloji vasitələrdən
istifadə edilmədən əlbəyaxa, bıçaq və
fərdi silahların tətbiqi ilə şəhəri azad
etdilər. Şübhəsiz,
xüsusi təyinatlı qüvvələrimizin peşəkarlıqla
Şuşanın azad etmələri dünya hərb tarixinin ən
şanlı səhifələrindəndir. Həmin gün mənim
həyat tarixçəmə, əgər belə demək
mümkünsə, qızıl hərflərlə
yazılıb. Yeri gəlmişkən, bu yaxınlarda
Şuşada olarkən əsgərlərimizin
dırmaşdıqları sıldırım qayaları nəzərdən
keçirdim. Bir daha əmin oldum ki, əsgərlərimiz həqiqətən
də tarixi Zəfər əldə ediblər. Hə, bir də
orada mən “Mən, Lalə və Şerlok Holms”
serialının çəkilişlərindı iştirak
etdim və İbrahim xanın atası Pənahəli xan rolunu
canlandırdım.
-Sizcə, nə əcəb indiyədək
XVIII əsrdə Qarabağ xanlığının mərkəzi
olan Şuşada baş vermiş tarixi hadisələrdən və
Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət
həyatından bəhs edən “Qarabağnamə”
tamaşası Şuşada nümayiş olunmayıb?
-Bəri başdan deyim ki, ənənəvi olaraq Akademik Milli Dram
Teatrında mövsümün açılış və
bağlanış mərasimləri “Qarabağnamə”
tamaşası ilə olur. Bu tamaşa Xalq
yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və
qızı” pyesi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissor Mərahim Fərzəlibəyovdur.
O ki qaldı həmin tamaşanın Şuşada indiyədək
nümayiş olunmamasına, həmin tamaşada 20 ilə
yaxıdır ki, İbrahim xan rolundayam. Güman edirəm ki,
bu arzum reallaşar.
- İndi
verəcəyim suallar
çaparaq olacaq. Siz də elə həmin şəkildə
cavab verməyə çalışın...
-Aktyor olmasaydınız hansı peşəni
seçərdiniz?
-Təyyarəçi olardım.
-Hansı şairləri mütaliə edirsiniz?
-Bəxtiyar Vahabzadəni,
Ramiz Rövşəni, Məmməd
Arazı, Musa Yaqubu.
-Həyata ən böyük təsəlliniz?
-İş.
-Həyatınızı kitab kimi
vərəqləsəniz, ən çox
hansı illərdə dayanıb xatirələrə
dalarsınız?
-Cavanlıq illərimdə.
-Hansı rejissorun qarşısında baş
əyərdiniz?
-Əgər sağ olsaydı, Adil İsgəndərovun.
İndikilərə də hörmətim var.
-Səhnə sizin üçün nədir?
-Həyat.
-Darıxanda hansı mahnını zümzümə
edirsiniz?
-“Küçələrə su səpmişəm” xalq
mahnısını.
-Bəy verən atın dişinə
baxmazlar, bəs rejissor verən rolun nəyinə baxmazlar?
-Əgər rejissor məni hansısa rolda
görübsə, onu oynamalıyam. Mən rejissorların demək
olar ki, hamısı ilə dostluq edirəm. Hələ indiyədək
onların heç birinə deməmişəm ki, mənə
filan rolu verin.
-Hər oxuyan Molla Pənah olmaz, bəs
hər səhnəyə çıxan şəxs aktyor ola bilərmi?
- Hər səhnəyə çıxandan da aktyor olmaz.
-Səsinə vurulduğunuz
aktyorlar kimlərdir?
-Səməndər Rzayev, Şahmar Ələkbərov,
Müxlis Canızadə, Həsən Əbluc, Həsənağa
Turabov.
-İmkan olsaydı nəyə vəsait
qoyardınız?
-Kino çəkərdim. Özü də tarixi
mövzuda.
-Həyatda rejissorunuz kimdir?
-Özüm.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 31 oktyabr, ¹198.-
S.8.