ŞƏT çərçivəsində
əməkdaşlıq Azərbaycanın
regional liderliyini daha
da möhkəmləndirir
Azərbaycan Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) ilə fəal və dinamik əməkdaşlıq
formatı quraraq, bu münasibətləri
qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq
əsasında inkişaf etdirir. Bu əməkdaşlıq
çərçivəsində ölkəmiz təkcə
regional deyil, qlobal səviyyədə də sülhə,
sabitliyə və davamlı inkişafa töhfə verməyə
çalışır. İclasda qəbul edilən strateji sənədlər
paketi, xüsusilə də Tiencin Bəyannaməsi, artan
geosiyasi qeyri-sabitlik fonunda beynəlxalq münasibətlər
üçün yeni və ədalətli qaydaların
formalaşmasına xidmət edir.
Milli Məclisin deputatı Azər Allahverənov
“İki sahil” TV-yə müsahibəsində Tiencin Bəyannaməsinin
mahiyyəti və əhəmiyyəti barədə fikirlərini
bölüşərək bildirdi ki, bu sənəd yalnız
ŞƏT-in gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmir, eyni zamanda, beynəlxalq
münasibətlərdə ədalətli və çoxtərəfli
yanaşmanın gücləndirilməsi baxımından
mühüm mesaj verir.
- Azər müəllim, Tiencin Bəyannaməsi
Azərbaycanın beynəlxalq siyasətindəki mövqeyinə hansı təsiri
göstərə bilər?
- Tiencin Bəyannaməsi Azərbaycanın beynəlxalq siyasətdə mövqeyinə bir neçə mühüm istiqamətdə müsbət təsir göstərə bilər. Deyə bilərəm ki, bu sənədin əsas müddəaları dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmə kimi prinsiplərə əsaslanır. Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olmasa da, Tiencin Bəyannaməsində əksini tapan əsas prinsiplər ölkəmizin xarici siyasət kursu ilə tam uzlaşır. Xüsusilə dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi Azərbaycanın beynəlxalq münasibətlərdə daim müdafiə etdiyi əsas mövqelərdən biridir. Rəsmi Bakı bu prinsipi həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə tətbiq edir. Bəyannamədə qeyd olunan güc tətbiqindən çəkinmək prinsipi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Ölkəmiz dəfələrlə bəyan edib ki, hərbi gücdən yalnız beynəlxalq hüququn tələblərinə uyğun olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə istifadə edir. Bu kontekstdə, ŞƏT-in qəbul etdiyi strateji sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə paralelliklər aydın şəkildə nəzərə çarpır.
- ŞƏT İnkişaf Bankı Azərbaycanın
infrastruktur layihələrinə hansı konkret imkanları təqdim
edə bilər?
- Bəyannamədə qeyd olunan nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq istiqamətləri ölkəmiz üçün yeni imkanlar yaradır. Xüsusilə Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin inkişafı Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artıracaq. ŞƏT İnkişaf Bankının yaradılması Azərbaycanın iqtisadi və infrastruktur baxımından strateji layihələrinə yeni imkanlar və maliyyə resursları təqdim edə bilər. Bu bank vasitəsilə ölkəmiz nəqliyyat-logistika, enerji, kommunikasiya və rəqəmsal infrastruktur sahələrində həyata keçirdiyi iri layihələr üçün güzəştli kreditlər və texniki dəstək ala bilər. Tiencin Bəyannaməsi çərçivəsində Transxəzər nəqliyyat dəhlizinin inkişafı üçün bir sıra mühüm addımların atılması mümkündür. Bu addımlar sırasında dəhliz boyunca logistika və gömrük sistemlərinin rəqəmsallaşdırılması, iştirakçı ölkələr arasında yükdaşıma prosedurlarının sadələşdirilməsi və tranzit müddətlərinin qısaldılması əsas yer tutur. Bundan əlavə, dəhliz boyunca təhlükəsizlik və infrastrukturun modernləşdirilməsi məqsədilə birgə investisiya layihələrinin reallaşdırılması da gündəmə gətirilə bilər.
- Prezident İlham Əliyevin Çin Xalq
Respublikasının Sədri Si Cinpinlə
görüşü zamanı “Bir kəmər, bir yol” layihəsi
və Transxəzər marşrutu xüsusi vurğulandı.
Sizcə, bu əməkdaşlıq Azərbaycanın regional və
qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsinə
hansı strateji üstünlükləri qazandıra bilər?
- Görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü və Transxəzər nəqliyyat marşrutunun xüsusi vurğulanması, Azərbaycanın regional və qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi baxımından mühüm strateji üstünlüklər vəd edir. Bu əməkdaşlıq, ilk növbədə, ölkəmizin tranzit potensialının əhəmiyyətli dərəcədə artmasına xidmət edir. Azərbaycanın coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ilə nəqliyyat və logistika baxımından unikal imkanlar yaradır.
Bununla yanaşı, Transxəzər marşrutu çərçivəsində həyata keçirilən infrastruktur layihələri Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat-logistika obyektləri Azərbaycanın bölgədə əsas yükdaşıma mərkəzinə çevrilməsini sürətləndirir. Bu isə ölkəmizə yeni iqtisadi dividendlər qazandırır, qeyri-neft sektorunun, xüsusilə logistika və xidmət sahələrinin inkişafına təkan verir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın geosiyasi çəkisini artırır. Azərbaycan artıq təkcə enerji ölkəsi kimi deyil, həm də regionları birləşdirən strateji nəqliyyat və ticarət körpüsü kimi tanınmağa başlayıb. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin ilə əlaqələrin dərinləşməsi ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və onu yeni bazarlara çıxış baxımından əlverişli tərəfdaşa çevirir.
- Azər müəllim, Azərbaycan Prezident
İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol
Paşinyanın ŞƏT Sammiti çərçivəsində
görüşü sülh gündəliyinə yeni dinamika gətirdi.
Sizcə, bu dialoq Azərbaycanın qalib mövqeyini qorumaqla
yanaşı, regionda davamlı sabitliyin təmin olunmasına
hansı strateji imkanlar açır?
- ŞƏT Sammiti çərçivəsində baş tutan görüş sülh gündəliyinə mühüm siyasi impuls verdi. Bu dialoq, ilk növbədə, Azərbaycanın post-münaqişə dövründə irəli sürdüyü realist və beynəlxalq hüquqa əsaslanan mövqeyin davamlı olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin apardığı prinsipial və konstruktiv siyasət göstərdi ki, regionda davamlı sabitlik yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması fonunda mümkündür. Bu görüş həm də beynəlxalq təşkilatların vasitəçiliyi olmadan, iki ölkənin birbaşa təmaslar yolu ilə danışıqlar aparmasına yeni təkan verdi. Bu isə sülh prosesinin daha effektiv və real nəticəyə yönəlik aparılmasına şərait yaradır. Eyni zamanda, Azərbaycanın qalib tərəf kimi dialoqa açıq olması region dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və ölkəmizin sülhə sadiqliyini təsdiqləyir. Strateji baxımdan isə bu dialoq regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimad mühitinin yaradılması üçün yeni imkanlar açır. Bu da nəticə etibarilə Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.
- Prezident İlham Əliyevlə Pakistanın
Baş naziri Məhəmməd Şahbaz Şərifin
görüşündə qardaşlıq üzərində
qurulan strateji əməkdaşlıq xüsusi
vurğulandı. Sizcə, Azərbaycan-Pakistan münasibətlərinin
bu səviyyəsi regionda yeni geosiyasi balansın
formalaşmasına necə təsir göstərə bilər?
- Hər iki dövlət xadimi arasında keçirilən görüşdə qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş strateji əməkdaşlığın xüsusi vurğulanması, Azərbaycan-Pakistan münasibətlərinin təkcə ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal geosiyasi kontekstdə artan əhəmiyyətini ortaya qoyur. Bu münasibətlər Cənubi Qafqazdan Cənubi Asiyaya uzanan strateji bir əməkdaşlıq xətti formalaşdırır ki, bu da regionda yeni güc mərkəzlərinin meydana çıxmasına şərait yaradır. Pakistanın Azərbaycanın ədalətli mövqeyinə hər zaman birmənalı dəstəyi, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrlərdə Ermənistanın təcavüzkar siyasətinə qarşı sərgilədiyi qətiyyətli münasibət, bu əlaqələrin nə qədər dərin və sarsılmaz olduğunu sübut edir. Digər tərəfdən, Azərbaycanın da Hindistan-Pakistan gərginliyi zamanı İslamabadı dəstəkləməsi, iki ölkə arasında həmrəylik prinsipinə əsaslanan qarşılıqlı siyasi dəstəyin təzahürüdür.
Geosiyasi baxımdan, bu strateji yaxınlıq həm də beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə mövqe sərgiləməklə, balanslaşdırılmış güc münasibətlərinə təsir göstərir. Xüsusilə Hindistanın Azərbaycanın mövqeyinə qarşı beynəlxalq təşkilatlarda qisasçı yanaşma sərgiləməsi fonunda, Pakistanla daha sıx əməkdaşlıq Bakı üçün regional təhlükəsizlik və diplomatik manevr imkanlarını artırır. Beləliklə, Azərbaycan-Pakistan münasibətləri regionda yeni geosiyasi balansın formalaşmasına, eləcə də müsəlman dünyası daxilində strateji həmrəyliyin güclənməsinə mühüm töhfə verir.
- Azərbaycan və
Türkiyə liderləri arasındakı
görüşdə enerji və nəqliyyat sahələrində
əməkdaşlığın genişlənməsi
vurğulandı. Sizcə, SOCAR ilə "BOTAŞ"
arasında strateji əməkdaşlıq və
Qars-İğdır-Dilucu dəmir yolu kimi layihələr Azərbaycanın
regional liderliyini enerji təhlükəsizliyi, tranzit
potensialı və geosiyasi mövqeyi baxımından hansı
konkret istiqamətlərdə daha da gücləndirə bilər?
- Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə müzakirə olunan enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq, xüsusilə SOCAR ilə "BOTAŞ" arasında strateji tərəfdaşlıq və Qars-İğdır-Dilucu dəmir yolu layihəsi Azərbaycanın regional liderliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. SOCAR-BOTAŞ əməkdaşlığı təkcə iki qardaş ölkə arasında enerji əməkdaşlığını dərinləşdirmir, eyni zamanda Azərbaycanın enerji resurslarının Türkiyə və Avropa bazarlarına daha təhlükəsiz və dayanıqlı şəkildə çatdırılmasını təmin edir. Bu da ölkəmizin enerji təhlükəsizliyi və ixrac imkanları baxımından strateji üstünlüklərini artırır. Digər tərəfdən, Qars-İğdır-Dilucu dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində atılan önəmli addımlardandır. Bu marşrut həm Zəngəzur dəhlizi ilə inteqrasiya imkanlarına yol açır, həm də Orta Dəhliz üzərindən Asiya və Avropa arasında yüklərin daha səmərəli və sürətli şəkildə daşınmasını təmin edir. Beləliklə, bu layihələr Azərbaycanın həm enerji, həm də nəqliyyat sahələrində regional və qlobal aktor kimi çıxış etməsinə, geosiyasi çəkisinin və iqtisadi təsir imkanlarının daha da artmasına şərait yaradır.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 6 sentyabr, ¹159.- S.6.