«Dəmir
yumruq»:
Milli birliyimizin, həmrəyliyimizin
rəmzi
Xalqımızın yaddaşında
ulularımızdan bizə ərməğan qalan milli həmrəylik
sayəsində əsrlərdən bəri
varlığımızı qorumuşuq. Ən qiymətli mənəvi
sərvətimiz olan bu birlik bizi yadellilərin hücumlarından
qorumuş, Vətənə sadiqliyin müqəddəs vəzifə,
olduğunu öyrətmiş, bu mirasa sahibliyimizin vətəndaşlıq
borcumuz olduğunu yaddaşımızda əbədi
yazmışdır. Ən çətin məqamlarda belə
el ağsaqqalları ətrafında birləşərək,
ulu məsləhətinə əməl edərək
çıxış yolu tapan xalqımız bəlkə də
başqalarında olmayan mütəşəkkillik göstərərək
«Biz varıq və həmişə də olacağıq!»
müqəddəs kəlməsini qürurla söyləmək
haqqını birliyi ilə doğruldub.
Ötən əsrin sonlarında ölkəmizdə yaranan xaos, siyasi qüvvələr arasında qarşıdurmalar, yenicə əldə olunmuş müstəqilliyimizi istəməyən dairələrin müdaxilələri, Kremldəki havadarlarından xeyir-dua alan Ermənistanın torpaqlarımıza təcavüzü… Göründüyü kimi, biri-birindən mürəkkəb, həyati əhəmiyyətli, taleyüklü məsələ olan təhdidlərə qarşı mübarizədə ən etibarlı silah kimi arxalandığımız milli birliyimiz sayəsində qalib gəlmiş, varlığımızı qorumuşuq. Bələdçimiz isə inandığımız liderlərimiz olub.
Müasir, müstəqil Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyev məhz o çətin məqamlarda müdrik şəxsiyyət kimi insanlara yol göstərdi, çıxış yolu axtaran xalqı arxasınca apardı. «Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir» söyləyən Ümimmilli Lider kimi bu qiymətli sərvətə sahib olmağın yollarını da göstərmişdi: «Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.»
…Milli ruhun canlanmasının işartılarını alovlanmamış söndürməyə çalışanlar Naxçıvanda alovlanan «sərhəd hərəkatı»nı boğmaq üçün yollar axtardılar. Azərbaycana hədə-qorxu gəlmək üçün ermənipərəst qüvvələrə dəstək olan SSRİ-nin ilk və sonuncu Prezidenti Mixail Qorbaçovun qısqanclığı üzündən Kremldə tutduğu vəzifəsindən istefaya məcbur edilən fərdi pensiyaçı, müdrik siyasətçi Heydər Əliyev hələ o illərdə imperiya siyasətinin iyrəncliklərini çox gözəl başa düşürdü. Ermənipərəst Kreml mənsublarının SSRİ-nin güc strukturları ilə birgə hazırladıqları plana uyğun Bakıda törədilən 20 Yanvar qırğınlarına etirazını Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək həmyerlilərini səbrli olmağa, milli birliyə səsləyən böyük şəxsiyyət Heydər Əliyev xalqımızın əsrlərdən bəri davam edən imperiya əsarətindən qurtulmaq uğrunda mübarizəsini müstəqilliyə gedən yolun cığırı adlandırdı. O illərdə Azərbaycanın müstəqilliyini bütün varlığı ilə istəyən zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev Bakıya göndərdiyi teleqramla da milli birlik və həmrəyliyin Azərbaycanın tarixində hər zamankından daha vacib və əhəmiyyətli olduğunu bildirmişdi.
Müstəqilliyimizin kövrək, eyni zamanda, daha vacib olduğu məqamda Bakıya qayıdan, Moskvanın əmrlərinə itaət edən Azərbaycan rəhbərliyinin təzyiqləri üzündən, ən başlıcası isə ölkədə gərginliyin yaranmaması səbəbindən doğulub, boya-başa çatdığı Naxçıvana dönən müdrik şəxsiyyət Heydər Əliyev əvvəl sıravi deputat, sonradan həmyerlilərinin yekdil rəyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi apardığı islahatlar, həyata keçirdiyi xilaskarlıq missiyası ilə milli birliyimizi gücləndirən, insanlarda «Biz varıq! Yenilməzik, əbədiyik!» sözlərini daha yüksəkdən, el birliyi ilə söyləmələrinə cəsarət, güc, qüvvət verdi. Ulu Öndərin sədrliyi ilə 1991-cı il dekabrın 16-da keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında hər ilin 31 dekabr tarixinin «Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü» kimi qeyd edilməsi ilə bağlı qərarın qəbulu ilə Azərbaycanda diaspor hərəkatının təməli qoyuldu. Möhtəşəm, düşünülmüş siyasətin məntiqi nəticəsi olan bu qərarın qəbulu ilə təkcə Azərbaycan vətəndaşları deyil, sərhədlərimizdən kənarda, müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımız eyni amal, əqidə, ən əsası isə azərbaycançılıq, milli məfkurə ətrafında birləşdirildi. Muxtar respublikanı Ermənistanın təcavüzündən qorudu. Həmin dövrdə paytaxtda siyasi qüvvələr arasında vəzifə, kreslo uğrunda gedən mübarizə qarşısıalınmaz hal kimi müstəqillyimizə real təhlükə yaradırdı. Kremlin satqınları ilə özlərini «azad düşüncəli demokratlar» adlandıran «siyasətçilərin» çəkişməsindən ən çox zərər çəkənlər isə hadisələrin axarında təlatüm içərisində qalan günahsız insanlar idi. O zamanlarda Naxçıvanda yaşasa da, ölkədə baş verənlərin qorxulu sonluğunu müdrikliyi ilə dərk edən Ulu Öndər Heydər Əliyev respublikaya hakimiyyəti zor gücü ilə ələ alan AXC- Müsavat iqtidarının Azərbaycanın müstəqilliyi üçün törədə biləcəyi təhlükələri aydın başa düşürdü. Azərbaycan xalqının Ulu Öndərə ehtiramından, inamından qorxuya düşən AXC-Müsavat cütlüyü Naxçıvanda baş verən hadisələrdən, aparılan islahatlardan, yeniliklərdən təlaşlanırdı. Mövcud iqtidarın səbatsızlığı ilə müqayisədə xalqımız üçün daha əhəmiyyətli olan bu islahatların bütün Azərbaycanda tətbiqini istəyən respublika sakinləri ümid yeri kimi Naxçıvana gəlir, Ulu Öndərlə dərdləşir, ondan imdad diləyirdilər. Xalqımızın milli birliyinin sarsılmazlıq nümunəsi olan bu kim halları «Bu gün Litvadan gələn müxbirlərdən birinci onu soruşdum ki, nə üçün buraya gəlibsiniz. Deyir, gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün buraya gəlmisiniz, məndən nə istəyirsiniz, nə olub ki. Cavab verir ki, bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda gedir. Bunu biz eşitmişik, ona görə də Naxçıvan gəlmişik.»
Təbii ki, bu kimi hallar insanları təşvişdə saxlayan, ölkənin sərvətini dağıdan səbatsızların xoşuna gəlmirdi. Ona görə də 1992-ci ilin oktyabr ayında Naxçıvan Xalq Cəbhəsi rəhbərlərinin tabeliyində olan, Ulu Öndərə qarşı fikziki təsir göstərməyə çalışan qanunsuz silahlı dəstələr muxtar respublikada dövlət çevrilişinə cəhd etdilər. Yerli «cəbhəçilərə» dəstək məqsədilə Naxçıvana təyyarə vasitəsilə əlavə silahlı quldurlar göndərildi. Amma naxçıvanlılar el birliyi ilə qaragüruhçulara müqavimət göstərdilər. O hadisələr bir daha göstərdi ki, milli birliyin, həmrəyliyin qarşısını ala biləcək qüvvə yoxdur. Bakıdan gələn təyyarənin Naxçıvan aeroportuna enməsinə imkan verməyən, Ali Məclisin qarşısına toplaşan 30 mindən artıq yerli sakin xilaskarları Heydər Əliyevi qorudu, üsyançılara el birliyi ilə layiq olduqları cavabı verdi. «Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir» sözləri ilə özlərini «demokrat» adlandıranlara xalq demokratiyasının milli birlikdən qaynaqlandığı dərsini keçən Ulu Öndərin daim xalqa arxalanmaq təcrübəsi növbəti sınaqda da uğur qazandı.
Azərbaycanın müasir, müstəqillik tarixində milli həmrəyliyimizin daha bir sübutu ölkə ziyalılarının «91-lər» imzası ilə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə ünvanladıqları «Azərbaycan Sizin sözünüzü gözləyir!» başlıqlı müraciət oldu. AXC-Müsavat iqtidarının qanunsuz əməllərindən təngə gələn insanların ürəklərindən gələn sözlərin yer aldığı həmin müraciət ölkə vətəndaşlarının ümumi rəyinin ifadəsi, xalqı bir amal, bir lider ətrafında birləşməyə çağırış idi.
Ümumxalq rəyinin ifadəsi olan bu çağırışın məntiqi nəticəsi 1993-cü il 9 iyunda reallaşdı. Xalqın yekdil tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı milli birliyimizi daha da möhkəmləndirdi. Ölkədə siyasi, iqtisadi sabitlik yarandı. Respublika əsl demokratiya yolu ilə dünya birliyinə inteqrasiya etdi. Silahlı birləşmələr ləğv olunsa də AXC-Müsavat iqtidarının tör-töküntüləri «Bəlkə də qaytardılar!» havası ilə xarici emissarların göstərişləri əsasında respublikada dövlət çevrilişlərinə cəhd etdilər. Amma onların qarşısında milli birlik, həmrəylik göstərən xalq sipər oldu. Hakimiyyətdə olduqları qısa müddətdə xalqa əzab-əziyyət verən səbatsızlar əbədi olaraq tarixin arxivinə atıldılar. Azərbaycan yeni konsepsiya əsasında inkişaf etdi. Enerji ehtiyatlarının xarici ölkərə ixracı üçün lazım olan investisiyaların ayrılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri reallaşdı. Cənub Qaz Dəhlizinə bələdçilik etdi. Ölkəmiz əsl demokratik, humanitar siyasət yeridən, sivilizasiyalararası məkan kimi dünyada tanındı. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan islahatlar beynəlxalq ictimaiyyətin ölkəmizə marağını artırdı. Respublikada keçirilən siyasi kampaniyalar həqiqi mənada xalqımızın milli birlik və həmrəyliyinin ifadəsi kimi beynəlxalq müşahidəçilər tərəfindən etiraf edildi.
2003-cü ildə Azərbaycan xalqına tarixi müraciəti ilə liderlik, xilaskarlıq missiyasının ən önəmli səhifəsinə imza atan Ulu Öndər varisi cənab İlham Əliyevi Prezidentiliyə layiq görməsi ilə ölkədə milli birliyin, həmrəyliyin etibarlı əllərə tapşırıldığına əmin oldu.
20 ildən artıq müddətdə Azərbaycanda baş verən yeniliklər, aparılan misli görünməmiş islahatlar, ölkəmizi dünyada siyasi, iqtisadi, hərbi qüdrəti ilə fərqlənən dövlətlər sırasına yüksəltdi. Bir zamanlar Azərbaycana qarşı məkrli kampaniyalar təşkil edənlər belə ölkəmizin dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən dövlət kimi qəbul edir, təcrübəsini öyrənirlər.
Xalqımızın sarsılmaz birliyinin ən möhtəşəm rəmzi 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdir. Ötən ilin sentyabrında Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpasıdır. Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən güclü ordular sırasında yer alması xalq-ordu birliyinin ifadəsidir. Milli birliyimiz müdafiə qüdrətimizi gücləndirən yeni yaranan komando birləşmələridir. Məğlub Ermənistanı imzalamağa məcbur etdiyimiz kapitulyasiya aktıdır. Paytaxtımızda salınan Zəfər Parkıdır. Hələ də düşmənə göz dağı olan Qənimətlər Parkında Ermənistanın «mif»ləşdirdiyi sınıq-salxaq hərbi texnikasıdır.
Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə… Ermənistanın işğalından azad edilmiş bütün şəhər və kəndlərimizdə dalğalanan üçrəngli Dövlət Bayrağımızdır. Füzulidə, Zəngilanda istifadəyə verilən beynəlxalq aeroportlardır. Misli görünməmiş təcrübə əsasında inşa olunan «ağıllı şəhər»lərimiz, «ağıllı kəndləri»mizdir. Xənkəndidə keçirilən hərbi paradımızdır. Bu şəhərdə açılan Qarabağ Universitetidir. Qarabağın və Şərqi Zəngəzurun bərpasında elliklə iştirakımızdır.
Hazırda ən mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Dünya xalqlarını həmrəyliyə çağırışlar Cənubi Qafqazın nadir siyasi sabit ölkəsi sayılan Azərbaycandan səslənir. 120-dən çox ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın həyata keçirdiyi islahatlara, təsisatın daha da güclənməsi naminə Prezident İlham Əliyevin xidmətlərinə beynəlxalq səviyyədə göstərilən dəstəkdir. Bu günlərdə işini yekunlaşdırmış, planetimizə təhlükə olan risklərlə birgə mübarizəyə səsləyən COP29 beynəlxalq tədbirində iştirak edən dövlət və hökumət başçılarının, qonaqların ölkəmizdə gördükləri möhtəşəmliyi etiraf etmələri formalaşan milli kimliyimizin, birliyimizin təsdiqidir.
Milli mənliyimizi, həmrəyliyimizi təsdiqləyən bu sadalananlar və deyilənlərdən daha artıq xatırlanmalı reallıqların hər biri beynəlxalq səviyyədə xalqımıza olan hörmət və etibarı, inamı, etimadı artıran amillərdir. Həmrəyliyimizin qarantı Prezident İlham Əliyevin «Azərbaycan xalqına müraciət edərək yumruq göstərmişdim düşmənə. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Və eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı yumruq kimi birləşib», «Qarabağ Azərbaycandır və nida işarəsi!» sözləridir. «Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, «dəmir yumruq» yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Heç kim onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» xəbərdarlığıdır.
Xuraman İsmayılqızı
İki
sahil.- 2025.- 8
yanvar, №2.- S.10.