Üçtərəfli
əməkdaşlıqda yeni mərhələ:
“Yaşıl Dəhliz
Birliyi”
Azərbaycanın müasir dünya düzənində
qurduğu uğurlu diplomatik münasibətlər
çoxsaylı ölkələrlə iqtisadi əlaqələrimizin
genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq
çərçivəsində yeni imkanlar
açılır. Ölkələrimiz arasında
qardaşlıq münasibətləri daha da möhkəmləndirilir
və yaşıl enerji sahəsində fəal əməkdaşlıq
müsbət dinamika ilə inkişaf edir.
Ötən ilin noyabrında üç
qardaş ölkə arasında imzalanan “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan
Respublikası hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş” əməkdaşlığın
vacib faktorlarından biridir. Sazişin həyata keçirilməsi
məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik
Şəbəkəsi Əməliyyat Şirkəti” və
“Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC
arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin
Bakı şəhərində yaradılmasını nəzərdə
tutan “Təsis Müqaviləsi” imzalanıb. Adıçəkilən
Saziş çərçivəsində “Yaşıl Dəhliz
Birliyi” Birgə Müəssisəsinin yaradılması Mərkəzi
Asiya və Cənubi Qafqaz regionlarının inkişafı
üzrə üçtərəfli əməkdaşlıqda
yeni mərhələnin mühüm tərkib hissəsidir.
“Yaşıl Dəhliz Birliyi” adlı Birgə
Müəssisə yaşıl enerjinin Azərbaycan ərazisindən
keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan
Yaşıl Enerji Dəhlizi”) layihəsinin texniki-iqtisadi əsaslandırmasının
hazırlanmasından irəli gələn zəruri tədbirləri
həyata keçirəcək. Müəssisə regionda bərpaolunan
enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və
beynəlxalq enerji dəhlizlərinin inkişafını
gücləndirmək istiqamətində birgə hədəflərin
həyata keçirilməsinə təkan verəcək.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin
ardıcıl inkişafını, strateji tərəfdaşlıq
və qardaşlıq münasibətlərini, həmçinin
“Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin
yaradılmasının əhəmiyyətini “İki sahil”ə
şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov
bildirib ki, yeni yaradılan birgə müəssisənin əsası
de-fakto olaraq 2022-ci il dekabrın 17-də Buxarestdə
imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan,
Rumıniya və Macarıstan Hökumətləri arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında
Saziş”in icrası ilə əlaqədardır: “Saziş
yaşıl enerji sahəsində atılan mühüm
addımlardandır. Həmin Sazişə əsasən,
artıq bir çox ölkələrin Azərbaycanla əməkdaşlıq
perspektivləri reallaşdırılmaqdadır. Sözügedən
birgə müəssisə öz konseptini bu Saziş əsasında
götürüb. Qeyd etmək yerinə düşər ki,
Sazişin imzalanmasından sonra Mərkəzi Asiya ölkələri
Azərbaycanla bu istiqamətdə əməkdaşlığa
xüsusi maraq göstərirlər. Bununla bağlı Azərbaycan
hökumətinə müxtəlif müraciətlər də
olunmuşdu. Bunun nəticəsi olaraq artıq Mərkəzi
Asiya dövlətləri Azərbaycanın yaşıl enerji
strategiyasına qoşulmaqdadırlar. “Yaşıl Dəhliz
Birliyi” Birgə Müəssisəsinin müsbət tərəflərinə,
perspektivinə gəlincə, ilk növbədə, onu deyə
bilərəm ki, bu addım müttəfiq ölkələrin
təmiz enerji texnologiyalarının və yaşıl
enerjinin inkişafına dəstək olacaq. Azərbaycan,
Qazaxıstan və Özbəkistanın böyük həcmdə
bərpaolunan enerji potensialı vardır. Bu enerji
potensialını real istifadə üçün elektrik
enerjisinə çevirə biləcək birgə sistemlərin
yaradılması mümkün olacaqdır. Eyni zamanda, bu,
regionun ekoloji tarazlığının qorunub
saxlanılmasına, su ehtiyatlarının səmərəli
istifadə olunmasına, çirklənmənin
qarşısının alınmasına öz töhfəsini
verəcəkdir. “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin
yaradılması, həmçinin regiona xarici
invistisiyaların cəlb edilməsi baxımından effektiv
olacaqdır. Birgə müəssisənin iqtisadi səmərəlilik
baxımından da ayrı-ayrı təsərrüfat subyektlərinin
fəaliyyətlərinə müsbət təsirlərinin
olması gözlənilir.”
Qeyd edək ki, Sazişin imzalanması mərasimində
çıxış edən Azərbaycanın energetika naziri
Pərviz Şahbazov layihənin ölkələrimizin enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə, Orta Dəhlizin
inkişafına və həmçinin Azərbaycanın Mərkəzi
Asiya dövlətləri ilə inteqrasiyasının dərinləşməsinə
töhfə verəcəyini bildirib. Qazaxıstanın
energetika naziri Almasadam Satkaliyev və Özbəkistanın
energetika nazirinin müavini Umid Mamadaminov da üç ölkənin
yaşıl enerji tərəfdaşlığının əhəmiyyətindən
bəhs edərək, bu layihənin Avropaya bərpaolunan
enerjinin tədarükü üçün imkanlar
yaratdığını vurğulayıblar.
Xatırladaq ki, Birgə Müəssisənin
idarəetmə sistemi şirkətin ali idarəetmə
orqanı kimi Ümumi Yığıncaq vasitəsilə tənzimlənəcək.
Fəaliyyətə rəhbərlik isə Baş direktor tərəfindən
həyata keçiriləcək. Bu vəzifə hər
üç ildən bir tərəflər arasında bərabər
rotasiya əsasında dəyişdiriləcək. “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan
Respublikası hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş” dövlət
başçıları tərəfindən ötən ilin
13 noyabrında COP29 çərçivəsində
imzalanıb.
Orxan Vahidoğlu
İki
sahil.- 2025.- 10
yanvar, №4.- S.3.