Biz o xalqların yanında olacağıq
Demokratiyadan,
insan hüquqlarından dəm vuran Fransa hazırda Afrika
ölkələrinin bir hissəsini hələ də nəzarətində
saxlayır. Bir neçə dövlət, həmçinin bir neçə
beynəlxalq təşkilat Afrika xalqlarının
hüquqları uğrunda apardıqları mübarizəyə
dəstək verir. Azərbaycan isə Fransanın müstəmləkəçilik
siyasətinə qarşı ən aktiv mübarizə aparan bir ölkə
kimi tanınır.
Hətta
Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə
Fransanın zülmündən əziyyət çəkən
ölkələrin səsini dünya ictimaiyyətinə
çatdırmaq istiqamətində ciddi addımlar atır. Bu
da öz səmərəsini verməkdədir. Ölkəmizin
mənəvi dəstəyi ilə Yeni Kaledoniya, Fransız
Polineziyası, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası və
Reünyon kimi bölgələrin müstəmləkəçiliyin
buraxdığı uzunmüddətli miraslarla mübarizəsini
davam etdirməsi bu faktı bir
daha sübut edir.
Yeri gəlmişkən
qeyd edək ki, 2022-2023-cü illər arasında ardıcıl
olaraq Malidən, Burkina-Fasodan və Nigerdən qovulduqdan,
2024-cü ilin noyabr ayında Seneqalı və Çadı da
tərk etmək tələb olunduqdan sonra fransız ordusu Kot
d'İvuardakı hərbi qüvvələrini kəskin şəkildə
azaldır. Hətta Niger və Burkina-Fasonun ardınca Malidə
də Fransa müstəmləkəçiliyi dövrünə
aid toponimlər dəyişdirilir. Bu isə o deməkdir ki, rəsmi
Bakı düşünülmüş diplomatiyası, həm
beynəlxalq təşkilatlardakı fəaliyyəti, həm də
BTQ ilə Parisin müstəmləkəçilik
xülyalarını darmadağın edir. Bu da Afrikadakı hərbi
mövcudluğunun 70 faizini itirən, Cənubi Qafqazda möhkəmlənmək
istəyən Fransanın ciddi narahatlığına səbəb
olub. Hətta bu günlərdə Fransa Daxili İşlər
Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli
İdarəsinin rəisi Bertrand Çamoulaud “Le Monde” qəzetinə
Fransanın Afrikadakı mövcudluğundan danışarkən
BTQ-nin adını çəkib. Bildirib ki, dənizaşırı
ərazilərdə kolonializmə qarşı cərəyan
güclənir: “Onların təsiri
bu tip müstəqillik hərəkatlarını dəstəkləyən
və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu
kimi xarici aktorlar tərəfindən gücləndirilib”.
Elə bu
səbəbdən də Azərbaycanın
uğurlarını həzm edə bilməyən, dəfələrlə
ölkəmizə qarşı müxtəlif qətnamələrin
qəbulu, o cümlədən sanksiyaların tətbiqi ilə
bağlı çağırışlar edən Makron
Fransası hədyanlar yağdırmaqda davam edir. Yeri gəlmişkən
qeyd edək ki, yanvarın 6-da ermənipərəst Prezident
Emmanuel Makron səfirlər konfransındakı
çıxışında real faktları təhrif etməklə
ölkəmiz əleyhinə növbəti iddialarını səsləndirib.
Amma Azərbaycan bu mövqeyində qətidir. Yəni,
Fransanın neokolonialist siyasətini ifşa etməkdə davam
edəcək.
Prezident
İlham Əliyev yanvarın 7-də yerli televiziya
kanallarına müsahibəsində bildirib ki, Azərbaycan cəmiyyəti
artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs
Qrupunun fəaliyyəti ildən-ilə genişlənir,
böyüyür. Dövlətimizin başçısı
qeyd edib ki, əgər bu proses müəyyən səbəblər
üzündən başlamışdırsa, bu gün bu,
artıq həyatımızın bir parçasıdır. Bu
xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə
çıxış əldə edə bilmirlər. Onlar hədələnir,
onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq
özünü təsdiqləyib. Onların müdafiəsinə
qalxmaq istəyən tərəflərin, təşkilatların
sayı da çox azdır: “Çünki yenə də deyirəm,
mən bunu demişəm, heç kim başağrısı
istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə,
- hər halda özlərini belə sayan, - üz-üzə gəlsin.
Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik
praktikası davam edənə qədər biz o xalqların
yanında olacağıq”.
Dövlətimizin
başçısı, həmçinin bildirib ki, bu və ya
digər ölkəni strateji bir məntəqə kimi saxlamaq,
oranın təbii sərvətlərini talamaq və
xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları
öz mənliyindən, dilindən, mədəniyyətindən
məhrum etmək vəhşilikdir: “Bu, heç bir ölkəyə
şərəf gətirmir”.
Bir məsələni
də vurğulayaq. Azərbaycan indiyədək heç bir ölkənin daxili
işlərinə qarışmayıb və qarışmaq
fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən
əziyyət çəkən bütün xalqları beynəlxalq
hüquq normaları çərçivəsində dəstəkləməklə
onlara mənəvi dəstək göstərir. Bu mənada əminliklə
demək olar ki, Azərbaycan konkret bir ölkəyə
qarşı deyil, insanları öz müqəddəratını
təyinetmə hüququndan və azadlığından məhrum
edən müstəmləkə sisteminə qarşı
mübarizə aparır. Amma Makron bu məsələyə
öz ermənipərəst mövqeyindən
yanaşmaqdadır. Hətta Azərbaycanı
Fransanın daxili işlərinə qarışmaqda
suçlamağa çalışır. Yerli televiziya
kanallarına müsahibəsində bu məqama toxunan Prezident
İlham Əliyev çox haqlı olaraq bildirib: “Mən hesab edirəm, əgər
biz o qədər güclənmişik ki, Fransanın daxili
işlərinə qarışa bilərik və nəyisə
dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr
edə bilərik. Əslində, bu açıqlama öz
acizliyinin etirafıdır. Özlərini böyük dövlət
adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində
yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən
əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili
işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə
olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib
çıxarıb”.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 9
yanvar, №3.- S.4.