Əhalinin dayanıqlı sosial müdafiəsi:
Hədəf dəyişməzdir
Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində
ardıcıl surətdə
mühüm addımların
atılmasını təmin
edib və bu uğurlar qarşıdakı dövrdə
də davam edəcək
Ulu Öndərin
uzaqgörən siyasətini
yüksək səviyyədə
davam etdirən, müstəqil dövlətimizi
dinamik inkişaf yolunda daim irəli
aparan və tarixi Zəfər zirvəsinə yüksəldən
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ölkədə
sosial inkişafın davamlı xarakter almasına, vətəndaşların
rifahının təminatına
zəmin yaradıb. Bunun ən bariz
nümunəsi kimi dövlətimizin başçısının
Fərman və sərəncamları əsasında
2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə
edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün
7 milyard manat əlavə illik vəsait ayrılmasını
göstərmək olar.
Bu müddət ərzində minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük.
Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Həmin Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası davam edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq. Yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün 15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
Əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Təkcə 2018–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Gələn il bu say artıq 100 mini ötəcək.
2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə Prezident İlham Əliyevin göstərişi ilə daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək, ümumən ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib.
Dövlət başçısının göstərişi ilə son illərdə ölkədə müasir reabilitasiya sisteminin qurulması, bu sahədə biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. Ümumilikdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında həmin mərkəzlərdə 113 min şəxsə xidmət göstərilib.
Prezident İlham
Əliyevin Fərmanı
ilə 2019-cu ildən
DOST Agentliyi, Bakı şəhəri, Abşeron
və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin
Zəngilanın Ağalı
kəndində “Smart DOST” xidmət
məntəqəsi, 2024-cü ilin iyun ayında
Qarabağ Regional DOST Mərkəzinin
Şuşada filialı
açılıb. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan
DOST Konsepsiyası 15 istiqamət
üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən,
şəffaf və operativ, vətəndaş
məmnunluğu və
rahatlığı prinsipi
əsasında təqdim
olunmasına imkan yaradıb. DOST Konsepsiyası
60-dan çox beynəlxalq
mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si “Good practice awards of Europe”, yəni, “Avropa üçün yaxşı
təcrübə mükafatı”dır. Ümumilikdə
dövlət başçısının
tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə
aparılan sosial islahatların uğurları
mötəbər beynəlxalq
təşkilatlar tərəfindən
də yüksək qiymət alır. Təkcə 2024-cü ildə
bu uğurlar 110-dan çox beynəlxalq mükafata layiq görülüb.
Prezident
İlham Əliyevin uğurlu
sosial islahatlar proqramının əsas hədəflərindən biri
də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması,
sosial sahədə vətəndaşlar üçün
şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş
məmnunluğuna uyğun
xidmətlər sisteminin
formalaşmasıdır. Bu istiqamətdə mühüm
uğur olan DOST Konsepsiyasının davamı
olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub və bu gün
Nazirliyin 160 xidmətindən
145-dən çoxu (90 faizdən
çoxu) artıq rəqəmsal platformadan təqdim edilir. 30-dan çox e-arayış xidməti, həmçinin
2019-cu ilin əvvəlindən
50-dən çox proaktiv
təyinat mexanizmləri,
həmin il ölkənin
sosial reyestri olan e-sosial.az portalı,
2020-ci ildə fərdi
hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti,
2022-ci ildə “Əmək
və Məşğulluq”
altsistemi işə salınıb.
Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni
il münasibətilə xalqa
müraciətində bildirdi
ki, bütün böyük
investisiya, sərmayə
qoyuluşu layihələrinin
icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı,
insanların sosial müdafiəsi daim diqqət mərkəzində
olacaq.
Hər sahədə vediyi vədə sadiq qalan, sözü də imzası qədər etibarlı olan Prezidentimiz bunu
sosial islahatları ilə bir daha
sübut edir. Bu baxımdan, dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il
tarixli «Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında»
Sərəncamı da vətəndaş
rifahının təminatı
məqsədilə aparılan
sosial islahatların uğurlu davamı olmaqla yanaşı, vətəndaş məmnunluğunun
və sosial rifahının yüksəlməsinə
xidmət edən növbəti təşəbbüsdür.
Sərəncama uyğun
olaraq, dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
rəhbər və digər işçilərin
aylıq vəzifə
maaşları 2025-ci il yanvarın
1-dən orta hesabla 15 faiz artırılır.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 9 yanvar, №3.- S.4.