Biz deyəndə ki, bu,
bizim tarixi
torpağımızdır, həqiqəti deyirik
Dövlətimizin başçısı
İlham Əliyev yerli
televiziya kanallarına müsahibəsində
növbəti hədəfimiz
olan Qərbi Azərbaycana qayıdışdan
bəhs edərək bildirdi ki, nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq
Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpasının mühüm
reallıqlarından biri
təbii ki, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq
işlərinin həyata
keçirilməsi, Böyük
Qayıdış Proqramının
uğurlu icrasıdır.
Dövlətimizin başçısı
İlham Əliyev həm
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il münasibətilə
xalqa müraciətində,
həm də yanvarın 7-də ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsində
bu istiqamətdə görülən və görüləcək işlərdən
geniş bəhs etdi.
Yerli televiziya
kanallarına müsahibəsində
bildirdi ki, Qarabağın
və Şərqi Zəngəzurun bərpası
bizim üçün
hərbi məsələlərlə
bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Üç ildə 10 yaşayış məntəqəsinə
keçmiş köçkünlər
qaytarılıb.
On mindən çox
köçkün artıq
evlərlə təmin
edilib və orada yaşayır. Bütövlükdə 30 minə
yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə
çalışırlar.
Hədəflərə gəldikdə Prezident İlham Əliyev bildirdi ki, bu il üçün planda
daha 20-yə yaxın yaşayış məntəqəsinə
keçmiş köçkünləri
qaytarmaqdır. O şəhər
və kəndlərin
adları artıq seçilib, layihələr
icra edilir. Bir çox kəndlərdə,
şəhərlərdə indi inşaat işləri gedir və bu ilin
sonuna qədər 30-a
yaxın yaşayış
məntəqəsində keçmiş
köçkünlər məskunlaşacaq.
Əsas infrastruktur layihələri, bir-iki ilə başa çatdırılacaq. Ən çox vəsait bu layihələrin icrasına sərf olunur. Çünki 60 kilometrdən
çox tunellər, körpülər, elektrik
stansiyaları, su anbarları inşa edilir. Artıq bu torpaqlarda 30-dan çox su elektrik
stansiyası işə
salınıb,
dəmir yolları
çəkilib. Təqribən
2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış
fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət
çəkmiş heç
bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə
bərpa etməyib. Burada həm peşəkarlıq, həm
də çox ciddi yanaşma göstərilir. Burada söhbət yalnız maliyyə resurslarından getmir. Resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Bunun üçün son illərdə kadr hazırlığına da böyük
investisiyalar qoyuldu. Texniki imkanlarımız da
genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri
tərəfindən görülür.
İkinci yerdə Türkiyə şirkətləridir.
Onlar daha çox tunellər, körpülər, dəmir
yolları layihələrində
iştirak edirlər. Bizdə çox ciddi texniki potensial,
kadr potensialı, maliyyə resurslarımız və
güclü düşünülmüş
siyasət var. Bütün
yaşayış məntəqələrinin
layihələndirilməsi və
ərsəyə gəlməsi
ən yüksək standartlara cavab verir. Artıq bu torpaqlarda iki
sənaye parkı fəaliyyət göstərir.
Ağdam şəhərində
yaradılmış sənaye
parkının məhsulları
indi xaricə ixrac edilir. Şəhər
dağılıb, amma
burada sənaye müəssisələri artıq
fəaliyyət göstərir
və xaricə məhsul ixrac edir.
«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı
cənnətə çevirəcəyik»
söyləyən cənab
İlham Əliyev onu
da bildirdi ki, əslində,
onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə
görə cənnətdir.
Amma müasir infrastruktur,
yaşayış yerləri,
iş yerləri, rahatlıq, bütün bunlar buranı doğrudan da dünyanın
ən gözəl yerlərindən birinə
çevirəcək. Azad edilmiş
ərazilərimiz çox
böyük coğrafiyadır:
«Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona
o qədər də uzaq olmayan Naxçıvan
Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik
nöqteyi-nəzərdən vahid bir böyük
məkana çevrilməlidir,
halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr
hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il
Naxçıvan və
Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq.
Ondan sonrakı illərdə Naxçıvan
Muxtar Respublikasının
digər şəhərlərinin
Baş planlarının
hazırlanmasına başlayacağıq.
Qarabağ və Şərqi Zəngəzurdakı
bütün yaşayış
məntəqələri vahid
Baş plan əsasında
qurulur. Bu, bir nümunə olacaq.» Dövlətimizin başçısı bu təcrübənin sonralar ölkəmizin
digər bölgələrinə
də tətbiq edəcəyimizi bildirir. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün
ölkəni əhatə
edəcək. Planlarımız
bundan ibarətdir. Azərbaycan televiziyaları
və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar.
Cənab İlham Əliyev
bu çağırışı
etdi: «Əlbəttə,
istərdim ki, daha da çox işıqlandırsınlar.
Çünki orada hər gün nəsə dəyişir,
hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər
oraya qayıdırlar.
Ona görə bizim mətbuat o bölgədə
gedən proseslərlə
nə qədər çox maraqlansa və bunu işıqlandırsa,
o qədər də yaxşı olacaq.»
Sözügedən müsahibədə diqqət
yönəldilən məsələlərdən
biri Qərbi Azərbaycana qayıdış
oldu. Torpaqlarımızı
işğaldan azad etdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun
bərpası prioritet
məsələyə çevrildi. 2022-ci ilin 24 dekabr tarixində cənab İlham Əliyev
Qərbi Azərbaycandan
olan bir qrup ziyalı ilə görüşündə
bu hədəfi açıqladı ki, biz Qərbi
Azərbaycana qayıtmalıyıq.
Buna əsas verən xalqın tarixi yaddaşıdır. Dövlətimizin
başçısı bildirdi
ki, Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu
bir çox tarixi sənədlər, tarixi xəritələr, tariximiz
təsdiqləyir. Ancaq
əfsuslar olsun ki, ermənilər Qarabağdakı
kimi, Qərbi Azərbaycanda da bütün
tarixi, dini abidələrimizi yerlə-yeksan
ediblər, dağıdıblar,
azərbaycanlıların tarixi
irsini silmək istəyiblər, ancaq buna
nail ola bilməyiblər. Çünki
tarix var, sənədlər
var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf
edən xəritə bir daha onu
göstərir ki, Qərbi
Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin
adları Azərbaycan
mənşəlidir və yaxşı
bilirik ki, indiki Ermənistan ərazisində
tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas
vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.
Cənab
İlham Əliyev yerli
televiziya kanallarına
müsahibəsində qeyd
etdi ki, biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın
işğalı dövründə
biz bu məsələ
ilə fəal məşğul ola bilməzdik.
Halbuki hələ 10
il bundan əvvəl bu
mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar.
İrəvan xanlığı
haqqında böyük
elmi əsər yaradılmışdır və
Qərbi azərbaycanlıların
keçmişdəki yaşayışı,
orada məskunlaşması,
tarixi xəritələrin
çap etdirilməsi,
bütün bunları
biz o vaxt da elə görürdük. Çünki
bu, haqlı istəyimiz idi. Hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq.
İlk növbədə, Azərbaycanda
fəaliyyət göstərən,
Qərbi Azərbaycandan
olan bir neçə ictimai qurum vahid bir
təşkilat çərçivəsində
birləşdi. Qərbi
Azərbaycan İcması,
onun fəaliyyəti daha da təkmilləşdi.
Beynəlxalq təşkilatlarla
təmaslar yaratdı və bu məsələ
artıq beynəlxalq gündəliyə salındı.
Nəzərə alaq ki, indiki Ermənistan ərazisi, vaxtilə onun mütləq əksəriyyətini
təşkil edən hissəsi azərbaycanlıların
yaşadıqları tarixi
torpaqlardır. Bu gün deyirik ki,
300 min Qərbi azərbaycanlı
o bölgələrə qayıtmalıdır.
Amma bütövlükdə o bölgədən çıxmış
və bu gün Azərbaycanın müxtəlif bölgələrində
yaşayanların və
onların nəvələrinin,
nəticələrinin sayı
300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX
əsr rus imperiyasının xəritələrinə
baxaq. Orada bütün toponimlərin
Azərbaycan mənşəli
olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində
tərtib edilmiş xəritələrinə nəzər
salaq. Orada da bütün şəhərlərin
adları Azərbaycan
mənşəlidir. Orada
siz “Sevan gölü” adlı bir göl
görməzsiniz. Orada
Göyçə gölü
yazılıb. Cənab
İlham Əliyev bildirdi:
«Biz deyəndə ki, bu,
bizim tarixi torpağımızdır, biz həqiqəti
deyirik. Bunu hətta bu yaxınlarda
mətbuata çıxmış
Ermənistanın birinci
faşist prezidentinin çıxışında da özü
deyir ki, üç rayonda azərbaycanlılar
əksəriyyət təşkil
edirdi. Zəngəzurda
azərbaycanlılar əksəriyyət
təşkil edirdi. Bəli. Əksəriyyət
yox, tam azərbaycanlılardan
ibarət olan kəndlər idi.»
Azərbaycan XX əsrdə üç dəfə deportasiyaya məruz qaldı və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı.
Tarixi faktlar təsdiqləyir ki, XIX əsrdə
çar Rusiyası tərəfindən Osmanlı
və İran ərazisindən
ermənilərin kütləvi
şəkildə Cənubi
Qafqaza köçürülməsi
ilə azərbaycanlıların
öz tarixi torpaqlarında sıxışdırılması
prosesinə başlanılıb.
XX əsrin əvvəllərində
azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə
həyata keçirilmiş
etnik təmizləmə,
soyqırımı siyasəti
nəticəsində xalqımız
ağır məhrumiyyətlərlə,
faciələrlə üzləşib.
Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində
azərbaycanlılar indi
Ermənistan adlandırılan
ərazidən - min illər
boyu yaşadıqları
öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz
qalıb, xalqımıza
məxsus minlərlə
tarixi-mədəni abidə
və yaşayış
məskənləri məhv
edilib.
Azərbaycan xalqının başına
gətirilən ən
dəhşətli faciələrdən
biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı
dəstələri tərəfindən
xüsusi qəddarlıqla
törədilmiş kütləvi
qırğınlardır. Həmin
günlərdə Bakı
şəhərində, habelə
Bakı quberniyasına
daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə
qətlə yetirilmiş,
yaşayış məntəqələri
dağıdılmış, mədəniyyət abidələri,
məscid və qəbiristanlıqlar yerlə-yeksan
edilmişdir. Sonrakı
dövrlərdə daha
da azğınlaşan erməni
millətçiləri qeyri-insani
əməllərini davam
etdirmiş, Qarabağ,
Zəngəzur, Naxçıvan,
Şirvan, İrəvan
və digər bölgələrdə kütləvi
qətllər, talanlar
və etnik təmizləmələr həyata
keçirmişlər. Azərbaycan
Xalq Cümhuriyyətinin
hökuməti ermənilərin
törətdikləri ağır
cinayətlərin araşdırılması
üçün Fövqəladə
İstintaq Komissiyası
yaratmış, komissiyanın
üzə çıxardığı
həqiqətlərin xalqın
yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə
çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq
Cümhuriyyətinin süqutundan
sonra bu proses dayandırılmış, baş
verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı
alınmışdır. Xalqımıza
qarşı aparılan
soyqırımı siyasəti
özünün siyasi-hüquqi
qiymətini tapmadığı
üçün tarixi
faktlar sovet mətbuatında ermənilər
tərəfindən təhrif
olunur və ictimai fikir çaşdırılırdı.
Sonrakı dövrdə ermənilər azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə
yeni vasitələrə əl
atdılar. Bunun üçün
onlar SSRİ Nazirlər
Sovetinin 23 dekabr 1947-ci
il tarixli “Ermənistan
SSR-dən kolxozçuların
və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi
haqqında” xüsusi qərarına və
1948-1953-cü illərdə azərbaycanlıların öz
tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət
səviyyəsində nail olublar.
SSRİ Nazirlər Sovetinin
bu qərarları Azərbaycan xalqına qarşı növbəti
tarixi cinayət aktları olub. Bu qərarlar əsasında
1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan
SSR ərazisindəki doğma
torpaqlarından kütləvi
surətdə və zorakılıqla sürgün
olunub. Əsrin əvvəllərində əksər
əhalisi azərbaycanlı
olan İrəvan şəhərindən və
Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız
təqiblərə məruz
qalaraq qovulub. Azərbaycanlıların hüquqları
kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib. Bu mühüm məqamı
da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın
18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, adi hüquq normalarına zidd olan bu
qərarların icrası
zamanı avtoritar-totalitar
rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır
köçürülmə şəraitinə, kəskin
iqlim dəyişikliyinə,
fiziki sarsıntılara
və mənəvi genosidə dözməyərək
həlak olmuşlar.
Bu işdə erməni
şovinist dairələrinin
və SSRİ rəhbərliyinin
cinayətkar siyasəti
ilə yanaşı,
o dövrkü Azərbaycan
rəhbərliyinin öz
xalqının taleyinə
zidd mövqeyi, soydaşlarımıza qarşı
törədilən cinayətlərin
təşkilində və
həyata keçirilməsində
iştirakı da az rol oynamamışdır.
1905-1907, 1918-1920, 1948-1953- cü illərdə Rusiya imperiyasının havadarlığı ilə həyata keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq proseslərindən istifadə edən Ermənistanda görünməmiş anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenis (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti, ötən əsrin 80-ci illərinin sonlarında daha da şiddətlənən və qanlı olaylarla müşayiət olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə Ermənistan dövlətinin rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. 1988-ci ildə ortaya atılan qondarma Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. Separatçı ermənilərin Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa- olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfər Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eyni zamanda, Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır və Azərbaycan xalqının nümayəndələri öz əlləri ilə qurduqları və əsrlərlə yaşadıqları İrəvana, indiki Ermənistan ərazisində olan digər tarixi yerlərə qayıtmaq imkanına malik olmalıdır və olacaqlar. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, bizim işimiz tarix üzərində qurulmalıdır.
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, vaxt gəlib, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Bu çağırış da edildi ki, əlbəttə ki, Azərbaycan bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz. Sadəcə təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Bizim tələbimiz bundan ibarətdir. Gün gələcək Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Prezident İlham Əliyev bu hədəfi də açıqladı ki, yaxşı olardı Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir: «Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq… azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.»
Yeganə Əliyeva
İki sahil.- 2025.- 10 yanvar, №4.- S.4.