ŞADLILAR ŞƏCƏRƏSİNİN
GÖRKƏMLİ NÜMAYƏNDƏSİ
VAQİF ŞADLİNSKİ-85
İlk mayasının qoyuluş sədası minilliklərin dərinliklərindən gələn və mövcud olan bütün tibb elmi sahələrinin təməl daşlarını, möhkəm bünövrəsini təşkil edən həm qədim,həm də indiki morfologiya elmi sadədən mürəkkəbə doğru inkişaf edərək, sərhədləri görünməyən uzun və şərəfli bir yol keçmişdir.
Bu şərəfli
yolun nüfuzlu yolçularından biri də Azərbaycan morfologiya elminin beynəlxalq aləmdə də tanınan və hamı tərəfindən hörmətlə
qarşılanan sanballı
nümayəndəsi, bir
sıra xarici ölkələrin tanınmış
elm mərkəzlərinin
həqiqi və fəxri üzvü, beynəlxalq təltiflər, mükafatlar
kolleksiyaları laureatı,Türk
Dünyası Araşdırmaları
Uluslararası Elmlər
Akademiyasının, Rusiya
Elmlər Akademiyasının,
Avropa Təbiət Elmləri Akademiyasının
akademiki, Beynəlxalq Morfoloqlar Assosiasiyasının
Koordinasiya Şurasının,
Avropa Patoloqlar Cəmiyyəti İdarə
Heyətinin, üzvü,
Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai
Birliyinin sədri, “Nəzəri, Kliniki və Eksperimental Morfologiya” jurnalının
baş redaktoru, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskidir.
V.Şadlinski həm də qədim türk elinin məşhur Şadlılar şəcərəsinin
indiki nəslinin ən görkəmli nümayəndəsi kimi onların ulu köklərini birbəbir
araşdırıb tapıb,
bu şəcərə
nümayəndələrinin ən qədim türk soykökünə
mənsubluqlarını tarixi
faktlarla sübuta yetirib. O, həm də bu məşhur
nəslin həm Abbasqulu bəyəqədərki,
həm də ondansonrakı mərhələlərini
səbir və təmkinlə ən xırda detallarına qədər təhlil edib, nəticədə onun özünün müəllifliyi ilə çap olunan “Şadlinskilər” adlı
məşhur tarixi əsər işıq üzü görə bilib. Möhtəşəm
bir şəcərəsi
olan bu nəsil
Azərbaycana görkəmli
ziyalılar, qəhrəmanlar,
vüqarlı sərkərdələr,
mükəmməl pedaqoqlar,
əsl insanlar, məhşur alimlər, həmçinin Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski, Ceyhun Şadlinski və başqa kimi dövlət, elm, siyasi və
ictimai xadimlər bəxş edib.
BİLAS MÜƏLLİM FENOMENİ
V. Şadlinski 1940-cı il yanvar ayının
24-də qarlı-şaxtalı bir qış günündə qədim
Azərbaycan torpağı
olan indiki Ermənistanın, əslində,
Qərbi Azərbaycanın
Vedi rayonunda ziyalı ailəsində anadan olub.Atası
Bilas müəllim dövrünün ən görkəmli orta məktəb direktorlarından,
qayğıkeş və
nurani müəllimlərindən,
çıraqla axtarılası
olan nadir ziyalılarından idi. O, Qərbi Azərbaycanda evbəev gəzərək
bütün türk uşaqlarını məktəbdə
təhsil almağa cəlb edir, bir nəfərin də təhsildən kənarda qalmasına imkan vermir, bununla
da gələcəyin
ziyalılarını, alim
və sərkərdələrini
yetişdirirdi. Ərəb
və fars dillərini mükəmməl
bilən Bilas müəllimin nurlu çöhrəsi, müdrik
xüsusiyyətləri indi
də onu tanıyan hər kəsin gözləri önündədir. O, müqəddəs
“Qurani Kərim” kitabını mükəmməl
bilirdi və öz şəxsi təşəbbüsü ilə
məktəbdənkənar vaxtlarda onun ayrı-ayrı fraqmentlərini
orijinaldan Azərbaycan
dilinə tərcümə
edirdi.Təəssüf
ki, ağsaqqallıq zirvəsinə yüksələn,
elin sevgi və məhəbbətini
qazanan Bilas müəllim cahanşümul
xeyirxah ideyalarını
sona çatdırmağa
macal tapa bilmədi. Əsl insani keyfiyyətlərə,
fenomen xüsusiyyətlərə
malik olan Bilas müəllimin əməyi dövlət tərəfindən də
yüksək qiymətləndirilmişdi.
Belə ki, o, sağlığında layiq
olduğu “Əməkdar
müəllim” fəxri
adna və “Lenin” ordeninə, eləcə də
SSRİ-nin “Qırmızı
Əmək Bayrağı”
ordeninə layiq
görülmüşdü. Doğrudur, bolşeviklər
dövründə erməni
diasporunun güclü
təsiri altında olan SSRİ-də azərbaycanlılara belə
təltiflər verməkdə
aşkar “xəsisliklər”
edilirdi. Buna baxmayaraq SSRİ-nin bu sahə üzrə
rəhbərlərinin özləri
belə Bilas müəllimin orta məktəb təhsilinin tədrisi sahələrində
xidmətləri qarşısında heç bir bəhanə tapa bilməyərək, ona layiq olduğu
bu təltifləri verməyə məcbur idilər.
QAŞLARI ÇATILMIŞ 8 YAŞLI
AZƏRBAYCAN KÖRPƏSİNİN HAY
DEPORTASİYASI HİDDƏTLƏRİ,
ATİ-dəki TƏLƏBƏLİK
İLLƏRİ
1948-1952-ci illərdə çoxsaylı türkdilli
Azərbaycan ailələrinin
erməni daşnakları
tərəfindən dədə-baba
yurdlarından deportasiyaya
uğradılmaları zamanı
8 yaşlı məktəbli
Vaqif Şadlinskinin hələ uşaqkən hay vandallarının zorakılıqlarına qarşı
hiddətli nəzərlərinin
vulkan püskürtüləri
ilə üsyana qalxması fonunda erməni quldurları heç kəsə aman vermədən onun da ailə
üzvlərini digər
soydaşlarının bir
qismi ilə birlikdə qorxunc yük vaqonlarında Qərbi Azərbaycandan Şimali Azərbaycan sərhədlərinə çatdırıblar.
Bilas müəllimin ailəsi deportasiyaya uğradılmış bir
neçə ailə ilə birlikdə Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsində məskunlaşıb.
V.Şadlinski orada orta məktəbi
bitirdikdən sonra keçmiş SSRİ-nin
Belarus Respublikasında hərbi
xidmətdə olub, ordu sıralarından tərxis olunduqdan sonra isə 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (ATİ)
Stomatologiya fakültəsinə
daxil olub. 1965-ci ildən, hələ tələbə ikən,
ATİ-nin tələbə
yataqxanasında Tələbə
şurasının sədri,
1966-1969-cu illərdə isə
ATİ-nin Tələbə
Həmkarlar İttifaqı
Komitəsinin sədri
vəzifələrində çalışıb,
Respublika Tibb İşçiləri Həmkarlar
İttifaqı Komitəsi
Plenumunun üzvü olub, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı Komitəsi İşçilərinin X qurultayına
nümayəndə seçilib.
Bütün bunlara baxmayaraq, Vaqif Şadlinski 1948-1952-ci
illərdə Qərbi
Azərbaycanda dədə-baba
yurdlarında yaşayan
günahsız türk
millətinin Stalin – Mikoyan cütlüyünün
üzdəniraq rəhbərlikləri
ilə harınlaşmış
haylar tərəfindən
kütləvi surətdə deportasiyaya
uğradılmaları, onları
vəhşicəsinə iyrənc yük qatarlarında daşıyaraq Qazaxıstan
çöllüklərinə və Azərbaycanın aran rayonlarına tökmələrini bir an belə yadından
çıxarmır, dərk
edirdi ki, bütün bu işgəncələr erməni
işğalçılarının rus havadarları ilə birlikdə türk millətinə məxsus olan torpaqlarda onların kökünü
kəsməyə və
həmin torpaqları mənimsəməyə aparan
yolun davamı imiş. Körpə Vaqif Şadlinskinin gözləri önündə
baş verən hay vəhşilikləri onun həyatının bütün mərhələlərinin
hiddətli və nifrətli müşayiətçisinə,
türk millətinin dədə-baba torpaqlarından
zorla deportasiyasının
etirazlı üsyanına
çevrilib.
PEDAQOQLUQ VƏ ALİMLİK ZİRVƏLƏRİ
V.Şadlinski 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək,
ATİ-nin Elmi Şurasının qərarına
əsasən, həmin
ildən Terapevtik stomatologiya kafedrasının
baş laborantı vəzifəsində çalışıb,
1970-ci ilin iyun ayında öz xahişi ilə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsinə
keçirilib və artıq 55 ildir ki,bu kafedrada fəaliyyət göstərir.Görkəmli
alim bu müddətin
şərəfli 25 ilini
rəsmi olaraq bu kafedraya rəhbərliyə
həsr edib. Lakin son 5 ildə
o, öz xahişi ilə kafedranın məsləhətçi-professoru vəzifəsinə keçirilsə
də, kafedra əməkdaşlarının səmimi
xahişi ilə təklif olunur ki, akademik Vaqif Şadlinski daimi olaraq “Kafedranın
fəxri müdiri” tituluna layiq görülsün.
V.Şadlinski 1970-ci ilin avqust ayında
həmin kafedranın assistenti vəzifəsinə
seçilərək, baş
laborantlıqdan kafedra
müdiri, professor vəzifələrinə, eləcə
də Əməkdar elm xadimi və
akademiklik zirvəsinə
qədər yüksəlib.
O, tələbələrə
fənnin incəliklərini
tədris etməklə
yanaşı,elmi axtarışlarla da məşğul olub. Vaqif müəllim Moskva və Xarkov Tibb institutlarının, eləcə də ATİ-nin Anatomiya kafedralarının
Elmi laboratoriyalarında
apardığı elmi-tədqiqat
işlərinin nəticəsi
kimi 1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı
və aşağı
alveol sinirlərinin topoqrafiyası, kötükdaxili
quruluşu” mövzusu
üzrə namizədlik,
1999-cu ildə “Normal
və zobogen təsirlər şəraitində
qalxanabənzər vəzin
struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib. Azərbaycan aliminin əldə etdiyi dəyərli elmi nəticələr akademiklər
N.A.Cavaxişvili, M.R.Sapin,
L.L.Kolesnikov, professor V.V.Bobin, professorlar D.A.Siqaleviç, İ.İ.Şapiro
və digər dünyaşöhrətli alimlər
tərəfindən ən
yüksək qiymətə
layiq görülüb.
Onun elmi işlərinə hazırda
da dünyanın hər yerində çoxsaylı istinadlar edilir. Bir sıra
xarici alimlər Azərbaycanın görkəmli
alimi ilə sıx əlaqələr saxlayır, onunla fikir mübadiləsi aparırlar. Belə intiqrasiyalar hər iki tərəfdə gənc kadrların yetişməsinə əlverişli
zəmin yaradır.
Gənc alim
1984-cü ildə kafedranın
dosenti, 1995-ci ildə isə müdiri vəzifəsinə seçilib
və 2020-ci ilə qədər bu vəzifədə çalışıb.
O, İnsan anatomiyası
fənni üzrə mühazirə və praktik məşğələlər
apararaq yüksəkixtisaslı
tibb kadrlarının hazırlanmasına böyük
əmək sərf edib və 1983-cü ildə bu xidmətlərinə
görə “SSRİ səhiyyə
əlaçısı” döş
nişanı ilə təltif edilib. Vaqif müəllim Azərbaycanda həm də İnsan anatomiyası fənni ilə digər morfoloji fənlər arasında inteqrasiya yaradan görkəmli alimlərdən və kafedranın tarixi ənənələrini yeni
inkişaf müstəvisində
ləyaqətlə davam
etdirən təcrübəli
pedaqoqlardan biri kimi tanınır.
Professor Vaqif
Şadlinski 700-ə yaxın
elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, rəhbərlik
və metodik tövsiyələrin, səmərələşdirici
təkliflərin, yüzlərlə
elmi-kütləvi məqalələrin,
tarixi əhəmiyyət
kəsb edən qiymətli kitabların, radio və televiziya
verilişləri proqramlarında
nümayiş etdirilən
müxtəlif məzmunlu
çıxış və
müsahibələrin müəllifidir.
Görkəmli alimin qələmə aldığı
“Anatomiya atlası” kitabı Şərq ölkələri tarixində
ilk anatomik atlasdır. Alim, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə
birlikdə Azərbaycan,
rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, rezidentlər üçün
Azərbaycan və rus dillərində hazırlanan ilk rəhbərliyin,
həmçinin kafedraya
şöhrət gətirən,
xalqımızın övladları
üçün lazım
olan bir sıra digər qiymətli monoqrafiya, dərslik və dərs vəsaitlərinin
müəllifidir.
VƏTƏNSEVƏRLİK
KEYFİYYƏTLƏRİNİN BARLI
BƏHRƏLƏRİ
Akademik Vaqif
Şadlinskinin bilavasitə
rəhbərliyi və
məsləhətçiliyi altında 8 elmlər doktoru, 30-dan çox fəlsəfə doktorluğu
dissertasiyası müdafiə
olunub. Müqayisə üçün
göstərə bilərik
ki, bu kafedrada
1919-1934-cu illərdə 6 doktorluq,
2 namizədlik (onlardan
yalnız 2 nəfəri
milli kadrdır),
1937-1973-cü illərdə 5 doktorluq (1 nəfəri əcnəbidir), 16 namizədlik
(3 nəfəri başqa
millətin nümayəndəsidir),
1974-1994-cü illərdə 1 doktorluq, 10 namizədlik dissertasiyası müfadiə
edilib.
V.Şadlinski 1995-2020-ci illərdə kafedra müdiri vəzifəsində
çalışdığı 25 il ərzində kafedrada elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əldə
etdiyi nailiyyətlərlə
yanaşı, tədrisin
keyfiyyətinin yaxşılaşdırılması
yolunda Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi tərəfindən
aparılan islahatlarda da yaxından iştirak edərək yüksək nəticələr
əldə edib.
1996-2001-ci illərdə onun
Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində
çalışması, qeyd
olunan islahatların təkcə bir kafedra daxilində deyil, ümumuniversitet səviyyəsində daha geniş miqyasda həyata keçirilməsinə
zəmin yaradıb. O,
təhsil və təlim-tərbiyə sahələrində
əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
və ATU-nun Fəxri fərmanlarına,
təşəkkürnamələrinə
layiq görülüb.
Görkəmli alimin səyi nəticəsində 2000-ci ilin
yanvar ayında M.İ.Seçenov adına
Moskva Dövlət Tibb Akademiyasının (indiki Tibb Universitetinin)
İnsan anatomiyası
kafedrası, eləcə
də Gürcüstan
Elmi-Tədqiqat Eksperimental
Morfologiya İnstitutu,
daha sonra isə Gürcüstan Dövlət Tibb Universiteti nəzdində fəaliyyət göstərən
Eksperimental Morfologiya İnstitutu, həmçinin
Türkiyə universitetləri
nəzdindəki Tibb fakültələri ilə
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası arasında elm və təhsil
sahələrində qarşılıqlı
əməkdaşlıq haqqında
uzunmüddətli müqavilələr
bağlanıb, SSRİ-nin
süqutundan sonra keçmiş beynəlxalq
əlaqələr yenidən
daha keyfiyyətli şəkildə bərpa
olunub və davam etdirilib.
Dünyaşöhrətli alim hazırda da bir sıra
xarici ölkələrdə-ABŞ,
Almaniya, İspaniya, İsrail, Türkiyə,
İran, Rusiya, İtaliya,
İngiltərə, MDB dövlətində
və digər ölkələrdə keçirilən
elmi forumlarda iştirakla yanaşı, elmi məruzələrlə
çıxışlar edərək,
dünyanın əksər
ölkələrində Azərbaycan
morfologiya elmini ləyaqətlə təmsil
edərək, bu sahədə ölkəmizə
layiqli başucalığı
gətirir. Bacarıqlı
həkim, qayğıkeş
müəllim, dəyərli
elm xadimi olan görkəmli Azərbaycan alimi həm də səriştəli tədris
və elm təşkilatçısıdır. Professor V.Şadlinski kafedrada həyata keçirdiyi ictimai işlərlə yanaşı,
ATU-nun və bütövlükdə ölkəmizin
ictimai-siyasi həyatında
da yaxından iştirak edir. O,
1988-1991-ci illərdə I müalicə-profilaktika
fakültəsinin I-II kurslar
üzrə dekan müavini vəzifəsində
çalışıb. 1991-ci ildə ATU-nun Həmkarlar İttifaqı
Komitəsinin sədri,
1994-cü ildə Azərbaycan
Tibb Univeritetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin
edilib. Bu vəzifələrdə özünü
ən yaxşı cəhətlərdən peşəkarcasına
göstərən Vaqif
müəllim 1996-2001-ci illərdə
ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsini layiqincə yerinə yetirib. Alim, həmçinin 1997-1998-ci illərdə
prezident seçkilərindəki
seçkiqabağı kampaniyalarda
Ümummilli Lider Heydər Əliyevin vəkili qismində təşviqat qrupuna rəhbərlik edib, Yeni Azərbaycan Partiyasının fəal yaradıcılarından, təşkilatçılarından
biri kimi tanınır.
TƏLTİFLƏRİ
Vaqif müəllimin
əməyi, göstərdiyi
xidmətlər dövlətimiz
və xalqımız tərəfindən yüksək
qiymətləndirilib. O, tibb
elminin və tibb təhsili sisteminin inkişafı və xeyriyyəçilik
yollarında göstərdiyi
xidmətlərə görə
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən
“Şöhrət” ordeninə
(2020), “SSRİ səhiyyə əlaçısı” döş
nişanına (1983), akademik
Yusif Məmmədəliyev
adına mükafata
(1998), Beynəlxalq Kadrlar
Akademiyasının qızıl
medalına (1999), “Əməkdar
həkim” fəxri adına (2000), “Vektor” Beynəlxalq Cəmiyyətinin
Azərbaycanda keçirdiyi
“Azərbaycanın 100 görkəmli
alimi” layihəsinin fəxri diplomuna (2001), “Mir Mövsüm Ağa” adına fəxri mükafata” (2002),
“Kafkaz mediya” İctimai Birliyinin “Fonendoskop” diplomuna
(2006), Əməkdar
elm xadimi (2010) fəxri adına, Birləşmiş Millətlər
Təşkilatının (BMT) İctimai Təltiflər Şurasının Beynəlxalq
Təltiflər İttifaqı
tərəfindən “I Dərəcəli
Hippokrat ordeni”nə
(2009), Almaniyadakı Avropa
Təbiət Elmləri
Akademiyasının “Robert Kox
Medalı” və “Diplomuna”, həmin akademiyanın “Leonardo da Vinchi” Medalına
(2016), Türkiyə Uluslararası
Elmlər Akademiyasının
Qızıl medalı
və diplomuna, Albert Şvayster adına gümüş medala, 2022-ci ildə Azərbaycan Respublikası
Prezidentinin “Fərdi təqaüdünə” layiq
görülüb, 2024-cü il dekabr ayının
5-də Qərbi Azərbaycan
həqiqətlərinin təbliği
sahəsində fərqləndiyinə
görə “Azərbaycan
Respublikası Prezidentinin
Fəxri diplomu”, həmin ilin dekabr ayının 17-də
Rusiya Elmlər Akademiyasının “Fəxri
Fərmanı” ilə
təltif edilib.
Onu da qeyd etmək lazımdır ki, İnsan anatomiyası və tibbi terminologiya
kafedrasının fəaliyyətinin
arxada qalan 105 ilinin dörddə bir hissəsindən çoxu V.Şadlinskinin rəhbərliyi altında,
yarıdan çoxu, yəni tam 55 ili isə bilavasitə
onun iştirakı ilə inkişaf edib, məşhurlaşıbdır.
Bu da çox
xoş təsadüfdür
ki, kafedranın 105 illik yubileyi Azərbaycanın görkəmli
alimi, qayğıkeş
pedaqoqu, mahir elm və təhsil
qurucusu akademik Vaqif Bilas oğlu
Şadlinskinin anadan olmasının 85 illik yubileyi ilə üst-üstə düşür.
Bu yubileylər münasibətilə Vaqif
müəllimi kafedranın
əməkdaşları adından
ürəkdən təbrik
edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, səadət
diləyir, gələcək
işlərində yeni
şedevrlər yaratmaq
istəyi təntənələri
arzulayırıq.
Mübariz Allahverdiyev,
ATU-nun professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Birinci Qarabağ müharibəsi
veteranı, “Qızıl
qələm” mükafatı
laureatı
İki
sahil.- 2025.- 16 yanvar, №8.- S.4.