TƏZƏDƏN DOĞULUR ŞAİR
ÖLƏN GÜN
Adil Babayev-100
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Naxçıvan ədəbi mühitinin yetirməsi olan Adil Babayevin bədii yaradıcılığı öz məzmunu, fikir dərinliyi, ictimai əhəmiyyəti və sənətkarlığı ilə həmişə diqqət mərkəzində olmuşdur. Adil Babayev yaradıcılığının ayrı-ayrı dövrlərində bədii ədəbiyyatın müxtəlif növlərinə müraciət etsə də, ən çox istedadlı sonet şairi kimi tanınıb, şöhrətlənmişdir.
Şairin lirikasını bir küll halında nəzərdən keçirdikdə görürük ki, vətən torpağının gözəlliyi, dünyada baş verən fərəhli və nisgilli hadisələr, fəsillərin özünəməxsus çalarları, insanlar, onların taleyi, mənəvi aləmi bu kövrək qəlbli şairin qəlbini ehtizaza gətirmişdir. Şair vətəni qarış-qarış gəzib, ürəyinin məhəbbətini, qəlbinin hərarətini “ana yurdun gül nəfəsli torpağı”na qatmışdır. O, vətəndən uzaqda olanda da xəyalən ana torpaqdan ayrılmamış və bunu bədii dillə belə ifadə etmişdir:
Gəzib
dolansam da bütün dünyanı,
Bir an
unutmaram Azərbaycanı.
Qoy vətən
sevgisi şeirimin canı,
Kağızım
ellərin ürəyi olsun.
Şairin
vətən mövzusunda yazdığı gözəl
şeirlərindən biri də “Səyyah gəzir yurdumu”
şeiridir. Bu şeirində isə xaricdən gəlmiş səyahətçini
Azərbaycan mədəniyyətinin böyüklüyü
heyran qoyur. Onun heyrət dolu sorğularına cavab verən
şairin qəlbi isə iftixar, qürur hissilə
döyünür:
Doğrudan
da sayca azıq,
Ancaq tarix
tanımır bizi miskin və yazıq.
Bir
Füzulim çalanda könlümün rübabını,
Min-min
şair utanıb yandırıb kitabını.
Gördüyümüz
kimi, vətənpərvərlik və xəlqilik Adil Babayevin
yaradıcılığında özünəməxsus
biçimdə, fərdi poetik xüsusiyyətləri ilə
meydana çıxır.Həqiqətən də Adil Babayev vətənə,
xalqa bağlı şairdir. Şairin elə bir şeiri yoxdur
ki, orada Azərbaycan torpağının isti nəfəsi
yüksək poeziya dili ilə, bədii şəkildə əks
olunmasın. Şair nahaq yerə deməyib ki, “məni axtaranda
bu torpaqda axtarın, çünki bu torpağın hər
qarışında, meşəsində, dağında,
daşında qəlbimin bir parçası var” .
Adil
Babayevin lirikasında müharibə mövzusu ayrıca yer
tutur. Şübhəsiz ki, Böyük Vətən Müharibəsi
iştirakçısı olan, müharibənin dəhşətlərini
öz gözlərilə görən şair bu mövzuya
biganə qala bilməzdi. O dövrü bədii sözlə kəşf
edən şairin müharibəyə həsr etdiyi şeirləri
“Ağır illər” silsiləsi başlığı
altında toplanıb. Bu silsilədən olan “İtən
uşaqlığım”, “Mənim günahım”, “Üzüm
salxımı”, “Atasız atalar”, “Toy”, “Poçtalyon” və s.
şeirləri ən yaxşı incilərdəndir. Bu
şeirlərin hər biri müharibənin törətdiyi dəhşətli
faciələri bizim gözlərimiz qarşısında
canlandırır.Bu mənada şair “Əsgər çəkmələri”
adlı şeirində sanki ürək yandıran bir hekayə
danışır. Şeirdə ağır illərin
sınaqlarına məruz qalan uşaq bazardan özünə
ayaqqabı axtaran zaman gözləri bir cüt əsgər
çəkmələrinə zillənir. O, uşaq sevinci ilə
çəkmələrə doğru getdikdə dəhşətli
bir mənzərə ilə qarşılaşır:
Çəkmələr
özününmüş... ayaqları kəsilmiş,
Gərəksiz
çəkməsini indi satmağa gəlmiş,
Ucuz
satıram, oğlan! Götür, əlim gəlmədi,
Geri
döndüm o axşam ürəyim dincəlmədi.
Gördüyümüz
kimi, bu adi bir şeir deyil, ayağı kəsilmiş əsgərin
dərdi və bu dərddən od alan bir ürəyin fəryadıdır.
Şair əsgərin ürək ağrılarını
öz qəlbində yaşamış və bütün sətirləri
ürəyinin odu ilə isidib vərəqlərə
köçürmüşdür.
Adil
Babayevin lirikasında ictimai-siyasi mövzulara da tez-tez rast gəlirik.
Şairin siyasi mövzuda yazdığı şeirləri
“Kosmik düşüncələr” adı altında
toplanmışdır. Böyük türk şairi Nazim Hikmətə
həsr etdiyi “Ümidsiz deyiləm”, “Bir cavanın yadigarı”,
“Rəngli yuxular”, “Pirosmanı”, “Alimlər
düşünür”, “Neruda dəfn olundu” və s. şeirləri
siyasi lirikanın qiymətli incilərindəndir. Adil Babayevin
siyasi mövzuda yazdığı əsərlərin səciyyəvi
xüsusiyyəti ondadır ki, burada insanlığa fəlakət
gətirən imperializm, maddi və mənəvi əsarət
hərisləri ifşa olunur. Şairin təsvir etdiyi qəhrəmanlar
vətənini azad görmək, öz dilini, mədəniyyətini
inkişaf etdirmək uğrunda mübarizə aparırlar.
Müstəmləkəçiliyi ifşa edən “Rəngli
yuxular” şeirində də qəsbkarlar ifşa olunur:
Yuxuya
verib daşıdılar
neçə
yurdun varını,
Yandırdılar
meşələrini
qurutdular
çaylarını.
Yuxuda cənnət
vəd eyləyib
boğazından
çıxartdılar tikəsini,
Zərli
saraylara qonaq çağırıb
Kəsdilər
haqq deyən səsini.
Şairin
poeziyasında siyasi lirika sadəcə ictimai motivlərdən
ibarət olmayıb, mübariz və döyüşkən
ruhu ilə də diqqəti cəlb edir.
“Hər
gülün yarpağında şeir görən, hər bulaq
səsindən nəğmə dinləyən, əslində
“sənəti həyat yaradır fikri ilə yurdunun sal
daşlarında yerini tapan, yazılmamış şeirlərinin
ünvanını ana şəfqətində axtaran Adil
Babayev təbiət haqqında
da gözəl şeirlər yazmışdır. Şair
“Naxçıvan”, “Kaş bir də”, “Dəniz sahilində”,
“Azərbaycan”, “Tarımın sarı simi” və s. şeirlərində
vətənin gözəl, təkrarsız mənzərələrini
özünəməxsus bədii boyalarla, rəssam həssaslığı ilə
gözlərimizin qarşısında canlandırır. Azərbaycanın,
doğulduğu Naxçıvan torpağının sözlə
rəsmini çəkir, xeyli coğrafi adlar sadalayır:
Mən-Batabat
yaylağında bitən güləm,
Mən-Haçadağdan
əsən səhər yeliyəm.
Gəmiqayanın
bir parçası, Əjnövürün qarıyam.
Mən-Naxçıvanın
Bakıya, Laçına, Təbrizə gedən yoluyam.
Şair
Naxçıvana məxsus səciyyəvi poetik detallarla
oxucusunun diqqətini cəlb edir. Bu yerləri görməyən,
gəzməyən oxucuda belə bu torpağa qarşı məhəbbət
oyadır. Şair-publisist Flora Xəlilzadənin fikrincə isə:
“Azərbaycan məhəbbəti, yurd sevgisi, doğma vətənin
tərənnümü şairin bu şeirində elə
sözlərdən biçilib, elə kəlmələrdən
libas geyib ki, müəllifin poetik düşüncələrində,
hiss və duyğularında qəribə bir can
yanğısı duyulur” .
Adil
Babayevin lirikasında məhəbbətin tərənnümü
geniş yer tutur. Bu lirikanın bədii qüdrəti insan qəlbinin
duyğu və həyəcanlarını, insan gözəlliyini
böyük sənətkarlıqla vəsf etməsindədir.
Şairin məhəbbət şeirləri içərisində
həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri
güclüdür:
Səndən
ayrı düşəli, həsrətim dəniz oldu,
Min
adamın içində könlüm kimsəsiz oldu.
Alovlanan qəlbimi
hər an dustaqda gördüm,
Mən
eşqimin gücünü səndən uzaqda gördüm
Adil
Babayevin lirikasının əsas
hissəsini onun sonetləri təşkil edir. Azərbaycan
poeziyasında sonet janrına sistemli şəkildə
yanaşan, onun gözəl nümunələrini yaradan, bu
janra ədəbiyyatımızda tam vətəndaşlıq
hüququ qazandıran Adil Babayev olmuşdur. Onun sonet kimi
çətin janra müraciəti həyat hadisələrinə
daha dərindən nüfuz etmək, müşahidələrini
və düşüncələrini aforizm şəklində
söyləmək üçün sonetin verdiyi bədii
imkanlardan faydalanmaq arzusu ilə izah olunmalıdır.
Doğrudan da, sonetlərində şairin müdrikliyi diqqəti
cəlb edir.
Adil
Babayev 1949-cu ildə ilk sonetini yazmış və bu sonet “Gənclik
illəri” (1950) kitabında verilmişdir. Sonuncu soneti isə
1977-ci ilin avqust ayında yazdığı “Həyatımla
çırpınır dərd-azar neçə vaxtdır”
sonetidir. 1968-ci ildən
başlayaraq şair mütəmadi olaraq bu janrda qələmini
sınamış və elə ilk sonetində də kamil
sonetçinin sənətkarlıq məharəti
özünü göstərmişdir. Nümunə
üçün ilk sonetlərindən birinə diqqət yetirək:
İnsan
gəlir dünyaya, yaşayır, bir gün
köçür,
Sağ ikən
ölən də var, ölüb sağ qalan da var,
Günlərin
əllərindən gah şirin şərbət içib,
Gah
acı zəhər içir dünyada yaşayanlar.
Bu sonetində
şair ölüm və yaşamağın dialektik mahiyyətini
açır, fəlsəfi cəhətdən səciyyələndirir.
Adil Babayevin nəzərində “ölüm müdhiş deyil,
yaşamaq çətindir”, gərək elə yaşayasan ki,
öləndən sonra da ölməz nəğmələr
kimi əbədiyyətə qovuşasan. Bu xoşbəxtlik isə
hamıya nəsib olmur. Bunun üçün xalqa, vətənə,
insanlara təmənnasız xidmət etmək lazımdır.
Adil
Babayevin yaradıcılığında yurd, vətən
sevgisi təkcə onun lirikası ilə məhdudlaşmır.
Şairin bütün əsərlərinin ana xəttini bu
mövzu təşkil edir.
İlk
yaradıcılığa şeirlə başlayan Adil Babayevin kiçik hekayələr yazması
da təsadüfi deyildir. Çünki kiçik həcmli
hekayələrin yazıçı təxəyyülündən,
yazıçı didaktikasından xəbər vermək,
insanların nəcibliyindən, təmizliyindən, müqəddəslik
timsalına çevrilməsindən söz açmaq
imkanı verir. Adil Babayev hekayə janrına da müraciət
edib. 15 hekayə müəllifi olan Adil Babayevin hekayələri
ölümündən sonra nəşr edilən “Ata sorağında” (1985) adlı
kitabında toplanmışdır. Müəllifin 14 hekayəsi
bu kitaba daxil edilmiş, biri isə “Ədəbiyyat və incəsənət”
qəzetində çap olunmuşdur.
Azərbaycan
ədəbiyyatında poema janrının inkişafında
Adil Babayevin də öz yeri var. Yaradıcılıq etibarilə
daha çox lirik olan Adil Babayev epik əsərlər də
yazmışdır. O, poemalarında həyat hadisələrini
poetik lövhələrlə canlandıra bilmişdir. Əlbəttə ki, Adil Babayevin gərgin
zəhmət və axtarışlardan sonra bu janra müraciət
etməsi onun istedadının yetkinliyinin nəticəsidir.Şairin
poemalarını janrlarına görə iki qrupa bölmək
olar: epik və dramatik, mövzu etibarıiləsə,
müharibə həqiqətlərinin təsviri, tarixi şəxsiyyətlərin
taleyi və ailə, məişət mövzulu əsərlər
kimi də qruplaşdırmaq olar.
Tarixi
mövzuda yazdığı “Memarın məhəbbəti”,
“Yanıqlı gülüşlər”, “Eloğlumun
poeması”, “Qartal qanadlarında”, “Babəkdən sonra”
poemalarında Azərbaycan xalqının elm və mədəniyyətinin
tərəqqisində böyük rol oynamış görkəmli
şəxsiyyətlərin həyat yolundan söz
açır.
Şair,
tərcüməçi, teatrşünas kimi fəaliyyət
göstərən Adil Babayevin yaradıcılığında
dramaturgiya da mühüm yer tutur. O, şeirlərində,
poemalarında ifadə etdiyi, lakin şərhinə geniş
ehtiyac duyduğu həyat həqiqətlərini dram dilinə
çevirmişdir. Yaradıcılığının ilk
dövrlərindən başlayaraq o, dram janrına müraciət
etmiş, onun bir sıra qiymətli nümunələrini
yaratmışdır. Ədibin 10-dan artıq dram əsəri
vardır ki, bunların əksəriyyəti
teatrlarımızın səhnələrində
oynanılmış, tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdır. Bir
yarımçıq pyesi isə əlyazma şəklində ədibin
şəxsi arxivində saxlanılır. Adil Babayev
dramaturgiyaya müharibədən sonra başlamış,
1947-ci ildə ilk dəfə bir pərdəli “Doğru yol”
adlı pyesini, 1948-ci ildə “Dağlar qoynunda” librettosunu,
1952-ci ildə isə “Həyat eşqinə” pyesini
yazmışdır.
50-ci illərdə
radio verilişləri üçün yazdığı
dramatik səhnələr, opera mətnləri, ssenarilər
(“Əlin cibində olsun”, “Şeytanın yubileyi” və s.) Adil
Babayevin dramaturgiyasının əsas məhsulları
sayılır. O, bir-birinin ardınca opera teatrları
üçün librettolar da yazmış (“Dağlar qoynunda”,
“Qız görüşə tələsir” və s.) musiqili
dram növlərinə daha çox meyl etmişdir.
Dram əsərlərində
o, müasirlərini düşündürən, cəmiyyəti
narahat edən mühüm, zəruri məsələlərdən,
vacib hadisə və faktlardan, bəzən də ümumbəşəri
problemlərdən bəhs etmişdir. Xalqın azadlıq
mübarizəsi, işğalçı və ədalətsiz
müharibələrə qarşı etiraz, mövhumat və
cəhalətin tənqidi, yüksək, təmiz məhəbbətin
tərənnümü, inqilabdan sonrakı həyatın təsviri
Adil Babayevin dramaturgiyasının başlıca
mövzularıdır.
Bildiyimiz
kimi, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində,
ədəbiyyatlarımızın qarşılıqlı təsir
yolu ilə zənginləşməsində müstəsna rol
oyanayan bədii tərcümə sənətinin Azərbaycanda
qədim kökləri, zəngin ənənələri
mövcuddur. Bədii tərcümənin əvəzsiz
ustadları olan Abasqulu ağa Bakıxanov, Firudin bəy
Köçərli, Abbas Səhhət, Abdulla Şaiq, Rəsul
Rza, Səməd Vurğun və başqaları görkəmli
sənətkarların əsərlərini sevə-sevə,
böyük ilhamla ana dilimizə tərcümə etmiş və
bu sənətkarları bizə daha da
doğmalaşdırmışlar. Bədii tərcümənin
rolunu və əhəmiyyətini yüksək qiymətləndirən
Adil Babayev də bu sahədə bir sıra nailiyyətlər əldə
etmişdir. Adil Babayevin tərcüməçilik fəaliyyətində
Y.Osnos və V.Vinnikovun “Hind gözəli” (1959), Tsao Yuinin
“Tufan” (1959), N.Dumbadzenin “Darıxma, ana” (1972), Şota
Milorovanın “Tbilisi nəğməsi” (1961), M.Petrieskunun
“Ölümünü görmüş insan” (1973) əsərləri
mühüm yer tutur.
O,
bütün yaradıcılığı boyu bədii tərcümə
ilə məşğul olmuşdur. 1971-ci ilin avqust ayından
ömrünün sonunadək Azərbaycan
Yazıçılar İttifaqında bədii tərcümə
üzrə məsləhətçi işləmiş və
dünya xalqlarının bəzi şairlərinin əsərlərini
də Azərbaycan dilinə tərcümə
etmişdir.Böyük rus şairi Nekrasovun əsərlərini
dilimizə Abdulla Şaiq, Osman Sarıvəlli, Mirmehdi Seyidzadə,
Tofiq Bayram kimi istedadlı şairlər də tərcümə
ediblər. Lakin Adil Babayevin N.A.Nekrasovdan etdiyi tərcümələr
onun özünün tərcümə dəsti-xəttinə
xas məziyyətləri ilə seçilir. “Dünya uşaq ədəbiyyatı
kitabxanası” seriyasının 1989-cu il nəşrində Adil
Babayevin Nekrasovdan etdiyi tərcümələrdən xeyli
nümunələrin salınması da bu fikri təsdiqləyir.
Mütərcim
bütün tərcümələrində orijinala məxsus əsas
əlamətləri qoruyub saxlamış, səlis dillə,
şairanə misralarla Azərbaycan dilində
canlandırmışdır. Bütün bu nümunələrdə
Adil Babayev özünü poetik tərcümənin həssas
ustası kimi tanıtmışdır.
Bildiyimiz
kimi, əsassız ittihamlara məruz qalan Adil Babayev 1938-ci ildə
anası Xeyransa xanımla Tbilisi şəhərinə
köçmək məcburiyyətində
qalmışdır. Tbilisidə Mirzə Fətəli Axundov
adına Azərbaycan dilli orta məktəbdə təhsilini
davam etdirmiş, 1943-cü ildə Tbilisidə A.S.Puşkin
adına İkiillik Müəllimlər İnstitutunun dil və
ədəbiyyat ixtisasına
daxil olmuşdur. Burada
yaşadığı
üçün gürcü xalqının ədəbiyyatı,
folkloru ilə lap uşaqlıq yaşlarından tanış
olmuşdur. Bəlkə elə buna görədir ki,
gürcü xalqı onun yaradıcılığında
xüsusi yer tutur. Gürcü şairi Qriqol Abaşidzenin “Dəniz
və qaranquş”, Nodar Dumbadzenin “Darıxma, ana” kimi tarixi qəhrəmanlıq
dramının Azərbaycan dilinə tərcüməsinin və
tamaşaya qoyulub müvəffəqiyyət qazanmasının
əsas səbəblərindən ən başlıcası
Adil Babayevin gürcü şair və yazıçılarına
dərin və sonsuz məhəbbətidir. Gürcü dilini
öz ana dili kimi bilən tərcüməçi hər iki
xalqın tarixini, həyat və məişətini, adət-ənənəsini,
müasir ədəbi dilini, canlı xalq danışıq
dilini, hətta dialektlərini də bilir, orijinalda işlənən
dolaşıq fikirlərə belə aydınlıq gətirir.
Onun tərcümələrini
bir-bir nəzərdən keçirdikdən sonra belə bir nəticəyə
gəlmək olar ki, o, tərcümə etdyi bütün sənətkarları
dərindən öyrənmiş və qəlbdən
duymuşdur. Bədii tərcüməni yaradıcılıq
işi sayan Adil Babayev bütün varlığı, şairlik
istedadı ilə bu işə bağlanmış və
özünün tərcüməçilik
ustalığını sübut etmişdir. Onun tərcümə
sahəsində göstərdiyi xidmət Azərbaycan tərcümə
ədəbiyyatı tarixinin ən qiymətli səhifələrindəndir.
XX əsrin
ortalarında teatr sənətinin inkişafı yolunda səylə
çalışan Azərbaycanın görkəmli mədəniyyət
xadimləri arasında Adil Babayevin adı hörmətlə
çəkilir. Teatra böyük həvəs göstərən
Adil Babayev Azərbaycan Dövlət Teatr İnstitutunun
teatrşünaslıq ixtisasına daxil olmuşdur. Teatrı,
səhnəni bütün dərinliyi ilə öyrənmək
üçün o, AMEA-nın İncəsənət və
Layihə İnstitutunun aspirantı olmuşdur. Teatra olan
böyük marağı onun gələcək yolunu müəyyənləşdirmişdir.
Belə ki, o, Məşədi Əzizbəyov adına Akademik
Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində
çalışmışdır.
Teatrı
hünər və istedad meydanı adlandıran Adil Babayev təkcə
məqalə və çıxışlarında deyil, bədii
əsərlərində də teatrın
böyüklüyü, səhnənin müqəddəsliyi
fikrini irəli sürmüşdür. Onun müxtəlif illərdə
yazdığı “Dağlar qızı”, “Mənim məhəbbətim”,
“Yarımçıq şəkil”, “Qız görüşə
tələsir”, “Ən xoşbəxt adam”, “Qaçqınlar” və
s. əsərləri, eləcə də tərcümə
etdiyi “Hind gözəli”, “Tufan”, “Tbilisi nəğməsi”,
“Darıxma ana”, “Ölümünü görmüş insan”
pyesləri teatr sənətimizin inkişafında böyük
rol oynamışdır. Bu əsərlər Bakıda, Gəncədə,
Ağdamda, Sumqayıtda, Naxçıvanda, Tbilisidə və
başqa şəhərlərdə müxtəlif
quruluşda tamaşaçılara göstərilmişdir.
Adil
Babayev həm də teatr sahəsinə
aid bir neçə kitabların müəllifidir. 1959-cu ildə
yazdığı “Məşədi Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrı” adlı kitabında bu
teatrın yaradıcılıq fəaliyyəti, aktyor və
rejissorların sənətkarlıq məharəti aydın
ifadəsini tapmışdır.Həmçinin teatrın
yaradıcılıq cəhətdən püxtələşməsində
ciddi rol oynamış sənətkarlardan – Lütvəli
Abdullayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov və
başqalarının səhnə fəaliyyətindən bəhs
edən əsərlər yazmışdır.
Həqiqətən
də bu cür ciddi zəhmət, gərgin elmi
axtarışların nəticəsi olan,
teatrşünaslıq məsələlərinə həsr
olunmuş kitab və məqalələri
onun milli teatr tariximizin yorulmaz tədqiqatçı olduğunu
bir daha sübut edir. Yazıçı-publisist Əfqan
Əsgərovun təbirincə desək, Adil Babayev Azərbaycan
teatrşünaslığının əsasını
qoyanlardan biri olmuşdur.
Adil
Babayev fenomeni yalnız şairliklə və dramaturgiya ilə
tamamlanmır. Bu fenomenlə bağlı sənət yolunda
şairliklə publisistikanın vəhdətini
görürük. Adil Babayevin publisistikası onun
poeziyasında irəli sürülən mətləblərin
publisist dillə daha operativ və həyati faktlar zəminində
ifadəsi baxımından diqqətəlayiqdir.
O, poeziyasında
olduğu kimi, publisistikasında da təsadüfi mövzulara
üz tutmamış, ilk növbədə diqqəti
taleyüklü məsələlərə yönəltmişdir.
Onun publisistikasında öz ifadəsini tapan mövzular sənətkarlıq
həssaslığından irəli gəlməklə
dövrün, zamanın aktual problemlərinə şair
münasibətinin əks-sədası kimi üzə
çıxır. Poeziyasında olduğu kimi, onun
publisistikasında da vətən və insan sevgisi ön planda
dayanır. Bu mənada, Adil Babayevin bədii
yaradıcılığı ilə publisist fəaliyyəti
üzvi vəhdətdədir.
O, yaradıcılığının
ilk dövründən, ədəbi mühitə ilk qədəmindən
mətbuatla yaxından bağlı olmuşdur. “Sovet
Gürcüstanı”(1943-1945) qəzeti redaksiyasında ədəbiyyat
şöbəsinə rəhbərlik etmiş, “Kommunist”
(1945-1946) qəzetində ədəbi işçi, tərcüməçi
işləmiş , “Şərq
qapısı” (1946) qəzetində əvvəlcə korrektor,
sonra isə poeziya şöbəsinin müdiri, “Azərbaycan
pioneri” (1947-1949) qəzetində tərcüməçi,1949-1952-ci
illərdə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”)
jurnalında poeziya şöbəsinin müdiri, Azərbaycan
Dövlət Nəşriyyatında (1956-1964) bədii ədəbiyyat
şöbəsinin redaktoru, “Ədəbiyyat və incəsənət”
(1964-1971) qəzetində tənqid
şöbəsinin müdiri, məsul katib, baş redaktorun
müavini işləmişdir.
Yaradıcılığı
boyu mətbuatla bağlı olan Adil Babayev qəzet
işçisinin diqqətli, həssas, yüksək elmi biliyə
malik olmasını, dilin lüğət tərkibinin qrammatik
qayda-qanunlarını da dərindən bilməyi vacib şərt
saymış, hətta bədii əsərlərində də
mətbuatın əhəmiyyətindən dönə-dönə
bəhs etmişdir.
İstər
müəllifin öz məqalələrində, istərsə
də dövri mətbuatda müasirlərinin onun haqqında
yazdıqlarından oxuyuruq ki, Adil Babayev bir şair kimi
şöhrətlənsə də, mətbuat aləmində də
öz aktual, elmi publisist məqalələri, resenziyaları ilə
də tanınmışdır.
Ümumiyyətlə,
Adil Babayevin bütün əsərlərində ötəri, keçici hisslər,
duyğular deyil, həyatın acısını, şirinini
dadmış, onun sınaqlarında bərkimiş, hər cəhətdən
kamilləşmiş bir İNSANın ürək döyüntüləri
eşidilir. Onun fikrincə, insan o vaxt xoşbəxt ola bilər
ki, o, öləndən sonra da xatırlana, əsərləri
oxuna. “Təzədən doğulur şair ölən gün”
şeirində
yazdığı kimi:
Təzədən
doğulur şair ölən gün
O gündən
başlayır təzə həyatı.
Ya
düşür yoluna ölümsüzlüyün,
Ya da
unudulur biryolluq adı.
Həqiqətən
də Adil Babayevin kövrək duyğularını əks
etdirən lirik şeirləri, dünya, zaman və insan
haqqında fəlsəfi düşüncələrdən
yoğurulmuş sonetləri, müxtəlif mövzularda, rəngarəng
biçimlərdə qələmə aldığı
poemaları, dramları, hekayələri,
yaşadığımız günlərin ovqatını həssas
qələmlə canlandıran publisistikası, söz sənətimizin
ayrı-ayrı problem və şəxsiyyətləri barədə
ədəbi-tənqidi məqalələri, dünya klassiklərindən
seçmə nümunələrin dilimizdə yüksək
ustalıqla səslənməsinə şərait yaradan tərcümələri,
Azərbaycan teatrşünaslığı sahəsindəki
əvəzolunmaz xidmətləri onu heç vaxt unudulmağa
qoymaz.
Aypara
Behbudova,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
İki
sahil.- 2025.- 28 yanvar, №15.- S.7.