O gözlər qəlbin aynasıdır ki...
(Oçerk)
Hamı
dünyaya eyni cür gəlir, amma eyni cür yaşamır.
Kimisi öz gücünə tapınaraq gələcəyinə
doğru müstəqim addımlarla irəliləyir, kimisi də
sonadək davam gətirə bilmir, geri çəkilir...Lakin
bütün dövrlərdə mübarizlər, tutduqları
yoldan dönməyənlər sonda el hörməti, sınmaz
etibar və inam qazanır, adı-əməli nümunə
olur.
...Onun barəsində
Gəncədə, Daşkəsəndə, Tərtərdə,
Beyləqanda eşitmişdim. Barəsində söhbət
açanlar belə bilikli həkimə, qayğıkeş
insana az rast gəldiklərindən ağızdolusu
danışırdılar. Biri özünün, o biri
oğlunun, digəri nəvəsinin tutulmaqda olan gözlərini
müalicə edən həkimin xəstələrə
qayğısını, humanist keyfiyyətlərini yüksək
qiymətləndirərək deyirdilər:-Halal olsun kişinin
qızına, əşi, həkim belə olar, özü də
alimdir eee!
Bəs
söhbət kimdən gedir? Respublikamızın müxtəlif
guşələrində belə el məhəbbəti
qazanmış o həkim harada çalışır?
Onu
çox da axtarmadıq, soraq bizi Akademik Zərifə
Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinə
gətirdi. Orada elmi-tədris bölməsinin müdiri, tibb
elmləri namizədi Minarə Quliyevanın necə
böyük rəğbət və hörmət
qazandığının şahidi olduq. Ancaq Minarə həkim
bu nüfuzlu dövlət müəssisəsinə gəlib
çıxanadək tibb elminin çətin yollarından
keçib.
***
Bir ailənin
tarixçəsi
Tovuz
şəhərində Həmid müəllimin və Mayisə
xanımın ailəsi rayonun nümunəvi ailələrindən
biri kimi tanınırdı. Həmid müəllim ali məktəbi
bitirəndən sonra Moskvada meşəçilik mövzusunda
dissertasiya müdafiə edərək biologiya elmləri namizədi
alimlik dərəcəsi almışdı. Sonra doğma Tovuza
qayıtmış, yüz illərlə ilan mələyən min hektarlarla
boş ərazidə yaşıllıq və meşə
salmaq məsələsini qaldıranda onun bu fikrini ciddiyə
almamışdılar. Buna baxmayaraq o, dediyinin üstündə
möhkəm duraraq cəmi bir neçə il müddətində
zəngin meşə sahəsi salmış, o yerləri
gülüstana çevirmişdi. Ancaq bunlar elə-belə
başa gəlməmişdi. Şahidi olanlar nəql edirlər
ki, o, hətta gecələr
öz əli ilə əkdiyi körpə tingləri
suvarır, bəzən də səhərə qədər
işindən ayrılmırdı. Çünki
gündüzlər su daha vacib hesab edilən taxıl, arpa,
yonca və digər sahələrə tutulurdu. Nəhayət,
bir neçə ildən sonra əkib-becərdiyi tinglər
heyrətamiz bir yaşıllıq zonasına çevrildi.
Dövlət
tərəfindən Həmid Quliyevin xidmətləri yüksək
qiymətləndirilmiş, ona “SSRİ-nin Əməkdar meşəçisi”
fəxri adı verilmiş, bir neçə orden və medalla təltif
edilmişdi. Azərbaycan dövlət müstəqilliyi
qazanandan sonra Prezident təqaüdçüsü olmuşdu.
Həmid
Quliyevin meşəçilik təcrübəsi o zamankı
SSRİ miqyasında geniş yayılırdı. Azərbaycanın
və SSRİ-nin Meşə Təsərrüfatı nazirliklərində
onun işindən razılıqla danışırdılar.
Moskvada, nazirlikdə onun qabaqcıl iş təcrübəsinin
digər müttəfiq respublikalarda da yayılması və
öyrənilməsi tövsiyə edildi. Baltikyanı ölkələrdən
Həmid Quliyevin nümunəvi fəaliyyətinin öyrənmək
üçün meşəçilər Tovuza gəlmişdilər.
Həmid Quliyev qonaqları xoşüzlə qarşılaməş,
azərbaycanlı qonaqpərvərliyini göstərmiş,
eyni zamanda, iş təcrübəsini öyrətmişdi.
Qonaqlar öz vətənlərinə Azərbaycandan xoş təəssüratlarla
qayıtmışdılar.
Söhbət
ona həmin vaxt ən yüksək ad olan Sosialist Əməyi
Qəhrəmanı fəxri adının verilməsindən
gedəndə iddiaları təmin olunmayan bədxahları buna
paxıllıq edərək hərəkətə keçdilər.
Onlar SSRİ və Azərbaycan
rəhbərliklərinə donoslar göndərdilər,
ömür boyu rüşvət alıb-verməyən, ailəsini
halal qazancı ilə dolandıran vicdanı təmiz bir
adamı ləkələmək, dövlət yanında
etibardan və hörmətdən salmaq üçün dəridən-qabıqdan
çıxdılar. Ancaq Həmid
Quliyev ad-san, var-dövlət üçün
çalışmırdı. Sadəcə, ləyaqətli bir vətəndaş kimi
ömürboyu öz vicdanı qarşısında təmiz
qalmaq üçün ailəsini halal çörəklə
dolandırırdı. Bu, ona ata-babasından qalma vəsiyyət
idi. Onun əqidəsinə görə, varlı süfrəsinin
pişiyi olmaqdansa, öz kasıb süfrəsinin pələngi
olmaq daha yaxşı idi. Digər tərəfdən də Mircəfər
Bağırovun rəhbər olduğu Azərbaycanda on-on
beş kiloqram taxılın əskik gəlməsinə
görə güllələnənləri də
görmüşdü.
Həmid
müəllim yəqin şairlər, aşıqlar məskənindən
olduğu üçün
“Meşəbəyi” şeirini çox sevərdi, hətta
əzbər bilirdi.
Kef
üstündə kefimizi
Gəldi
sordu meşəbəyi.
- Buyur, -
dedik atdan düşdü,
Bardaş
qurdu meşəbəyi.
Qamçısını
atdı sola,
Çantasını
çəkdi dala,
Şirin-şirin,
bala-bala
Bizlə
“vurdu” meşəbəyi.
Beş
övlad anası Mayisə xanım isə ömür-gün
yoldaşının və uşaqların
qayğısını çəkməklə məşğul
olurdu. Təhsil almasa da, geniş
dünyagörüşlü, düşüncələrindən
ziyalılıq yağan bir xanım idi. Valideynlər
övladların oxumalarına, bilik qazanmalarına lazımi
şərait yaratsalar da, peşə seçimlərində sərbəst
olmalarına maneçilik etmirdilər, “qoy yaxşı
oxusunlar, sevdikləri peşənin ardınca getsinlər”
deyirdilər. Ona görə də ailədə böyüyən
dörd oğulun və qızın hər biri öz istəyinin
ardınca getdi. Bu minvalla İman, Davud, Sahib və Azər
müxtəlif peşələri mənimsəyərək cəmiyyətimizin
layiqli üzvləri oldular.
Minarənin
arzusu...
Quliyevlər
ailəsinin yeganə qızı Minarə uşaqlıq illərində
atasının və nənəsinin uzun müddət gözlərinin
ağrıdığını, müalicə
olunduqlarını gördükcə xiffət çəkir,
uşaq təfəkkürü ilə gələcəkdə
göz həkimi olmağı arzulayırdı. Hətta
dördüncü sinifdə oxuyarkən yazdığı
inşada gələcəkdə göz həkimi
olacağını, bu xəstəlikdən əziyyət
çəkənləri xilas edəcəyini
vurğulamışdı. Oxuduğu Tovuz şəhərindəki
5 saylı orta məktəbi rusdilli olsa da iti zəkaya malik
balaca Minarə çalışqan şagird kimi bütün dərslərdən
əla qiymət alırdı. Rus dili və ədəbiyyat
müəllimi Konstantin Labışkin sevimli şagirdinə
böyük ümidlər bəslədiyini deyirdi.
-Qızım,
zəhmətlə qazandığın biliklər səni öz
arzuna çatdıracaq. Yetər ki, fikrində ardıcıl
olasan.
...Quşqanadlı
illər tez ötüb keçdi. Müəllimləri onun gələcəyinə
inam bəsləyir, bilirdilər ki, belə biliklə hansı
ali məktəbə getsə daxil olacaq. Orta məktəbi
qızıl medala layiq bitirsə də lakin ona qarşı ədalətsizlik
etdilər, haqq etdiyi mükafatı vermədilər. Elə həmin
il, yəni 1980-ci ildə orta məktəbi başa vuran Minarə
sənədlərini Nəriman Nərimanov adına Azərbaycan
Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə
işi fakültəsinə verdi. İmtahanlardan yüksək
qiymətlər alaraq illərboyu arzuladığı ali məktəbə
qəbul edildi. O gün sevincinin həddi-hüdudu yox idi,
axı, böyük müsabiqədən uğurla
çıxmışdı.
İnstitut
illərində həsrətində olduğu peşəni incəliklərinə
qədər öyrənməyə çalışdı.
1986-cı ildə institutu bitirərək Azərbaycan Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda internaturanı,
altı il sonra isə ordinaturanı bitirdi. Həmin il institutun
Gözün yoluxucu xəstəlikləri və kornea cərrahiyyəsi
şöbəsinə işə qəbul olundu.
2001-ci ildə
Moskvada aspiranturaya daxil olub oranı müvəffəqiyyətlə
bitirəndən sonra 2006-cı ildə göz xəstəlikləri
mövzusunda dissertasiyasını müdafiə edərək
tibb elmləri namizədi alimlik dərəcəsi aldı.
İki il sonra Akademik Zərifə Əliyeva adına Azərbaycan
Milli Oftalmologiya Mərkəzində Gözün yoluxucu xəstəliklər
şöbəsinin müdiri vəzifəsinə irəli
çəkildi. Hazırda isə burada elmi-tədris bölməsinin
müdiridir. Təbii ki, Minarə xanım ona göstərilən
etimadı öz layiqli əməyi ilə qazanıb.
O vaxtdan
indiyədək keçən illərdə Minarə həkim
göz ağrısından əziyyət çəkən
minlərlə soydaşımızı ağrı və
iztirablardan xilas edib. Həkim indi təəssüflə
bildirir ki, gözləri ağrıyan atama və nənəmə
kömək etməkdə aciz qaldığım
uşaqlıq illərini xatırlayanda kövrəlirəm.
Onunla təsəlli tapıram ki, əvəzində minlərlə
göz xəstəsinə yardım etmişəm...
Daşkəsən
rayonunun Bayan kəndində yaşayan ədəbiyyat müəllimi
Əliqamət Əliyevlə söhbət zamanı minnətdarlıqla
bildirdi ki, neçə ildir ağır göz xəstəliyinə
düçar olub. Minarə həkimin köməyi ilə
gözləri görmə qabiliyyətini itirmək təhlükəsindən
sovuşub. Müəllim
qayğıkeş həkimə sonsuz minnətdarlığını
ifadə etdi.
Bəli,
Minarə xanım otuz doqquz ildir ki, tibbin peyğəmbəri
sayılan Hippokrat andına sadiq qalaraq xəstələrə
şəfa bəxş edir, loğman, təbib adının
şərəfini uca tutur.
***
Milli
irsə bağlı vətəndaş
Oçerkimizin
qəhrəmanı çalışdığı sahənin
bilicisi olmaqla bərabər, digər
sahələrdən də xəbərdar olan bir vətəndaş
kimi yetişib. Hələ gənclik illərində
özünün həm peşə, həm də mədəni
səviyyəsini yüksəltmək üçün tibb ədəbiyyatı
ilə bərabər, Azərbaycan şair və
yazıçılarının əsərlərini də sevə-sevə
mütaliə edirdi. Rus ədəbiyyatının görkəmli
nümayəndələri Aleksandr Puşkin, Mixail Lermontov, Lev
Tolstoy, Maksim Qorki, Mixail Şoloxov, Konstantin Simonovla
yanaşı, böyük Azərbaycan şairləri,
dünyaca məşhur Nizami Gəncəvi, Füzuli, Nəsimi,
Səməd Vurğun, yazıçılar Məmməd Səid
Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn və
başqalarının əsərlərini də həvəslə
oxuyurdu. Süleyman Rəhimovun “Saçlı” povestinin
personajlarını hələ də xatırlayır.
Baxmayaraq ki, orta və ali məktəbləri rus dilində
oxuyub, dissertasiyasını bu dildə müdafiə edib, ancaq
öz ədəbiyyatımızdan, tariximizdən, folklorumuzdan
xəbərdar olmağı ön planda saxlayırdı. Bu barədə
söz düşəndə: “Onlar ulu və müdrik bir xalq
kimi bizim milli varlığımızın göstəriciləridir”-deyr
Minarə xanım.
Gözlərə
nur verən həkim özü də aşıq
havalarını, muğamlarımızı, bəstəkar
mahnılarımızı maraqla dinləyir. Unudulmaz
şairimiz İslam Səfərlinin 1980-ci ildə yaddaqalan
teatr həyatı qazanan məşhur “Göz həkimi”
film-tamaşası onun maraqla izlədiyi səhnə əsəridir.
Həyatının
bir tərəfi həmişə elmə bağlı olan tibb
elmləri namizədi Minarə xanım Quliyeva neçə
ildir ki, doktorluq dissertasiyası üzərində işləyərək
elmi mövzusunu müdafiəyə hazırlayıb.
Şübhə yoxdur ki, yaxın vaxtlarda elmin daha yüksək
pilləsinə ucalacaqdır.
Dediyimiz
kimi, Minarə xanım bədii ədəbiyyatı, musiqini,
incə lirikanı sevən həkim-alimlərimizdəndir. Bunu
söylədiyi bir fikir aydın göstərir:
“Deyirlər
cözlər qəlbin aynasıdır. Bəli, razıyam. Amma
o gözlər onda qəlbin aynası olur ki, orada
ağrılar, xəstəliklər yoxdur. Axı, insanların
qəlbi gözlərindən oxunur.”
Səhiyyə
işçiləri arasında baş ucaldan həkimlər barədə
belə bir deyim var: “Tibbin qızıl fondu.” “Təbii ki, o fonda müqəddəs
peşənin hörmətini zirvəyə qaldıran,
xalqın inamını doğruldan, ömrünü
insanların sağlamlığına həsr edən həkimləri
aid edirlər. Burada bir həqiqət
var. Minarə Quliyeva da inam və şərəf
qazanmış həmin “qızıl fond”da qərar tutan həkim-alimlərimizdəndir.
O, dünyada həkimlərin şahı adlandırılan
Əbu Əli İbn-Sinanın məşhur bir kəlamını
unutmur: “Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var.”
Ömrünü
el yolunda şam kimi əridən Minarə Quliyeva həm həkim,
həm də alim kimi göz xəstəliklərindən əziyyət
çəkənlərin ümid yeridir. O, bu şərəfli
missiyasını bu gün də davam etdirməkdədir...
Vəli
İlyasov
İki
sahil.- 2025.- 29 yanvar, №16.- S.5.