Bakıda Azərbaycan
Uşaqlarının I forumu keçirilir
Heydər
Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və “NUR” Uşaq və Gənclərin
İctimai Birliyinin təşkilatçılığı ilə
2009-cu il “Uşaq İli” çərçivəsində Azərbaycan
Uşaqlarının birinci forumu başlayıb. APA-nın xəbərinə
görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban Əliyevanın foruma təbrik məktubu oxunub. Məktubda
bildirilib ki, uşaqlar cəmiyyətin ən zərif hissələridir,
hazırda Azərbaycanda uşaqların sağlam mühitdə,
yüksək təhsil şəraitində böyüməsi
üçün hər cür imkan yaradılır. Müraciətdə
o da qeyd olunub ki, Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan
olunmasında məqsəd hər bir uşağa öz istedad
və potensialını tam şəkildə
reallaşdırma imkanı yaratmaq olub.
Baş nazirin
müavini
Elçin Əfəndiyev çıxışında bildirib
ki, indiyə kimi Azərbaycan hökuməti uşaqlarla
bağlı BMT-nin müvafiq
komitəsinə 4 dövrü hesabat təqdim edib. Baş
nazirin müavini deyib ki, uşaq problemlərinin həlli
ölkədə həyata keçirilən dövlət siyasətinin
əsas istiqamətlərindəndir: “Heydər Əliyev Fondu tərəfindən
uşaqların təhsil və tibb xidmətlərinin daha
yüksək şəraitdə təşkil olunması
üçün mühüm layihələr həyata
keçirilir. Hazırda Azərbaycanda uşaq ölümü
hallarının azaldılması, məktəbəqədər
yaşlı uşaqlar üçün daha intellektual
mühitin yaradılması prioritetlərdəndir”.
E. Əfəndiyev onu da deyib
ki, Azərbaycanda uşaq problemlərinin həllinə yönələn 30-dan çox dövlət proqramı həyata keçirilir.
Milli Məclis sədrinin
müavini Bahar Muradova isə deyib ki, Azərbaycan Konstitusiyası
və “Uşaq hüquqları haqqında” qanun da daxil olmaqla
parlament tərəfindən qəbul olunan 70-ə yaxın
qanun bilavasitə və ya dolayısı ilə ölkədə
uşaq hüquqlarını qoruyur. Onun sözlərinə
görə, indiyə kimi Milli Məclis tərəfindən
uşaq hüquqları ilə bağlı 15-dək beynəlxalq
konvensiya ratifikasiya olunub.
Qeyd edək ki, tədbirdə
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın
forum iştirakçıları tərəfindən təltif
olunduğu “Qızıl ürək” mükafatının təqdimatı
olacaq.
İki
sahil.- 2009.- 18 dekabr.- S. 2.