Qazax Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına start verildi

 

Əməliyyat olunan şəxslərdən 4-ü uşaqlardır. Onlardan 3-nün valideynləri övladlarının şəfa tapması ümidi ilə Heydər Əliyev Fonduna müraciət edib

 

ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərindən ibarət tibbi briqada Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində (MDM) çalışan həmkarları ilə birlikdə dekabrın 23-dən başlayaraq Qazax MDM-də açıq ürək əməliyyatlarının icrasına start veriblər. 2009-cu ilin Azərbaycanda Uşaq ili elan olunması ilə əlaqədar iki gün davam edəcək əməliyyatlar üçün seçilən 5 bölgə sakininindən 4-ü uşaqdır. Bu xəstələr arasında anadangəlmə ürək qüsurundan əziyyət çəkən 3 uşaq Heydər Əliyev Fondun tərəfindən göndərilib.

Bundan bir qədər əvvəl isə ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə MNX-nın ürək-damar cərrahiyyəsçi şöbəsinin əməkdaşları 1 həftə ərzində Naxçıvan Muxtar Respublikasına ezam olunaraq, orada 22 nəfər üzərində açıq ürək əməliyyatı həyata keçiriblər. Sözügedən şöbənin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə gerçəkləşdirilən bu əməliyyatların hamısı uğurla nəticələnib.

Bu ilin mart ayından qismən, iyun ayından isə tam fəaliyyətə başlayan Qazax MDM təkcə Qazax rayonunun sakinlərinə deyil, bütövlükdə ölkəmizin Qərb bölgəsinin əhalisinə, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımıza xidmət göstərir. Burada quraşdırılan müasir tibbi avadanlıq isə ən mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına imkan yaradır.

Humanitar aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin Qazax rayonunda ucaldılan abidəsini ziyarət edərək, heykəlin önünə tər gül dəstələri düzdülər. Dekabrın 23-də ilkin olaraq əməliyyat masasına qaldırılan 13 yaşlı Güllü Hüseynli 3 saat çəkən uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşdu. Əməliyyata rəhbərlik edən Rəşad Mahmudovun bildirdiyinə görə, xəstənin həyatı üçün təhlükə artıq arxada qalıb. Daha sonra 63 yaşlı Mürşid Nərimanov və16 yaşlı Asim Quliyevin ürəyində aparılan əməliyyat da müvəffəqiyyətlə nəticələndi.

Rəşad Mahmudov media mənsubları üçün keçirdiyi brifinqdə qeyd etdi ki, bu dəfə əməliyyat olunanlar arasında uşaqların üstünlük təşkil etməsi dövlətimizin uşaqlara göstərdiyi təmənnasız qayğının təzahürüdür. Məhz bu yüksək diqqət və qayğının nəticəsi olaraq, ölkə Prezidentinin sərəncamına əsasən 2009-cu il Azərbaycanda Uşaq ili elan edilib. Dövlət rəhbəri və eləcə də Heydər Əliyev Fondu uşaqların sosial durumunun yaxşılaşdırılması, onların sağlamlığının təmin olunması yönündə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Dövlət Neft Şirkəti də öz əməli işi ilə bu siyasətə davamlı şəkildə dəstək verir. “Xüsusən son illərdə dirçəliş dövrünü yaşayan Azərbaycan səhiyyəsinin artıq ölkənin bütün ucqar nöqtələrində görmüş olduğu əməli işlər insanlarımızda öz sağlamlıqlarını Azərbaycan həkiminə əmanət etmə inamı yaratmaqdadır. 3 il ərzində ən ucqar bölgələrdə 136 xəstə üzərində müvəffəqiyyətlə həyata keçirilən açıq ürək əməliyyatları ölkəmizdə sosial inkişaf istiqamətində aparılan siyasətin məntiqi nəticəsidir. Bu, eyni zamanda Azərbaycan həkiminin və xəstəsinin gələcəyə olan inamını artıran və tibb təhsili alan gənc həkimlərimizin öz üzərlərində daha çox çalışmalarına stimul yaradan amildir.”

Əməliyyat olunan uşaqların valideynləri bizimlə söhbət zamanı onların övladlarına göstərilən təmənnasız qayğıya görə ölkə Prezidentinə, Heydər Əliyev Fonduna və ARDNŞ-ə öz təşəkkürlərini ünvanladılar. Tovuz rayonunun Dondarquşu kənd sakini, 16 yaşlı Asim Quliyevin bibisi Şöhrət Tağıyeva qardaşı oğlunun həkimlərin köməyi sayəsində normal həyata qovuşmasından olduqja məmnun görünürdü:”Asimin şəfa tapmasında köməyi keçən hər bir kəsə minnətdarıq. Dövlətimizin uşaqlarla bağlı yürütdüyü siyasəti bəyənir və təqdir edirik.” Tovuz rayonunun Əlibəyli kənd sakini, 10 yaşlı Zeynəb İsmayılovanın da deməyə sözü çox idi:”Zeynəbin ürəyində anadangəlmə qüsur olduğunu o, dünyaya gələndən 10 gün sonra bildik. Uzun illərdir Ki, övladımın xəstəliyi məni narahat edirdi. Nəhayət, son ümidlə Heydər Əliyev Fonduna mürajiət etdim. Bu müraciətimin nəticəsi olaraq Zeynəbin təmənnasız şəkildə əməliyyat olunması gerçəkləşdi. Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. O bütün Azərbaycan balalarının ən böyük himayədarıdır.” Zeynəb İsmayılova Qazax MDM-in əməkdaşlarından da razılıq etdi. Dedi ki, stasionar cərrahiyyə şöbəsinin baş tibb bacısı Nuriyyə Məmmədova, təsərrüfat bacısı Məlahət Məmmədova, tibb bacıları- Dürdanə Musayeva və Məhluqə Əmirxanova Zeynəbin hər bir qayğısı ilə yaxından maraqlanır, ona nəvaziş göstəirlər.

8 yaşlı Fatimə Aslanovanın anası Mətanət xanım anadangəlmə ürək qüsuru ilə doğulan körpəsinin onu məyus etdiyini gizlətmədi: “Doğrusu, çox kədərlənmişdim. Xüsusən ailəmizin maddi vəziyyətinin aşağı olması bizi ruhdan salırdı. Nə yaxşı ki, dünya xeyirxah insanlardan xali deyilmiş. Heydər Əliyef Fonduna müraciətimdən sonra bir daha əmin oldum ki, bizim ölkədə uşaqların taleyi etibarlı əllərdədir. Dövlətimizin rəhbərinə, Heydər Əliyev Fonduna, bu əməliyyata maliyyə dəstəyi verən ARDNŞ-ə, həkimlərə çox sağ olsunlar-deyirəm. İnanıram ki, biz valideynlərin bu sevincindən bütün valideynlərə pay düşəcək.

Dekabrın 24-də anadangələmə ürək qüsurundan əziyyət çəkən daha 2 uşaq-10 yaşlı Zeynəb İsmayılova və 7 yaşlı Fatimə Aslanova üzərində açıq ürək əməliyyatı keçiriləcək.

 

 

Əmrah Fəqanoğlu

 

İki sahil.- 2009.- 24 dekabr.- S. 6.