Xoşbəxt olsun uşaqlar

 

Kürdəmir rayonundaUşaq İlinin yekunlarına həsr olunan ümumrayon toplantısı keçirilib. “Xoşbəxt olsun uşaqlardevizi altında keçirilən tədbirdə rayon məktəbliləri, istedadlı uşaqlar maraqlı səhnəciklər və maraqlı konsert proqramı ilə əsl bayram ovqatı yaratdılar.

2009-cu il “Uşaq İli”nin yekunları Kürdəmir rayonunda da silsilə tədbirlərlə yadda qalıb. Keçirilən yekun toplantıda əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm əsərləri, maraqlı əl işləri, habelə toxuculuq nümunələrinə həsr olunan sərgi ilə tanışlıq oldu. Sonra ümumrayon toplantısı keçirildi. Yığıncaqda uşaq təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, rayon rəhbərliyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Sənubər Əlizadə çıxış etdi. Tədbrin yekununda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov ulu öndər Heydər Əliyevin uşaqlara göstərdiyi xüsusi qayğıdan danışaraq, bildirdi ki, balaca fidanlara göstərilən qayğı bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hər yerində olduğu kimi Kürdəmir rayonunda da uşaqların təlim-tərbiyəsi və onların sağlam inkişafı, elmi bilikli böyüməsi üçün zəruri tədbirlər görülür. Son beş ildə rayonda 21 yeni məktəb tikilib, 5 məktəb əsaslı təmir olunub.16 məktəbin bazasında idman zalı, 58 kənddə idman meydançaları və sadə idman qurğuları tikilmişdir. Bundan əlavə rayonda gənclər üçün Olimpiya İdman Kompleksi, Gənclər Evi, Şahmat məktəbi tikilmiş və mərkəzi şəhər stadionu isə əsaslı təmir edilərək gənclərin istifadəsinə verilmişdir.

2009-cu il “Uşaq İli” çərçivəsində ümumrayon tədbirlər planı hazırlanmış, plana uyğun olaraq məktəblərdə inşa yazı və rəsm müsabiqələri keçirilmiş, əl işləri və uşaq kitablarının sərgisi təşkil olunmuş, kitab bayramları, bilik və idman yarışları, intellektual oyunlar, kimsəsiz və yetim uşaqlarla görüşlər keçirilmişdir.

Sonda müxtəlif sahələr üzrə fərqlənən uşaq və yeniyetmələr rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif edildilər.

 

 

Ağəli Kərimli

 

İki sahil.- 2009.- 29 dekabr.- S. 8.