“Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd olundu

 

Təhsil Nazirliyində bu münasibətlə keçirilən yubiley tədbirində çıxış edən təhsil naziri Misir Mərdanov jurnalın keçdiyi 85 illik yola bir daha nəzər salaraq bildirdi ki, respublikada təhsilin inkişafında, ümumxalq işinə çevrilməsində, pedaqoji kadrların yetişməsində, qabaqcıl təcrübənin təbliğində “Azərbaycan məktəbi” maarifçilik vəzifəsini layiqincə yerinə yetirir, bu sahədə rolu və xidmətləri böyükdür:

- Ümummilli lider Heydər Əliyevin dövlətin əsas prioritetləri kimi təhsilin inkişafına göstərdiyi qayğı jurnalın səhifələrində verilən yazılarda öz əksini tapır. Son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısının təzahürü olan islahatların tətbiqi, həyata keçirilən layihələr jurnalda geniş yer alır. Azərbaycanda təhsilin inkişafı yolunda həyata keçirilən yeniliklərin carçısı olan jurnal bu gün də gənc nəslin hərtərəfli hazırlıqlı vətəndaş kimi yetişdirilməsi kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn çoxsaylı müəllim ordusunun yaxın dostu, məsləhətçisi olmaqla maarifçilik tarixində iz qoyan korifeylərin həyat və fəaliyyətini əks etdirən ensiklopediya kimi də böyük əhəmiyyət daşıyır.

Bu gün redaksiyanın yaradıcı heyətində 5 nəfər prezident təqaüdçüsünün çalışması jurnalın maarifçilik missiyanın öhdəsindən bacarıqla gəldiyini göstərir.

Jurnalın baş redaktoru Nəcəf Nəcəfov nəşrin tarixi, müasir dövrdə üzərinə düşən vəzifələr, perspektivi barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 1997-ci ildən etibarən ildə 6 dəfə oxucuları ilə görüşən jurnal təlim, tədris prosesində baş verən yeniliklərin pedaqoji kollektivlərə çatdırılmasında əsil bələdçidir:

- Məzmun və keyfiyyətcə dəyişən, müasirləşən təhsilin uğurları, qarşıya çıxan problemlər, onların həlli yolları barədə mütəxəssis yazıları ilə pedoqoji sahədə baş verən yenilikləri ictimaiyyətə çatdıran jurnalda yer alan təhlili yazılar gərgin axtarışlar nəticəsində işıq üzü görür. Elm xadimlərinin tövsiyələri, araşdırmaları ilə oxucularını tanış edən “Azərbaycan məktəbi” hər bir müəllimin, valideynin nə isə öyrənə biləcəyi təcrübə məktəbidir. Buna görə də çalışırıq jurnalda təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən layihələrin əhəmiyyəti barədə ictimaiyyətə dolğun məlumat çatdırılsın.

Tanınmış pedaqoq və mətbuat nümayəndələri çıxış edərək 85 yaşı olsa da yenilik, müasirlik axtarışında olan “Azərbaycan məktəbi”nə uğurlar arzuladılar.

Jurnalın baş redaktoru Nəcəf Nəcəfov və müavini Nəsrəddin Musayevə “Qabaqcıl təhsil işçisi” döş nişanını, əməkdaşlara TN-nin fəxri fərmanlarını təqdim edən Misir Mərdanov kollektivə uğurlar arzulamaqla tövsiyələrini də bildirdi. Qeyd olundu ki, təhsil sahəsini əhatə edən çoxsaylı mətbu orqanları içərisində məzmun və yazılarının aktuallığına, keyfiyyətinə görə fərqlənən “Azərbaycan müəllimi” qəzeti kimi bu jurnal da beynəlxalq təcrübənin öyrənilməsinə diqqəti artırmalı, pedaqoji sahədə baş verən yeniliklərin təbliğində yaxından iştirak etməlidir.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2009.-30 dekabr.- S. 7.