Xilaskar” xalq sevgisinin təzahürüdür

 

Müsahibimiz Azərbaycanın əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru İftixar Piriyevdir

 

- İftixar müəllim, rəhbərlik etdiyiniz Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi bu günlərdə Gürcüstandan qastrol səfərindən qayıdıb. İstərdik bu barədə məlumat verəsiniz...

- Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin şəxsi təşəbbüsü ilə İrəvan Dövlət Dram Teatrı Gürcüstan Respublikasında yaşayan soydaşlarımız qarşısında çıxış etmək üçün iki əsərlə qastrol səfərində oldu. Əsərlərdən biri ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illik ildönümünə və hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş Aqşin Babayevin “Xilaskar” əsəri və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası idi. Bizim səfərimiz noyabr ayının 25-dən dekabr 4-dək olan müddəti əhatə etdi. Səfərə ulu öndər Heydər Əliyevin Tiflisdəki abidəsini ziyarət etməklə başladıq. Axşam saat 19-da isə Rustaveli teatrında Aqşin Babayevin “Xilaskar” əsərini tamaşaya qoyduq. Tamaşaçılar arasında Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan Prezident Aparatının müşavirləri, deputatlar, diasporla iş üzrə dövlət naziri və reinteqrasiya nazirliyinin nümayəndələri, Kvemo-Kartli bölgə qubernatorunun müavini, gürcü teatr ictimaiyyəti, SSRİ xalq artistləri Georgi Qaftaradze, Dmitri Caayani, Suxumi teatrının aktyorları, Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Qoça Kapanadze, Tiflisdən və ətraf rayonlardan gəlmiş ziyalılar var idi. Tamaşa çox böyük uğurla oynanıldı. Tamaşaçılar alqışlarla dəfələrlə aktyorlarımızı səhnəyə dəvət etdilər. Tamaşadan sonra tamaşaçılar aktyorlara yaxınlaşdlar, xoş sözlər dedilər və xatirə şəkilləri çəkdirdilər.

- Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevlə bağlı fikirləri sizə nə kimi təsir bağışladı?

- Tamaşadan sonra ulu öndər Heydər Əliyevin yaxın dostu cənab Eduard Şevardnadze teatr kollektivimizi iqamətgahına dəvət etdi.

Dekabrın 2-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Tiflis Dövlət Universitetində açılmış Azərbaycanlıların dostu guşəsində ulu öndər Heydər Əliyevi anım mərasimi keçirdikdən sonra E.Şevardnadzenin iqamətgahına yollandıq. Orada bizi çox qanaqpərvərliklə qarşıladılar. E. Şevardnadze bizə ulu öndərlə bağlı maraqlı xatirələrindən danışdı. Bildirdi ki, Heydər Əliyev tək azərbaycanlılar üçün deyil, Qafqaz xalqları üçün çox əhəmiyyətli şəxsiyyət idi. Onun Gürcüstana göstərdiyi köməklikləri xüsusi olaraq vurğulayan E.Şevardnadze bildirdi ki, nə yaxşı ki, Heydər Əliyevin obrazını səhnəyə gətiribsiniz. Səhnələşdirdiyiniz tamaşa çox möhtəşəm idi. Xüsusən də baş rolun ifası. Sonra Şevardnadze onun üçün çox əziz və daim göz önündə olan ulu öndərlə birgə çəkdirdiyi şəkil haqqında təəssüratlarını bizimlə bölüşdü.

Söhbət əsnasında mən Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərindən gürcü dilində bir neçə bəndi əzbər söylədim. E.Şevardnadze bunu alqışlarla qarşıladı. Sonda Eduard Şevardnadzeyə qədim çalğı alətimiz olan saz bağışladım. Görüşümüzü E.Şevardnadzenin iqamətgahının həyətində xanımının qəbrini ziyarət etməklə yekunlaşdırdıq.

- Əminik ki, Gürcüstan tamaşaçıları qədim İrəvan teatrının yaradıcılığını yüksək dəyərləndirdi.

- Bu çox maraqlı səfər oldu. Səfərdə Azərbaycanın Gürcüstandakı səfirinin, Gürcüstan Teatr xadimlər ittifaqının və Kvemo-Kartli quberniyasının təltif etdiyi fəxri fərmanlarla mükafatlandırıldıq.

Həmçinin səfər müddətində Tiflis Dövlət Azərbaycan Teatrının repertuarında Üzeyir Hacıbəyovun “Ər-arvad” əsəri əsasında hazırlanmış tamaşaya dəvət aldıq. Teatr on gün müddətində Tiflis şəhərində, Bolnisi, Qardabani, Kaspi, Marneuli rayonlarında, Sadaxlı, Kəpənəkçi və Cələ kəndində maraqlı çıxışlar etdilər.

- Rəhbərlik etdiyiniz İrəvan teatrının tamaşaları tək Gürcüstanda deyil, digər dost ölkələrin də diqqətini cəlb edir. Yəqin ki, qastrol səfərlərinizin coğrafiyası genişdir...

- Hal-hazırda mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başqa bir layihəsi üzərində işləyirik. Gürcüstandakı soydaşlarımızdan sonra Dərbənd şəhərində yaşayan həmvətənlərimiz qarşısında çıxış etmək nəzərdə tutulub. Burada da ulu öndərin siyasi fəaliyyətindən bəhs edən “Xilaskar” əsərini ifa edəcəyik. Bu tamaşa ilə çıxış edərkən ulu öndərə həqiqətən xalq sevgisinin bir daha şahidi oluruq. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. Ulu öndər elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, heç bir sahə onun diqqətindən kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayır, Azərbaycanla nəfəs alırdı. Ümummilli lider Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Yaxın günlərdə dəvət əsasında Misir Ərəb Respublikasına qastrol səfərimiz gözlənilir. Orada ərəb yazarı Tefiq əl-Hakiminin “Hərraca qoyulmuş sultan” əsəri ilə çıxış edəcəyik.

 

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2009.- 11 dekabr.- S. 12.