Nazir aktrisanı mükafatlandırdı
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm naziri Ə.Qarayev
60 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının aktrisası Emma Məlikovanı teatr sahəsindəki
xidmətlərinə görə
mükafatlandırmışdır. Nazirin bu münasibətlə
imzaladığı əmrdə Emma Məlikovanın
yaradıcılığı yüksək qiymətləndirilmişdir.
Emma Məlikova 1978-82-ci
illərdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "Musiqili komediya
aktyorluğu" fakültəsində təhsil
almışdır. 1976-cı ildən Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında çalışan aktrisa burada
maraqlı, dolğun və özünəməxsus obrazlar
yaratmağa nail olmuşdur. "Gözün aydın"
tamaşasında Nargilə, "Hələlik"də Jalə,
"Qızıl toy"da Ballı, "Özümüz bilərik"də
Nabat, "50 yaşında cavan"da Kələk,
"Hicran"da Qızbacı, "Talelər
qovuşanda"da Leyla, "Qaynana"da Mülayim, "Kələkbazlar"da
Səməni və s. kimi rollarda çıxış edən
aktrisa bu gün də öz fəaliyyətini davam etdirir.
Hazırda o, Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının 100 illik yubileyi qarşısında
hazırlanan "Şəhərdə manyak var!" (Əziz
Nesin, Sərdar Fərəcov) tamaşasında Xumar rolu üzərində
çalışır.
Teatrın kollektivi də
yubiley münasibətilə aktrisanı təbrik etmiş və
cənab nazirin diqqətindən məmnun
qaldıqlarını bildirmişlər.
Vüsalə Ağamalıyeva
İki sahil.- 2009.- 3 fevral.- S. 8.