AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Naxçıvan tarixi məsələləri

 

 Ölkəmizdə Yaqub Mahmudov adı, belə demək mümkünsə, hər kəsə tanış olan, sevilən, hörmət bəslənilən, xalqın taleyini öz taleyində yaşadan görkəmli tarixçi alim kimi məlumdur. O, ilk növbədə fədakar pedaqoq, Vətənimizin ən ağır, gərəkli günlərində həmişə prinsipial mövqeyi ilə seçilən vətənpərvər ziyalı, Azərbaycan həqiqətlərini, xalqımızın haqq işini qoruyan, onu bütün dünya ictimaiyyətinə çatdıran, bu yolda heç nədən çəkinməyən yüksək erudisiyalı, görkəmli azərbaycanşünas alim və ictimai xadimdir.

Yaqub Mahmudov AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, fakültə dekanı, kafedra müdiri, Dissertasiya Şurasının Sədri, Ensiklopediyanın elmi işlər üzrə direktor müavini, tarix ixtisası üzrə Respublika Əlaqələndirmə Şurasının sədri... və onlarla vəzifəni şərəflə, ən yüksək səviyyədə və uğurla yerinə yetirmiş və bu gün də işlədiyi vəzifələrə şərəf gətirir. Yaqub müəllim həm də həyatda gərgin, yorulmaq bilməyən fəaliyyəti ilə uğurlar qazanmışdır: AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Y.Məmmədəliyev adına mükafatın laureatı, tarix elmləri doktoru, professor... və neçə-neçə uğurların sahibi. Ən başlıcası isə dövlət və dövlətçiliyə, torpağa və xalqa ürəkdən bağlı olan, xalqın dərin və sonsuz məhəbbətini qazanan görkəmli alim, nüfuzlu müəllim, vətənpərvər ziyalı və ictimai xadim.

Yaqub Mahmudov Azərbaycanın şimal-qərb bölgəsində anadan olmuş və orada boya-başa çatmışdır. Lakin ölkəmizin bütün bölgələri Yaqub müəllim üçün əziz və doğmadır. “Ata yurdu” dərsliyinin müəllifi Azərbaycanın bütün tarixi torpaqlarının təəssübünü çəkən, onu bütöv Azərbaycan bilən və tədqiqatlarını bu yöndə aparan görkəmli tarixçidir. Azərbaycana, onun tarixi coğrafiyasına, ərazisinə, etnik tarixinə - bütövlükdə Azərbaycan tarixinə kəc baxan, onu saxtalaşdıran “tədqiqatçılar” qarşısında vətən qeyrətli tarixçi- alimimizi - Yaqub Mahmudovu görürlər.

Azərbaycanın dövlətçilik ənənələri Yaqub müəllimin tədqiqatlarının əsasını təşkil edir. Onun çox sanballı əsərləri tarix elmimizi əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Azərbaycan tarix elminin inkişafı sahəsində yorulmadan çalışmış, yarım əsr fəaliyyət göstərmiş, çox böyük uğur və nüfuz qazanmışdır.

Y.Mahmudov uzun illər ali təhsil sistemində çalışmış, rəhbər vəzifələr tutmuşdur. Onun minlərlə yetirməsi vardır. Fəxrlə qeyd etməyi özümə borc bilərək bildirirəm ki, mən də Yaqub müəllimin tələbələrindən biriyəm. Respublikamızın ictimai-siyasi və mədəni həyatında, ölkəmizdən xaricdə də onun yetirmələri uğurla fəaliyyət göstərirlər.

Y.Mahmudov Azərbaycanın görkəmli ziyalılarından biridir. O, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması və möhkəmləndirilməsi üçün əlindən gələni etmiş və bu gün də səmərəli fəaliyyət göstərir. Onun tədqiqatları daha çox Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinə, Azərbaycanın diplomatiya tarixinə həsr edilmişdir. Lakin son illərdə məkrli düşmənlərimizin Azərbaycan torpaqlarına iddiaları, onu “böyük Ermənistan”a qatmaq arzuları Yaqub müəllimin elmi fəaliyyətində yeni istiqamətin yaranmasına səbəb olmuşdur. Qarabağ problemi, İrəvan dərdləri, Naxçıvan tarixi, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyalar tarixinə Y.M.Mahmudov daha çox diqqət yetirir.

Yaqub Mahmudov Naxçıvanla, onun tarixi, abidələri və görkəmli yetirmələri ilə daim maraqlanmış, bunların tədqiqinə ciddi diqqət yetirmişdir. Yaqub müəllim dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, onun bölgələri, arxeoloji, tarixi və memarlıq abidələri ilə yaxından tanış olmuş, onlar haqqında mötəbər tədqiqatçı sözü demişdir. Gəmiqayaya, Əlincə qalasına, Ordubad abidələrinə, Qarabağlar, Xanəgah, Möminə xatın türbələrinə, Nuh peyğəmbərin məzarüstü abidəsinə - onlarla abidəyə tədqiqatçı marağı ilə baxmış və onları tədqiq etmişdir. Gənc tədqiqatçılara elmi rəhbərlik etmiş, onlara istiqamət vermiş, Naxçıvan xanlığının tarixinin, Naxçıvan bölgəsinin tarixi-demoqrafik vəziyyətinin araşdırılmasına nail olmuşdur.

Y.Mahmudov əvvəlki illərdə olduğu kimi, 2003-cü ilin sentyabrında da Naxçıvana səfər etmiş, bir həftə ərzində Naxçıvanı gəzmiş, öyrənmiş və nəticədə “Qədim diyarın çağdaş günləri” adlı çox sanballı və tarixi tutumu olan böyük həcmli məqaləsini yazmışdır (“Xalq qəzeti”, 2-3 dekabr 2003-cü il). Y.Mahmudov burada təkcə öz təəssüratlarını qeyd etməmişdir. Məqalədə Əshabi-Kəhf, Gəmiqaya, Xanəgah kompleksi, Əlincəqala, Ordubadın tarixi və memarlıq abidələri, Şəki süvarilərinin Əlincəqalanın müdafiəsində iştirakı, Göynük kəndinin (Culfa rayonu) tarixi, Naxçıvan Dövlət Universiteti, Akademiyanın Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tariximizə göstərdiyi diqqət və qayğıdan əsl vətəndaş yanğısı, tədqiqatçı səriştəsi ilə bəhs etmişdir.

Y.Mahmudov Naxçıvan tarixinin müxtəlif məsələlərindən yeri gəldikcə bəhs etmiş və onu yüksək qiymətləndirmişdir. O, tarixçi alim, t.e.d. K.Şükürovla birgə “Naxçıvan: tarixi və abidələri” adlı (B., “Təhsil”, 2007, 216 s.) çox dəyərli kitab yazmışdır. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi və dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan tarixindən bəhs edilir. Əsərdə Naxçıvanın keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir. Kitaba əlavə olunmuş illüstrasiya materialı onun əhəmiyyətini artırır və Naxçıvanın tarixi və abidələri haqqında dolğun təsəvvür yaradır.

Y.Mahmudov Naxçıvanın Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olduğunu qeyd edir. Göstərir ki, “Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır”.

Naxçıvan Paleolit dövründə ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Sonrakı dövrlərdə də bu ərazilərdə insanların yaşaması məlumdur. Y.M.Mahmudov Naxçıvanın arxeoloji və tarixi abidələrindən Qazma, Kilit, Əshabi-Kəhf mağaraları, I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Damlama, Maxta, Gəmiqaya qayaüstü təsvirləri, boyalı qablar və Naxçıvan mədəniyyəti haqqında maraqlı fikirlər söyləmişdir. “Naxçıvan torpağı bu planetdə torpaq süxurlarının, ayrı-ayrı geoloji qatların ilkin əmələ gəldiyi yerdir. İlk yerdir ki, planetimizdə həyat burada başlanıb, insan cəmiyyəti formalaşmağa burada başlayıb, ibtidai insanlar formalaşmağa məhz burada başlayıb”.

Naxçıvanın qədim türk yurdu olduğunu Y.M.Mahmudov dəfələrlə söyləmişdir. O, göstərmişdir ki, “Naxçıvan ərazisinin ən qədim sakinləri olan Azərbaycan tayfaları, burada meydana gəlmiş tayfa birlikləri Azərbaycanın etnik-siyasi tarixində mühüm rol oynamışdır”.

Ermənilərin Naxçıvanla bağlı əsassız ərazi iddialarına Yaqub müəllim dəfələrlə layiqli cavab vermişdir. O göstərmişdir ki, erməninin bura-Naxçıvana qətiyyən dəxli yoxdur. Çünki ermənilər ümumiyyətlə Asiya qitəsinə gəlmədirlər. Onlar bura Balkan yarımadasından köçüb gəliblər. Özü də Asiya qitəsinə köçüb gələnlər onların özləri yox, ulu babaları hesab olunan tayfalardır.

Ermənilərin Naxçıvan ərazisinə XIX əsrin 20-30-cu illərində köçürüldüyü məlumdur. Bununla əlaqədar Y.Mahmudov qeyd edir ki, “Bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Doğrudur, XIX yüzilliyin əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövründə və bundan sonra çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana kütləvi surətdə erməni köçürərkən Naxçıvanda da erməniləri yerləşdirməyə cəhdlər göstərib. Lakin qəhrəman Naxçıvan camaatı ermənilərin burada qərar tutmasına imkan verməyib. Və beləliklə, Naxçıvan tarixin ən qədim çağlarından bu günədək əzəli Azərbaycan torpağı olaraq qalıb”.

Naxçıvanın bir sıra torpaqlarının heç bir əsas olmadan ermənilərə verilməsinə öz kəskin etirazını bildirən Y.Mahmudov bunu beynəlxalq müqavilələrin şərtlərinin kobudcasına pozulması hesab etmişdir: “Biz çar Rusiyası və sovet hakimiyyəti dövrlərində Azərbaycana qarşı yol verilmiş haqsızlıqlara, bizdən qoparılıb ermənilərə verilmiş ərazilərlə bağlı məsələyə öz münasibətimizi bildirməliyik. Nə üçün biz iddia qaldırmırıq ki, Naxçıvan xanlığının keçmiş ərazisi nə qədər idi? Və Sovet dövründə Moskva və Qars müqavilələrinə əsasən Naxçıvanın sərhədləri müəyyənləşdirilib. Nə üçün bu sərhədlər dəyişdirilib? Bizim fikrimizcə, bu məsələ ilə bağlı iddia qaldırmaq lazımdır...”.

Y.Mahmudov bir neçə dəfə Naxçıvan tarixinin mövcud vəziyyəti, öyrənilmə səviyyəsi və bunun tədqiqinin zəruriliyini irəli sürmüşdür. Qeyd etmişdir ki, Naxçıvanımızda elm, o cümlədən də tarix elmi sürətlə inkişaf edir. Tarix sahəsində yazılmış əsərlərin həsr olunduğu problemlər də çox aktualdır. Lakin bununla bərabər, Naxçıvan tarixinin hələ də zəif işlənildiyi və xarici dillərə tərcümələrin lazımi səviyyədə olmadığını göstərmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun, Naxçıvan bölməsinin və Naxçıvan Dövlət Universiteti əməkdaşlarının iştirakı ilə ikicildlik Naxçıvan tarixi üzərində iş gedir. Əsər artıq yazılıb və yekun mərhələsindədir. Son illərdə həmin elm və tədris müəssisələri əməkdaşlarının və xarici ölkə alimlərinin iştirakı ilə iki mühüm beynəlxalq simpozium keçirilmişdir: “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” (9-10 iyun 2006-cı il); “Naxçıvan bu gün: islahatlar, perspektivlər” (5-6 oktyabr 2007-ci il). Beynəlxalq simpoziumlarda Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, toponimikası, iqtisadiyyatı və b. sahələri ilə əlaqədar 125-dən artıq elmi məruzələr dinlənilmişdir. Yaqub Mahmudovun “Tarixdə və tariximizdə Naxçıvanımız”, “Böyük Ermənistan uydurması: terror, soyqırımları və özgə torpaqlarına yiyələnmək “ideologiyası” mövzularındakı məruzələri ciddi maraq doğurmuş, Naxçıvan tarixi, mədəniyyəti, abidələri və görkəmli şəxsiyyətlərinin fəaliyyəti təhlil edilmişdir.

Dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Naxçıvanda bunun üçün xeyli sübutlar vardır. Y.Mahmudov belə sübutlara aşağıdakıları aid etmişdir: Əshabi-Kəhf, Gəmiqaya, Nuhla bağlı əfsanələr və yer adları, tarixi yerlər, rəvayətlər, saysız-hesabsız abidələr və b.

Y.Mahmudov yazılarında, çıxışlarında Naxçıvan şəhəri, onun qədimliyi, şəhər mədəniyyəti haqqında da bəhs etmiş, Naxçıvanı dünyanın ən qədim şəhərlərindən biri hesab edir. O, məqalələrinin birində yazmışdır ki, “...bizim Naxçıvanımız dünyanın ən qədim şəhərlərindən biridir. Əgər biz dərindən araşdırsaq, görərik ki, dünya tarixində ən qədim şəhər mədəniyyətinin başlandığı yer də Azərbaycandır! Dünyanın ən qədim bir neçə şəhərindən biri də məhz Naxçıvandır!”

Tarixçi-alim yazdığı kitab və monoqrafiyalarda, elmi məqalələrdə və publisist yazılarda Naxçıvanın görkəmli yetirmələrindən qürur hissi və fəxrlə bəhs etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə onlarla elmi əsər həsr edən Y.Mahmudov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyasında bu böyük azərbaycanlının şəxsiyyətinə Azərbaycanın dövlətçilik tarixi fonunda nəzər salır. Y.M.Mahmudov yazmışdır ki, Naxçıvan Heydər Əliyev kimi dahi siyasətçinin vətənidir. “Heydər Əliyev dünya tarixində Atatürk, Vaşinqton, Bismark, Nehru kimi simalarla müqayisə edilən tarixi şəxsiyyətdir. Mənim aləmimdə Heydər Əliyev öz Vətəni üçün onunla müqayisə olunan tarixi şəxsiyyətlərdən daha çətin problemləri həll etmişdir. Çünki Bismarkın arxasında böyük Almaniyanın potensialı, Vaşiqtonun arxasında Amerikanın qüdrəti dururdu. ...Heydər Əliyev isə kiçik, əzilən, ayrı-seçkiliyə məruz qalan bir xalqın nümayəndəsi idi. Lakin buna baxmayaraq, dünyanın altıda birinə sahib olan bir ölkənin - Sovet İttifaqının rəhbərlərindən biri səviyyəsinə ucala bildi”.

Y.Mahmudov Heydər Əliyevi böyük azərbaycanlı, Azərbaycanın xilaskarı kimi səciyyələndirərək yazmışdır: “Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin görmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunlar bir keyfiyyət altında birləşir: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLIDIR, Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşidir”.

Y.Mahmudov ölkəmizin görkəmli şəxsiyyətləri, siyasi və dövlət xadimləri olan Prezident İlham Əliyev və Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun fəaliyyətini geniş təhlil etmiş, Azərbaycanın hərtərəfli inkişafında onların əvəzedilməz rolunu göstərmişdir.

Naxçıvan tarixi Əbubəkr Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, Cəmşid Naxçıvanski, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Yusif Məmmədəliyev və onlarla ümumdünya korifeylərinin tarixidir. Bu korifeylərin hər biri haqqında sanballı oçerklər yazan Y.Mahmudov onların tarixi xidmətlərini və fəaliyyətlərini çox yüksək dəyərləndirmişdir.

Ümumiyyətlə, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Y.M.Mahmudov Naxçıvan tarixinin problemləri və tarixi mərhələləri haqqında obyektiv, əhatəli və əsl tədqiqatçı sözü demişdir və bu fikirlər sabahkı tədqiqatçılar üçün elmi istiqamət təşkil edəcək, onların əməli fəaliyyətləri üçün isə çox faydalı olacaqdır.

Yekunda, müəllimim Yaqub Mikayıl oğlu Mahmudovu - görkəmli Azərbaycan tarixçisini, tanınmış elm mücahidini 70 illik yubileyi münasibətilə çoxsaylı yetirmələri adından səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

İsmayıl Hacıyev

 

İki sahil.- 2009.- 4 fevral.- S. 6.