GƏNC BƏSTƏKARIN “GƏNCLƏR
HİMNİ” DİPLOMA LAYİQ GÖRÜLMÜŞDÜR
Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinif
şagirdi Ayan Odoğlunun adı oxucularımıza
yaxşı tanışdır. Ayan 2007-ci ildə Belarusda gənc
bəstəkarların beynəlxalq müsabiqəsinin qalibi
olmuş, tanınmış Belarus şairinin sözlərinə
yazılmış ən yaxşı musiqi əsərinin
müəllifi kimi xüsusi diploma layiq
görülmüşdü. O vaxt AzərTAc bu barədə ətraflı
məlumat vermişdi.
Belarus
torpağında gənc bəstəkarın daha bir əsəri
- ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
edilmiş “Ulu öndər” odası da səslənmişdi.
Ayan bu əsəri yaradıcılığının zirvəsi
hesab edir.
Həmin
müsabiqədən keçən müddətdə gənc
bəstəkar, təbii ki, ustalığını daha da təkmilləşdirmiş,
Üzeyir Hacıbəyli və Qara Qarayev bəstəkarlıq
məktəbinin gözəl ənənələrini layiqincə
davam etdirməyə çalışmışdır.
Bu il
fevralın 2-də Azərbaycan Gənclər və İdman
Nazirliyi Ayan Odoğlunun 2008-ci ildə qazandığı
yaradıcılıq uğurlarına görə ona “Gənclər
mükafatı” diplomu təqdim etmişdir.
Ayanın
uğurları isə həqiqətən az
olmamışdır. Keçən il o, bir neçə
sonatina, skertso, prelüd, pyes və mahnı bəstələmişdir.
Mütəxəssislər Ayanın bəstələdiyi “Gənclər
himni” əsərini xüsusi qeyd edirlər. Vətən naminə
birləşməyə çağırış kimi səslənən
himnin təntənəli və eyni zamanda lirik melodiyası dinləyicilərdə
ülvi hisslər oyadır.
Ayan deyir:
-Mən bu əsərdə
doğma Vətənimizə görə qürur hisslərimi əks
etdirmişəm. Ölkəmizin rəhbərliyinin, ilk
növbədə Prezident İlham Əliyevin biz gənclərə
göstərdiyi qayğı və diqqətə görə təşəkkürümü
ifadə etmək istəmişəm. Bizim dünya miqyaslı
uğurlarımız, soydaşlarımızın Olimpiadada,
Avroviziyada qazandığı qələbələr məhz
bu qayğı və diqqətin nəticəsidir.
Təəccüblü
deyil ki, 2008-ci ildə xeyirxah əməlləri ilə fərqlənmiş
Azərbaycan gənclərinin nümayəndələrinə
mükafatlar təqdim edilməsi münasibətilə təntənəli
mərasimdə konsert məhz Ayan Odoğlunun “Gənclər
himni” ilə başlanmışdır. Əsəri Azərbaycanın
əməkdar artisti, gözəl müğənni Azərin
ifa etmişdir.
Bütün
bu məqamlar Fuad Əlişovun klipində yüksək
zövqlə öz əksini tapmışdır.
Ayan bu himnin
ifasına görə Azərin xanıma minnətdar
olduğunu bildirdi. Gənc bəstəkar onu dəstəkləyən
soydaşlarımızın hər biri, xüsusən
özünün əsas məsləhətçisi və təbii
ki, ilk dinləyicisi olan Bakı Musiqi Akademiyasının dosenti
Aydın Əzimov haqqında minnətdarlıq hissi ilə
söhbət açır.
Gənc bəstəkar
ilhamla çalışır, öz fitri istedadına güvənərək
bəstəkarlıq sənətinin incəliklərinə yiyələnir.
İki Sahil.- 2009.- 6 fevral.- S. 8.