Naxçıvan Muxtar Respublikası-85

 

Naxçıvan: Azərbaycanın məğrur qalası, Şərqə açılan qapısı

 

Zəngin tarixi, mədəniyyəti, yetirdiyi ziyalıları, siyasi xadimləri ilə seçilən bu qədim diyar inkişaf edir, müasirləşir, gözəlləşir

 

Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən sayılan, çoxəsrlik dövlətçilik ənənələrinə malik qədim və zəngin tarixə malik, siyasi xadimləri, alimləri, şair və ədibləri ilə dünya sivilizasiyasında tanınan Naxçıvan mürəkkəb, çətin, şərəfli inkişaf yolu keçmişdir.

1999-cu ildə muxtar respublikanın 75 illik yubileyində çıxış edən ulu öndər Heydər Əliyev bu məqamı bir daha xatırladaraq Naxçıvanın statusunu müəyyən edən muxtariyyətin verilməsini tarixi zərurət kimi vacib hesab edirdi. Əsrlər boyu həqiqətən adına layiq olan, “Cahanın nəqşi” sayılan bu torpağı ələ keçirmək isətəyənlər çox olsa da fatehləri diz üstə çökdürən qədim diyar qəhrəman övladlarının igidliyi, yenilməzlik simvolu olan qalaları sayəsində düşmənə təslim olmadı. Min cür hiylələrə əl atan ermənilər də başqaları kimi “Naxçıvana sahiblənmək” kimi murdar niyyətlərinə çata bilmədilər. Çünki bu torpaq tarixin bütün dönəmlərində öz elinə, obasına, torpağına, milli kökünə bağlı fatehlər yurdu kimi tanınmış, ərənləri ilə fəxr etmişdir. Ermənilər tərəfindən blokada vəziyyətində olsa da düşmənə sinə gərən muxtar respublikanı daşnak təcavüzündən mətanətlə qoruyan ümummilli lider Heydər Əliyev idi.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında”kı sərəncamda da bu məqamlar bir daha diqqətə çatdırılır: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir.”

Həqiqətən respublikanın intellektual potensialının gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında, dövlətçilik ənənələrinin zənginləşdirilməsində Naxçıvanın xüsusi rolu və yeri var.

Ötən əsrin sonuncu onilliyində ölkəmizdə baş verən hadisələr muxtar respublikanın ictimai -siyasi həyatına da təsirsiz ötüşmədiyi kimi Azərbaycanın ayrılmaz hissəsi olan və Şərqə açılan qapısı sayılan Naxçıvanın önəmini daha da artırdı. O dövrdə bütün diqqətlər Naxçıvana yönəlmişdi. Xarici qonaqlar, diplomatlar, əcnəbi jurnalistlər baş verən hadisələrin əsil mahiyyətini öyrənmək üçün müdrik siyasətçi Heydər Əliyevə müraciət edirdilər.

1990-cı ildə doğma vətəni Naxçıvana gələn ümummilli lider Heydər Əliyev qayıdışı ilə Azərbaycanın müstəqilliyi və süverenliyinin əbədiliyi üçün böyük tarixi xidmətlər göstərdi. Bütün dünya ictimaiyyəti ulu öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” kimi müdrik kəlamının həyatda təsdiqinin şahidi oldu. Bütün dünya xalqları bir daha əmin oldular ki, qərinədən artıq siyasi və dövlətçilik fəaliyyətində liderlik fəlsəfəsini dərindən mənimsəyən ulu öndərin irsi çoxları üçün örnək və təcrübə məktəbidir.

Milli müstəqillik hərəkatında da fərqlənən muxtar respublikada 1990- 1993-cü illərdə ümummilli lider Heydər Əliyevin başçılığı ilə bütünlükdə Azərbaycanın gələcəyi üçün vacib olan çox mühüm tarixi əhəmiyyətli qərarlar qəbul olundu. Məhz onun uzaqgörən siyasəti nəticəsində SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar Naxçıvanda qəbul edildi. Əsrlərdən bəri sərhədlərimizi üzümüzə bağlayan sovet ordusunun hərbi hissələri ilk dəfə Naxçıvandan çıxarıldı. “Yenilməz, qırmızı ordudan” miras qalan silah -sursat azərbaycanlı əsgərlərdən ibarət yaradılan Milli Orduya qaytarıldı. İlk Sərhəd Qoşunları bu qədim diyarda təşkil olundu. Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı birinci olaraq Naxçıvan MR Ali Məclisində dalğalandı, dövlət atributları bərpa edildi. Qanlı 20 Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, faciəni yaradan səbəbləri təhlil etmək məsələsi də məhz ulu öndərin rəhbərlik etdiyi sessiyada müzakirə olundu. Azərbaycanın suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd olan 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Naxçıvanın ərazi bütövlüyünün toxunulmazlığını təsdiq edən Qars müqaviləsi onun təşəbbüsü ilə təzələndi. 31 dekabr -Dünya Azərbaycanlılarının həmrəyliyi günü haqqında qərar məhz onun rəhbərliyi ilə qəbul olundu. Blokadada qalan muxtar respublika əhalisinin enerji, ərzaq məhsulları ilə təminatı üçün qonşu İran və Türkiyə ilə əlaqələr yaradıldı. “Ümid korpüsü”nün çəkilişi ilə illərdən bəri həsrətli qardaş və bacılar biri-birinə qovuşdular. Bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, ÜDM-də 85 faiz payı olan qeyri-neft sektorunun möhkəmlənməsi, bazar iqtisadiyyatına keçid üçün başlıca amil olan islahatların əsası da o illərdə, Naxçıvanda qoyuldu. Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında qərar qəbul etməklə Azərbaycan tarixində yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirdi, insanlara mülkiyyət hüququ verildi. Kəndlinin torpaq mülkiyyətinə sahiblənməsi üçün tarixi qərarlar qəbul olundu. Bu kimi faktları çox sadalamaq olar. Naxçvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə aparılan quruculuq işləri isə muxtar respublikanı daha füsünkar və əzəmətli edir.

Görülən işlərin nəticəsidir ki, Naxçıvan nəinki gözəlliyi, iqtisadi inkişafı ilə də digər regionlardan fərqlənir. Muxtar respublikanın paytaxtı tanınmaz dərəcədə dəyişilib, gözəlləşib, müasirləşib. Küçə və parklarda, istirahət guşələrində göz oxşayan abadlıq bu qədim diyara başqa yaraşıq verir. Bütün naxçıvanlılar bu torpağın övladları olması ilə fəxr edir, qürur duyurlar. Hər addımda hiss olunan səliqə, sahman, abadlıq təşəbbüskarlıqdan, doğma torpağa, yurda bağlılıqdan xəbər verir. İndi muxtar respublikanın elə bir güşəsi yoxdur ki, Azərbaycanda gedən ümumi inkişaf burada hiss olunmasın.

İqtisadi və sosial inkişafın sürətlə davam etdirildiyi Naxçıvana hər gəlişindən məmnun qaldığını, blokada şəraitində yaşasa da burada aparılan quruculuq işlərinin başqaları üçün nümunə olduğunu bildirən Prezident İlham Əliyev muxtar respublikanın davamlı, dinamik inkişaf yolu ilə irəlilədiyini qeyd edir.

Bu inkişafı ötən ilki uğurları əks etdirən statistik rəqəmlər də təsdiqləyir. Ötən il muxtar respublika üzrə ÜDM 35 faiz artaraq 795 milyon 764 min manata çatdırılıb. Bunun nəticəsi olaraq adambaşına düşən ÜDM həcmi 44, 3 artmış, orta aylıq əmək haqqı 235,2 manat olmuşdur. İqtisadiyyatının əsasını təşkil edən və yeni istiqamətlər üzrə şaxələndirilən sənayenin inkişaf tempi də ürəkaçandır. Təkcə ötən il muxtar respublika üzrə 164 milyon 451 min manatlıq sənaye məhsulu istehsal olunmuş, 37 yeni istehsal və xidmət sahələri yaradılmışdır. Sevindirici haldır ki, daxili tələbatı ödəyən, Naxçıvan istehsalı olan məhsullar Azərbaycanın digər bölgələrinə və qonşu ölkələrə ixrac edilir.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının yaradılması, sahibkarlığa marağın artırılması üçün biri-birindən əhəmiyyətli addımlar atılır. 2008-ci ildə bu məqsədlə xeyli kredit ayrılmışdır. Sahibkarlıq subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün banklar və maliyyə təşkilatları tərəfindən 18 milyon 885 min manat məbləğində kredit verilmişdir. İndi emal müəssisələrində 224 adda ərzaq və sənaye malları istehsal olunur, əhalinin tələbatı yerli məhsullar hesabına ödənilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanılan “ Vayxır” su dəryaçasının istifadəyə verilməsi ilə Babək rayonunun kəndlərinin, minlərlə təssərrufatın suvarma suyuna tələbatı ödənilir. Ehtiyac duyulan digər rayonlarda da su kanalları çəkilmişdir. Prezident İlham Əliyevin imzaladığı “ Kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi” adlı sərəncamına, Naxçıvan MR Ali Məclisi sədrinin “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq tədbirlər müəyyənləşdirilir. Aqrar sahənin inkişafını sürətləndirmək, əhalinin taxıla olan tələbatını yerli imkanlar hesabına ödəmək üçün imkanların səfərbər edilməsi müsbət nəticə verir. Dizel yanacağı və gübrələrin alınması üçün nəzərdə tutulan güzəştlər fermer təsərrüfatlarının genişlənməsinə, məhsul bolluğuna optimal şərait yaradır. “ Bir pəncərə” prinsipinin tətbiqi sahibkarlığın genişlənməsini sürətləndirir.

Dövlətin Məşğulluq Strategiyasına uyğun görülən tədbirlər nəticəsində əhalinin işlə təminatı yaxşılaşdırılır. Son beş ildə burada 40 minə yaxın yeni iş yerləri açıılıb.

Ən başlıcası odur ki, muxtar respublika əhalisinin və iri müəssisələrin elektrik enerjisinə, təbii qaza tələbatı tam ödənilib. Hazırda Naxçıvan qonşu Türkiyə və İrana enerji ixrac edir. Dövlətin enerji strategiyasına müvafiq olaraq respublikanın digər bölgələrində olduğu kimi Naxçıvanda inşa edilən modul tipli elektrik stansiyası əhalinin enerji ilə təminatında mühüm rol oynayır. Naxçıvan 26 xarici ölkə ilə ticarət əlaqəsi saxlayır.

Bu cür dinamik inkişaf tikinti, abadlıq sahəsində də hiss olunur. Ötən il muxtar respublikada 41 inzibati bina, 16 səhiyyə ocağı, 3 uşaq bağçası, 10 yaşayış binası, 33 fərdi ev, 3 idman obyekti inşa olunmuş, bir neçə mədəni, məişət, təhsil ocağı yenidən bərpa olunaraq abadlaşdırılmışdır. Əvvəllər də ittifaq əhəmiyyətli müalicə ocağı hesab olunan “ Duzdağ” Fizioterapiya Mərkəzi kimi bir çox xəstəxana, doğum evi, həkim- ambulator, feldşer-mama məntəqələri yenidən qurularaq, müasir tibbi avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Ən müasir avadanlıqlarla təmin olunmuş Naxçıvan Diaqnostika Mərkəzində tibb elminin ən son nailiyyətlərindən olan açıq ürək əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Böyrəkdə olan qüsurların aradan qaldırılmasında istifadə olunan dializ aparatının quraşdırılması ilə yerli əhalinin qonşu ölkələrə getməsi məhdudlaşdırılıb.

Əhalinin sosial müdafiəsinin təşkili də muxtar respublika rəhbərliyinin ən çox diqqət yetirdiyi sahələrdəndir. Böyük vətən müharibəsi iştirakçıları və müstəqillik illərində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətəndaşların ailələrinin və yaxud sağlamlığını itirmiş əlillərin mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülmüş, belə statusa malik 37 ailə mənzillə təmin olunmuşdur. Pensiya və aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların vaxtlı-vaxtında ödənilməsinə xüsusilə diqqət göstərilir.

Adətən ziyalılar diyarı kimi tanınan muxtar respublikada təhsilin, elmin inkişafı da prioritet səhələrdəndir. Naxçıvan Dövlət Universitetində yaradılan şəraitdən razı qalan əcnəbi qonaqlar belə etiraf edirlər ki, burada dünyanın ən tanınmış ali təhsil ocaqlarından da yaxşı şərait yaradılmışdır. Hazırda naxçıvanlı tələbələr Prezident təqüdünə layiq görülüb. Ali məktəblərə qəbul olunanların sayı ildən-ilə artmaqdadır. Bütün orta təhsil müəssisələri ən müasir İKT avadanlıqları ilə təmin olunmuş, tədrisin keyfiyyəti yaxşılaşdırılmış, modernləşdirilmişdir.

Ermənistanla sərhəddə yerləşən Naxçıvanda ordu quruculuğuna da diqqət istənilən səviyyədədir. Hərbi hissələrdə etibarlı müdafiə sistemi yaradılır, əsgər və zabitlərin məişət şəraiti yaxşılaşdırılır, inzibatı və yaşayış binaları tikilir.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə imzaladığı sərəncam isə daha böyük işlər üçün başlanğıcdır. Yubileyin yüksək səviyyədə, bütün bölgələrdə qeyd olunacağı isə bu qədim diyarın fədakar insanlarının əməyinə verilən dəyərli töhfədir.

 

 

Xuraman İsmayılqızı,

 

İki sahil.- 2009.- 11 fevral.- S. 4.