Təşviqat qrupu maarifləndirmə işini
davam etdirir
“Yeni Azərbaycan” təşviqat
qrupunun təşkil etdiyi seminar-müşavirələrdə
qeyd olunur ki, ümumxalq səsverməsinin keçirilməsində
məqsəd vətəndaşların sosial müdafiəsini
gücləndirmək, hüquqlarını daha möhkəm
qorumaqdır.
Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı martın 18-nə təyin olunmuş referendumla əlaqədar
“Yeni Azərbaycan” təşviqat qrupu Odlar Yurdu universitetində
seminar -müşavirə keçirdi. Yeni Azərbaycan
Partiyasının Nərimanov (Bakı şəhəri),
Şuşa, Zəngilan rayon təşkilatlarının sədrləri
və fəallarının iştirakı ilə keçirilən
müşavirədə referenduma hazırlıqla bağlı
məlumat verildi, maarifləndirmə işinin təşkili
barədə fikir mübadiləsi aparıldı.
Seminar-müşavirəni
giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev “Yeni Azərbaycan” təşviqat
qrupunun Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı apardığı maarifləndirmə və izahat
işlərindən danışdı.
Milli Məclis tərəfindən
qəbul olunmuş “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Referendum Aktı ilə bağlı
çıxışlar oldu.
Referendum üzrə
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli
nümayəndəsi, Milli Məclisin sosial siyasət daimi
komissiyasının sədri Hadı Rəcəbli bildirdi ki,
referendum əslində xalqın sosial sifarişidir.
- Ötən il
keçirilən prezident seçkilərində mütəşəkkilliklə
iştirak edən xalq birmənalı olaraq Azərbaycanın
bu gün hamını heyrətləndirən sosial-iqtisadi
inkişafının davamlı olmasını dəstəklədiyini
bildirdi. Milyonların bu istəyini nəzərə alan Yeni Azərbaycan
Partiyası tərəfindən Milli Məclisə Konstitusiyaya
dəyişiklik və əlavələrlə bağlı təklif
irəli sürüldü. Parlamentdə bununla əlaqədar
məsələ müzakirə olundu. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin plenumu təklif
olunmuş dəyişikliklərə mahiyyəti üzrə
baxaraq həmin dəyişikliklərin Azərbaycan
Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə
uyğun olması haqqında rəy qəbul etdi.
“Bütünlükdə nəzərdə tutulan əlavə və dəyişikləri sistemləşdirmək də olar” söyləyən Hadı Rəcəbli bildirdi ki, referendumun keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsini gücləndirmək, hüquq və azadlıqlarının qorunmasını daha da möhkəmləndirməkdir.
Fikrini ayrı-ayrı maddələrə olunan düzəlişlər əsasında izah edən millət vəkili Konstitusiyanın 12 maddəsinə əlavə olunan “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” sözlərini ən təkmil variant kimi dəyərləndirdi.
Vurğuladı ki, digər dəyişikliklər də xalqın mənafeyinə uyğun tənzimlənir. Dövlət bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Bütünlükdə əlavə və dəyişikliklərin mahiyyəti barədə maarifləndirmə işlərinin genişləndirilməsini təşviqat qrupunun əsas vəzifəsi hesab edən natiq vurğuladı ki, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına, yoxsulluğun minimuma endirilməsi, işsizliyin aradan qaldırılmasına yönəldilmiş əlavələr dövlət siyasətinin başlıca leytmotivi kimi Referendum Aktında öz əksini tapıb.
Gələcəyimizin genefondu olan uşaqların, ailələrin hüquqlarının qorunmasına xidmət edən dəyişikliklər yüksək qiymətləndirildi. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliğinin qarşısının alınmasına yönəldilmiş dəyişikliklər milli mənəvi dəyərlərimizin qorunması baxımından əhəmiyyətli addım kimi diqqətə çatdırıldı.
Seminar müşavirədə insanların seçib, seçilmək hüquqlarının əks olunduğu maddələrdən də danışıldı. Bildirildi ki, Azərbaycanda da açıq parlament prinsipinə əməl olunacaq. Qapalı iclaslar yalnız 83 deputatın imzası ilə müraciətlər olduğu halda keçiriləcək. Daimi Komissiyaların səlahiyyətləri artırılaraq tərkibində müxtəlif komissiyaların işləyəcəyi Komitə kimi fəaliyyət göstərəcək.
Prezidentlik səlahiyyətləri məsələsinə toxunan səlahiyyətli nümayəndə vurğuladı ki, dövlət başçısının seçilməsi üçün müddətin müəyyənləşdirilməsi vətəndaşların seçim hüququnu məhdudlaşdırır:
“Yeni Azərbaycan “referendum üzrə təşviqat qrupunun digər səlahiyyətli nümayəndəsi, millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də çıxış edərək əlavə və dəyişikliklərin zamanın tələbinə uyğun olduğunu diqqətə çatdırdı.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavablar verildi.
Xuraman İsmayılqızı.
İki sahil.- 2009.- 13 fevral.- S. 7.