Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

 

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

 

Ümummilli lider Heydər Əliyev

 

 

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Hadisələrin xronoloji ardıcıllığına diqqət yetirsək, Ermənistan tərəfindən bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyinin şahidi olarıq. Əvvəlcə, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmiş, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan sonuncu 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti bu gün də Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistan dövlətinin rəsmi siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 16 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan etdilər.

Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onlardan 700 nəfəri hələ də erməni əsirliyindədir. Qanlı faciə nəticəsində 1000 nəfər dinc sakin müxtəlif dərəcədə xəsarət almış, bir çoxları şikəst olmuşlar. Bu cür tale ilə üzləşənlərin 106 nəfəri qadın, 83 nəfəri isə az yaşlı uşaqlardır. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər özlərini dünya ictimaiyyətinə “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.

Bu gün dünya dövlətləri ərazi bütövlüyü və dinc yanaşı yaşaması prinsiplərini rəhbər tutaraq beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir. Ermənistan Respublikası tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və bütövlükdə 20 faiz ərazisinin işğal edilməsi, 20 mindən artıq Azərbaycan vətəndaşını dəhşətli terrora və kütləvi qırğınlara məruz qalması, ermənilərin sırf etnik təmizləmə siyasəti aparmalarından xəbər verir. Beynəlxalq təşkilatların və dünya birliyinin terrorçuluğu və irqçi ideologiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistanın əsl simasının tanınmasının vaxtı çoxdan çatmışdır. Əks halda, bəşəriyyət yeni Xocalı faciələri ilə üz-üzə qala bilər.

Bu gün beynəlxalq təcrübədə bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin tələb olunması və mühakimə olunması üçün kifayət qədər hüququi baza və mexanizmlər mövcuddur. Təəssüflər olsun ki, indiyədək beynəlxalq ictimaiyyət Xocalı faciəsindən 17 il keçməsinə baxmayaraq, bu soyqırım hadisəsinə hüquqi qiymət verməmiş, cinayətkarlar lazımı cəzalarını almamışlar. Halbuki, cinayət baş verdiyi tarixdə Xocalı hadisələri ABŞ - da “İlin ən böyük faciəsi “ adlandırılmış, dünyanın aparıcı KİV - ləri onu geniş və obyektiv şəkildə işıqlandırmışlar.

1993-cü ildən Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan höküməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırım siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məhz Onun təşəbbüsü ilə 1994 - cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı faciəsini soyqırım kimi qiymətləndirmiş və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət qəbul etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin Xocalı faciəsinin onuncu ildönümü ilə əlaqədar azərbaycan xalqına müraciətində deyilir: “Bu qəddar və amansız soyqırım aktı insanlığın tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur. Bu gün Azərbaycan höküməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi - siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.”

Xocalı faciəsini beynəlxalq aləmdə tanıtdırmaq istiqamətində Yeni Azərbaycan Partiyası ötən dövr ərzində geniş miqyaslı fəaliyyət göstərmişdir. Belə ki, Yeni Azərbaycan Partiyası ötən illərdə ATƏT, AŞ, BMT kimi beynəlxalq qurumlara ünvanladığı müraciət, məktub və sənədlərdə Xocalı faciəsinə birmənalı yanaşmamağı və məsələyə “soyqırım” adı verilməsini tələb etmiş, dünya ölkələrini faciəyə münasibət bildirməyə çağırmışdır. Bu fəaliyyəti bu gün də davam etdirən partiya rəhbərliyi ölkə başçısı Prezident cənab İlham Əliyevin siyasi kursuna dəstək olaraq, hər il faciənin il dönümü ərəfəsində müxtəlif istiqamətli konfranslar, dəyirmi masalar, Xocalı şəhidlərinin anma mərasimlərini keçirir, o gecənin şahidləri ilə görüşərək onlara maddi və mənəvi yardım göstərir.

Bu günkü Azərbaycan artıq 1988 - 1993-cü illərin böhranlı, məğlub, qətiyyətsiz Azərbaycanı deyil. Bu günkü Azərbaycan iqtisadi, siyasi, ideoloji və xarici siyasət sahələrində güc, qüdrət sahibidir. Çünki Azərbaycan öz haqqını diplomatik yönümdən əlavə, hərbi cəbhədə də tam təmin etmək iqtidarındadır. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ardıcıl fəaliyyət göstərir. Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha artıq dərəcədə Azərbaycanın ədalətli mövqeyini qəbul edir, ərazilərimizin işğalı faktını etiraf edir, Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb edirlər. Xalqımız inanır ki, Azərbaycan iqtidarı bundan sonra da dövlətimizin iqtisadi, siyasi qüdrətinə və qazanılmış təcrübəyə arxalanaraq problemin ədalətli həlli istiqamətində səylərini inadla davam etdirəcəkdir. Əminliklə demək olar ki, bütün bunlar sonda Xocalı faciəsini törədənlərin gec - tez beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə və layiqli cəza acaqlarına gətirib çıxaracaqdır.

 

 

Bəhruz Babayev

 

İki sahil.-2009.- 20 fevral.- S. 7.