Xəzər Dəniz Neft Donanması ötən ili uğurla başa vurub

 

İxtisaslaşmış gəmilər olmadan dəniz obyektlərinin tikintisini aparmaq, sahildən onlarla kilometr aralıda neft və qaz hasil etmək mümkün deyil. Bu baxımdan Xəzər Dəniz Neft Donanması ARDNŞ-nin mühüm struktur vahidlərindən biridir. 1 yanvar 2009-cu il tarixinə Xəzər Dəniz Neft Donanmasının balansında ümumi yük qaldırma qabiliyyəti 85447,6 ton və 427776,2 at gücünə malik olan 263 gəmi və 7 ədəd üzən vasitə (üzən emalatxana və tərsanə) vardır. Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 6 noyabr 2008-ci il tarixli 77s saylı Sərəncamı ilə “Geofizik-1”, “Geofizik-2”, “Geofizik-3”, “Bakı” və “Seysmorazvedçik” gəmiləri də Donanmanın balansına qəbul edilmişdir. 2008-ci il Xəzər Dəniz Neft Donanması üçün uğurlu olmuşdur. Ümumilikdə Donanma üzrə gəmi saatı göstəricisinin yerinə yetirilməsi 112,3% təşkil etmişdir. Ümumi yükdaşımalar üzrə proqnoz 127,5% yerinə yetirilmiş, il ərzində bu işlərin həcmi 573 min 585 ton təşkil etmişdir ki, bu da nəzərdə tutulandan 123 min 585 ton artıq olmuşdur. Xəzər Dəniz Neft Donanmasının ümumi gəlir proqnozu il ərzində 115,3% yerinə yetirilmişdir. O cümlədən, dəniz nəqliyyatı xidmətindən əldə olunan gəlir 90 milyon 806 min 151 manata qarşı 105 milyon 717 min 513 manat ya 116,4% olmuşdur. 2007-ci illə müqayisədə 2008-ci ildə Xəzər Dəniz Neft Donanması üzrə gəlir ümumilikdə 43 milyon 894 milyon 537 manat artmışdır. Donanmanın balansında olan gəmilərin hər biri özünəməxsus funksiyanı yerinə yetirdiyindən ARDNŞ qarşısında onların hər birini qayğı diqqətlə əhatə etmək, gəmilərin cari əsaslı surətdə təmir etdirilməsi modernləşdirilməsi daim aktual bir vəzifə kimi dayanır. 2008-ci il bu baxımdan istisna deyil. Hazırda Xəzər Dəniz Neft Donanmasının balansında olan gəmilərdən 202-si tam gücü ilə istismar olunmaqdadır. Ötən il Xəzər Dəniz Neft Donanmasının 87 gəmisində təmir işləri başa çatdırılmış, 32 gəminin təmiri isə davam etməkdədir. 2008-ci il ərzində Donanmanın müəssisələrində 15 milyon 251 min 409 manat dəyərində gəmi təmiri işləri görülmüşdür. Gəmi Təmiri Zavodunda 13 milyon 945 min 312 manatlıq təmir işləri yerinə yetirilmişdir.

 

 

İki sahil.- 2009.- 20 fevral.- S. 5.