Ədəbiyyat və mədəniyyət ünsiyyət vasitəsidir       

 

BSU-da təşkil olunan konfransda Fransa, Rusiya, Braziliya, Koreya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdən gəlmiş 30-a yaxın nümayəndə iştirak edirdi. Qonaqlar arasında Mişel Bozdəmir (İNALKO, Fransa), akademik Mariya Mixaylova (Rusiya), elmlər doktoru Takayuki Yokota-Murakami (Osaka universiteti, Yaponiya), professor Kun Yonq Li ( Koreya), Sudha Svarnakar (Paraiaba universiteti, Braziliya), professor Paul Dümont (Strasburq), doktor Şarl Sabatos (Yedditəpə Universiteü, ABŞ-Türkiyə), İ. Ratiani ( Gürcüstan) və dünya miqyasında tanınan , ədəbiyyatşünaslıq sahəsində nailiyyətlər qazanan digər görkəmli alim və elm xadimləri də iştirak edirdi.

İki gün davam edəcək konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü Kamal Abdullayev müxtəlif qitələri təmsil edən qonaqları salamladı və ənənəvi olaraq keçirilən belə konfransları ədəbiyyatşünasların elmi sahədə əməkdaşlığı üçün önəmli vasitə adlandırdı. Qeyd olundu ki, universitet tələbələrinin dünya ədəbiyyatı ilə tanışlığında başlıca amil olan belə görüşlər zamanı gənclərin ictimai təfəkküründə, fəlsəfi görüşlərində oxşarlıqların axtarılması istiqamətində aparılan elmi araşdırmaların müsbət nəticələri aşkar edilir. Qonaqların çıxışlarını tərcümə edən universitetin tələbələri üçün sınaq olan belə tədbirlər həm də təcrübə məktəbi kimi dəyərləndirilir.

Təhsil naziri Misir Mərdanov bildirdi ki, belə görüşlərin təşkili məsuliyyətli olsa da BSU-nun rəhbərliyi və kollektivi bu işin öhdəsindən bacarıqla gəlir. Bakıda üçüncü dəfə belə möhtəşəm tədbirin keçirilməsi ayrı- ayrı xalqların ədəbiyyatlarına töhfə verməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir:

- Adından da göründüyü kimi konfrans çox mühüm və maraqlı məsələnin müzakirəsinə həsr olunub. Burada elmi müzakirələr aparılacaq, maraqlı təkliflər səslənəcək, eyni zamanda alimlərin müasir dünya ədəbiyyatı haqqında mülahizələri dinləniləcək. İqtisadi inkişafı ilə diqqət çəkən ölkəmiz kimi Azərbaycan ziyalıları da dünyanın elm məkanına inteqrasiya edir, tanınmış universitetlər, alimlərlə əlaqə yaradırlar. Zəngin və qədim tarixi olan Azərbaycan ədəbiyyatının, şifahi xalq nümunələrinin, klassik və müasir yazıçıların dünya ictimaiyyətinə tanıdılması üçün belə tədbirlərin keçirilməsi vacibdir.

AMEA-nın həqiqi üzvü, Nizami adına Ədəbiyyat institutunun direktoru Bəkir Nəbiyev çıxışında vurğuladı ki, zəngin mövzuları əhatə edən belə möhtəşəm tədbirin Bakıda keçirilməsinin özü ölkəmizə marağın, iqtisadi, siyasi inkişafımızın nəticəsidir.

"Ədəbiyyat nəzəriyyəsini, tarixini və ədəbi tənqid kimi mühüm sahələri əhatə edən ədəbiyyat elmi aktuallığını həmişə saxlayır" söyləyən akademik Azərbaycan ədəbiyyatşünaslarının elmi araşdırmalarının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, ədəbiyyat və mədəniyyətlərin müqayisəli öyrənilməsi, xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasına yönəldilməsi müasir dünyamızda ən vacib məsələdir. Milli ədəbiyyat meyarlarının təbliği təkcə müqayisə üçün deyil, dünya ədəbiyyatının öyrənilməsi baxımından da zəruridir.

BSU-da müqayisəli ədəbiyyatın fənn kimi tədris olunması, humanitar elmlərin müxtəlif sahələrini əhatə etməsi göstərir ki, bu istiqamətdəki araşdırmalar gələcəkdə də davam etdiriləcək, Azərbaycan ədəbiyyatı dünya elm sisiteminə inteqrasiya olunacaq.

Fransanın Azərbaycandakı səfirinin xanımı, dramaturq, doktor Belyana Kellerin çıxışı da maraqla qarşılandı. Əslən serbiyalı olan ədəbiyyatşünas xanım B. Keller Bakıda yaşadığı qısa müddətdə Azərbaycanı sox sevdiyini bildirdi. Özünün də vaxtı ilə kommunist rejimində yaşadığını bildirən B. Keller qeyd etdi ki, həmişə münaqişə tərəfləri kimi tanınan ölkələrdə yaşayan, artıq müstəqil dövlətlərin nümayəndələri kimi bir araya gələn alimlərin timsalında ölkələr arasında səmimi münasibətlərin yaranmasında belə tədbirlərin böyük əhəmiyyəti vardır.

Fransanın İNALKO universitetinin professoru, BSU ilə mütəmadi əlaqə saxlayan Mişel Bozdəmir elm və ədəbiyyatla bağlı fikirlərini bildirməklə yanaşı təmsil olunduğu universitetdə 1999-cu ildən tədris olunan Azərbaycan dilinin öyrənilməsi ilə bağlı görülən işlərdən də danışdı. Xalqlar arasında ünsiyyət vasitəsi olan dilçilik və ədəbiyyat elminin inkişafı istiqamətində aparılan islahatları yüksək dəyərləndirən M.Bozdəmir Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İNALKO-da keçirdiyi görüşləri yüksək dəyərləndirdi. Azərbaycan mədəniyyəti və incəsənətinin dünyada tanıdılması üçün böyük xidmətlər göstərən Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan dili əsas fənn kimi İNALKO-nun tədris proqramına daxil edilmişdir.

Braziliyadan gəlmiş Sudha Svarnakar, Rusiyanı təmsil edən həmyerlimiz, şair və alim Alla Axundova və digərləri də konfransın əhəmiyyətindən danışaraq belə müzakirələri xalqları yaxınlaşdıran əsas ünsiyyət vasitəsi adlandırdılar.

Plenar iclasın davamı kimi təşkil olunacaq, beş istiqamət üzrə davam etdiriləcək bölmə iclaslarında da dünya alimlərinin ədəbiyyatşünaslığın öyrənilməsi üçün apardıqları elmi tədqiqatlar ətrafında müzakirələr keçiriləcək və ustad dərsləri təşkil olunacaq.

Bu gün işini davam etdirəcək konfransın sonunda qonaqların iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

 

   Xuraman İsmayılqızı

 

  İki sahil.-2008.-22 noyabr.-S.7.