Tahir Salahov: Rəssama alqışlar beş yüz il sonra da
qismət olur
Noyabrın 29-da Rusiya Rəssamlar
Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı,
Rusiya və Azərbaycanın xalq rəssamı,
İspaniyanın San-Fernando Kral İncəsənət
Akademiyasının və Fransa Ölməz Əsərlər
Akademiyasının müxbir üzvü Tahir Salahovun 80
yaşı tamam olur. Böyük rəssam yubileyi münasibətilə
APA-ya müsahibə verib.
- Tahir müəllim, Bakıda başlayan yubiley tədbirləriniz
harada davam etdiriləcək?
- Mən
1928-ci il noyabrın 29-da Bakıda dünyaya gəlmişəm
və ayın 29-da Bakıda çoxsaylı dostlarımın əhatəsində
yubileyi qeyd edəcəyik. Rusiya, Fransa, ABŞ, Almaniya və
digər ölkələrdən həmkarlarım mənim
qonağım olacaqlar. Onların sırasında əfsanəvi
modelyer Pyer Karden də var. Biz onunla birlikdə Fransa
Ölümsüz İncəsənət Əsərləri
Akademiyasının üzvüyük. Mən 1986-cı ildə
həmin akademiyanın üzvü seçilmişəm. Mənə
Moskva Yekaterina Fondunun salonlarında sərgi təşkil etmək
də təklif olunub. Yanvarın 15-də orada sərgi və
yubiley tədbiri keçiriləcək. Xaricdə də tədbirlər
keçirilə bilər.
- Rəssamın öz dünyagörüşünü
ifadə edə bilməsi üçün 80 yaş kifayət
edirmi?
- Tisian (İntibah
dövrünün məşhur rəssamlarından biri,
italiyalı - red.) özünün ən yaxşı əsərlərini
90 yaşında yaradıb. Rəssam
yaradıcılığı fədakar bir işdir. Mən
hesab edirəm ki, bütün sənət nümayəndələri
arasında ən fədakar olanlar məhz rəssamlardır.
Onlar daim təklikdə çalışırlar və bəzən
şöhrət onlara dünyadan köçdükdən
sonra çatır. Mən hesab edirəm ki, rəssama
alqışlar 500 il sonra da qismət olur.
- Bəs siz şöhrət qapısını nə vaxt
açdınız?
- 1962-ci ildə
SSRİ-ni Venesiya biennalesində (dünyanın ən məşhur
təsviri sənət sərgisi - red.) təmsil etmişəm.
Öz fərdi sərgimlə sovet təsviri sənətinin
şərəfini qorumuşam. Həmin vaxt mənim 34
yaşım vardı. Orada mənim “Təmirçilər”,
“Sübh vaxtı Moskva” əsərlərim, Qara Qarayevin
portreti, “Neftçi” portreti və natürmortlarım sərgiləndi.
Biennale iştirakçısı olmaq böyük avtoritet deməkdir.
Bunun İtaliya mətbuatında xoş əks-sədası
oldu və bu yazılar sonradan sovet mətbuatında da təkrar
çap edildi. İndi ötən illər mənim gözlərimin
önündə yenidən canlanır.
- Hazırda bu əsərlər harada saxlanılır?
- Müxtəlif muzeylərdə.
Tretyakov Qalereyasında 40-a yaxın rəngkarlıq, qrafika və
rəsm işim saxlanılır. Mənim üçün
çox xoşdur ki, bunların arasında Qara Qarayevin portreti
də var. Tretyakov Qalereyası iri beynəlxalq sərgilərdə
bu əsəri hər zaman nümayiş etdirir. Bu əsərləri
sərgilərin kuratorları özləri seçirlər.
Nyu-Yorkda BMT-nin 60 illiyinə həsr olunmuş sərgidə
Rusiya muzeylərində olan və 9 əsri təmsil edən
270 əsər, o cümlədən Qara Qarayevin portreti də sərgiləndi.
Daha sonra bu portret Bilbao Muzeyində nümayiş etdirildi.
Tretyakov Qalereyasında “Abşeron qadınları” əsərim,
Şostakoviçin, Rostropoviçin, Fidan Qasımovanın portretləri
və digər rəsm əsərlərim də
saxlanılır. Əsər muzeydə və ya şəxsi
kolleksiyada saxlanılırsa, o iş yaşayır. Fərdi sərgilərimin
keçirildiyi ABŞ-da, Yaponiyada, Çində və digər
ölkələrdə də əsərlərim var.
- Xaricdə konkret hansı əsərləriniz var?
- Mən indi sizə
çoxlarının bilmədiyi bir işimdən
danışacağam. 2002-ci ildə Atatürkün mavzoleyində
Atatürk və Qurtuluş savaşı muzeyinin
yaradılması işinə mən rəhbərlik etmişəm.
Bu qrupa türkiyəli və rusiyalı rəssamlar, o cümlədən
mənim şagirdlərim daxil idi. Biz ilyarım orada
çalışdıq, uzunluğu 40 metr, eni 8 metr olan 3
diaromdan ibarət hissə və Atatürkün həyat və
fəaliyyətini, onun Atatürk kimi formalaşmasını, zəfərlərini,
Türkiyə Cümhuriyyətinin quruluşunu əks etdirən
30-a yaxın əsər yaratdıq. (Diarom elə bir məkandır
ki, orada müxtəlif bədii və texniki vasitələrin
sintezi əsasında insanlarda baxdıqları sənət əsərlərində
əks olunmuş hadisələrdə iştirak
illüziyası yaradır - red.) Diaromlarda Sakarya və
Çanaqqala savaşları və Türkiyənin gələcəyini
müəyyən etmiş digər vacib tarixi hadisələr təsvir
olunub. Bu məkanın açılışında bizləri
müxtəlif mükafat və diplomlarla təltif etdilər.
- Bəs bu barədə niyə məlumat
yayılmadı?
- Biz Türkiyədə
keçirilən mükafatlandırma mərasimindən
Bakıya qayıtdıq və burada dahi həmyerlimiz
Müslüm Maqomayevin yubiley tədbirində iştirak etdik.
Heydər Əliyevlə söhbət zamanı mən ona
Türkiyədən gəldiyimizi bildirdim. Amma o, bizim fəaliyyətimizdən
xəbərdar idi və mənə dedi: “Mənə sənin
orada böyük işlər gördüyünü söylədilər.
Görüşərik və bu haqda ətraflı
danışarsan”. Cavab verdim ki, mütləq. Bir qədər
vaxt keçdi və o, müalicəyə yollandı. Fikirləşdim
ki, mətbuata məlumat versəm və Heydər Əliyev bunu
oxusa, düşünər ki, Tahir məni gözləmədi.
İlk dəfə məhz Heydər Əliyevə məlumat
vermək istəyirdim, ona görə də heç yerdə
bu haqda danışmadım. Lakin taleyin hökmü başqa
cür oldu. Heydər Əliyev dünyadan köçdü və
mən gördüyüm iş haqqında ona danışa
bilmədim. Məhz bu səbəblə Atatürkün
mavzoleyində çalışan yaradıcı qrupa
başçılıq etdiyimi çoxları bilmir.
- Sizin emalatxananız muzeyi, yaradıcılıq mərkəzini
xatırladır. Bu emalatxananın
hər hansı statusu varmı?
- Mən 16 ildir burada məskən
salmışam və burada çalışıram. Əvvəl
hər şey primitiv səviyyədə idi, yavaş-yavaş
qaydaya saldım. Bakıya gəldikdə burada yaratdığım
işləri burada qoyub getmişəm. Düşünürəm
ki, status verərlər, amma mən özüm heç nə
istəmirəm. İlk dəfədir ki, burada jurnalistləri qəbul
edirəm. Ötən illər ərzində heç kimi dəvət
etməmişdim, indi isə yubileyə gələn
qonaqlarımı qəbul etmək istəyirəm. Bunu mərhum
musiqişünas Firudin Şuşinskidən öyrənmişəm.
Hələ Qarabağ hadisələrindən çox-çox
əvvəl o, milli musiqi alətləri haqqında kitab
yazmış və düşmənlərimizə cavab
vermişdi. Bundan sonra onun müəyyən problemləri oldu.
O çətin günlərdə mən onun portretini
yaratmışdım. Evdə musiqi alətləri, fotoşəkillər
və həyat tarixçəsinin sərgiləndiyini ilk dəfə
onun evində gördüm. Bu, ibrətamiz idi və məndə
də belə arxiv və öz həyatıma aid bu cür fon
yaratmaq ideyası yarandı.
- İllər ötdükcə Azərbaycan öz
dünya şöhrətli dahilərini itirir. Bəs niyə
onların əvəzinə yeniləri gəlmir?
- Gəlir. Hər
şeyə ümidli baxmaq lazımdır. Azərbaycan həmişə
dünyaya istedadlar bəxş edib. Hazırda mükəmməl
gənc heykəltəraş və rəssamlarımız var.
Rəssamlıq Akademiyasında dövlət komissiyasının
sədriyəm, bakalavr və magistrlərdən imtahan
götürürəm. Bizdə çox gözəl gənclik
var. Hər şey tədricən və gözlənilmədən
olacaq.
- Bakının göz önündə dəyişən
çöhrəsinə münasibətiniz necədir?
- Bakı müasir şəhərin
doğuşu ərəfəsindədir. Bu barədə
müxtəlif mülahizələr ola bilər. Vaxtilə
1926-cı ildə baş memar İvanitski təklif etmişdi
ki, Bakı Qara şəhər istiqamətində
böyüsün, sənaye hissəsi isə Qaradağ tərəfdə
olsun. Bu ideyaya yalnız indi gəlib çıxıblar. Mən
dəyişikliklərə nikbinliklə baxıram.
İki sahil.- 2008.- 29 noyabr.- S.8.