Müasir texnologiyaların tətbiqinə diqqət daha artırılır

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycanda da İKT-nin son nailiyyəti olan 3G və 4G-nin istifadəsinə başlanılacaq

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-cu ilin 9 ayının yekunları barədə ətraflı məlumat verdi. Bildirdi ki, son illərdə ölkədə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi telekommunikasiya və informasiya texnologiyaları sektorunda da öz bəhrəsini verməkdədir. Energetika sektorundan sonra ikinci prioritet sahə İKT-dir. Sektorun inkişafı üçün yaradılmış baza onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin etmişdir.

“Son beş ildə bu sahədə əldə olunan uğurlar hər bir kəsə bəllidir” deyən Ə.Abbasov qeyd etdi ki, bu ilin ötən dövrü də İKT üçün çox uğurludur. İlin sonuna bu sahədə artım 10 faiz gözlənilir. Baxmayaraq ki, dünyada İKT sektoru üzrə ümumi artım 3-4 faizdən çox gözlənilmir.

Nazir bildirdi ki, bu il bir sıra mühüm layihələrin icrasına başlanması, eyni zamanda həyata keçirilən islahatlar və onların uğurlu nəticələri ilə yadda qalacaq. “Artıq respublikanın bütün ərazisi telefonlaşdırılıb. Ölkəmizdə mobil sektorda böyük canlanma var. Mobil sektordan istifadə sıxlığı təqribən 80 faizdən yuxarıdır. İnternet istifadəçilərinin sayı artır. Beynəlxalq reytinq statistika təşkilatlarının məlumatlarına görə bu artım 27 faizdən 37 faizə qədər dəyişir. Ölkəmizdə radio və televiziyanın inkişafına xüsusi diqqət yetirilir. Ən mühüm hadisələrdən biri rəqəmsal televiziya sisteminə keçirilməsidir. Beynəlxalq Telekommunikasiya İttifaqı bu prosesin 2015-ci ildə başa çatmasını nəzərdə tutsa da, 2012-ci ildə ölkədə rəqəmsal televiziya sisteminə keçiləcək.”

Ə.Abbasov cari ilin 9 ayında qeyd olunan sahələrdə əldə olunan uğurları rəqəmlərlə diqqətə çatırdı. Bildirdi ki, 2009-cu ilin 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 778,6 milyon manat təşkil etmişdir. 2008-ci ilin 9 ayı ilə müqayisədə artım tempi İKT sektorunda 9,1 faiz, o cümlədən telekommunikasiya sektoru üzrə 10,3 faiz, poçt sektorunda isə 17,8 faiz təşkil etmişdir.

İKT və poçt sektorunda əldə olunan gəlirin 80,3 faiz qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

Telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin 71,8 faizi mobil operatorların payına düşməklə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım tempi 9,9 faiz təşkil etmişdir.

Beləliklə, 2009-cu ilin ötən ayı ərzində İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faizdən 2,1 faizə yüksəlmişdir.

O da qeyd edildi ki, Prezident İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, Nazirlik üzrə 2009-cu ilin 9 ayı ərzində 259 yeni iş yeri açılmışdır.

Rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əmək haqlarının artırılması istiqamətində mütəmadi aparılmış işlər davam etdirilmişdir. Hesabat dövründə RİTN-nin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artırılaraq, 2009-cu ilin oktyabrın 1-i tarixinə 264,0 manata çatdırılmışdır.

Ə.Abbasov bildirdi ki, RİTN sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Belə ki, 2009-cu ilin 9 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 166,9 mln. manat proqnoza qarşı 182,9 mln. manat gəlir əldə edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4 mln. manat çoxdur.

Mətbuat konfransında qeyd olundu ki, hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində bir çox işlər görülmüşdür. Bu məqsədlə cari ilin 9 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 26,9 mln. manat investisiya qoyuluşları həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 mln. manat çoxdur.

Həyata keçirilmiş investisiya layihələri çərçivəsində cari ilin 9 ayı ərzində respublikanın ümumi telefon şəbəkəsi üzrə 25 870 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilərək, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 525 095 nömrəyə çatdırılıb.

Nazir vurğuladı ki, regionlarda telefon şəbəkəsinin modernləşdirilrnəsinə və yeni texnologiyaların tətbiqinə 13,9 milyon manatdan artıq investisiya yönəldilmişdir ki, bunun da nəticəsində 23062 nömrə tutumlu EATS-lər, 186,7 km. uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 11495 abunəçi xətti istismara verilmişdir.

Həyata keçirilmiş investisiya layihələri və telefon şəbəkəsinin modernləşdirilməsi ilə əlaqədar görülümüş işlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 32.229 ədəd artırılaraq 1.340.985 ədəd təşkil etmişdir.

Beləliklə, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 2009-cu ilin əvvəlində 83,1 faiz təşkil etdiyi halda, oktyabrın 1-də 84,2 faizə, Bakı şəhərtelefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 85,7 və 82,6 faizə çatdırılmışdır. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 83,3 faiz təşkil etmişdir.

İlin əvvəli ilə müqayisədə hesabat dövründə mobil abunəçilərin sayı 752 000 nəfər artaraq 7 300 000 çatmışdır ki, bu da hər 100 nəfər əhaliyə 82,0 mobil abunəçinin düşməsi deməkdir.

Nazir onu da bildirdi ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə haqlarının aşağı endirilməsi və eləcə də internet xidmətləri bazarında azad rəqabət şəraitinin yaradılması məqsədilə internet provayderlərin ADSL xəttinə qoşulma haqqının 10 manatdan 5 manata, aylıq istifadə haqqının isə 4 manatdan 2 manata endirilməsi internet bazarında əhəmiyyətli canlanma yaratmış və xüsusilə də genişzolaqlı internetə tələbatı nəzərəçarpacaq dərəcədə artırmışdır.

Hesabat dövrü ərzində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına uyğun olaraq aparılan işlər uğurla davam etdirilir. “Artıq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfində Azərbaycana ölkədaxili istifadə üçün iki, beynəlxalq istifadə üçün isə bir orbital mövqe verilmişdir. Eyni zamanda, ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı keçirilmiş tenderin nəticəsində ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti qalıb gəlmişdir. Hazırda Şirkətlə müqavilə layihəsinin hazırlanması üzrə işlər aparılır.”

2009-cu ilin 9 ayı ərzində ümumistifadəli telekommunikasiya şəbəkəsində istifadə məqsədilə operatorlara sabit şəbəkə üçün 12000 ədəd, mobil telefon şəbəkəsi üçün 1 ədəd zona kodu və müvafiq zona kodları üzərindən 9 000 000 ədəd yeni prefeks, hüquqi şəxslərə 13 ədəd üçrəqəmli prefeks, 17 ədəd milli və və 2 ədəd beynəlxalq nöqtə kodları ayrılmış, eyni zamanda Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsində müxtəlif qrumlar üçün ayrılmış 2 ədəd üçrəqəmli prefekslərin şəbəkədə tanıtdırılması təmin edilmişdir.

Ölkədə kompyuterlərin kütləvi yayımını nəzərdə tutan “Xalq kompyuteri” layihəsinin reallaşmasına start verilmişdir. Xarici və yerli şirkətlərin və Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə edilərək güzəştli şərtlərlə, o cümlədən, 25-30 faiz bazar qiymətlərindən aşağı və bir illik faizsiz kreditlə kompyuterlərin vətəndaşlara satışı həyata keçirilir.

Hesabat dövrü ərzində Nazirlik xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görmüş, dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə əməkdaşlıq memorandumları, müqavilələr, müxtəlif sazişlər imzalanmışdır.

Nazir həmçinin Bakıda “BAKUTEL-2009” 15-ci yubiley beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılışı barədə də ətraflı məlumat verdi. Bildirdi ki, son üç ildə ənənəvi olaraq bu sərginin açılışında Prezident İlham Əliyev iştirak edir. Son on beş ildə “BakuTel” sərgisi 26 ölkədən 800-dən çox şirkəti qəbul etmişdir. Builki tədbirdə isə dünyanın 16 ölkəsindən 112 şirkət iştirak edir. Ötən illə müqayisədə iştirakçıların sayı 5 faiz artmışdır. Yerli şirkətlər isə ümumi iştirakçıların 55 faizini təşkil edirdi.

Ə.Abbasov qeyd etdi ki, ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində bazarların təyini və biznesin inkişafı, tərəfdaş axtarışı və istehlakçılarla səmərəli əlaqələrin qurulması baxımından bu sərgi mühüm rol oynayır. Bu dəfəki sərgi Azərbaycanda bir neçə yeni texnologiyaların nümayişi ilə yadda qaldı. Tədbirdə 3G və 4G texnologiyaları, həmçinin nanomaterialların istifadəsi perspektivi və bir sıra digər tədqiqatlar da geniş təqdim olundu. Bir sözlə, sərgi qeyd olunduğu kimi neft kapitalını insan kapitalına çevirməyi qarşıya başlıca məqsəd qoyan Azərbaycan dövlətinin bu sahəyə prioritet əhəmiyyət veridyinin göstəricisidir.

Sərgiyə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin qatılması və sərgi öncəsi Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT saəhsində gənclərin biliklərinin artırılması” mövzusunda konfransın, həmiçinin sərgi çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısının keçirilməsi xüsusilə yadda qaldı.

Sonda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2009.- 7 noyabr.- S. 4.