Parlament 2010-cu ilin dövlət büdcəsini müzakirə edir
Yeni büdcənin xərcləri 11 milyard
264 milyon manat proqnozlaşdırılır
Dünən
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2010-cu
il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
keçirildi. İclası parlamentin sədri Oqtay Əsədov açaraq bildirdi
ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş və Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını
təmin edən strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilir. Son dövrdə dünya iqtisadiyyatında və
maliyyə bazarlarında yaranmış böhrana baxmayaraq, Azərbaycan
iqtisadiyyatı öz dayanıqlığını, mənfi proseslərə müqavimət
qabiliyyətini qoruyub saxlayır. Xüsusən, cari ilin 9 ayının iqtisadi
göstəriciləri bunu əyani surətdə təsdiqləyir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul
istehsalının həcmi 6 faizdən yüksək olmuşdur və bu, dünya
ölkələri arasında ən yüksək göstəricilərdən
biri, MDB məkanında isə birincidir. ÜDM-in 85 faizi özəl bölmədə
istehsal edilmişdir. Azərbaycanın tarixində ilk dəfə olaraq
strateji valyuta ehtiyatlarımız 19 milyard ABŞ dollarını ötmüşdür.
Oqtay
Əsədov qeyd etdi ki, 2010-cu ilin dövlət büdcəsi zərfinə
daxil olan sənədlər “Büdcə sistemi haqqında” Qanunun tələblərinə
uyğun hazırlanaraq Milli Məclisinin müzakirəsinə təqdim
edilib. Növbəti ilin büdcə zərfi 2008-ci ildən dünya
iqtisadiyyatında başlanan böhranın fəsadları nəzərə
alınmaqla tərtib edilmişdir. Neftin qiyməti dövrün reallıqları,
enerji resursları bazarlarında gözlənilən dəyişikliklər əsas
götürülməklə hesablanmışdır.
Sonra
çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri
Ziyad Səmədzadə bildirdi ki, 2010-cu ilin büdcə layihəsi
hazırlanarkən əvvəlki illərdən fərqli olaraq bir
sıra amillərin təsiri daha ciddi şəkildə nəzərə
alınmışdır. Söhbət ilk növbədə dünyada baş verən maliyyə
böhranı və onun nəticələrindən gedir. Azərbaycan
hökuməti bu reallığı nəzərə alıb və ona görə də
baş verə biləcək risklərin təsirini azaltmaq üçün büdcə
layihəsinin tərtibinə təmkinlə yanaşıb, ölkənin
kifayət qədər valyuta ehtiyatları olmasına baxmayaraq xərclərin
daha səmərəli istifadəsini ön plana çəkib.
Komitə
sədri gələn ilin dövlət büdcəsində neftin bir
barrelinin 45 ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi
ilə əlaqədar dedi ki, hökumət asan yol da seçə bilərdi.
Yəni büdcədə neftin qiymətini 45 deyil, daha yüksək
götürə bilərdi. Amma hökumət dünya iqtisadiyyatında, neft
bazarında baş verə biləcək risklərdən qorunmaq,
iqtisadi, sosial həyatda uğursuzluqlar yaratmamaq üçün tamamilə
düzgün istiqamət götürmüşdür. İlk növbədə investisiya layihələri
aktuallığına görə bir daha nəzərdən keçirilmiş, həlli
bu gün üçün taleyüklü əhəmiyyət kəsb etməyən
layihələrin gələcəkdə baxılması məqsədəuyğun
sayılmışdır. 2010-cu ilin büdcə layihəsinə görə ÜDM-də
büdcə gəlirləri 31,5 faiz, büdcə xərcləri isə
35,4 faiz təşkil edəcəkdir.
2010-cu il dövlət büdcəsinin gəlirləri
ÜDM-in 31,5 faizini təşkil etməklə 10 milyard 15 milyon manat
olacağı proqnozlaşdırılır
İclasda
çıxış edən maliyyə naziri Samir Şərifov 2010-cu ilin dövlət
büdcəsinin layihəsi ilə bağlı geniş izahat verdi. Bildirdi ki,
layihə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununa müvafiq olaraq dövlətin iqtisadi və siyasi kursunun həyata
keçirilməsi, xalqın rifah halının yaxşılaşdırılması və digər əhəmiyyətli
məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə
təminatı əsas götürülməklə, 2010-cu il və sonrakı üç
il ərzində ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri
əsasında, bu illərdə gözlənilən meyillər nəzərə
alınmaqla tərtib olunmuşdur. Samir Şərifovun sözlərinə görə,
2010-cu il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun
31,5 faizini təşkil etməklə 10 milyard 15 milyon manat olacağı
gözlənilir.
2010-cu
ildə Vergilər Nazirliyi üzrə dövlət büdcəsinə 3
milyard 980 milyon manat daxilolma nəzərdə tutulur. Ümumilikdə,
Vergilər Nazirliyi üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin
39,7 faizini təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari
ilin gözlənilən daxilolmalarına nisbətən 2,3 faiz çoxdur. Dövlət
Gömrük Komitəsinin xətti ilə daxil olan vəsaitin dövlət
büdcəsində xüsusi çəkisi 11 faiz, toplanacaq vergi və
rüsumlar üzrə daxilolmanın 1 milyard 100 milyon manat olacağı nəzərdə
tutulur. 2010-cu il ərzində icmal büdcənin tərkib hissəsi
olan Dövlət Neft Fondundan dövlət büdcəsinə birbaşa
transfer 4 milyard 915 milyon manat proqnozlaşdırılır. Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində
olan əmlakın icarəyə verilməsindən büdcəyə 5
milyon manat daxilolma gözlənilir ki, bu da 2009-cu ilə nisbətən
6,4 faiz çoxdur.
Maliyyə
naziri gələn ilin dövlət büdcəsinin xərcləri barədə
də ətraflı məlumat verdi.
Maliyyə
naziri Samir Şərifov daha sonra bildirdi ki, 2010-cu il icmal büdcəsinin
gəlirləri 11 milyard 885 milyon manat, xərcləri 12 milyard
465,9 milyon manat nəzərdə tutulmuşdur. İcmal büdcənin tərkib
hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclərinin
1 milyard 757,2 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin xərcləri
5 milyard 295 milyon manat proqnozlaşdırılır.
İqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova 2009-cu ilin arxada qalan
dövrünün iqtisadi yekunları və növbəti il üçün proqnozlaşdırılan
makroiqtisadi göstəricilər barədə məlumat verdi. O
dedi ki, növbəti ildə ÜDM-in 6,8 faiz artaraq 31 milyard manata
çatacağı, neft sektorunun 3,3 faiz, qeyri-neft sektorunun 4,9 faiz artacağı,
investisiya qoyuluşunun 4 faiz artaraq 10 milyard manata çatacağı, əhalinin
orta aylıq əmək haqqının 365 manat olacağı proqnozlaşdırılır.
Mərkəzi
Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, Azərbaycan
iqtisadiyyatı böhrana olduqca güclü immunitet nümayiş etdirir. Beynəlxalq
ekspertlərin qiymətləndirmələrinə görə Azərbaycan
böhranın təsirinə ən az məruz qalan ölkələrdəndir.
Son altı ildə həyata keçirilən uğurlu iqtisadi siyasət, digər
tərəfdən böyük həcmdə valyuta ehtiyatlarının
yaradılması ölkəmizin böhranın neqativ təsirlərinə məruz
qalmasının qarşısını almışdır.
Elman
Rüstəmov dedi ki, böhran dövründə Mərkəzi Bank çox aktiv
pul-kredit siyasəti həyata keçirmişdir. Böhranın təsiri altında
bir çox ölkələrdə yüksək inflyasiya baş vermişdir. Amma Azərbaycanda
orta illik inflyasiya 2 faizdən bir qədər çoxdur.
Böhran
şəraitində bir çox ölkələrin milli valyutaları
devolvasiyaya uğrasalar da, Azərbaycan manatı bütün ticarət tərəfdaşlarımızın
valyutalarına nisbətən bir faiz möhkəmlənmişdir. Böhrana
baxmayaraq Azərbaycan ilin əvvəlindən valyuta ehtiyatlarını
da 1 milyard dollardan çox artırıb. İlin sonunadək valyuta
ehtiyatlarımızın 20 milyardı dolları keçəcəyi gözlənilir.
Elman
Rüstəmov ipoteka kreditləşməsinin də davam etdiyini dedi. Bu
il 61 milyon manat həcmində 1400-dən artıq, o cümlədən
150-dən çox güzəştli ipoteka krediti verilib. Növbəti ilin büdcə
layihəsi olduqca dəqiq hazırlanıbdır.
İclasda
Azərbaycan Respublikası Hesablama Palatasının gələn ilin dövlət
büdcəsi layihəsinə dair rəyi də dinlənildi. Hesablama
Palatasının sədri Heydər Əsədov bildirdi ki, Hesablama
Palatası “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi
haqqında” qanun layihəsinin qanunvericilik aktlarının tələblərinə
uyğun hazırlanması və təqdim edilməsi qənaətinə gəlmişdir.
Sonra
deputatlar büdcə barədə öz təklif və fikirlərini
bildirdilər.
Parlament
büdcə layihəsinin müzakirəsini həftənin sonuna qədər
davam etdirəcəkdir.
Elçin Zaman
İki sahil.- 2009.- 11 noyabr.- S. 7.