YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirməyə başladı

 

 Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında 2009-cu ilin dekabrın 23- keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülən şəxslər üçün treninq keçirildi. YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov treninq barədə məlumat verərək bildirdi ki, məqsəd bələdiyyə üzvlüyünə irəli sürülən şəxslərin namizəd kimi səriştələrini artırmaqdır. Eyni zamanda, onların təşviqat kampaniyası zamanı nə kimi addımlar atacağını, seçicilərlə təmas qurması, bu prosesdə hansı üsullardan istifadə etmələris. məsələlər izah olundu.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Eldar İbrahimov qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkərək bildirdi ki, devizi “Xalqa xidmət naminə” olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də yüksək fəallıq göstərəcək. Respublika üzrə 28 min bələdiyə üzvlüyünə namizədlərin 16 mini YAP tərəfindən irəli sürülmüş namizədlərdir. Bələdiyyələrin başlıca vəzifələrindən biri də ortaya çıxan sosial qayğıların aradan qaldırılmasında fəal iştirak etməkdir.

Natiq bələdiyyə üzvlərinin qarşısında duran bir sıra məsələlər barədə ətraflı söhbət açdı.

Tədbirdə iştirak edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Hikmət Babaoğlu bildirdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat və təşviqat fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdirilib. Bu istiqamətlərin həyata keçiril-məsində hər birimiz fəallıq göstərməliyik.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə ilk öncə tədbirdə iştirak edən şəxsləri YAP-ın yaranmasının 17-ci ildönümü münasibətilə təbrik etdi, eyni zamanda, qarşıdan gələn bələdiyyə seçkilərində onlara qələbə arzuladı. “YAP Xətai rayon təşkilatının üzvləri əvvəlki seçkilərdə fəallıqla iştirak edərək yüksək nəticə göstərib.” YAP Siyasi Şurasının üzvü vurğuladı ki, bələdiyyələrə namizədlər ərazilərin xüsusiyyətlərini dərindən bilməli, mövcud problemlərin həlli ilə bağlı seçicilərlə görüşlərdə fikirlərini, tövsiyələrini söyləməlidirlər.

Tədbirdə iştirak edən YAP tərəfindən namizədliyi irəli sürülən partiya fəalları seçkilərdə sağlam rəqabət aparmaqla qələbə qazanacaqlarına əminliklərini ifadə etdilər.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2009.- 18 noyabr.- S. 7.