Maarifçilik ideologiyasının təbliğatçısı

 

 Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubiley təntənəsində çıxış edənlər tarixi ənənələri yaşadan təhsil müəssisəsinin fəaliyyətini belə dəyərləndirdilər

 

Respublikada pedaqoji kadrların yetişdirilməsində xüsusi yeri, tarixi ənənəsi olan, maarifçilik hərəkatının ilk qaranquşları kimi ardıcıllarına nümunə göstərilən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illiyi tamam olur. Bu münasibətlə “Gülüstan” sarayında keçirilən yubiley mərasimi Dövlət Himninin səslənməsi ilə başlandı. Kollecin keçdiyi şərəfli yolu əks etdirən videofilm nümayiş etdirildi.

Təhsil naziri Misir Mərdanov çıxış edərək bildirdi ki, müxtəlif illərdə, fərqli adlar altında fəaliyyət göstərən ADPK-nın amalı cəmiyyət və dövlət üçün vətənpərvər, yüksək zəkalı, savadlı kadrlar hazırlamaq olmuşdur. 90 illik şərəfli yol keçmiş kollecin fəaliyyətinin 30 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə hakimiyyətə gəlişi ilə təhsilin inkişafına xüsusi diqqət yetirən ulu öndərin qayğısı sayəsində kollecin kollektivi pedaqoq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Misir Mərdanov Prezident İlham Əliyevin sərəncamı ilə fəxri ad, medal və döş nişanları ilə təltif olunmuş müəllimlərə layiq görüldükləri mükafatları təqdim etdi.

Kollecin keçdiyi tarixi yol barədə danışan ADPK-in direktoru, professor, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva təhsil ocağının keçmişi ilə müasir dövr fəaliyyətini müqayisəli təhlil etdi:

- Kollecin ilk müəllimlərindən H.Cavidin, Ü. Hacıbəylinin, M. Maqomayevin, A. Şaiqin, C.Cəbrayılbəylinin, A. Əmirovun, C.Əfəndizadənin, ilk maarifçi qadınlardan M. Qiyasbəylinin, B. Köçərlinin və başqalarının adlarını bu gün iftixarla çəkirik. İndiki nəslə nümunə olan bu parlaq şəxsiyyətlər əsil ziyalı kimi üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Kollecdə çalışan pedaqoqlar illərdən bəri yaşanan sələflərinin ənənələrini uğurla davam etdirirlər. Hazırda kollecdə 250 nəfərdən ibarət peşəsinə bağlı, xalqın milli-mənəvi dəyərlərini yaşadan pedaqoji kollektiv çalışır. Onların hər biri pedaqoji kadrların yüksək şəxsi keyfiyyətlərə malik mütəxəssislər kimi hazırlanmasında böyük əmək sərf edir. Təhsilin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən hesab edən Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək dəyərləndirən kollecin hər bir üzvü vətən övladlarının ağlına, mənəviyyatına, şüuruna ziya, işıq, nur saçır. Elə buna görədir ki, kollec ali məktəblərlə eyni səviyyədə dayana biləcək səviyyədə tanınır.

Bu günlərdə 90 illik yubileyini qeyd edən BDU-nun rektoru, akademik, millət vəkili Abel Məhərrəmov “yaşıdlarına” xoş arzularını çatdırmaqla, kollecin kollektivi və təhsil ocağının direktoru barədə ürək sözlərini bildirdi. Müəyyən məqamlarda kəsişən nöqtələrlə eyni şərəfli yolu birgə qət etdiklərini diqqətə çatdıran akademik kolleci zəka və ülviyyət məkanı adlandırmaqla əlavə etdi ki, BDU kimi ADPK də yüzilliklərin astanasındadır. O, eyni zamanda yubiley tədbirini Azərbaycan maarifçilik ideologiyasının hesabatı kimi yüksək dəyərləndirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm, təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çağdaş pedaqoji fikir tarixinin formalaşmasında özünəməxsus yeri olan, maarifçilik ənənələrinin milli məfkurə əsasında inkişafında fərqlənən kollecin tələbə və müəllim kollektivini yubileyləri münasibətilə təbrik etdi. Pedaqoji kadrların hazırlanmasında özünəməxsus dəst-xətti, sambalı ilə seçilən, 90 yaşı olsa da daim gəncləşən kollecin bütün heyətinə xoş arzularını bildirdi.

Respublikanın ən qocaman təhsil ocaqlarından olan kollecin tələbə və pedaqoji kollektivini yubileyləri münasibətilə təbrik edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov da təhsilin inkişafında böyük fədakarlıq göstərən pedaqoqlara ürək sözlərini çatdırdı:

- Azərbaycan tarixində yaradıcılıqları ilə silinməz iz qoyan tanınmış şəxsiyyətlərlə bağlı deyilənlər hər birimizdə qürur hissi oyatdı. Hesab edirəm ki, bu kimi faktlar kollecin tək təhsilin deyil, bütünlükdə elm və mədəniyyətin inkişafında nə qədər əhəmiyyətli rol oynadığından xəbər verir. Aydındır ki, şərəfli tale yaşamaq, zəngin ömür sürmək asan deyil. Bu tədris müəssisəsində çalışanlar böyük fədakarlıq nümayış etdirib, xalqına, dövlətinə xidmət etməklə sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi göstərib, 90 illik şərəfli bir tarixə imza atıblar. Deyilənlər bu fikri söyləməyə əsas verir ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci iki çox əhəmiyyətli missiyanı şərəflə yerinə yetirir. Bunun biri təhsil, digəri tərbiyədir. Məktəblərin ibtidai sinifləri üçün müəllim kadrları hazırlamaq asan deyil. Güman edirəm ki, şagirdlərə biliklərə yiyələnmək vərdişlərinin əlifbasını öyrədən ibtidai sinif müəllimlərinin əməyi xüsusilə qiymətləndirilməlidir. Mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, kollecin pedaqoji kadrları bu vəzifəni uğurla yerinə yetirirlər. Burada səsləndirildiyi kimi 20 min müəllimin hazırlanıb Azərbaycanın bütün bölgələrindəki məktəblərə göndərilməsi o deməkdir ki, bu təhsil ocağının sorağı respublikanın bütün güşələrindən eşidilir.

Əli Əhmədov kollecin direktoru Nurlana Əliyevanın işgüzarlığı, fəaliyyəti barədə də xoş sözlər söylədi:

-İstənilən müəssisənin yaxşı istiqamətdə fəaliyyət göstərməsi ona başçılıq edən rəhbərin bacarıqlı kadr kimi tanınmasıdır. Kollecin rəhbəri həm də Yeni Azərbaycan Partiyasının çox fəal üzvlərindən biridir. İctimai işlərdə fəallığına görə ona etimad göstərilmiş, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri seçilmişdir. Bu sahədə də çox uğurlar, müvəffəqiyyətlər qazanıb.

Kollecin kolletivini yubileyləri münasibətilə təbrik edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev insanın formalaşmasında xüsusi əməyi olan bütün müəllimlərə minnətdarlığını bildirdi. Son illərdə ölkədə təhsilin inkişafı üçün həyata keçirilən Dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayan icra başçısı müəllim adını şərəflə doğruldan kollektivə xoş arzularını bildirdi.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi və Milli Konservatoriyanın ictimai elmlər kafedrasının müəllimi, müğənni Lalə Məmmədova yubilyarları musiqinin dili ilə təbrik etdilər. Digər natiqlər də daim yenilik axtarışında olan kollecin müəllim, tələbə heyətinə səmimiyyət dolu xoş arzularını bildirdilər.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2009.-19 noyabr.- S. 7.