YAP Nizami rayon təşkilatının yeni inzibati binasının açılışı oldu

 

 YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın 17 illik tarixinə diqqət yönəldərək bildirdi ki, təşkilatın fəaliyyətinin bütün mərhələlərində başlıca amal xalqa, dövlətə sədaqətlə xidmət etmək olub

 

Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi oldu

 

Mərasimi giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bu mühüm hadisə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin “Dünənin, bu günün, gələcəyin” partiyası deyərək keçmişini, bu gününü, gələcəyini müəyyənləşdirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir, xalqın bu partiyanın siyasi xəttinə dəstəyini gücləndirir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, Azərbaycan cəmiyyətində özünə məxsus aparıcı yer tutmuş bir partiyadır. Heç bir siyasi qüvvə YAP-la rəqabət aparmaq gücündə deyil.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın yaranmasının 17-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi: “Ölkəmizin həyatında önəmli hadisə olan YAP-ın yaranması bugünkü Azərbaycanın formalaşması prosesinin əsasının qoyulmasını özündə ehtiva edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana dəvət edilməsi, ölkəmizin düşdüyü ağır durumdan xilas olması Yeni Azərbaycan Partiyasının yaranması ilə paralel olaraq cərəyan edən hadisələrdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyanın yaranmasının 17-ci ildönümü ərəfəsində YAP Nizami rayon təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi YAP-a Nizami rayon təşkilatının üzvlərin hər birinin dərin hörmət və ehtiramının ifadəsidir. Bu binanın inşa edilməsində zəhməti olan bütün insanlara təşəkkürümü bildirirəm.”

Ə.Əhmədov binanın istifadəyə verilməsi münasibətilə bütün partiya üzvlərinitəbrik etdi, uğurlar arzuladı.

YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında bildirdi ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi xalqımızın yaxın tarixinin çətin və ziddiyyətli, eyni zamanda şərəfli hadisələrlə zəngin bir dövrünü yaşamış, fəaliyyət göstərdiyi 17 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəltmişdir. YAP-ın yaranması Azərbaycanın müstəqil dövlət kimi yaşamasında böyük rol oynamışdır. Ümummilli liderin zəngin təcrübəsi, müstəqil, demokratik dövlət quruculuğu istiqamətində gərgin fəaliyyəti müstəqilliyini əldə etmiş xalqımızın bugünkü və gələcək taleyini müəyyən etmişdir.

Azərbaycançılıq, vətənpərvərlik, sosial ədalət və demokratiya prinsipləri YAP-ın fəaliyyətinin əsas istiqamətləridir. Ötən 17 ildə YAP kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənmiş, cəmiyyətdə öz nüfuzunu artırmışdır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.

Rəmzi lent kəsildikdən sonra təşkilatın akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva partiyanın bu gün cəmiyyətdə artan nüfuzundan, siyasi çəkisindən geniş bəhs etdi. Bildirdi ki, bu uğurların əsasında xalqın Heydər Əliyev ideyalarına sədaqəti, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inam dayanır.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov söylədi ki, hər iki tədbir-partiyanın yaranmasının 17-ci ildönümü və YAP Nizami rayon təşkilatının yeni inzibati binasının açılışı çox əlamətdardır. “Sevindirici haldır ki, partiyanın yaranmasının ildönümü həmişə əlamətdar hadisələrlə qeyd edilir. Bu ənənənin əsası YAP-ın yaranmasından təxminən 6 ay keçdikdən sonra partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyuldu. Yarandığı gündən taleyi o qədər gözəl müəyyənləşdirilib ki, 17 il ərzində YAP Azərbaycan xalqına sədaqətlə xidmət edir. 17 ildə Azərbaycanın əldə etdiyi uğurları ölkənin hər bir vətəndaşı YAP-ın, onun yaradıcısı ulu öndər Heydər Əliyevin adı, siyasəti ilə bağlayır. YAP-ın fəaliyyətinin bütün mərhələlərində başlıca amal xalqa, vətənə, dövlətə sədaqətlə xidmət etmək olub. Bu qədər səmimi şəkildə müəyyənləşən ideya YAP-ın uğurlarının əsasını təşkil edən amillər arasında xüsusi yer tutur. YAP Azərbaycanın müasir tarixinin ayrılmaz bir parçasıdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cərəyan edən bütün proseslər, həyatımızın bütün gerçəklikləri YAP-ın uğurlarını təşkil edir. Bu partiya yarananda insanlar Heydər Əliyevə və onun yaratdığı partiyaya böyük ümidlər bəsləyirdi. 1993-cü ildə ümummilli liderə bəslənən ümidlər Azərbaycanı başı üstünü alan təhlükələrdən xilas etməklə bağlı idi. Bu vəzifəni ulu öndər Heydər Əliyev və onun ətrafında birləşən insanlar, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası uğurla yerinə yetirə bildi, Azərbaycanın çox keşməkeşli tarixinə şərəfli səhifə yazıldı.”

“İnsanların arzuları heç zaman sona yetmir” söyləyən YAP sədrinin müavini qeyd etdi ki, yerinə yetirilmiş bir arzu digər arzuların yaranması üçün əsas olur. “Təhlükəsizlik problemi həll olunduqdan sonra Azərbaycan vətəndaşlarında digər arzu, istək meydana gəldi. Bu da iqtisadi tənəzzülün qarşısının alınması idi. Yenə də Heydər Əliyevin zəkası, dövlətçilik təcrübəsi, siyasi iradəsi və Azərbaycan xalqının ona inamı nəticəsində bu vəzifə layiqincə zamanında yerinə yetirildi. Daha yeni bir istək meydana çıxdı. İqtisadi inkişafın zəruriliyi bildirildi. Azərbaycan dövləti buna da nail oldu.”

“Azərbaycan elə bir pilləyə gəlib çatdı ki, vaxtilə yarananda Yeni Azərbaycan Partiyasının ideya əsası olaraq “Yeni, müstəqil Azərbaycan” uğrunda şüarı müəyyənləşmişdisə, partiyanın IV qurultayında yeni bir şüara ehtiyacın olduğu səsləndi- Qüdrətli, zəngin Azərbaycan qurmaq. Bu vəzifənin də yerinə yetirilməsi istiqamətində Heydər Əliyevin layiqli davamçısı Prezident, YAP Sədri İlham Əliyev uğurlu addımlar atır.” Ə.Əhmədov vurğuladı ki, bu gün YAP-ın yaramasının 17-ci ildönümünü qeyd edərkən Azərbaycanın bugünkü reallıqlarını və bu gerçəkliklərin formalaşdırdığı perspektivləri nəzərdə tuturuq. “YAP bu gün bizim dərk etdiyimiz yeni Azərbaycanı yaratmalıydı, buna da nail oldu. İnkişaf davam etdiyindən YAP-ın qarşısında bir sıra vəzifələr dayanır. Bu da Azərbaycanın potensialından, malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi nəticəsində inkişaf perspektivlərinin genişləndirilməsidir.”

“YAP 17 illik tarixində hər biri qələbə ilə səciyyələnən taleyə nəyin sayəsində nail ola bilib” sualının cavabını hər bir kəs bilir. Bunun başlıca səbəbi partiyanın bütün fəaliyyətinin əsasında Heydər Əliyevin ideyalarının dayanmasıdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasət hakimiyyətinin hər iki dövründə Azərbaycana fayda gətirib. Ölkəmizin inkişafının ideya əsası funksiyasını ləyaqətlə yerinə yetirib. Heydər Əliyev ideyalarına xalqın inamı onların həyata keçirilməsinin vacib şərtlərindən biridir. Təbii ki, YAP ulu öndər Heydər Əliyevin yaratdığı partiya kimi özünün əsas məqsədini xalqa xidmətdə görür. İnsanların inamı YAP-ın qələbəsini şərtləndirən amillərdən biridir. Bu gün partiyanın sıralarında 500 minə yaxın üzv birləşir.

Bu, Azərbaycan kimi bir ölkədə xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Azərbaycan seçicilərinin hər on nəfərindən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu, böyük qüvvə olmaqla yanaşı, həm də YAP-ın Azərbaycanın siyasi tarixində misli görünməyən bir tarixi qələbəni əldə etməsinin nəticəsidir. Azərbaycanın siyasi tarixində bu qədər üzvü özündə birləşdirən heç bir siyasi təşkilat olmayıb.

O da bildirildi ki, YAP-ın sıralarında bu qədər üzvün birləşməsi sadəcə statistika deyil. Bu, vətəndaş inamının, etimadının təzahürüdür. Bu, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir.

Bu gün Yeni Azərbaycan Partiyasında birləşən üzvlərin 40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərilərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışırlar.

“Həyat daim sınaqlardan ibarətdir” deyən YAP sədrinin müavini bildirdi ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Ölkədə keçirilən hər bir seçki prosesindən uğurla çıxan Yeni Azərbaycan Partiyası yerli özünüidarəetmə orqanlarına seçkilərə də ciddi hazırlaşır. Partiyanın seçkilərdə qələbəsi şəksizdir.

Ə.Əhmədov YAP Nizami rayon təşkilatının yeni inzibati binasının məhz partiyanın yaranmasının 17-ci ildönümü, eyni zamanda bələdiyyə seçkiləri ərəfəsinə təsadüf etməsini mühüm hadisə kimi dəyərləndirdi. Bildirdi ki, təşkilatın hər bir üzvü tərəfindən yüksək qiymətləndirilən bu diqqət onların bələdiyyə seçkilərində fəallıqlarına öz müsbət təsirini göstərəcəkdir.

“YAP qələbələr, uğurlar partiyasıdır” söyləyən Ə.Əhmədov partiyanın gələcəkdə daha yeni-yeni nailiyyətlərə imza atacağına əminliyini ifadə etdi.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov partiyanın yaranma tarixindən geniş bəhs etdi. Bildirdi ki, ötən əsrin sonuncu onilliyində Azərbaycanda baş verən siyasi hadisələr, ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər ümummilli lider Heydər Əliyevin qətiyyətlə söylədiyi bu sözlərin dəyərini bir daha artırdı: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Azərbaycanın müstəqilliyini istəməyən, xalqın illərdən bəri arzuladığı suverenliyinə və azadlığına qovuşmasına hər vasitə ilə əngəl olmağa çalışan daxili və xarici qüvvələrin törətdikləri təxribatlar nəticəsində müstəqilliyini itirmək qorxusu ilə üz-üzə dayanan Azərbaycanda iqtisadi böhran, vətəndaş itaətsizliyi yarandı. Respublikanın bilərəkdən məhvə doğru aparıldığını baş verən hadisələrin törətdiyi fəsadlardan hiss edən ölkə ziyalıları Azərbaycanı belə təhlükəli vəziyyətdən çıxarmaq üçün öz avanqard missiyalarını yerinə yetirdilər. Ölkədə yaranan xaos hamını eyni məqsəd ətrafında birləşməyə məcbur etdi: Azərbaycanın düşdüyü bəlalardan qurtara biləcək milyonların etimadını qazanmış böyük şəxsiyyətə, müdrik siyasətçiyə, liderə ehtiyacı var. Tarixi şəxsiyyət kimi artıq özünü təsdliqləyən, o dövrdə Naxçıvan MR Ali Məclisinin sədri kimi tək muxtar respublika yox, bütünlükdə Azərbaycan üçün tarixi hadisələrə imza atan, birlik və həmrəyliyin təməlini qoyan müdrik siyasətçi Heydər Əliyevdən başqa xalqı düşdüyü çətin vəziyyətdən qurtara biləcək ikinci bir şəxsiyyət ola bilməzdi.

Adları tarixə “91-lər” kimi yazılan respublikanın görkəmli ziyalıları bu məqsədlə ulu öndərə müraciət ünvanladılar.

Heydər Əliyevin yeni yaranacaq partiyaya rəhbərlik etmək üçün razılığını bildirməsi Azərbaycanın tək o dövrü üçün deyil, gələcəyi üçün də vacib idi. 21 noyabr 1992-ci il tarixdə Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. YAP-ın yaradılması xalqın istək və arzularının təcəssümü, vətəndaşların yekdil iradəsinin ifadəsi olmaqla, müstəqillik, azərbaycançılıq, əqidə birliyi kimi ülvi ideyaları fəaliyyətinin əsas prinsipləri kimi müəyyənləşdirərək demokratiyanın əsil təbliğatçısı kimi özünü doğrultdu. Partiyanın qət etdiyi 17 ilə nəzər salan hər bir insan təsdiq edər ki, YAP şərəfli bir inkişaf yolu keçib.

YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov qeyd etdi ki, çətin bir şəraitdə yaradılsa da, qısa müddətdə mütəşəkkil siyasi qüvvə kimi ölkə həyatında böyük nüfuz qazanan və tarixi xidmətlər göstərən Yeni Azərbaycan Partiyası, deyildiyi kimi, hər zamanın- dünənin, bu günün, sabahın partiyası Azərbaycanla birgə inkişaf etdi. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın ətrafına toplaşan insanlar üçün fəaliyyət proqramı oldu. Yeni Azərbaycan Partiyası bu gün bölgənin aparıcı siyasi təşkilatıdır.

YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlardan bəhs etdi. Qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi ilə bölgələrdə, bütün kənd və şəhərlərdə aparılan yenidənqurma işlərinin və infrastruktur layihələrinin uğurla başa çatmasında partiya fəallarının təşəbbüskarlığı aydın hiss olunur. Siyasəti daim diqqət mərkəzində, ictimaiyyət üçün açıq olan və uğurla nəticələnən, şəffaflığa üstünlük verən təşkilatın fəaliyyəti Azərbaycanın inkişafına yönəldilib. Prezident, parlament, bələdiyyə seçkilərində qazandığı uğurları bir neçə dəfə təkrar edən Yeni Azərbaycan Partiyası mütəşəkkil qüvvə kimi xalq tərəfindən dəstəklənir.

Çıxışlarda bildirildi ki, Azərbaycan daha bir seçki ərəfəsindədir. Ölkədə bələdiyyə seçkilərinə hazırlığın səviyyəsi, insanlarda hiss olunan yüksək əhval-ruhiyyə onu bildirir ki, xalq həmişə olduğu kimi bu seçkilərdə də cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına etimad göstərəcək. Azərbaycanı sürətli inkişaf yolu ilə gələcəyə aparan Prezident İlham Əliyev və onun rəhbərlik etdiyi partiya dövlətçiliyimizin, xalqın gələcəyinin etibarlı qarantıdır.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2009.- 19 noyabr.- S. 4.